Rusiya mətbuatı Ermənistandakı “koronavirus cəhənnəmi”ndən yazdı
Lenta.ru: "Hakimiyyət xalqı, xalq da hakimiyyəti ittiham edir”
Ermənistan COVİD-19 koronavirus infeksiyası ilə mübarizədə məğlub olan
dövlətləri siyahısına düşmək üçün bütün şanslara malikdir. Rusiyanın "Lenta.ru”
saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin
sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun
müqabilində tükənmək üzrədir. "Hakimiyyət isə bütün bunların fonunda küçələrdə
maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur.
Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən
heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda
bildirilir. Baş nazir ötən həftə sonu koronavirusa yoluxduğunu, ardınca ölkədə
epidemioloji fəlakət olduğunu bildirib. Ölkədə vəziyyət həqiqətən də pisləşib:
bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru
getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600
xəstə olduğu halda bu gün xəstə sayı 15 minə yaxınlaşıb. Ölüm halı 160-dan
230-a çatıb. İsterik vəziyyətdə olan baş nazir ölkədə xəstə sayının 100 min
olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub.
Yaranmış durumda isə hakimiyyət vətəndaşları ittiham edir - Paşinyan
bildirib ki, xalq kütləvi şəkildə təhlükəsizlik tədbirlərinə əməl etmir.
Qaydaları pozanlara qarşı isə "Facebook” vasitəsilə mübarizə aparır, mütəmadi
olaraq küçələrdə maskasız gəzən, sosial məsafə gözləməyən insanların fotolarını
dərc edir. O, digər sosial istifadəçiləri bu əks epidemioloji hərəkata
qoşulmağa çağırıb. Hakimiyyət isə hər hansı bir tədbirlər görməyə tələsmir. Baş
nazir artıq bildirib ki, hüquq-mühafizə orqanları epidemiya ilə mübarizəyə
qoşulmayacaq. Çünki bu məsələni həll etməyə qadir güc strukturu yoxdur. "Biz
kritik nöqtəyə çatdıq, cəhənnəmə doğru addmlayırıq”, - deyə baş nazir xəstə sayının kəskin atması qarşılığında
bəyan edib. Doğrudan da, baş nazirin təqdim etdiyi fotolarda insanların
epidemiya dövründə adi elementar qaydalara əməl etmədən kütləvi şəkildə bir
yerə toplaşdığın görmək mümkündür. Əlcək və maskalar yoxdur, olsa da, onu çənədən
aşağı salınmış vəziyyətdə taxırlar. Sanki ölkədə xəstə sayı pik həddə deyil.
Rusiya nəşri yazır ki, ölkədə fövqəladə vəziyyət rejimində həyat bir
an olsun belə dayanmayıb, faktiki olaraq İsveç ssenarisi ilə hərəkət edilib.
Lakin Skandinaviya düşüncəsi ilə deyil, ermənilər daha çox soydaşlarının
xəstələnməsi üçün hər şeyi etdilər. Məsələ ondadır ki, əhalinin böyük bir qismi
virusa qeyri-ciddi yanaşır və bunun minimum iki səbəb var. Birincisi, bir
dalğadır, keçib gedəcək və qonşunun həyatına biganə yanaşmaq. İkincisi,
populyar konspiroloji nəzəriyyə - koronavirus təhlükəsinin olmaması. Bəziləri
isə hesab edir ki, bu virus adi soyuqdəymədir. Daha təhsilli vətəndaşlar isə
əmindir ki, virusu Bill Geyts və yaxud "dünya qəsdçiləri” fikirləşib tapıb.
"Lenta.ru” yazır ki, koronavirusla bağlı dezinformasiya xəbərlərini tibb
işçiləri də yayır. Məsələn, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü,
ixtisasca həkim Marine Xaçatryan bildirir ki, koronavirus bioloji silahdır.
Ölkə əhalisinin təhsil səviyyəsinin də aşağı səviyyədə olduğu xüsusi vurğulanır
– burada virusu bakteriyadan seçə bilmirlər. Əksər hallarda nəticə birdir –
xəstələr xalq təbabəti ilə hərəkət edərək, məsələn, daha çox antibiotik qəbul
etməyə çalışır. Antibiotiklərin artıq bir neçə ildir ki, Ermənistanda sərbəst
şəkildə satışı qadağan edilsə də, reallıqda bu qadağa qüvvədə deyil. Virusun
sürətlə yayılmasında baş nazirin də rolunun olduğu vurğulanır. Ölkənin ən
populyar blogeri açıq efirdə epidemiya ilə məzələnərək bildirmişdi ki, bu
koronavirus, ümumiyyətlə, itdir.
Məqalə müəllifi xüsusi vurğulayır ki, baş nazir öz fəaliyyəti ilə
vətəndaşlara pis nümunə olub. Məsələn, müsahibələrinin birində bildirib ki,
koronavirusun öhdəsindən bir peyvəndlə qurtulmaq olar. Eləcə də, işğal altında
olan Azərbaycan torpaqlarında keçirilən "inauqurasiya” mərasimlərində iştirak
edib. Təəccüblü deyil ki, Ermənistanda martda elan edilən ikihəftəlik sərt
karantin qaydaları heç bir xeyir gətirmədi, amma iqtisadiyyata ciddi zərbə
vurmuş oldu. Karantin rejimini pozanlara qarşı sanksiyalar tətbiq edilməyib,
pozuntuların miqyası o qədər olub ki, polis hər məsuliyyətsiz vətəndaşı
saxlasaydı, onda gərək ölkənin yarısını həbs etmək gərək olardı. Paşinyanın
milli fəlakət haqqında alarmistik (təşviş, həyəcan yaradan) bəyanatlarından
sonra polis tam fəaliyyətsizlikdən aktiv fəaliyyətə keçdi. İndi insanları
küçədə saxlayır, əllərini bağlayır və zorakı hallara yol verirlər. Rusiya nəşri
yazır ki, təəssüf ki, onlar özlərinin amerikalı həmkarlarının acı təcrübəsini
nəzərə almırlar. Sadə amerikalılar kimi, ermənilər də polis özbaşınalığından
zara gəliblər.
Sonda vurğulanır ki, məhdudiyyətlər tətbiq edildikdən sonra ölkədə
sosial və iqtisadi vəziyyətdən narazı olan insanların lokal etirazları start
götürdü. Onsuz da ağır və kövrək olan erməni iqtisadiyyatı ikinci lokdaunu
qarşılaya biləcəkmi – bu suala cavab vermək çox ağırdır. Hakimiyyət xalqı, xalq
da hakimiyyəti ittiham edir. Lakin bu da mövcud durumu dəyişmir. Hər iki tərəf
günahkardır və hər iki tərəf də öz səhvlərini heç olmasa etiraf etməyə belə
tələsmir. Bütün bunların fonunda isə gün ərzində koronavirus testlərinin 30-40
faizi pozitiv çıxır. Bu rəqəmlər həm yoluxanların ağlasığmaz dərəcədə çox
olmasından və daha çox səhiyyə sisteminin iflasla nəticələnməsindən xəbər
verir.
Yeri gəlmişkən, Rusiyanın başqa bir nəşri - "Pravda.ru” da
Ermənistandakı mövcud durumdan bəhs edən geniş məqalə dərc edib. Nəşrə
açıqlamasında MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri Aleksandr
Markarov bildirir ki, Paşinyanın planları alt-üst olub. Onun sözlərinə görə,
diasporun ayılacağı və Ermənistana doğru çevriləcəyi, nəticədə milyonlarla
dolların ölkəyə gələcəyi baş tutmayıb. Artıq daha çox insanın Paşinyana olan
ümidləri puç olub və getdikcə də bu mövqedə olan insanların sayı da artır. "Əgər
köklü şəkildə nəsə etmək cəhdi alınmazsa, onda artıq, tək təəssüfedici dövr
olmayacaq, insanların ümumiyyətlə, siyasi proseslərə, bütövlükdə proseslərə
marağı itib gedəcək. İnsanlar üçün baş verənlərin heç bir əhəmiyyəti olmayacaq.
Ən dəhşətlisi və qorxulusu da odur”, - deyə ekspert vurğulayıb.
Azər NURİYEV