• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Rusiya Gürcüstanda aktivləşir

18.09.19 18:54 649
Rusiya Gürcüstanda aktivləşir
Rusiya Gürcüstandakı dəstəkçiləri hesabına bu ölkədə antiqərb, anti-NATO əhval-ruhiyyəni gücləndirməkdə davam edir. Əsas tezis də budur ki, NATO uzun illərdir ki, Gürcüstana üzvlük barədə vəd verir, ortada isə heç nə yoxdur. Kremldən gələn tapşırıqların isə ardı-atası kəsilmir. Rusiyanın bu ölkədəki əsas ruporu hesab edilən "Vətənpərvərlər Alyansı Partiyası” parlament müxalifət partiyası məhkəmə yolu ilə Birləşmiş Ştatların dövlət katibinin keçmiş köməkçisi Devid Kramer və Azərbaycandakı keçmiş səfir Metyu Brayzanın persona non-qrata elan olunması barədə qərar çıxarılması niyyətindədir. Hələ ki, prokurorluğa partiyanın liderlərindən biri – vitse-spiker İrma İnaşvilinin iddiası ilə bağlı sənəd daxil olub. Bu iddiasında İrma İnaşvili Brayzanı onlara böhtan atmaqda, Krameri isə təhqirdə günahlandırır. Bir faktı da qeyd edək ki, "Vətənpərvərlər Alyansı Partiyası” rusiyapərəst siyasi qüvvə kimi tanınır. Bu partiyanı təmsil edən deputatlar mütəmadi olaraq Moskvada görünür, Dövlət Dumasının deputatları, Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşürlər. "Vətənpərvərlər”in özlərinin bəyanatlarına görə, bu səfərlərin məqsədi abxaz və Cənubi Osetiya problemlərinin əlverişli şəkildə həlli üçün dialoqun yaradılması olub. Onların qənaətincə, Moskva ilə danışıqlar aparılmadan bu problemləri həll etmək mümkün görünmür. Əksinə, günbəgün problem dərinləşir. Partiyanın rusiyapərəst adlandırılmasının digər mühüm səbəblərindən biri də onların mütəmadi olaraq Birləşmiş Ştatları və NATO-nu hədəfə almalarıdır. "Vətənpərvərlər” bu ittihama da cavab veriblər. Onlar hesab edirlər ki, səbəb Vaşinqtonun Gürcüstanın daxili işlərinə həddən artıq qarışmasıdır. O ki qaldı NATO-ya – "vətənpərvərləri” burada özündən çıxaran "qeyri-proporsionallıqdır”. Onlar qeyd edirlər ki, gürcü hərbçiləri müxtəlif qaynar nöqtələrdə alyans adı altında fəaliyyət göstərərək həlak olurlar. Gürcüstan isə hələ də, quruma üzvlüklə bağlı hər hansı bir dəqiq cavab ala bilməyib. Halbuki, alyansın bütün tələb və təkliflərini nəzərə alıb, hətta bir sıra parametrlərinə görə təşkilata üzv dövlətləri belə üstələyib. Məsələn, bu günlərdə NATO-nun Tbilisidə keçirilən konfransı bunu sübut edir.
Yeri gəlmişkən, Makkeyn İnstitutu tərəfindən Tbilisidə keçirilən Now What konfransında Gürcüstanın quruma üzvlüyü məsələsinin zamana ehtiyacı olduğu vurğulanıb. Həmin konfransda çıxışlar zamanı "Avropa Gürcüstanı” müxalifət partiyasının liderlərindən olan Qiqi Bokeriya "vətənpərvərlər”i Rusiya ideyalarının əsas yayıcısı adlandırıb. Konfransda iştirak etməyən " vətənpərvər” vitse-spiker İrma İnaşvili ondan bu fikrini təkzib etməsini tələb edib. Yeri gəlmişkən, "Vətənpərvərlər Alyansı Partiyası” Tbilisidə ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya da keçirib. Partiyanın liderlərindən olan David Tarxan-Mouravi bəyan edib ki, artıq Gürcüstanı boş vədlərlə qidalandırmağa son qoyulmalıdır, onu bloka üzv qəbul etməyəcəklər. Bu səbəbdən də ölkəni neytral elan etmək gərəkdir.
Rusiyanın dəstəkçisinə çevrilən Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze də maraqlı bəyanat səsləndirib. O qeyd edib ki, Gürcüstan NATO-ya üzv olmaqla Abxaziya və Cənubi Osetiyanı tam itirəcək: "Mən hər zaman demişəm ki, əgər bizim NATO-ya üzvlüyümüz xəbəri gündəmə gəlsə, Abxaziya və Cənubi Osetiyanı unutmalıyıq. Hazırda bizə məhz bu təklif olunur. Bizim bu alyansa üzvlüyümüz faciəvi nəticələrə səbəb olacaq. Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazaları dayanır. NATO-ya üzvlük ərazimizdə alyansın hərbi bazalarının yerləşdirilməsi demək olacaq. Bu qüvvələr arasında istənilən konflikt Gürcüstanı məhv edəcək. Biz bütün ölkələrin qaçdığı hər şeyi edirik, Gürcüstanı iki filin qarşıdurma yerinə çeviririk”, – deyə o bildirib. Burcanadze onu da deyib ki, Rusiya Gürcüstana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etsə, ölkəni tam kollaps gözləyir: "Gürcüstandakı Rusiya qoşunlarına, eləcə də Abxaziya və Cənubi Osetiyada çalışan rus şirkətlərinə qarşı ABŞ və AB sanksiyalarının tətbiqi Rusiyanın Gürcüstana qarşı iqtisadi sanksiyalarına səbəb olacaq. İqtisadiyyatımızın Rusiya ilə bağlı olduğu indiki dönəmdə biz tam kollapsla üz-üzə qalacağıq ki, bu da hakimiyyət institutlarının dağılmasına səbəb olacaq. Ağır siyasi və mülki böhranlar qaçılmazdır, ölkəmizə yardım edilməyəcək. Dividentləri isə konkret hansısa siyasi qüvvə əldə edəcək”, – deyə o bildirib.
Tezliklə, Gürcüstanın müstəqilliyi sona çata bilər. Bunu isə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. "Gələn aylar həlledici olacaq. Onları hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Onları hakimiyyətdən dünən, srağagün, üç ay əvvəl, 1 il əvvəl uzaqlaşdırmalıydıq, amma sabah da gec deyil. Onlardan bütün lazımlı metodlarla yaxa qurtarmalıyıq. Bidzina İvanişvili gələcək seçkini uduzacağını bilir, ona görə də diktatura qurmaq niyyətindədir”, – deyə o bildirib.
Gürcüstanın müxalif "Avropalı Gürcüstan” və "Azad Demokratlar” partiyaları digər müxalif siyasi təşkilatlarıhakim "Gürcü arzusu” Partiyası ilə koalisiya hökuməti yaratmaqdan imtina etməyə çağırıb. Bu çağırış "Avropalı Gürcüstan” Partiyasının qərargahında keçirilən brifinqdə səsləndirilib. Partiya liderlərindən biri Giqi Uqulava deyib ki, digər müxalif liderlər gələn il keçiriləcək parlament seçkilərindən sonra hakim partiya ilə koalisiya hökumətinə gedib-getməyəcəyi ilə bağlı mövqelərini açıqlamalıdır. Hər iki partiya Qərb meylli digər müxalif partiyalarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağa və memorandum layihəsi üzərində iş aparmağa hazır olduğunu bildirib. Qeyd edək ki, 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkiləri keçiriləcək. Seçkilərdən sonra qonşu ölkədə koalisiya hökumətinin yaradılacağı istisna olunmur.
Maraqlı olan isə odur ki, ABŞ Milli Demokratiya İnstitutu (NDI) bu günlərdə Gürcüstanda işğal altında olan ərazilər istisna olmaqla sorğu keçirib. Sorğu bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək2 131 respondentarasında baş tutub. Rəyi soruşulanların 78%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir. Respondentlərin 14%-i ölkənin Aİ-yə qoşulmasını qəbuledilməz hesab edib, 8%-i isə müvafiq suala cavabı bilməyib. Milli azlıqlardan olan respondentlərin 57%-i Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14%-i əleyhinə olduğunu, 26%-i isə "bilmirəm” deyə cavab verib. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlər isə 71%, dəstəkləməyənlər 17%, müvafiq sualın cavabını bilməyənlər isə 7% təşkil edib. Milli azlıqları təmsil edən respondentlər arasında ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlər 36% təşkil edib. Onların 15%-i üzvlüyün əleyhinə olduğunu söyləyib, 46%-i isə sualı cavablandırmayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər