• çərşənbə axşamı, 19 mart, 11:11
  • Baku Bakı 8°C

Rusiya-Gürcüstan danışıqları uğursuz olub

18.11.17 09:30 3761
Rusiya-Gürcüstan danışıqları uğursuz olub
Praqada Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması ilə bağlı danışıqların növbəti raundu uğursuz nəticələnib. Ənənəyə müvafiq olaraq, Rusiyanı danışıqlarda xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini isə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Bu dəfə danışıqlar proqramında iki ölkə arasında gömrük nizamlanması məsələsi də olub və bu işdə vasitəçi İsveçrənin SGS şirkətidir. Bundan əlavə, Gürcüstanın qondarma Cənubi Osetiya əyalətinin lideri Anatoli Bibilovun Moskvaya səfərinə etirazı da prioritet məsələ kimi gündəmdə olub. Bəlli olduğu kimi, separatçıların lideri Moskvaya Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə gedib. Görüş zamanı Rusiya prezidenti bəyan edib ki, tanınmamış qurum müstəqil dövlətə çevrilmək üçün bütün zəruri dəstəyi əldə edəcək. Tbilisidə də Bibilovun səfəri diqqətdən kənarda qalmayıb, Putinin vədindən ciddi narahatçılıq keçirilib. Gürcüstanda hesab edirlər ki, Rusiya bu ölkənin suverenliyinin aşağılamaqla, hörmətsiz yanaşmaqda davam edir, separatçı rejimi dəstəkləməklə bağlı perspektivsiz siyasətini korrektə etmir.
"Mən bu barədə Qriqori Karasini məlumatlandıracağam. Qondarma Cənubi Osetiya lideri Anatoli Bibilovun Moskvaya səfəri beynəlxalq normaların pozulmasıdır” - deyə Abaşidze səfərə yola düşməzdən əvvəl bəyan etmişdi: "Bu səfər Cənubi Osetiyanın Rusiyaya böyük inteqrasiyasını həyata keçirmək üçün edilən cəhddir. Rusiyanın bu bölgələri müstəqil respublika kimi qəbul etməklə bağlı mövqeyinin heç bir perspektivi yoxdur. Biz bu məsələni Praqada Rusiya nümayəndə heyətinin rəhbəri Qriqori Karasinlə müzakirə edəcəyik”. Bundan əvvəl Rusiya Gürcüstanın içərilərinə doğru sərhədləri genişləndirmək cəhdində ittiham olunmuşdu. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı Sxinvali regionunda sərhədləri dəyişdirmək cəhdində ittiham edib. Gürcüstanın xarici siyasət idarəsində bununla bağlı narahatçılıq ifadə olunub və məsələnin beynəlxalq səviyyədə qaldırılacağı bildirilib. Gürcüstan XİN-dən bildirilib ki, Rusiya tərəfi Sxinvali regionunda sərhədayırıcı xətlərini Gürcüstana məxsus Çitelubani və Orçosani kəndlərində yerləşdirib. Hər dəfə də Tbilisi etirazını çatdırır, qarşı tərəf isə susmaqla reaksiya göstərir. Rəsmi Tbilisi artıq separatçıların hərəkətlərindən bezib və məsələnin Abaşidze-Karasin formatında müzakirəsini mümkünsüz hesab edir. Rusiya tərəfi hər dəfə nota və bəyanatlara cavabı maraqlı və özünəməxsus formada cavablandırır - separatçıların müstəqilliklərinin tanınması istiqamətində daha sərt addımlar və hərəkətlərə yol verir.
İki ölkə arasında diplomatik münasibətlər İsveçrə səfirliyi vasitəsilə həyata keçirilir. 2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü zamanı qərara alınmışdı ki, iki ölkə arasında diplomatik münasibətlər İsveçrə səfirliyi, gömrük prosedurları ilə isə İsveçrənin SGS şirkəti vasitəsilə həyata keçiriləcək. İqtisadi məsələlər üzrə ekspert Qiya Xaxaşvilinin sözlərinə görə, texniki planda heç bir problem yoxdur - bu işi öz boynuna götürən təşkilatın nüfuzu kifayət qədər yüksəkdir: "Ona bağlı gözlə hər şeyi etibar etmək olar. İsveçrə şirkətinin işə başlamamağının səbəbi siyasi məsələlərlə bağlıdır. Gürcü cəmiyyəti ictimai reaksiyadan narahatdır. Gürcü tərəfi ehtiyat edir ki, belə bir işə başlamaq cəmiyyətdə tanınmamış qurumların de-fakto tanınması kimi başa düşülə bilər. Bu qərarı qəbul etmək üçün siyasi iradə və gürcü xalqı qarşısında nüfuzunu itirmək təhlükəsi var. Lakin heç kim risk etmək istəmir, bu səbəbdən də siçan-pişik oyunu davam edir”. Ekspert baş verənlərə görə, məsuliyyəti rus tərəfinin daşıdığını bildirir.
Gürcü nəşrləri onu da yazırlar ki, Rusiya ilə Gürcüstan arasında razılaşmaların baş tutmasında ən maraqlı tərəf Ermənistandır. Gürcüstanın Abxaziya və Cənubi Osetiya istiqamətlərinin bağlı olması ona heç bir problem yaratmır – qərbdə dənizə, şərqdə Azərbaycan, cənubda isə Türkiyəyə çıxışlar mövcuddur. Rusiyaya birbaşa avtonəqliyyat və yaxud dəmir yolu ilə Azərbaycan vasitəsilə çıxış var. Ermənistan isə ətraf aləmə yalnız Gürcüstan və İran vasitəsilə çıxa bilər. Bu səbəbdən də ermənilərin marağı başadüşüləndir.
Gürcüstanla Rusiya arasında münasibətlərdə diqqət çəkən məqam viza rejimi ilə bağlıdır. Rusiyaya getmək istəyən gürcülər qarşısında bu problem ciddi şəkildə qoyulub. "Bizim Rusiya təsir etmək imkanlarımız çox azdır. Gürcüstan ruslar üçün vizanı çoxdan ləğv edib və ruslar bir il maneəsiz Gürcüstan ərazisində qala bilərlər. Moskva isə ötən il viza alınması qaydalarını bir qədər yumşaldıb. Lakin buna baxmayaraq Rusiya ərazisinə daxil olmaq əvvəlki tək problemlidir”, - deyə gürcü ekspert bildirib. Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Q.Karasin bildirib ki, Rusiya tərəfi bu problemin həllində maraqlıdır: "Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik. Buna doğru irəliləməyin çətin olması isə başqa söhbətin mövzusudur. Hər şeydən əvvəl daima diplomatik münasibətlərin olmamağı maneçilik törədir. Bildiyiniz kimi, münasibətlər Tbilisinin təşəbbüsü ilə dayandırılıb”. Nazir müavini qeyd edib ki, müvafiq qərarın qəbulu zamanı transsərhəd təhlükələrin artdığını, eləcə də terror və qeyri-leqal miqrasiya məsələlərini nəzərə almaq lazımdır. Q. Karasin bildirib ki, Rusiya Gürcüstana aviaheyət üzvləri üçün vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim edib.
Beləliklə, gəlinən qənaət budur ki, tərəflər arasında diplomatik münasibətlərin bərpası həlli uzun müddət reallaşmayacaq. Nə Rusiya güzəştə gedib separatçı qurumları gürcülərin ixtiyarına vermək, nə də gürcülər itirilən torpaqlarla barışmaq niyyətindədir. Belə çıxır ki, tərəflər hələ uzun müddət Abaşidze-Karasin formatında boş və mənasız danışıqlar aparmaqda davam edəcəklər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər