• çərşənbə axşamı, 19 mart, 07:55
  • Baku Bakı 8°C

“Rusiya Ermənistanı öz əlində saxlamaq istəyir”

17.10.17 10:30 4834
“Rusiya Ermənistanı öz əlində saxlamaq istəyir”
2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan Rusiyanın bu addımı mahiyyət etibarilə işğalçı ölkənin silahlandırılmasına xidmət edir. Sözügedən məsələ ilə bağlı "Kaspi”nin suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadəcavablandırır.
- Asim müəllim, Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit verməsinə münasibətiniz necədir?
- Əsl reallıqda Rusiya Ermənistana silah satmır. Çünki, Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil. Rusiya bu cür borclarla həm də Ermənistanın iqtisadiyyatını özününküləşdirir. Rusiya Ermənistanı öz əlində saxlamaq istəyir. Bu dəfə də işğalçı dövlətə verilən kredit müqabilində daha nələr isə Kremlin nəzarətinə keçəcək. Bu gün heç kimə sirr deyil ki, Ermənistan iqtisadiyyatı artıq Rusiyanın əlindədir. Məhz buna görə də Ermənistanın nəqliyyatı, energetikası, ümumiyyətlə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bu, öz-özlüyündə bölgədə gərginliyi yaradan əsas səbəblərdən biridir. Bununla yanaşı, Ermənistan dünya ictimaiyyətini aldatmaq istəyir ki, guya həm Avropa ilə, həm də NATO ilə əməkdaşlıq edir. Əslində Ermənistan Rusiyanı bütün beynəlxalq təşkilatlarda təmsil etməklə məşğuldur.
- İşğalçı dövlətin silahlandırılması danışıqlar prosesinə necə təsir edir?
- Azərbaycanın siyasəti nəticəsində Ermənistan dünyada beynəlxalq təzyiqlərlə üzləşir. Məhz bu təzyiqlər nəticəsində işğalçı dövlət yenidən danışıqlar masasına qayıdıb. Lakin bu, o demək deyil ki, danışıqların gedişində Ermənistan hansısa real addımlar atacaq və ya buna hazırdır. Yaddan çıxarmaq lazım deyil ki, hazırda Ermənistan siyasi hakimiyyətində olanlar hərbi cinayətlər törətmiş şəxslərdir. Onlar beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqlara qayıtmaq adı altında imitasiya ilə məşğuldurlar. Ermənistan elə hesab edir ki, münaqişə bu vəziyyətdə qaldıqca, problemin həlli uzandıqca nəyəsə nail olacaqlar. Azərbaycan isə haqlı olaraq prinsipiallıq nümayiş etdirir, münaqişənin yalnız beynəlxalq hüquq, ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Fikrimcə, sülh danışıqlarının gedişində Rusiyanın qəti qərarı olmasa, problemin həllində ciddi irəliləyiş əldə etmək qeyri-mümkündür.
- Ermənistana güzəştli şərtlərlə müasir silahlar satması Rusiyanın ATƏT-in Minsk qrupundakı missiyası ilə nə dərəcədə uyğundur?
- Minsk qrupu indiyə qədər münaqişənin həlli ilə bağlı hansısa böyük nəticə əldə etməyib. Bu fakt özü onu göstərir ki, münaqişə tərəfi bəlkə də Ermənistanı gücləndirməklə münaqişənin həllini yubadır.
- İşğalçı, təcavüzkar bir dövlətin silahlandırılması onun mövcud olduğu regionun gələcəyinə necə təsir edə bilər?
- Çox mənfi. Cənubi Qafqaz regionunda Ermənistanın hərbi baza kimi mövcudluğu beynəlxalq əməkdaşlığın, inkişafın qarşısını alan ən ciddi maneədir.
- Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni müstəviyə qədəm qoyduğu bir ərəfədə Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı qərəzli qətnamələr qəbul olundu. Ardınca AŞPA baş katibi Turbyern Yaqlandın Moskva səfəri barədə xəbər yayıldı. Azərbaycan Prezidentinin cenevrə səfəri öncəsi isəErmənistanın silahlandırılması üçün 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edildi. Bu hadisələr arasında hər hansı əlaqə varmı?
- Bilavasitə əlaqə var. Söhbət ondan gedir ki, münaqişə sadəcə səngərdə gedən müharibədən ibarət deyil. Bu gün Azərbaycana qarşı geniş miqyasda informasiya müharibəsi aparılır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanı diktatura, qeyri-demokratik ölkə kimi göstərməyə çalışanların yalnız bir məqsədi var. Onlar guya ki, insan hüquqlarının ölkəmizdə kobud şəkildə pozulduğunu nümayiş etdirirlər. Bununla da Dağlıq Qarabağ ermənilərinin azərbaycanlılarla bir yerdə yaşamasının qeyri-mümkünlüyünü sübut etməyə, regionun Ermənistana birləşdirilməsinin vacibliyini əsaslandırmağa can atırlar. Bu oyunları və planları erməni diasporu, lobbisi təşkil edir. Paralel olaraq da Azərbaycanla Qərbin, Avropa ölkələrinin, ABŞ-ın münasibətlərini pozmağa çalışırlar. Sovet imperiyasını yenidən bərpa etməyə çalışan qüvvələr də bütün qüvvələrini səfərbər edərək, şəbəkələrini işə salaraq bütün bu proseslərdə öz məqsədlərini güdürlər. Əgər biz Avropa parlamentində bu fəaliyyəti kimlərin daha fəal nümayiş etdirməsinə fikir versək, görərik ki, baş verənlərin arxasında kimlər, hansı qüvvələr dayanır. Qəribə bir vəziyyət yaranıb, Avropa Şurasının baş katibi Yaqland Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çalışır, bundan irəli gələrək tamamilə qərəzli, qeyri-obyektiv qətnamələrin qəbulunu gerçəkləşdirir. Bu hadisədən bir neçə gün sonra isə o, Moskvaya gələrək danışıqlar aparır, Rusiya üzərindəki sanksiyaları qaldırmaq üçün fəaliyyət ortaya qoyur. Bu iki fakt bütövlükdə proseslərin arxasında hansı qüvvələrin dayandığını bir daha nümayiş etdirir.
- Sentyabrın 22-də bir qrup Türkiyə vətəndaşı Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisinə səfər edib, oradakı qondarma rejim təmsilçiləri ilə görüşüblər. Bu hadisə ilə bağlı fikriniz nədən ibarətdir?
- Bunun ümumilikdə Türkiyə dövlətinə, türk xalqına aidiyyəti yoxdur. Bu hadisə yenə də erməni lobbisi, diasporu ilə sıx bağlı olan müvafiq qrupun işidir. Həmin qrup nəinki Azərbaycana, ümumən türk dünyasına, o cümlədən Türkiyəyə qarşı siyasət yürüdən qüvvələrin nümayəndələridir. Baş verənlərə bu kontekstdən yanaşmaq gərəkdir. Çox təəssüflər olsun ki, lobbiçilik fəaliyyətini biz türklər bacarmırıq. Hətta Türkiyənin daxilində də erməni lobbisi türk lobbisindən daha güclü işləyir.
- Azərbaycan və Ermənistan prezidentlərin Cenevrədə növbəti görüşü keçirilib. Bununla bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda qeyd olunub ki, görüş konstruktiv mühitdə keçib. Partiya sədri, siyasətçi kimi Sizin də bu görüş barədə münasibətinizi bilmək istərdik.
- Azərbaycana sülh lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev öz iradəsini nümayiş etdirərək, problemin sülh yolu ilə, danışıqlar vasitəsilə, qan tökülmədən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa çalışır. Rəsmi Bakı bununla bir daha nümayiş etdirir ki, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün istənilən danışıqlara hazırdır. Lakin keçmişdə baş verən proseslər onu deməyə əsas verir ki, Ermənistan yenə də hansısa bəhanəyə və yaxud təxribata əl ataraq bu danışıqlar prosesini pozmağa can ata bilər. Bu da danışıqları nəticəsiz başa çatdırar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər