AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya Ermənistanı gücləndirir

Rusiya Ermənistanı gücləndirir

Siyasət
22 Yanvar 2013, 13:01 1423
Rusiya Cənubi Qafqazda yerləşən silahlı qüvvələrinin döyüş hazırlığını, eləcə də müttəfiqlərinin döyüş qabiliyyətini artırmağa başlayıb. Rəsmi Moskva ümumi sərhədlərə malik olduğu Cənubi Osetiya və Abxaziyadakı hərbi bazaları ilə yanaşı, Ermənistandakı hərbi bazasına да diqqət yetirir.

Rusiyaya məxsus «Nezavisimaya qazeta» nəşrinin əldə etdiyi məlumata görə, prezident Vladimir Putinin tapşırığı ilə hökumətə Ermənistanla hərbi-əməkdaşlıq haqqında sazişi sürətləndirmək bildirilib. Rusiya Müdafiə Nazirliyi isə yanvarın 15-də Ermənistandakı 102 saylı Gümrü hərbi bazasında müqavilə üzrə xidmət edən hərbçilərin komplektləşdirilməsi planını yerinə yetirib. Yarım il ərzində onların sayını iki dəfə artırmaq mümkün olub. Bununla yanaşı, bazanın şəxsi heyətinin sayı əvvəlki tək qalıb və təxminən 5 min nəfərdir. Faktiki olaraq Ermənistandakı bütün hərbi hissələr və qruplaşmalar (xüsusən də Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə, kəşfiyyat və s.) artıq peşəkarlarla komplektləşdirilib. Bununla həm də ildə iki dəfə hərbi xidmətə çağırılan əsgərlərin daşınması ilə bağlı nəqliyyat xərcləri də aşağı salınır. Lakin bu heç də qoşunların döyüş qabiliyyətini artırmaq üçün başlıca motiv deyil. “Hərbi ekspertlər aydınlıq gətiriblər ki, 102-ci bazanın peşəkar əsasa keçirilməsi geosiyasi vəziyyətin mümkün dəyişməsi ilə bağlı ola bilər. Bu dəyişmə isə Rusiya və onun müttəfiqlərinə təhlükədir” - deyə nəşr yazıb.

Rusiya nəşri iddia edib ki, Moskva Cənubi Qafqazda forpost elan etdiyi Ermənistanla qonşu Azərbaycan arasında Dağlıq Qarabağa görə hərbi əməliyyatların, eləcə də İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından ehtiyat edir. Bu tip ssenarilər bu və ya digər qaydada bir neçə dəfə ekspert cəmiyyətində səslənib. 2012-ci ilin sentyabrında Ermənistanda Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatının «Qarşılıqlı təsir 2012» operativ reaksiya kollektiv qüvvələrinin təlimləri keçirildi. Rusiya Müdafiə Nazirliyinin versiyasına görə, bu təlimlər şərti adı «Sevaniya» olan əcnəbi dövlətin KTMT üzvü olan ölkəyə mümkün hücumlarının qarşısını almağa yönəlmişdi. Rusiya Müdafiə Nazirliyində buna aydınlıq gətiriblər ki, təlimlər şəxsi heyətin mənimsəmələrinin köklü dərəcədə dəyişilməsini üzə çıxarıb. Bu da onun tam şəkildə peşəkar əsasa keçməsini nəzərdə tutur. Məhz bunu da adıçəkilən təlimlərdə Rusiyadan Ermənistana hava ilə atılan 98-ci hərbi desant qvardiyasının hərbçiləri nümayiş etdirdilər. Rusiya tərəfi Gümrüdəki hərbi hissəsinin heyətinin də məhz bunu mənimsəməsini istəyir.

«Rusiya hərbi qruplaşmasının Ermənistana qarşı həyata keçirilən hərbi müdaxilənin qarşısının alınmasında iştirak edəcəyi isə siyasi məsələdir. Lakin bir faktı birmənalı şəkildə demək olar ki, Ermənistandakı bizim hərbi baza tam döyüş qabiliyyəti vəziyyətində, o cümlədən sülhyaratma missiyalarına hazır olmalıdır» - deyə hərbi ekspert, general-leytenant Yuri Tetkaçev bildirib. General öz sözlərinin təsdiqi kimi prezident İlham Əliyevin hökumətin yanvarın 15-də keçirilən iclasında söylədiyi fikirləri misal çəkib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi davam edənə qədər rəsmi Bakı Yerevana bütün mümkün vasitələrlə, o cümlədən hərbi formada təzyiq göstərməkdə davam edəcək. Rusiyalı hərbi ekspert hesab edir ki, bu sözləri ciddi qəbul etmək gərəkdir. “Azərbaycanın hərbi büdcəsi 4 milyard dollara yaxınlaşıb və bu Ermənistanın dövlət büdcəsini belə ötüb keçir. Son beş ildə Bakının hərbi xərcləri 10 dəfə artıb və ölkənin ümumi daxili məhsulunun 5 faizini keçib. Bu, hərbi xərclərin yüksək səviyyəsini göstərir və bilavasitə hərbi addımların atılacağına işarədir” - deyə ekspert bildirib. Bununla yanaşı, Rusiya nəinki Ermənistanda hərbi qruplaşmasını təkmilləşdirir, o, müttəfiq dövlət ilə hərbi-texniki əməkdaşlığı da aktivləşdirir.

«NQ»nın Müdafiə Nazirliyindəki mənbəsi məlumat verir ki, Rusiya ilə Ermənistan arasında müqavilənin layihəsi birgə müdafiə müəssisəsinin yaradılmasını, eləcə də fövqəladə vəziyyətlər üzrə mütəxəssislər, sərhədçilərin hazırlanmasını nəzərdə tutur. Ermənistanın müdafiə sənayesi Rusiyanın köməyi ilə bir sıra döyüş sursatlarının, tank əleyhinə texnikanın, həmçinin yerli təmir bazasının yaradılmasını özündə ehtiva edir. Bununla bağlı müvafiq protokolu iki ölkənin Təhlükəsizlik Şurası katibləri - Artur Baqdasaryan və Nikolay Patruşev 2012-ci ilin fevralında Yerevanda imzalayıblar. İndi isə iki ölkənin imzaladığı həmin saziş finişə çıxıb. Qəzetin mənbəsi bildirir ki, bu barədə müvafiq saziş gələn ayın əvvəlində imzalanacaq. Sazişin imzalanma perspektivini şərh edən Strategiya və texnologiya analizi Mərkəzinin rəhbəri Ruslan Puxov bildirib ki, son vaxtlara kimi qəribə vəziyyət yaranmışdı: «Ermənistan bizim müttəfiq idi, biz isə Azərbaycanı silah ilə təchiz edirdik. İndi bu müqavilənin köməyi ilə bu vəziyyət dəyişəcək”. Puxov hesab edir ki, Azərbaycan Rusiyaya qarşı heç də hər zaman dost siyasət yürütmür: “Biz bilirik ki, azərbaycanlılar Qəbələ RLS-i Rusiyaya əlverişli şərtlərlə icarəyə vermək istəmədi».

Rusiyalı hərbi ekspert sonda iddia edib ki, Ermənistanla münasibətləri aktivləşdirməklə Rusiya Cənubi Qafqazda öz maraqlarını müdafiə edir.

Azər NURİYEV