• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

Rusiya Ermənistana yerini göstərdi

19.07.13 08:06 1562
Rusiya Ermənistana yerini göstərdi

Erməni sürücüyə qarşı həyata keçirilən biabırçı olay Ermənistanda ən çox müzakirə olunan məsələyə çevrilib. Hər küçədə, evdə sanki ermənilərin olmayan qürurunun tapdanıldığı barədə söhbətlər baş alıb gedir. Hətta rəsmi dairələrdə də artıq bununla bağlı narahatlıqlar səslənməyə başlayıb. Srağagün paytaxt Yerevanda Rusiya səfirliyi önündə keçirilən aksiyada antirusiya bəyanatları isə dünən də davam edib.
Yerevanda Rusiya səfirliyi qarşısında 18 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəbkar olmuş Qraçya Arutunyanın müdafiəsinə qalxmış Erməni Gənclər Birliyi və “Hayazn” partiyası üzvlərinin birgə aksiyasında antirusiya bəyanatları səngimək bilmir. Onlar səfirliyə açıq məktubla müraciət edərək Ermənistan vətəndaşı Qraçya Arutunyana qarşı alçaldıcı hərəkətlərə son qoyulmasını, ədalətli mühakimə tələb ediblər. Aksiya iştirakçıları özləri ilə rus məmurları üçün “hədiyyə” olaraq rəngli-güllü xalat da gətiriblər. Polis aksiya iştirakçılarına “hədiyyə”lərini səfirliyə təqdim etməyə icazə verməyib. Onlar gətirdikləri xalatı və V.Putinin xalat geyindirilmiş rəsmini səfirliyə məxsus olan elanlar lövhəsindən asıblar. Rusiya səfirliyindən aksiya iştirakçılarına yaxınlaşan və ya reaksiya verən olmayıb. Eyni tələblə etiraz aksiyaları Gümrü şəhərində də keçirilib. Ermənistanın ombudsmanı isə növbəti dəfə rusiyalı həmkarına məktub yazaraq Qraçya Arutunyanla davranışın təhqiramiz olduğunu vurğulayıb.
Qeyd edək ki, Qraçya Arutunyan sentyabrın 14-nə kimi 2 ay həbsdə olacaq. Ümumiyyətlə, onu 7 ilədək həbs cəzası gözləyir. Məlumat üçün bildirək ki, Qraçya Arutunyan Azərbaycan torpaqlarını işğal edilməsində yaxından iştirak edib və daha sonra Ermənistan rəhbərliyini müharibə iştirakçılarına biganəliyini əsas gətirərək işləmək üçün Rusiyaya yollanıb.
Antirusiya aksiyaları isə rusların da səbr kasasını daşdırıb. Belə ki, Kreml Cənubi Qafqazda forpostunun ağasına təpik atmasına sərt reaksiya verib. Rusiyanın Ermənistandakı səfirliyi Moskvanın Podolsk rayonunda 18 nəfərin ölümünə səbəb olan yol qəzasından Ermənistanda Rusiya əleyhinə münasibət formalaşdırılması üçün istifadə olunması ilə bağlı bəyanat yayıb. “Novosti-Armeniya” agentliyinin yaydığı bəyanatda deyilir ki, səfirlik böyük insan faciəsindən dar siyasi məqsədlər və Rusiya-Ermənistan münasibətlərinin pozulması üçün istifadə olunmasına xidmət edən hərəkətləri yersiz sayır. “Podolsk yaxınlığındakı faciə milli rəng daşımır. O, hərtərəfli, dərindən, tərəfsiz və emosiya olmadan araşdırılacaq” - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, ötən şənbə yük maşını 64 sərnişin daşıyan avtobusa çırpılıb. Rusiya Federasiyası FHN-in məlumatına görə, qəza nəticəsində 63 adam xəsarət alıb və onlardan 18-i dünyasını dəyişib. Bazar ertəsi Moskvanın Tver məhkəməsi “KamAZ”ın sürücüsü, Ermənistan vətəndaşı Qraçya Arutunyanın həbsi barədə qərar çıxarıb. Qəzadan sonra 46 yaşlı sürücü Botkin xəstəxanasına yerləşdirilib. Onu oradan məhkəməyə qadın xalatında aparıblar. Çünki Arutunyanın başqa paltarı olmayıb, üzərindəki geyimi isə həkimlər qəzadan sonra kəsməli olublar.
Qeyd edək ki, Qraçya Arutunyan son bir il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə yeddi dəfə cərimə olunub. Bu qanun pozuntuları arasında qarşı hərəkət zolağına çıxmaqla ötmə, birtərəfli yolda əks istiqamətdə hərəkət, nəqliyyatın hərəkətinə qəsdən mane olma, eləcə də, nasaz nəqliyyat vasitəsinin idarə edilməsi də var. Rusiya DİN-in Moskva Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qraçya Arutunyan sürücülük vəsiqəsini Rusiyada yox, Ermənistanda alıb. "KamAZ" isə tranzit nömrə ilə idarə edilib.
Bu azmış kimi, ermənilərlə bağlı daha bir kriminal xəbər rusları özündən çıxarıb. Primorsk diyarında «qara odunçular» adı ilə tanınan dəstənin lideri həbs olunub. Dəstə üzvləri qanunsuz olaraq meşələri qıraraq ağac məhsullarının xarici dövlətlərə göndərilməsi ilə məşğul imiş. Rusiya DİN-in məlumatına əsasən, dəstə 100 milyon rubldan (3,3 milyon ABŞ dolları) artıq hökumətə ziyan vurub. Yerli sakinlərdən əlavə, qrupa Ermənistan və Çin vətəndaşları da daxil olublar. Onlar yalnız qiymətli ağac növləri – palıd, göyrüş, sidrləri kəsirmişlər. Dəstənin özünün emalatxanaları da olub.
Soçidə isə ermənilərin evlərindən çıxarılması cəhdləri yaşanıb. Erməni nəşrləri yazır ki, 15 nəfərdən ibarət ailənin evlərindən çıxarılması ilə bağlı yerli hakimiyyət orqanları qərar çıxarıblar. Onların evlərindən yaxınlıqda Olimpiya mərkəzi tikiləcəyi adı ilə çıxarılırlar. Əvəzində isə kompensasiya da ödənilmir. Erməni saytları bunun arxasında müəyyən antierməni qüvvələrin durduğunu bildiriblər.
Rusiya prezidenti Vladimir Putinin Bakıya avqustun 12-13-də gözlənilən səfəri barədə məlumatlar Ermənistanda Kremlin siyasətinə qarşı qəzəbi daha da artırıb. Belə ki, Putinin Azərbaycanla eyni vaxtda “balansı saxlamaq” üçün Ermənistana səfər etməyə hazırlaşmadığı məlum olub. Erməni saytı “Lragir.am” xəbər verir ki, Rusiya prezidentinin yaxın vaxtlarda İrəvana səfəri planlaşdırılmır: “Putin Ermənistana yalnız ondan sonra gələcək ki, Ermənistanın təcrid olunmasında əhəmiyyətli irəliləyiş əldə edilsin. O, ancaq çar kimi gələ bilər. Lakin hələ irəliləyiş yoxdur və Ermənistanda Rusiyanın siyasətindən narazılıq artır” - deyə erməni saytı yazıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər