Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması regiona təhdiddirmi?
Məlum olduğu kimi, Rusiya Dövlət
Duması Ermənistanla ötən il noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun
qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Sazişdə qeyd
olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas
məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin
edilməsidir. Müqaviləyə əsasən, birləşmiş
qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum
hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədini
qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin
mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki
strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. Saziş
Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş
komandanlığın yaradılmasını nəzərdə tutur.
Bu birləşmiş qoşun qruplaşmasının yaradılmasını digər Cənubi Qafqaz ölkələrinə,
o cümlədən Azərbaycana qarşı təhdid hesab etmək olarmı? Həmçinin Ermənistanın
Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, bu bilavasitə Türkiyəyə və onun
timsalında NATO-ya meydan oxumaq anlamına gəlirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki, Ermənistan Rusiyanın forpostudur, əyalətidir: "Ermənistanın xarici
siyasətində, hətta daxili siyasətində Rusiya böyük rol oynayır. Rusiya Minsk
qrupunun həmsədri olmasına baxmayaraq, mütəmadi olaraq birtərəfli qaydada Ermənistanın
yanında olub və bitərəf mövqedən çıxış etmək əvəzinə, rəsmi İrəvana dəstək
olub, silah verib. Hətta danışıqlar masasında Ermənistanın tərəfini tutub və
bəzi məqamlarda danışıqların baş tutmaması üçün mövqe sərgiləyib. Qarabağ
müharibəsini Rusiya başladıb, indi isə bütün imkanları ilə Ermənistanı himayə
edir. Bitərəf mövqeyini, vasitəçilik missiyasını qorumayıb, həmişə forpostu
olan ölkəyə dəstək olub. Bu yaxınlarda da işğal olunmuş ərazilərdə Ermənistanın
sərhəd qoşunları ilə birlikdə təlimlər keçiriblər. Bütün bunlar Rusiya
tərəfindən pozucu hərəkətlərdir. Hesab edirəm ki, Azərbaycan öz müttəfiqləri
siyasətinə yenidən baxmalıdır, NATO-ya inteqrasiyanı sürətləndirməlidir. Hətta
bu alyansa üzv olmaq üçün müraciət etməlidir”.
F.Quliyev əlavə etdi ki, Azərbaycanın Rusiyaya qarşı xoşməramlı
münasibətinin olmasına baxmayaraq,
ölkəmiz bunun əksini görür: "Amma Rusiyanın hərəkətlərində də bir dəyişiklik
olmalıdır. Azərbaycan Rusiya ilə birlikdə layihələr həyata keçirir,
dövlətlərarası münasibətlərə xüsusi yer verir, uşaq bağçaları, məktəblər
tikirik. Lakin bunun müqabilində Azərbaycan bu ölkənin fərqli münasibətini
görür. Ona görə də müttəfiqlərlə bağlı siyasətimizə yenidən baxmalıyıq. Eləcə
də türk cümhuriyyətləri ilə münasibətlərimizi nəzərdən keçirməliyik. Bir sözlə,
Rusiyanın atdığı addımlara qarşı adekvat münasibət sərgiləməliyik”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması regional
təhlükəsizliyə mənfi təsir göstərən amildir: "Bu məsələni araşdırsaq, ilk
növbədə bunun məqsədləri aydınlaşdırılmalıdır. Əgər onlar Ermənistanın
ərazisini müdafiə etmək istəyirlərsə, etsinlər. Bizim Ermənistana qarşı ərazi
iddialarımız yoxdur. Əksinə, ermənilər Azərbaycan torpaqlarını işğal edib. Amma
əgər bu qoşun birləşməsinin yaradılmasını Dağlıq Qarabağ məsələsinin həlli ilə
bağlayırlarsa, düşünürəm ki, bu yanlış bir addımdır. Eyni zamanda hesab edirəm
ki, bu məsələnin Dağlıq Qarabağla bağlılığı yoxdur. Sadəcə olaraq, iki dövlət
arasında imzalanmış sənəddir. Bir incə məqam da ondan ibarətdir ki, bu qoşun
qruplaşmasının komandanlığı Rusiya tərəfində olmalıdır və olacaq da. Ən pis
halda buna erməni rəhbərlik edəcəksə, yenə də arxasında Rusiya dayanacaq. Çünki
biz bilirik ki, Ermənistan Rusiyanın bir subyekti kimi fəaliyyət göstərir və
onun maraqlarını müdafiə edir”.
F.Sadıxovun xatırlatdı ki, Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi
təlimləri keçirilir: "Bundan irəli gələrək, artıq üç ölkə arasında bir hərbi
alyansın yaradılmasının vaxtı gəlib çatıb. Çünki Azərbaycan Türkiyə ilə bir
sıra sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində müqavilələr
imzalayıb. Türkiyə hər zaman Azərbaycanın yanındadır və həmişə bəyan edir ki,
bizim ölkənin maraqlarını dəstəkləyəcək. Eyni ilə Azərbaycan Gürcüstanla
strateji tərəfdaşdır. Bu kontekstdə hesab edirəm ki, üç ölkənin birgə hərbi
alyansı, ittifaqı və ya qruplaşması yaradıla bilər. Fikrimcə, bu heç kimdə sual
yarada bilməz. Çünki hər üç ölkənin bir sıra istiqamətlərdə maraqları eynidir.
Bizim həm iqtisadi, siyasi, həm də regionun təhlükəsizliyi məsələsində
mövqelərimiz üst-üstə düşür. Hesab edirəm ki, belə bir məqam yetişib və indi üç
ölkə arasında hərbi alyansın yaranması ilə bağlı müzakirələri apara bilərik. Adından
asılı olmayaraq, üç ölkə arasında hərbi-texniki əməkdaşlığın əsası qoyulmalıdır.
Eyni zamanda digər məsələlər, misal üçün, regional təhlükəsizlik, siyasi
əməkdaşlıq, enerji layihələrinin müdafiəsi və sair sahələrdə də əməkdaşlıq bura
daxil edilməldir. Onsuz da üç dövlət eyni mövqedən çıxış edir və hərbi alyansın
yaranması ümumi maraqlara cavab verə bilər”.
Bəxtiyar MƏMMƏDLİ