• cümə axşamı, 28 mart, 20:02
  • Baku Bakı 13°C

Rusiya əkdiyi separatizm toxumlarını öz ərazisində biçəcəkmi?

30.04.21 16:30 1644
Rusiya əkdiyi separatizm toxumlarını öz ərazisində biçəcəkmi?
Politoloqların fikrincə, Kreml indiki halda münaqişələrin həllinə stimul verməyə səy göstərməlidir
Sovetlərin dağılması ilə keçmiş ittifaqın ərazisində ard-arda bir neçə münaqişə ocağı yarandı. Separatizmin baş qaldırması heç şübhəsiz ki, Rusiya ərazisində də özünü göstərdi. Rusiya bu problemdən əziyyət çəksə də, onu həll edə bildi. Lakin maraqlı məqam ondan ibarətdir ki, Rusiya indiki halda separatizm toxumlarını əkir. Buraya Ukrayna, Gürcüstan, Moldovanı göstərmək olar. 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazisində mövcud olmuş separatçı rejimi isə ölkəmiz 44 günlük müharibə ilə sıradan çıxarmağı bacardı. Lakin Rusiya sülhməramlılarının bölgəyə gəlişi Xankəndində və onun ətraf ərazilərində separatçı qalıqlarının qalması ilə nəticələndi. Elə bu günlərdə Qarabağdakı separatçı rejimin cinayətkar rəhbəri Araik Arutunyanın Moskvaya səfəri də bir sıra qaranlıq məqamlardan xəbər verir. Bilirik ki, separatçı rejimin rəhbəri Azərbaycan tərəfindən axtarışa verilib. Lakin görünən odur ki, Rusiya hələ də separatçılara dəstək verir. Belə çıxır ki, Rusiya hələ də keçmiş SSRİ respublikalarında separatizm toxumu səpməkdə davam edir. Bəs görəsən Moskva əkdiyi separatizm toxumlarını nə vaxtsa, öz ərazisində biçəcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Rusiya əkdiyi separatizm toxumlarını artıq biçməyə başlayıb: "Biz bunu təkcə regionda deyil, qlobal səviyyədə də müşahidə edirik. Rusiya diplomatları bir çox dövlətlərdən, xüsusilə Avropa İttifaqına daxil olan ölkələrdən çıxarılır. Doğrudur, Rusiya da buna adekvat addımlar atır. Ancaq bu heç nəyi həll etmir. Bütün bunlar onu göstərir ki, Rusiya artıq qlobal səviyyədə sıxışdırılır və arzu olunmayan bir ölkə səviyyəsinə gətirilir. Əlbəttə ki, bu da beynəlxalq münasibətlər sistemində Rusiyaya heç də xoş gələcək vəd etmir. Ona görə də düşünürəm ki, Rusiya artıq bu cür separat toxumları əkməkdənsə, regionda yaradılan münaqişələrin həllinə stimul verməyə səy göstərməlidir. Bunun zamanı gəlib çatıb. Bilirik ki, SSRİ dağılandan sonra bilavasitə Rusiyanın əli ilə Dağlıq Qarabağ kimi bir problem yaradıldı və bu, demək olar ki, 30 ilə qədər davam etdi. Bu problem Rusiyanın siyasi iradəsi ilə həll olunmadı. Qarabağ problemini Azərbaycan 44 günlük müharibədə şəhid verərək, döyüşərək, o cümlədən qardaş Türkiyənin siyasi dəstəyi ilə həll etdi və qələbə qazandı. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bu, postsovet məkanında yeganə hadisədir ki, Rusiyanın yaratdığı separatizmdən qaynaqlanan münaqişə həll olundu”.
N.Miri qeyd etdi ki, Dağlıq Qarabağ probleminə paralel olaraq Ukraynada, Moldovada, Gürcüstanda da "dondurulmuş münaqişələr” yaradılıb və hər üç ölkənin ərazi bütövlüyü pozulub: "Faktiki olaraq, bu ölkələr hazırda separatizmdən əziyyət çəkirlər. Bu problemlərin həllinə imkan verməyən yeganə ölkə məhz Rusiyadır. Rusiya münaqişələri yaradan, idarə edən və nəzarətində saxlayan ölkəyə çevrilib və bu imkanı əldən vermək istəmir. Onu da qeyd edim ki, Azərbaycan Qarabağ münaqişəsini 44 günlük Vətən müharibəsi ilə həll etdikdən sonra artıq postsovet məkanında bir presedent yarandı. Bəlli oldu ki, separatizm problemini ciddi siyasi iradə və beynəlxalq səviyyədə dəstək olarsa, hərbi yolla həll etmək mümkündür. Əslində bu gün Ukrayna ətrafında baş verən hadisələr və gərginlik də təxminən bu müstəvidə baş verir. Yəni, Ukrayna Krım bir yana, ən azından cənub-şərq əyalətləri -Dombas və Luqanskın tamamilə Rusiyanın işğalından azad olunmasına cəhd etdi. Bilirik ki, hələ də bu məsələ ilə bağlı gərginlik davam edir və Ukrayna-Rusiya prezidentləri arasında görüşü təmin etmək mümkünsüz hala gəlib. Ona görə də düşünürəm ki, bütün bunların müqabilində Rusiyanın ödədiyi bədəllər var. İndiki halda Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq olunur. Avroatlantik məkanın hərbi güc mərkəzi olan NATO demək olar ki, Rusiyanı çevrələmək siyasətini artıq başa çatdırmaq üzrədir. Gələcək perspektivdə Ukrayna, Gürcüstan kimi Qara dənizdə həmsərhəd olan ölkələr də NATO-ya qəbul olunarsa, bu, Rusiya üçün geosiyasi təhlükələr vəd edəcək. Çünki birbaşa Rusiya sərhədləri çərçivəsində NATO ölkəsinin yerləşməsi Kreml üçün böyük təhlükələr yaradır. Bütün bunlar Rusiyanın zamanında əkdiyi separatizm toxumlarının və yürütdüyü aqressiv siyasətin nəticəsi olaraq dəyərləndirilməlidir. Düşünürəm ki, bu məsələ bununla da bitməyəcək. Rusiya zəiflədikcə mərkəzdənqaçma hadisələri də getdikcə sürətlənəcək. Xüsusilə, türkdilli respublikalar Tatarıstan başda olmaqla tədricən mərkəzdənqaçma siyasətinə üstünlük verəcəklər. Yəni, Rusiya mərkəzi hakimiyyəti zəifləsə və regionlara iqtisadi-maliyyə cəhətdən dəstək verə bilməsə, Rusiyanın özündə də separatizm dalğası güclənəcək. Ona görə də Rusiyada ağıllı siyasətçilər varsa və açığı, öz ölkələrinin gələcək perspektivini görmək istəyirlərsə, Kreml tərəfindən yaradılmış bütün münaqişələr tədricən sülh şəraitində həll olunmalıdır. Bütün postsovet ölkələri ilə normal, bərabər hüquqlu səviyyədə münasibətlər sistemi qurulmalıdır”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, biz yaxın vaxtlarda Xankəndi ətrafındakı problemlə bağlı Azərbaycanı narahat edən məsələyə aydınlıq gətirilməsinin şahidi olacağıq: "Təbii ki, separatçı Araik Arutunyanın Moskvaya səfəri Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən xoş qarşılana bilməz. Çünki bu separatçı Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. O, əli qana batan və açıq şəkildə Azərbaycan əleyhinə çıxışlar edən bir şəxsdir. Eyni zamanda onu qeyd etmək lazımdır ki, artıq Laçın dəhlizi vasitəsilə Xankəndi və ətraf ərazilərdən erməni hərbçilərinin çıxarılmasının şahidi olmaqdayıq. Artıq sosial şəbəkələrdə bununla bağlı video görüntülər yer almaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın son zamanları haqlı olan tələbləri yerinə yetirilməyə başlanılıb”.
Z.Məmmədov vurğulayıb ki, hər bir halda Rusiya və onun sülhməramlıları bölgə ilə bağlı fikir irəli sürərkən və yaxud hansısa addımları atarkən mütləq şəkildə Azərbaycanın maraqlarını nəzərə almalıdır: "Hər kəs bilməlidir ki, Xankəndindəki qondarma rejimdir və onların hüquqları yoxdur ki, bu və ya digər şəkildə hər hansı bir qərarın qəbul edilməsində iştirak etsinlər. Onlar yalnız qərarların obyektivliyi uğrunda çıxış edə bilər”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər