• cümə axşamı, 18 aprel, 20:43
  • Baku Bakı 21°C

Rusiya “dost ölkə” statusundan imtina edir

21.10.17 11:30 4972
Rusiya “dost ölkə” statusundan imtina edir
Azərbaycan müstəqil ölkə kimi təhlükəsizliyini, müdafiəsini gücləndirmək üçün hər il milyardlarla dollar vəsait xərcləyərək, ən müxtəlif ölkələrdən Silahlı Qüvvələrimiz üçün müasir silah-sursat alır. Heç kimə sirr deyil ki, bu silah-sursatın böyük hissəsi Rusiyadan alınır. Bunun müqabilində də şimal qonşumuz böyük gəlir əldə edir. Təəssüf doğuran məqam burasıdır ki, rəsmi Moskva Azərbaycanın ödədiyi pullar hesabına işğalçı Ermənistana güzəştli şərtlərlə kredit verir, bizimlə düşmən münasibətlərində olan ölkənin silahlanmasına şərait yaradır. Misal üçün, Boris Yeltsinin prezidentliyi dövründə Rusiya Ermənistana 1 milyard dollar həcmində silah-sursat hədiyyə edib. Sonrakı illərdə Rusiyanın Gürcüstandakı hərbi bazasından çıxarılan 800 milyon dəyərində silah-sursat da işğalçı Ermənistana hədiyyə edilib. Bundan başqa, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Cari il oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.Bütün bu addımlardan sonra Rusiyanı özümüzə dost ölkə hesab etmək mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən politoloq Natiq Miriingiltərəli siyasətçi Uinston Çörçilin - "Siyasətdə əbədi dostlar deyil, əbədi maraqlar olur”, fikrini xatırladıb. Qeyd edib ki, protokol xatirinə bir çox hallarda hətta Azərbaycanı sevməyən dövlətlərə də dost ölkə deyə xitab edilir, münasibətlərin strateji müstəviyə daşınmasına çalışırıq. Siyasi şərhçinin fikrincə, belə hallarda nə qədər istəsək də həmin ölkələrin bizə münasibətini arzu etdiyimiz səviyyədə görmək qeyri-mümkündür: "Bizim nəyi necə istəməyimizdən asılı olmayaraq Rusiyanın geosiyasi maraqları var. Bu maraqlar daha çox Rusiyadan yanadır. Ona görə də Rusiyanı Azərbaycana dost ölkə hesab edə bilmərəm. Çünki, ortada Azərbaycanın Dağlıq Qarabağ kimi yarası var. Ermənistan bu yaranı məhz Rusiyanın vasitəsi ilə yaradıb. Rəsmi Bakının düz 25 ildir ortaya qoyduğu fəaliyyətə rəğmən, hələ də bu yaranı sağaltmaq mümkün olmur. Halbuki, Ermənistan Rusiya üçün forpost ölkədir. Kremlin rəsmi İrəvan üzərində təsirləri çox böyükdür”.

Politoloq hesab edir ki, əgər Rusiya Azərbaycana dost ölkədirsə, o zaman Dağlıq Qarabağ münaqişəsini çözmək üçün beynəlxalq hüquq normalarının işləməsinə dəstək olmalıdır: "İşğal olunmuş ərazilərimizin Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Hansı ki, Rusiya da Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və məlum qətnamələrin yerinə yetirilməsində bilavasitə maraqlı olmalıdır. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bütün beynəlxalq hüquq və normalar Azərbaycandan yanadır. Ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Bütün bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, əgər Rusiya bizə dost ölkə olsaydı, bizdən yana olsaydı, münaqişə çoxdan həllini tapmış olardı, 25 il uzanmazdı. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsini vaxtilə yaradan və hazırda idarə edən Rusiya dövlətidir. Məhz Rusiyaya görə münaqişənin həlli 25 ildir uzanır. Son dövrlər isə Rusiyanın Azərbaycana qarşı münasibəti ümumiyyətlə anlaşılan deyil. Hər addımda Azərbaycana qarşı yeni-yeni təzyiq mexanizmləri dövriyyəyə buraxılır. Bu, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən başlamış müxtəlif siyasi basqıları əhatə edir. Bunun qarşılığında dostluqdan danışmaq çətindir. Ancaq Azərbaycan heç bir dünya dövləti ilə düşmən olmaqda maraqlı deyil. Əksinə, Azərbaycan bütün ölkələri özünə dost etmək istəyir. Çox təəssüf ki, bizim bu xoşməramlı siyasətimizə qarşı Rusiyadan adekvat cavab verilmir”.

Politoloq Mübariz Əhmədoğlu da qəzetimizə açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana və Ermənistana silah satmasında fərqli amillər var. Onun sözlərinə görə, indiyə qədər Azərbaycan Rusiyadan aldığı hər bir silaha görə pul ödəyib, yəni silah-sursatı öz pulu müqabilində əldə edib. Lakin Ermənistana indiyə qədər Rusiya silahları hədiyyə edilib: "Rusiya bununla bir növ ermənilərin "ağzını yummağa” çalışıb. Çünki, Ermənistanda ictimai rəy Rusiyanın əleyhinədir və yerindən qalxan rəsmi Moskvanı tənqid edir. Ona görə də Rusiya həmin ictimai-siyasi mühiti sakitləşdirmək üçün bu dəfə də 100 milyon dollarlıq kredit verdi. Təbii ki, bütün bu hallarla bağlı Rusiyaya qarşı Azərbaycan cəmiyyətində müxtəlif fikirlər səsləndirilib, mən özüm də kəskin yazılarla mətbuatda çıxış etmişəm. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın Azərbaycanla silah-sursat alveri milyardlarla ölçülür. Bu alverin həm də siyasi mənası var. Biz pulumuzla münaqişə zonasına göndərilə biləcək silah embarqosunu pozmuşuq. Digər tərəfdən, Rusiyanın Ermənistana indiyə qədər verdiyi silahlar məqsədyönlü olduğu üçün nəzarət altındadır. Rusiyanın Ermənistan üzərində təsiri böyükdür. Ona görə də Ermənistan istifadə etdiyi hər silaha, hər gülləyə görə Rusiyaya hesabat vermək məcburiyyətindədir. Bununla əlaqədar 2013-cü ildə Rusiya və Ermənistan arasında müqavilə imzalanıb”.

Politoloq deyib ki, Rusiya ilə Azərbaycan arasındakı strateji müttəfiqlik tək Ermənistana görə deyil: "Nə qədər ki, bizi ermənilər Rusiyadan aralı sala bilmişdilər, Dağlıq Qarabağ problemi Azərbaycanın əleyhinə işləyirdi. Bu regionda Rusiyadan böyük güc yoxdur. Ermənilərin ən böyük uğuru özlərini rusiyapərəst, Azərbaycanı isə antirus göstərməkləri idi. Hətta Qərbdə, ABŞ-da da düşünürdülər ki, əgər Azərbaycan Rusiya ilə düşməndirsə, bu, regiona, xüsusən də Azərbaycana yaxın getmək olmaz. Bu baxımdan, Rusiya faktoru çox güclüdür. Ermənilər bundan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Azərbaycanın yürütdüyü balanslı siyasətin ən böyük uğuru ondan ibarətdir ki, istər Rusiya, istərsə də Qərb dövlətləri ilə qarşılıqlı maraqlara xidmət edən münasibətlər qurulub. Bu siyasətin əsasını ümummilli lider Heydər Əliyev qoyub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər