• çərşənbə axşamı, 19 mart, 14:25
  • Baku Bakı 8°C

Rusiya da İlham Əliyevin təşəbbüsünə dəstək verdi

03.07.20 16:14 1866
Rusiya da İlham Əliyevin təşəbbüsünə dəstək verdi
"Azərbaycan prezidentinin pandemiya ilə bağlı BMT-nin xüsusi sessiyasını çağırmaq təşəbbüsü təqdirə və dəstəyə layiqdir”

Prezident İlham Əliyevin pandemiya ilə mübarizə çərçivəsində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünə dəstək və təqdir çağırışları davam edir. "Moskva-Baku” portalına müsahibəsində Rusiyanın BMT-dəki xüsusi nümayəndəsinin müavini Dmitri Çumakov bildirib ki, prezident İlham Əliyevin qurumun COVİD-19 pandemiyası ilə əlaqədar Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsü virusa qarşı birgə beynəlxalq mübarizəni birləşdirmək səylərinə söykənir. "Eyni zamanda, bu həm də BMT Nizamnaməsinə uyğun olaraq üzv-dövlətlərin üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi deməkdir”, - deyə diplomat vurğulayıb. Onun sözlərinə görə, Rusiya da koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizənin birləşdirilməsi səylərinə sadiqdir: "Eləcə də, BMT üzvü olan dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsiplərinə ciddi şəkildə dəstək verir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan prezidentinin irəli sürdüyü təşəbbüs, sözsüz ki, bu məsələnin həllinə yönəlib və ciddi dəstək qazanıb. Eyni zamanda, belə bir təklifin reallaşması bir sıra texniki və prosedur aspektlərinin nizamlanmasını tələb edir. Belə ki, pandemiya şəraitində bizlər virtual rejimdə fəaliyyət göstəririk”. Rusiyalı diplomat qeyd edib ki, bu təşəbbüsün reallaşması istiqamətində gedən müzakirələrdə aktiv iştirak etməyə hazırdırlar.
Daha sonra məqalədə xatırladılır ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. "Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik”, - deyə nəşr prezidentin fikirlərini sitat gətirib. Daha sonra məqalədə prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb. O bildirib ki, dünyada COVID-19 pandemiyası başlayandan bəri prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Prezidentin təşəbbüsünə 130-dək ölkənin dəstək verdiyi barədə BMT Baş katibinin ofisi məlumatlandırıb. Hikmət Hacıyev qeyd edib ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir: "Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Azərbaycan BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunmasına dair formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər”. H.Hacıyev onu da bildirib ki, Azərbaycan koronavirsla mübarizə çərçivəsində bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşünü keçirib. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.

Azər
banner

Oxşar Xəbərlər