• cümə, 19 Aprel, 02:24
  • Baku Bakı 18°C

Rusiya Cənubi Qafqazda Ermənistana arxayındır

24.09.13 10:57 1281
Rusiya Cənubi Qafqazda Ermənistana arxayındır
APA-nın verdiyi məlumata görə, bu sözləri Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko Rusiya Strateji Araşdırmalar İnstitutunda (RSAİ) keçirilən “Avqust müharibəsi”nin geosiyasi yekunları: dərslər və problemlər” adlı beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Avropanın, ümumilikdə Qərbin Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq cəhdləri boşa çıxıb.
2008-ci ilin avqust müharibəsi zamanı Rusiyanın Gürcüstanda səfiri vəzifəsində çalışan V. Kovalenko ABŞ-ın Cənubi Qafqaz ölkələrində anti-Rusiya təbliğatına milyonlarla dollar vəsait xərclədiyini söyləyib: “ABŞ anti-Rusiya təbliğatını vətəndaş cəmiyyətlərinə təsir edərək aparır. Gürcüstanda Saakaşvili də, İvanişvili də Corc Sorosun komandasından çıxmış adamlardır. Corc Sorosun pulu ilə bu adamlar hakimiyyətə gəliblər. Rusiya bütün bunları nəzərə almalıdır. Əgər Moskva Cənubi Qafqazda mövcudluğunu istəyirsə, o zaman vətəndaş cəmiyyətlərinə təsir etməlidir. Bu ölkələrdə Rusiyayönümlü qeyri-hökumət təşkilatları yaratmalıdır və bu sahədə işi gücləndirməlidir. Bunlarsız Rusiyanın Cənubi Qafqazda işi çətin olacaq”.
Konfransda çıxış edən siyasi ekspertlər 2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra Qafqazda siyasi və iqtisadi vəziyyəti müzakirə ediblər. RSAİ-nin Qara dəniz və Xəzər Regional İnformasiya və Analitik Mərkəzinin direktoru Eduard Popov çıxışında Rusiyanın 2008-ci il hadisələrindən sonra Qafqazda öz mövqeyini qismən möhkəmləndirdiyini söyləyib: “ABŞ Yaxın və Orta Şərqi, əsasən də Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Bu yolda nəyə desən əl atır. Lakin proseslərin gedişi onu göstərir ki, ABŞ bu istəyinə nail ola bilməyəcək. Rusiya yaxın zamanlarda özündə güc toplayacaq və Şərqi Xristian Bizans İmperiyasının sərhədlərini bərpa edəcək”.
Şimali Osetiya Dövlət Universitetinin professoru, politoloq Albert Dudayti Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsində ən böyük səbəbkarın Türkiyə olduğunu söyləyib: “Bu gün Türkiyənin Cənubi Qafqaza təsiri çox böyükdür. Gürcüstan və Azərbaycanla strateji müttəfiq olan bu ölkə Şimali Qafqazdakı proseslərə də təsir imkanına malikdir. Türkiyə bu regionda islamın yayılması istiqamətində təşviqat aparır. Bu, Qafqazın Rusiyadan qoparılması planının tərkib hissəsidir. Soçi Olimpiadasından sonra Qafqazda vəziyyət dəyişəcək. Həm Cənubi, həm də Şimali Qafqazda gərginlik hökm sürəcək. Rusiya bunun qarşısını almaq üçün tədbir görməlidir”.
banner

Oxşar Xəbərlər