• şənbə, 20 Aprel, 17:44
  • Baku Bakı 23°C

Rusiya avqustun sonuna kimi bütün əmlakını Qəbələdən çıxaracaq

22.05.13 08:03 1395
Rusiya avqustun sonuna kimi bütün əmlakını Qəbələdən çıxaracaq
Rusiyanın Qəbələ RLS-dən imtina etməsinə baxmayaraq, stansiyanın gələcək taleyi ilə bağlı müzakirələr davam edir. Əsasən Rusiya nəşrləri bu stansiyası ilə bağlı ən müxtəlif fikirlər və mülahizələr irəli sürməkdə davam edirlər. Kremlin stansiyanın icarə müddətini dayandırması, ardınca da Bakı-Novorossiysk boru xətti ilə neftin daşınmasına xitam verməsinin arxasında siyasi məqamların olduğuna dair fikirlər də yer alır.
Bu dəfə isə Rusiyanın “Nezavisimaya qazeta” qəzeti Qəbələ RLS-lə bağlı maraqlı bir məsələyə toxunub. Nəşr Azərbaycanın hərbi idarəsindəki mənbəsinə istinadən yazır ki, Qəbələdəki Rusiya hərbi mülkiyyətinin çıxarılması prosesi Azərbaycan daxili qoşunlarının mühafizəsi altında həyata keçirilir. Və bu proses bütövlükdə avqustun sonuna kimi başa çatdırılmalıdır. “Qeyd edək ki, Qəbələ RLS Azərbaycan ərazisində Rusiyanın yeganə hərbi obyekti idi. Mahiyyət etibarilə bu, hərbi baza idi. Lakin Azərbaycan Konstitusiyası ölkə ərazisində xarici bazaların mövcudluğunu mümkünsüz sayır. Bu səbəbdən də Bakı və Moskva bu mərkəzə informasiya-analitik statusu verdi və onu «Dəryal» adlandırdılar. Mərkəzin istismarı Rusiya tərəfindən yalnız informasiya-analitik məqsədlər üçün istifadə edilirdi. Stansiyada fəaliyyət göstərən personalın sayı 1500-ü keçmirdi. Onun hava hücumundan qorunmasını isə Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri həyata keçirirdilər. Moskva isə təqdim edilən stansiyaya görə illik olaraq 7 milyon dollar haqq ödəyirdi. Stansiyanın icarə müddətinin vaxtının başa çatmasına az qalmış tərəflər 2002-ci ilin yanvarında imzalanan sazişin müddətinin uzadılması ilə bağlı Moskvada ikitərəfli komissiya yaratdılar. Lakin bu danışıqlarda bir sıra problemli məsələlər ortaya çıxdı. Ən əsas məsələ isə o oldu ki, rəsmi Bakı icarə haqqının məbləğinin əvvəlki məbləğdən bir neçə dəfə çox artırılmasını istədi. Nəticədə tərəflər razılığa gələ bilmədilər və Qəbələ RLS 2012-ci il 10 dekabrdan etibarən fəaliyyətini dayandırmış oldu.
Rusiya nəşrləri yazır ki, Qəbələ RLS-in icarə müddətinin davam etdirilməməsi ilə bağlı müxtəlif versiyalar səslənir. Və onların içərisində icarə haqqının məbləği də var. Rusiya nəşrləri iddia edir ki, Azərbaycanın ekspert cəmiyyəti buna bir neçə səbəb göstərir. Analitik Emin Abdullayev adlı şəxs “Nezavisimaya qazeta” nəşrinə bildirib ki, Azərbaycan üçün on, hətta yüz milyonların astronomik məbləğ sayıldığı dövrlər çoxdan keçib. Burada daha çox məsələ prinsip məsələsinə söykənir. Söhbət ondadır ki, Bakı bəlli olan səbəblərdən Moskvanın Ermənistan üçün əlverişli hərbi əməkdaşlıq rejimi yaratmasına sakit şəkildə baxa bilməz. «Rusiya Ermənistana Gümrüdəki 102-cü hərbi bazasından istifadəyə görə icarə haqqı ödəmir, bunun müqabilində bir qəpik də almadan S-300 raket zenit kompleksi verib. Azərbaycan isə 300 milyon dollar ödəyərək bu sistemi Rusiyadan alır. Qoy elə Azərbaycan da Qəbələ RLS-nin icarəsinə görə bu qədər vəsait alsın da” - deyə ekspert sualla çıxış edib.
Qəzet daha sonra xarici işlər nazirinin müavini Xələf Xələfovdan sitat gətirir. Nazir müavini bildirib ki, yaxın vaxtlarda Qəbələ RLS-in icarə müddətinin başa çatması ilə bağlı iki ölkə arasında yaradılan dövlətlərarası komissiyasının fəaliyyətinin dayanması planlaşdırılır. Xarici işlər nazirinin müavini bildirib ki, stansiyanın təhvil-təslimi ilə bağlı Azərbaycan və Rusiya komissiyaları çərçivəsində işlər başa çatıb. Onun sözlərinə görə, Qəbələ RLS-in təhvil-təslimi iki mərhələdən ibarətdir. Birinci mərhələdə inventarizasiya aparılmalı idi, “biz bu işi başa çatdırdıq”. İkinci mərhələ isə tam təhvil-təslim işini, Rusiyaya məxsus olan əmlakın daşınmasını, bu stansiyada çalışan heyətin, onların ailə üzvlərinin getməsi ilə əlaqədar məsələlərin həllini nəzərdə tutur. “Azərbaycan tərəfindən bütün lazım olan tədbirlər həyata keçirilib, təhvil-təslim ilə bağlı bütün sənədlər rəsmiləşdirilib. Stansiya artıq fəaliyyətini tam dayandırıb, oradan Rusiyaya aparılacaq əmlak artıq müəyyən saxlama yerlərinə yığılıb və Rusiya tərəfindən bu əmlakın daşınması üçün tədbirlər həyata keçirilir” - deyə X.Xələfov vurğulayıb.
Qeyd edək ki, bir sıra Qərb nəşrləri Rusiyanın Qəbələ RLS-dən çıxmasını onun təhlükəsizliyinə zərbə kimi qiymətləndiriblər. Lakin Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov növbəti dəfə deyib ki, Qəbələ RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə təsir etməyəcək. “Əgər Qəbələ RLS-in bağlanmasının Rusiyanın təhlükəsizliyinin zəifləməsinə səbəb olacağına zərrə qədər şübhə etsəydik, əlbəttə ki, icarənin davam etdirilməsi barədə Bakıdakı dostlarımızla razılığa gələrdik. Hazırda tam şəkildə bəyan edə bilərəm ki, RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə heç bir təsir göstərməyəcək” - deyə Antonov qeyd edib. O, əlavə edib ki, Rusiya həqiqətən də Azərbaycandan əmlak və hərbi kontingenti çıxarır. "Biz azərbaycanlı dostlarımızla sıx işləyirik, heç bir problem yaşanmır” – deyə o qeyd edib. O, həmçinin qeyd edib ki, Azərbaycandan gedən heç bir hərbçi “havada qalmayacaq”. “Hər bir hərbçi üçün konkret iş, konkret mənzil nəzərdə tutulub və SSRİ-nin dağılması dövründə bizə məlum olan hadisələr yaşanmayacaq” - deyə o bildirib.
Qəzet onu da yazır ki, Azərbaycanın Qəbələ RLS-in icarə qiymətini artırması Rusiyanı Armavirdəki RLS-in tikintisini sürətləndirməyə vadar edib. Rusiyanın Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-polkovnik Oleq Ostapenko “Voronej” stansiyasının 2013-cü ilin birinci yarısında istifadəyə veriləcəyini bildirib. Rusiyalı generalın sözlərinə görə, yeni stansiya Qəbələ RLS-dən daha üstün parametrlərə sahib olacaq və öhdəsinə düşən vəzifəni Azərbaycandakı RLS-dən daha dəqiq yerinə yetirəcək.
Xatırladaq ki, 2002-ci ildə Azərbaycan və Rusiya Qəbələ RLS-in 10 il müddətinə icarəyə götürülməsinə dair sazişi ratifikasiya ediblər. İcarə haqqı 7 mln. dollar təşkil edib. 2011-ci ildə icarə müddətinin uzadılması məsələsinin müzakirəsinə başlansa da, tərəflər icarə haqqı barədə vahid fikrə gələ bilməyiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər