• şənbə, 20 Aprel, 02:43
  • Baku Bakı 15°C

Rusiya ABŞ-ı Qırğızıstandan çıxarmağa müvəffəq oldu

17.07.13 08:41 1347
Rusiya ABŞ-ı Qırğızıstandan çıxarmağa müvəffəq oldu
Rusiya ilə Birləşmiş Ştatların Mərkəzi Asiya uğrunda nüfuz mübarizəsi sonuncunun regionu tərk etməsi ilə nəticələnməkdədir. Postsovet məkanında Birləşmiş Ştatların əsas hərbi bazası hesab edilən “Manas”la bağlı müzakirələr və gərginliklər sona çatmaq üzrədir. Qırğızıstanın “Manas” hərbi bazasında yerləşən Tranzit Daşınmaları Mərkəzi bəyan edib ki, hərbi baza 2014-cü ilin iyulun ayının 11-ə kimi bağlanacaq. Müvafiq razılaşma ötən həftənin sonu Bişkekə gələn amerikalı hərbçilərlə Qırğızıstan hakimiyyət orqanları arasında əldə edilib. Bişkekin Amerika pulundan imtinasını isə Moskva kompensasiya edəcək. Kreml bunun müqabilində qırğızlara silah və qaz verəcək. Amerika hərbçilərinin səfərlərindən az əvvəl Bişkekdə yüksək rütbəli siyasətçi, Pentaqonun keçmiş şefi Donald Ramsfeld də olub. Müşahidəçilər hesab edir ki, onun qeyri-rəsmi səfər məhz baza ilə bağlı razılaşmanın uzadılması ilə bağlı idi. “AKİrress” agentliyinin yaydığı xəbərə görə, Ramsfeld ABŞ səfirliyində mənzillənib. Sonra isə Ala-Arça-2 adlanan elit kotecdə görüşlər keçirib. Burada qırğız siyasi elitasının, eləcə də ölkənin həyatında əhəmiyyətli rol oynayan kriminal avtoritetlərin bütün nümayəndələri yerləşib. Bu gün əminliklə demək olar ki, Ramsfeldin missiyası iflasla nəticələnib. Amerikanın Qırğızıstanda missiyası 2014-cü ilin 11 iyulunda başa çatması həll olunub. Müvafiq qərarı prezident Almazbek Atambayev bəyan edib.
Ötən gün ABŞ-ın Qırğızıstanda səfirliyi qırğız hakimiyyət orqanlarına Əfqanıstanda terrorizmə qarşı mübarizədə verdiyi töhfəyə görə minnətdarlıq edib. Bununla yanaşı qeyd olunur ki, Birləşmiş Ştatlar Qırğızıstanla təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. Atambayev dəfələrlə Moskvaya vəd edib ki, “Manas”ı Birləşmiş Ştatlar üçün bağlayacaq. Əlavə edib ki, bazada yenidənqurma işləri aparıla bilər. Ən sonda isə Cənubi Şərqi Asiya, eləcə də Avropa və Yaxın Şərqə yüklərin çatdırılmasında tranzit yer kimi istifadə edilməsi mümkündür. Bu planın reallaşması ilə aeroport gəlir gətirməkdə davam edə bilər və amerikalıların getməsini kompensasiya olunar. ABŞ hər il bazadan istifadəyə görə ildə 60 mln. dollar ödəyirdi və elə bu həcmdə də vəsaiti Qırğızıstanda müxtəlif humanitar proqramlara ayırırdı. Lakin Amerika hərbi bazasının bağlanması barədə xəbərlər aktivləşdikdən sonra “Manas”ın gəlirləri birdən birə 30 faiz azaldı. Gözlənilir ki, ilin sonuna kimi bu göstərici 50 faizə kimi aşağı düşəcək. Qırğızıstan kimi bir ölkə üçün bu, fəlakətə bərabərdir. Bişkekin belə acınacaqlı variantdan qaçmaq ümidi Moskva ilə bağlıdır. Rusiya hökuməti Qırğızıstana 2014-cü ildə vəd etdiyi hərbi köməyi artıq sentyabr ayında çatdıracağını vəd edib. Almazbəy Atambəyov Qırğızıstan Müdafiə Şurasının bu günlərdə keçirilən toplantısında bildirib ki, Rusiyanın hərbi texniki köməyi bütövlükdə 1 milyard dollar təşkil edəcək. “Bu ilin sonuncu rübündə Rusiya Federasiyası Müdafiə Nazirliyi Qırğızıstana ən müasir hərbi silahlar və texnika verəcək. Biz hansı silahlara ehtiyac duyduğumuzu onların diqqətinə çatdıracağıq” - deyə prezident vurğulayıb. Qırğızıstan üçün ikinci elə də az əhəmiyyətli olmayan məsələ ölkə ərazisində təbii qazın bölgüsü, reallaşması, eləcə də nəqliyyat sahədə əməkdaşlıqla bağlıdır. Bununla bağlı müvafiq razılaşma Rusiya baş naziri Dmitrii Medvedyevin Bişkekə səfəri zamanı əldə olunub. Əldə olunan razılaşmaya uyğun olaraq Qırğızıstanın qaz nəqliyyat sistemi bütövlükdə Rusiyanın “Qazprom” şirkətinin nəzarətinə keçir. “Qırğızqaz”a məxsus bütün qaz kəmərləri, qaz bölgüsü stansiyaları, yeraltı qaz anbarları, torpaq sahələri Rusiyanın olur. Bütün bunlar isə “Qazprom”a cəmi bir dollara başa gələcək. Əvəzində isə şirkətin 600 mln. dollarlıq əlavə qayğısı yaranacaq. Belə ki, Qırğızıstanın qaz infrastrukturunun modernləşməsi bu qədər vəsait tələb edir. Rusların bundan mənfəətlərinin elə də çox olmadığı vurğulanır. Lakin Kreml öz istəyinə çatmış olub. Yəni Birləşmiş Ştatları bu ölkədən çıxarır. Kreml həmçinin Qırğızıstanın Avrasiya İttifaqı və Gömrük İttifaqına üzvlüyünə də nail olur. Artıq Atambayev hökuməti buna öz razılığını verib. Qalır məsələnin rəsmiləşməsi.
O ki qaldı “Manas”a, onun gələcək taleyi hələ də bəlli deyil. Müşahidəçilər belə vəziyyətdə Bişkekin ikili oyun oynaya biləcəyini də istisna etmirlər. Belə ki, bu gün Bişkekdə ən çox müzakirə olunan məsələ “Manas”ın Türkiyəyə verilə bilmə ehtimalıdır. Qırğızıstan parlamentinin deputatı Ravşan Cenbekov hesab edir ki, birmənalı şəkildə “Manas”ın Türkiyəyə verildiyini demək çətindir. Onun qənaətincə, bu ssenarinin baş tuta bilməsi ABŞ və Türkiyənin birinci şəxslərinin görüşü ilə də təsdiq edilir. Hər iki lider “Manas” məsələsinə də yer ayırıblar. Türkiyə baş naziri Rəcəb Tayyib ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra isə dərhal Bişkekə gəldi. Təsdiq olunmamış məlumatlara görə, o, qırğız hakimiyyət orqanlarını “Manas”la bağlı planlarını dəyişməyə çağırıb. Deputat Cenbekov onu da bildirib ki, Ərdoğan qırğız paytaxtında NATO üçün mərkəz yaradılması təklifini edib. Deputat hesab edir ki, “Manas” türk kapitalının iştirakı ilə mülkü aeroport kimi qalacaq. Mərkəzi Asiya və Orta Asiya üzrə ekspert Aleksandr Knyazev isə “Manas”ın perspektivini başqa cür görür. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində ekspert bildirib ki, amerikalıların Qırğızıstanda yerləşmə forması dəyişə bilər. “Amerika qoşunlarının çıxarılması ərəfəsində yeni ABŞ səfirliyinin binası da hazır olacaq və “Manas”dan ora radioelektron kəşfiyyat avadanlığı daşınacaq. Orada xidmət edən hərbçilər isə diplomatik status alacaqlar. Aeroportun özündə isə Türkiyə ilə birgə müəssisə yaradılacaq. Bu müəssisə NATO və Pentaqona müxtəlif xidmətlər, o cümlədən nəqliyyat xidməti göstərəcək. Bütün bunlara baxmayaraq, “Manas”da artıq bir daha ABŞ bayrağının dalğalanmayacağı qətiləşib” - deyə rusiyalı ekspert sonda fikirlərini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər