Rusdilli Azərbaycan mətbuatının tarixini öyrənən ilk kitab
Yazıçı-tədqiqatçı E.Əfəndiyev "Tarixə bir nəzər” adlı məqaləsində
yazır: "Mən "Azərbaycandakı rusdilli mətbuat” yox, "Rusdilli Azərbaycan
mətbuatı” ifadəsini təsadüfən işlətmirəm. Mütəxəssislərin hesablamasına görə,
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda rus dilində 298 qəzet,
jurnal nəşr olunurdu və bunların arasında elə mətbuat orqanları var idi ki,
onlar yalnız Azərbaycanda yox, bütün Rusiya imperiyasında diqqəti cəlb etmiş,
böyük nüfuz qazanmışdı. Azərbaycan milli maarifçiliyinin, ictimai fikrinin
inkişafında böyük rolu olan "Kaspi” də belə mətbu orqanlardan idi”.
Bütün tarixi faktlar bir daha sübut edir ki, milli mətbuatımızın
sonrakı təşəkkülündə və inkişafında da Bakıda çıxmış rusdilli mətbuatın böyük
rolu olmuşdur. Bu rusdilli mətbuat təkcə jurnalistikamızın deyil, maarifimizin,
mətbuatımızın, mədəniyyətimizin, ictimai-siyasi fikir tariximizin inkişafına da
təkan vermişdir. Hökumət anadilli mətbuatın inkişafına icazə vermədikdə
Azərbaycan ziyalıları öz sözlərini, fikirlərini, arzularını, tapıntılarını,
həmçinin tənqidi qeyd və mülahizələrini, etirazlarını məhz bu qəzetlər
vasitəsilə geniş oxucu auditoriyasına, xüsusən Rusiya ictimaiyyətinə çatdırmaq
imkanı əldə etmişdir.
Birinci dünya
müharibəsindən sonra dəyişən meyl
BDU-nun doktorantı, Azərbaycan
Respublikası Prezidentinin İşlər idarəsinin Siyasi Sənədlər Üzrə Arxivində
"Arxiv fondunun istifadəsi” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,
mətbuatşünas alim Lalə Hacıyevanın növbəti kitabı da həm ziddiyyətlərlə zəngin,
maraqlı, həm də mətbuat tariximizdə şərəfli bir yer tutan aktual məsələyə həsr
edilib. 2017-ci ildə "Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyada
"Azərbaycan mətbuatşünaslığında ilk dəfə rusdilli mətbuatın təşəkkülü və
inkişafı tədqiq olunur”. Əsər XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayına
qədər - Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək nəşr olunan rusdilli dövri
mətbuat haqqındadır.
Əslində bu mövzu Lalə
xanım üçün yeni deyil. Onun 2013-cü ildə nəşr etdirdiyi "Bakiniski listok”
(1871-1872)” adlı əsəri də mətbuat tariximizin tədqiqi baxımından bir
yenilikdir. Doğrudur, bu qəzet haqqında mətbuatşünas alimlər öz əsərlərində
qısa məlumat vermişlər. Amma ilk dəfə Lalə xanım Sankt-Peterburq arxivindən
qəzetin tam dəstini Azərbaycana gətirərək onu elmi-ictimaiyyətə təqdim edib.
Cəmi bir il işıq üzü görən qəzet (1871-1872) Azərbaycanda rusdilli mətbuatın
zəngin mənzərəsinin yaranmasında bünövrə rolunu oynayıb. Elə həmin mənzərədə də
adında Bakı sözü olan onlarla mətbuat orqanı meydana gəldi ki, bu da özü ilə
çoxsaylı jurnalistlərin imzasını Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat
tarixinə yazdı. (L.Hacıyevanın "Bakinski Listok” (1871-1872)” adlı əsəri
haqqında "Kaspi” qəzetinin 5 aprel 2013-cü il tarixli sayında
"Bakinskiy-Listok”un çapı bizi daha nələrdən hali edir?” sərlövhəli məqaləmdə
geniş məlumat verilib).
İndi isə Sizə
L.Hacıyevanın "Azərbaycanın rusdilli dövrü mətbuatının tarixindən (1871-1918)”
adlı monoqrafiyası haqqında məlumat vermək istərdim. Əvvəla onu qeyd edim ki,
arxiv sənədləri, dövri mətbuat materialları ilə zəngin olan əsər son illərdə
Azərbaycan mətbuat tarixinə dair aparılan araşdırmalar arasında öz sanballılığı
ilə diqqəti cəlb edir. Araşdırılan dövrdə 100-dən çox qəzet və jurnal rus
dilində işıq üzü görmüşdü. Bunların bir çoxu ilk dəfə tədqiq olunub yaxud elmi
işin dövriyyəsinə buraxılmışdır. Sözsüz ki, bu mətbu orqanları arasında milli
meyllərinə görə fərqlənənlər də olub və bu da sirr deyil ki, bir qrup nəşr sırf
Rusiya mövqeyindən çıxış edirdi. Bunlar əsasən rusdilli mətbuatın təşəkkülü
zamanı yaradılan nəşrlər idi. Bu nəşrlər əvvəllər Rusiya siyasətinə və
dövlətçiliyinə istiqamətlənmişdirsə, birinci dünya müharibəsindən sonra
Azərbaycanın qabaqcıl demokratiyasının siyasi meydana fəal çıxışı nəticəsində
o, Azərbaycanın milli maraqlarına meylləndi.
Müasir ictimai-siyasi
həyatın tələbləri ilə bağlılıq
Elə buna görə də, həmin
dövrdə fəaliyyətdə olan rusdilli mətbuatın hərtərəfli tədqiqi labüd idi. Lakin
bu o demək deyil ki, Azərbaycanda rusdilli mətbuat haqqında əsərlər yoxdur.
Əksinə, kifayət qədər ədəbiyyat var. Amma bu sahədə Azərbaycan dilində nəşr
olunan dövri mətbuatdan fərqli olaraq, ümumiləşdirici elmi işlər yoxdur. Bu
baxımdan, L.Hacıyevanın monoqrafiyası diqqəti cəlb edir. Filologiya elmləri
doktoru, professor Ş.Vəliyevin elmi məsləhəti və redaktorluğu ilə çap edilən
əsərin rəyçisi tarix elmləri namizədi, dosent M.Mehdiyevdir. Əsərlə tanışlıq
zamanı aydın olur ki, araşdırmanın aktuallığı həm də müasir ictimai-siyasi
həyatın tələbləri ilə bağlıdır. "Bakinski Listok”un fəaliyyətə başladığı
vaxtdan 145 il keçməsinə baxmayaraq, rusdilli mətbuatımızın tarixinə dair hələ
də ümumiləşdirilmiş tədqiqat əsərləri yazılmamış, onun təşəkkül və inkişaf dövründəki
mühüm özəlliklər nəzərdən keçirilməmiş, baş vermiş hadisələrin rus dilindəki
mətbuatın fəaliyyəti ilə qarşılıqlı əlaqələri yetərincə öyrənilməmişdir. Həmin
dövrün rusdilli mətbuatı o dövr Azərbaycan tarixinin önəmli aspektlərini açmağa
imkan yaradır.
L.Hacıyeva isə əsərində yuxarıda sadalanan bu məsələlərin tədqiqinə
yetərincə geniş yer ayırmışdır. Xüsusən də "Kaspi” qəzetinin fəaliyyəti ilə
bağlı. 38 il fəaliyyət göstərən "Kaspi” qəzetinin redaksiyasını tədqiqatçı
xanım Azərbaycan jurnalistlərinin bir neçə nəslini yetişdirmiş "gənc kadrlar
ocağı” adlandırır. "Bu qəzetin Azərbaycan burjuaziyasının milli nəşrinə
çevrilməsi dövrü son dərəcə maraqlıdır” yazan tədqiqatçı xanım daha sonra qeyd
edir: "Uzaqgörən xeyriyyəçi və maarifçilik hamisi H.Z.Tağıyev Azərbaycan
dilində qəzet nəşrinin tezliklə mümkün olmayacağını anlayaraq, Bakıda və bütün
Cənubi Qafqazda populyar olan "Kaspi”ni satın alaraq H.Zərdabi, Ə.Topçubaşov,
Ə.Ağayev, Ə.Hüseynzadə kimi yerli jurnalistlərin köməyi ilə onun fəaliyyətini
azərbaycanlıların milli mənafeyinə xidmət istiqamətinə yönəltmiş oldu”.
Əsərdə həmçinin rusdilli dövri mətbuatın problemlərinin kompleks
araşdırılması, onun Azərbaycanda mətbuatın inkişafına yardımçı olmuş
hərəkətverici qüvvələrlə qarşılıqlı təsirini öyrənmək sahəsində müşahidə olunan
boşluğu doldurmaq məqsədi güdür və müəllif bu istəyinə çox gözəl də nail olub.
Əslində mövzunun seçilməsi də, məhz bu boşluğun dərin elmi təhlillə aradan
qaldırılması zərurətindən irəli gəlib. Üç fəsildən və on üç yarım başlıqadan
ibarət olan əsərdə müəllif ilk olaraq Azərbaycanda rusdilli mətbuatın yaranması
zəruriliyindən ətraflı söhbət açır və bu işin azərbaycanlı ziyalıların da
ürəyincə olduğunu qeyd edir. Lakin hakim dairələr hər vəchlə müsəlman xalqların
maariflənməsinin əleyhinə ona görə çıxırdılar ki, cəmiyyətin qabaqcıl
dairələrinin milli özünüdərkindən ehtiyatlanırdılar. Ona görə də müsəlmanların
bu işlərdən uzaqlaşdırılmasını məsləhət bilirdilər.
Ə.Ağaoğlunun hüquqlarının
qaytarılması
Klassik sələflərin ənənələrinə hörmətlə yanaşan tədqiqatçı L.Hacıyeva
"Əhmədbəy Ağaoğlunun publisistikası” adlı əsərində də rusdilli mətbuatımızın,
xüsusən də "Kaspi”nin gənc publisistlərimizin, jurnalistlərimizin yetişməsində,
qəzetçilik təcrübəsi qazanmasında oynadığı roldan danışır. Müəllifin bu əsərini
mətbuatşünaslığımıza yenilik ehtiva edən əsər kimi də təqdim etmək olar. Əsər
Azərbaycan mətbuatının ən görkəmli simalarından olan Ə.Ağaoğlunun "Kaspi”
qəzetində çap etdirdiyi çox saylı bədii-publisistik məqalələrinin geniş
təhlilinə həsr edilib. Həmin məqalələr ilk dəfədir təhlilə cəlb edilib və
Ə.Ağaoğlunun publisistikasının araşdırılması özü bir tədqiqat mövzusu kimi
tamamilə yenidir. Sovet dövrü və müstəqillik illərində bu mövzu xüsusi tədqiqat
obyekti olmamışdır.
Ə.Ağaoğlu irsinin ilk
tədqiqatçılarından olan Ə.Mirəhmədov və K.Talıbzadənin əsərləri qismən öz
obyektiv mövqeyi ilə seçilsə də, onlar da sovet tədqiqat məktəbinin ideoloji
qanun-qaydalarından yan keçə bilməmişlər. Tədqiqatçı xanım yazır: "XXI əsrin
əvvəllərində demək olar ki, Əhməd bəy Ağayevin zəngin publisistikası layiqli
tədqiqini tapmamışdır. Bu günün özündə də Azərbaycanın görkəmli ədibi barəsində
yazılan yeni elmi əsərlərdə müəlliflər ümumi fikirlər və məlum faktlardan
kənara çıxa bilməmişdir”. Professor. Aqil Hacıyevin "Ə.Ağaoğlunun hüquqlarının
qaytarılması” kimi qiymətləndirdiyi bu əsər rusdilli mətbuatın tarixinin
öyrənilməsində dəyərli mənbələrdəndir.
Əsas və təqdirəlayiq hal
bir də odur ki, xanım tədqiqatçının əsərlərində elmi üslub hakim olsa da, o,
müasir gənclərin tələblərinə, qavrama və dərketmə keyfiyyətlərinə
hesablanmışdır. Sadəlik, lakoniklik, fikrin tam, eyni zamanda ardıcıl
çatdırılması əsərlərini oxunaqlı edir.
L.Hacıyeva bu
əsərlərini ərsəyə gətirmək üçün ölkəmizin ən mötəbər mənbələri ilə yanaşı,
dəfələrlə Sankt-Peterburq, Moskva, Tbilisi arxivlərində, muzeylərində,
kitabxanalarında aylarla axtarışlar aparıb, saralmış-solmuş, toz basmış
sənədləri dəfələrlə oxuyub, tərcümə edib, ən kiçik fakta da alim qayğısı ilə
yanaşıb, onu saf-çürük edib, yoxlayıb. Oxucusunda geniş təəssürat yaratmaq
üçün arxiv sənədləri, qəzet, jurnal
materiallarından yerli-yerində istifadə etmiş, öz mülahizə və mühakimələrini
əsaslandırmaq, mövcud tədqiqatlara münasibətini bildirmək üçün tutarlı,
sanballı sitatlardan faydalanmışdır. Bu hal onun fədakar və cəfakeşliyindən
irəli gəlir. Ona görə də bu əsərlər məni heç də təəccübləndirmədi, əksinə,
sevindim və bir daha onun parlaq istedadının, tükənməz zəhmətinin şahidi oldum.
Uzun illərin, gərgin zəhmətin bəhrəsindən xəbər verən bu əsərlər sahə
tədqiqatçıları üçün gözəl nümunə, yaxşı örnəkdir. Bir sözlə, Lalə xanım
çoxlarının görmədiyi, yaxud görmək istəmədiyi problemi cəsarətlə ortaya qoyub,
aktual və ciddi məsələlərə müdaxilə edib, əsl alim qayğısı ilə sanballı əsər yazıb.
Odur ki, Lalə xanımın ünvanına nə qədər xoş sözlər söylənsə də, ehtiyatlanmağa
dəyməz. Çünki, o, həm bir insan, həm də bir alim kimi bunlara layiqdir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist