• cümə, 19 Aprel, 14:38
  • Baku Bakı 25°C

Rus xalq mahnılarının əvəzsiz ifaçısı

28.04.20 10:00 1139
Rus xalq mahnılarının əvəzsiz ifaçısı
Və ya həmişə özü olmağı bacaran Nadejda Babkina
Rusiyanın Xalq artisti, professor Nadejda Babkinanın koronovirusa yoluxması xəbəri ölkə mətbuatının gündəmindən düşmür. Amma həkimlər müğənninin virusa yoluxmasını inkar edərək, ona ağır pnevmaniya (ikitərəfli sətəlcəm) diaqnozu qoyulduğunu bildirirlər. Koma vəziyyətində olan 70 yaşlı müğənni hazırda reanimasiyada ciddi nəzarət altındadır. Həkimlər "Babkinada qorxulu heç nə yoxdur, sağalması üçün bütün lazımı prosedurlar həyata keçirilir” deyirlər.
"Nadejdanın vəziyyəti ciddidir, amma həkimlərin dediyinə görə, stabildir. Ona süni ciyər aparatı qoşulub. Ümid edək ki, hər şey yaxşı olacaq” deyə oğlu Daniil mətbuata açıqlayıb.
Əgər tamaşaçının gözündə heyrət varsa…
Nadejda Babkina rus xalq mahnılarına məhdud mütəxəssis dairəsinin stereotip münasibətini dəyişən müğənnidir. Onun bədii rəhbəri olduğu məşhur "Russkaya pesnya” ansamblının səhnədə yaratdığı gözəlliklərə klip çəkməyə ehtiyac olmayıb. "Əgər tamaşaçının gözündə heyrət varsa, demək, məqsədə çatmışıq” deyə müğənni hər zaman bildirir.
Nadejda Babkina 1950-ci ildə Volqa çayı sahillərində, Həştərxan vilayətinin kiçik Bolxun kəndində doğulub. Atası Georgi İvanoviç ağ qvardiyada xidmət edən kazaklardan idi. Anası Tamara Aleksandrovna isə inqilabaqədərki illərdə şəxsi manifakturaya malik olan varlı ailəsindən idi. Evlərində tez-tez qonaqlar yığışır, şən maskaradlar təşkil edir, qarmonun sədası altında şən mahnılar oxuyurdular. Volqa sahillərinin gözəl mənzərəsi, kəndlərinin yaşıl meşəsi, insanlarının səmimiyyəti qızın yaddaşına elə yazılmışdı ki, Babkina sonralar da oraları məhəbbətlə xatırlayırdı.
Nadeşda uşaqlıqda nadinc idi, gecələr o qədər qışqırardı ki, anası "deyəsən səsini itiləyir” deyərək şikayətlənərdi. 12 yaşı olanda dostları ilə birlikdə atasının motosikletini qaçırtmışdı. Buna görə bir ay ev dustağı oldu. Müğənnilik arzusu isə nə qədər qəribə də olsa, qızcığazda 4 yaşı olanda yaranmağa başladı. Baxmayaraq ki, valideynləri qəti olaraq bu peşəyə qarşı idilər, ancaq qız inadından dönmədi. Ata-anası onu həkim, mühəndis və ya müəllim kimi görmək istəyirdi. Nadejdanın oxuduğu kənd məktəbində müxtəlif millətlərin – rus, belarus, çeçen, inquş, kazakların uşaqları oxuyurdu.
Artıq 1-ci sinifdə oxuyanda Nadejda bütün zalı müəllim və şagirdlərlə doldurub xalq mahnıları ifa edir və hamını heyrətləndirməyi bacarırdı. Anası qızı ilə qürur duysa da, onu musiqi məktəbinə yazdırmağa tələsmirdi. Qardaşı Valerinin isə bəxti gətirdi. Onu 5 yaşı olanda musiqi məktəbinə yazdırdılar. Tezliklə evdə pianino və gitara görünəndə Valeri bacısını alətlərdə müşaiyət edən ilk musiqiçi oldu. Məktəbdə isə Babkina bədii dərnəyə yazıldı. Ancaq musiqi təhsilini harda alacağını bilmirdi. "Mən özümü hansısa dodaqları boyanmış, hündürdaban tuflidə, qəşəng ipək paltar geyinmiş artist kimi təsəvvür edirdim” deyə müğənni sonralar xatırlayırdı.
Bəxti onda gətirdi ki, 8-ci sinifdə oxuyanda məktəbin uşaqlarını, musiqi istedadını yoxlamaq üçün Həştərxana apardılar. Nadejda da onların arasında idi. Gənc müğənni, ürəyi şiddətlə döyünərək vokal müəlliminin cavabını gözləyirdi. Müəllim qıza məsləhət gördü ki, iki il də gözləyib səsini möhkəmləndirsin. Bundan sonra o qızı yenidən dinləməyə razı oldu.
İki il göz qırpımında keçdi. Valideynləri yenə də qızın seçimi ilə barışmaq istəmir, sənədlərini tibb məktəbinə verməsini təkid edirdilər. Nadejda tibb məktəbində cəmi bir smestr oxudu. Bundan sonra isə drijor işləyən qohumunun evinə yollandı və ondan musiqi məktəbinə daxil olmasına kömək etməyi xahiş etdi. 1967-ci ildə Babkina artıq musiqi məktəbinin birinci kurs tələbəsi idı.
Tələbəlik illərində bəstəkar Anatoli Qladçenko ilə tanışlığı həyatında mühüm mərhələ oldu. Onlar xalaq mahnılarını yenidən işləməklə geniş bir repertuar yaratmağa nail oldular. Həmin mahnılar artıq Nadejdanın ifasında səslənməyə başladı. Əlbəttə, populyarlıq birdən qazanılmadı. Ona qədər Lyudmila Zıkina, Olqa Voroneç, Yekaterina Şavrina, Aleksandr Stralçenko xalq mahnılarına öz parlaq ifalarını gətirmişdilər. İndi isə xalq mahnı mədəniyyətinin yeni tərzini dinləyicilərə təqdim etmək lazım idi.
Nadejda müntəzəm olaraq musiqi festivallarında iştirak edirdi. Hələ 10-cu sinifdə oxuyanda xalq mahnıları janrında gənclər arasında Ümumrusiya müsabiqəsinin qalibi olmuşdu. Daha sonra yaradıcılıq bioqrafiyası yerli kinoprokat idarəsində davam etdi. O, kino seanslarından əvvəl musiqi kompozisiyalarını səsləndirirdi. Tezliklə adamlar kinoya baxmaqdan daha çox onun mahnılarını dinləməyə gəlirdilər.
Nadejda 1985-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitunun estrada rejissorluğu və kütləvi tamaşalar fakültəsinə daxil oldu. "Russkaya pesnya” vokal ansamblı ilə əlaqələri də bu institut vasitəsilə yarandı. Ansambl Nadejdaya müğənni kimi olmazın şöhrət bəxş elədi. Gənc qız yeni yaranmış kollektivin ilk tərkibinə bədii təhbər kimi daxil oldu və qastrol səfərlərinə başladı. Ansamblda 6 qız vardı, sonra kollektivə üç kişi də qatıldı. Zavod və fabriklərdə, kolxoz və savxozların əməkçi insanları qarşısında verilən konsertlər böyük anşlaqla keçirdi. 1976-cı ildə Soçidə sovet mahnılarının Ümumrusiya müsabiqəsində qalibiyyət isə kollektivin pərəstişkarlarının çoxalmasına səbəb oldu. Artıq xalq mahnılarına yeni yanaşma üzdə idi. Ansambl ümumilikdə 100-dən artıq xalq mahnısını yenidən işləyib təqdim etdi. Kollektivin ölkə boyunca və xaricdə tematik konsert proqramları, tamaşaları əsl şlyagerə çevrildi.
Babkina 1991-ci ildə Vitebskdə müğənni-solist kimi "Slavyan bazarı”nda uğurla debüt elədi. Bundan sonra isə müğənninin solo konsertləri başladı. Babkinanın repertuarındakı romanslar, xalq mahnıları, kazak nəğmələri və müasir bəstəkarların mahnıları dinləyiciləri ovsunlayırdı.
Rusiyanın Xalq artisti, sonradan Çeçen, Kareliya və İnquşetiya respublikalarının da Xalq artisti adına layiq görüldü.
Xoşbəxt görünən qadın
Nadejda indi də gözəlliyini itirməyən qadındır. O, təkcə məşhurluğuna görə deyil, həm də qadın gözəlliyinə görə heç zaman kişilərin diqqətindən kənarda olmayıb. Daim onun İosif Kobzon, Lev Leşenko, Vladimir Vinokur və b. məşhur insanlarla macəralarının olmasından yazıblar. Ancaq Babkina bütün ömrü boyu bircə dəfə rəsmi nikahda olub. 24 yaşında baraban ifaçısı Vladimir Zasedatellə ailə qurub. Tanışlıqlarının isə maraqlı tarixçəsi var. Onlar aeroportda tanış olublar. Nadejda gənc ifaçının nəzakətli davranışını, Vladimir isə qızın səmimiliyini və sadəlyini dəyərləndirdi. Təsadüfi tanışlıq yarım ildən sonra toyla və oğulları Daniilin dünyaya gəlməsi ilə nəticələndi. Ancaq Nadejdanın aylarla qastrollarda olması Vladimiri o qədər də qane etmirdi. Onda Babkina ümid elədi ki, uşaqların doğulması ailəni xilas edə bilər. Beləcə, nikahları 17 il sürdü, amma ailəni xoşbəxt adlandırmaq çətin idi. Vladimir musiqiçi olsa da, həyat yoldaşının məşhurluğunu qısqanır və gizlində macəra yaşayırdı. Nadejda bundan xəbər tutanda Vladimiri bağışlamadı, sakitcə çemodanını yığıb oğlunu götürdü və ərini həmişəlik tərk etdi.
Babkina ailə uğursuzluğunu unutmaq üçün başını daha çox işlə qatırdı. Ancaq sevgi yenə də onun bir addımlığında idi. 2003-cü ildə, mahnı müsabiqəsində müğənni Yevgeni Qorla tanışlığı yeni bir macəra yaşamasına səbəb oldu. Yevgeni Nadejdadan 30 il cavan idi. Onların macərası publikanı şoka saldı. Üstəlik, Yevgeni alfons, öz maraqlarını güdən adam kimi tanınırdı. Həqiqətən də o, Nadejdaya ehtirasdan başqa heç nə verə bilmədi. Nə Qor, nə də Nadejda münasibətlərini rəsmiləşdirmək haqqında düşündü. Ancaq cütlük münasibətlərini mətbuatdan gizlətmir, haqlarında gəzən şaiyələrə əhəmiyyət vermirdilər. Yevgeni pasportda nikah möhürünü formal hesab etdiyini deyirdi. Müğənni isə artıq çoxdan qeyri-adi hərəkətləri ilə pərəstişkarlarını heyrətləndirməyə adət etmişdi. Nadejda etiraf edirdi ki, bu, onun üçün ilk baxışdan məhəbbətdir. Biləndə ki, yeni sevgili ondan xeyli cavandır, onun haqqında düşünməkdən vaz keçmək istəyib, ancaq hansısa bir hiss onu Yevgeniyə tərəf çəkib. Nəticədə bütün publikanın diqqəti 55 yaşlı Babkina ilə 25 yaşlı Yevgeninin romantik münasibətlərinə yönəlib. Hətta ilk illər Babkina özünü xoşbəxt qadın hesab edirdi.
Müğənni iş adamı Anton Sobyaninin şirkətində görünəndə yenə də haqqında yeni şaiyələr dalğası yarandı. Ancaq verilişlərin birində müğənni efirə çıxaraq belə dedi: "Yaradıcılıqdan başqa məni Antonla heç nə bağlamır. Mən onu, sadəcə, ansambla kömək etməyə dəvət etmişəm”.
"Mən başa düşdüm ki, qadın üçün xoşbəxt görünmək xoşbəxt olmaqdan daha asandır”- deyə Babkina müsahibələrinin birində söyləyib.
Amma haqqında danışılan söz-söhbətlər və şaiyələr nə müğənninin sənətinə, nə də şəxsiyyətinə kölgə saldı. O milyonlar üçün həmişəki kimi sevimli müğənni və ictimai xadimdir…
Hanı onun gözəlliyi?
70 yaşlı Nadejda Babkina fəal ictimai xadimdir. "Vahid Rusiya” partiyasının üzvü, Moskva şəhər Dumasının deputatıdır. Demək olar ki, bütün dövlət təltiflərinə layiq görülüb. Gərgin qrafikinə baxmayaraq, o, həm "nənə” funksiyasını yerinə yetirir, həm də televiziya proqramlarında pərəstişkarları ilə görüşməkdən zövq alır.
Müğənni, makiyajsız fotolarını sosial şəbəkələrdə tez-tez yayıb "Babkinadan təkcə soyadı qalıb. Hanı onun gözəlliyi?” deyərək irad bildirənlərə də soyuqqanlıqla yanaşır. Hərçənd, bir neçə dəfə estetik əməliyyatlardan da istifadə edib. Fiqurasını qoruyub saxlasa da, pərəstişkarları qarşısına heç vaxt çimərlik paltarında çıxmayıb: "Bəlkə bunda mənim sənətimin, oxuduğum mahnılarda "xalq” sözünün olması rol oynayıb. Daha çox xalq adət-ənənəsinə hörmətlə yanaşmağa çalışmışam” - deyə bildirib. Müğənni deyir: ”Güzgüdə özümə baxıram - çox dəyişmişəm. 20 il bundan əvvəl başqa idim, ancaq özüm idim. İndi dəyişmişəm – yenə də özüməm. Zahiri görkəmimə diqqət çəkməkdənsə, vacib dəyişiklikləri həyatımda, yaradıcılığımda etməyə üstünlük vermişəm. Axı mən sənətimlə xalqa xidmət etmişəm”.
İndi isə müğənninin milyonlarla pərəstişkarı onun səhhəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. Xalq "ansamblla bağlı çoxlu planlarımız var” deyən sevimli ifaçılarının tezliklə ictimai həyata qayıtmasını arzulayır.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər