Rumıniyanın Azərbaycandakı səfiri ADU-da olub - Fotolar
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan
Abdullayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan
İanku ilə görüşüb.
Qonağı salamlayan
professor Ə. Abdullayev onu universitetdə görməkdən məmnunluğunu bildirib.
Universitet haqqında danışan professor bu il ADU-nun 80 illiyinin qeyd
olunacağını sözlərinə əlavə edib. O, ADU-nun tarixi, beynəlxalq əlaqələri, tədris
prosesi haqqında qonağa məlumat verib. ADU-nun nüfuzlu ali təhsil ocaqlarından
biri olduğunu deyən Ə.Abdullayev burada müxtəlif dillərin tədris olunduğunu,
dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini də sözlərinə əlavə edib.
ADU-nun beynəlxalq əlaqələrindən
danışan professor Ə.Abdullayev universitetin bir çox ölkənin nüfuzli ali təhsil
ocaqları ilə əməkdaşlıq etdiyini bildirib. O, Rumıniya universitetləri ilə də əməkdaşlığın
universitet üçün əhəmiyyətli olacağını qeyd edib.
ADU-da keçirilən tədbirlər
haqqında məlumat verən Ə.Abdullayev hər ayın son həftəsində universitetdə
"Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbirin keçirildiyini bildirib. O, məhz
həmin gün tələbə və müəllimlərin universitetdə milli geyimdə gəldiklərini söyləyib.
Səmimi qəbula görə təşəkkür
edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ADU-da olmaqdan məmnunluğunu dilə gətirib.
Səfir ölkəmizdəki diplomatik fəaliyyətinə keçən il başladığını bildirib. O, Azərbaycanda
diplomatik fəaliyyətə başladığı gündən dövlətlərimiz arasında ikitərəfli əlaqələri
inkişaf etdirmək haqqında düşündüyünü vurğulayıb. Səfir iki ölkə arasında təhsil
sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacib məsələlərdən biri
olduğunu qeyd edib. O, ADU tələbələrinin
Rumıniya dilini və mədəniyyətini öyrənməyə
maraq göstərəcəklərinə əminliyini ifadə edib. Səfir ADU-da keçirilən
"Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbiri yüksək qiymətləndirib və belə bir təşəbbüsü birgə əməkdaşlıq nəticəsində də həyata
keçirməyin maraqla qarşılanacağını bildirib.
Görüşdə gələcək əməkdaşlıq
perspektivləri, birgə layihələrin təşkil olunması, universitetlərarası əlaqələrin
qurulması haqqında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaq
ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olub.
Qeyd edək ki, görüşdə səfirin
diplomatik müşaviri Mihaela İanku da iştirak edib.