AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rumıniyada yazılan tarixin iştirakçısı - Portret

Rumıniyada yazılan tarixin iştirakçısı - Portret

Gənclik qəzeti
22 May 2020, 13:00 727
 
 Və ya legioner həyatı yaşayan ilk stolüstü tennisçimiz
 
"Portret" rubrikası olaraq artıq yeddinci ildir ki, görüşünüzə gəlirik. Obrazlı desək, yolu bizdən keçmiş idmançıların sayı 200-dən çoxdur. Ötən, heç də az olmayan müddət ərzində fərqli növləri əhatə etdik, ölkə idmanının qaymaqlarını; olimpiya, dünya çempionları və mükafatçılarını, habelə, yeniyetmə və gənclər arasında müxtəlif miqyaslı nəticələr qazanmış idmançıları sizlərə yaxından təqdim edərək, həyat və karyeraları ilə bağlı maraqlı məqamları diqqətinizə çatdırmağa çalışdıq. Arxivə nəzər saldıqda görürük ki, futboldan tutmuş, milli idman növümüz olan zorxanayadək 30-dan çox idman növünə müraciət etmişik. Ölkəmizdə daha çox hobbi kimi populyar olan, peşəkar səviyyədə qeyri-ənənəvi növlər sırasına aid edilən stolüstü tennislə bağlı yazı isə bu günə qismət imiş.

Tarixə baxış

Stolüstü tennis - yaranma tarixi 1880-ci il göstərilir. Baniləri ingilislərdir. Növ üzrə dünya çempionatları 1926-cı ildən təşkil olunmağa başlasa da, Yay Olimpiya Oyunlarının proqramına çox gec - 1988-ci ildə daxil edilib. İlk oyunlardan indiyədək reqlament dəyişməyib. Belə ki, kişi və qadınlar arasında, fərdi və komanda yarışları olmaqla 4 dəst medal uğrunda mübarizə gedir.

Azərbaycanda stolüstü tennisə maraq hələ ötən əsrin 40-cı illərindən yaranıb. Böyük Vətən müharibəsindən sonra bir çox müəssisə və təşkilatlarda, zavod-fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə populyarlaşmağa başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakıda stolüstü tennis bölməsi yaradılır və sonradan bu qurumun əsasında respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Azərbaycan Stolüstü Tennis Federasiyası hazırda 222 milli assosiasiyanı özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 milli federasiyanın daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) üzvüdür.

Bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı prioritet istiqamətlərdən biri kimi qəbul edilən, az qala hər bölgəsində olimpiya-idman kompleksləri fəaliyyət göstərən ölkəmizdə son illər stolüstü tennis üzrə də müəyyən irəliləyişlərə nail olunub. Azərbaycanın müxtəlif regionlarında şəhər və zona birinciliklərinin keçirilməsi, beynəlxalq yarışlarda təmsil olunmağımız ənənəvi hal alıb. Gənc qızlardan ibarət yığmamızın 2018-ci ildə Rumıniyanın Kluj-Napoka şəhərində qazandığı Avropa çempionluğu, aparılan işlərin hədər olmadığına yaxşı nümunədir. Elə bu tarixi uğuru əsas götürərək, qaliblərimizdən birini sizə tanıdacağıq. Söhbət Azərbaycanın ən perspektivli stolüstü tennisçilərindən olan Nəzakət Qarayevadan gedir.
 


Məktəbdən yığmaya: İki illik yol

2001-ci ilin 23 noyabrında Bakıda doğulan Qarayeva Nəzakət Qara qızı, idmanla çox erkən, 7 yaşında tanış olub. İlk addımlarını isə oxuduğu məktəbin idman zalında atıb. Belə ki, o vaxtlar 258 saylı məktəbdə stolüstü tennis məşqləri yeni açılmışdı. Uşaqları cəlb etmək məqsədi ilə broşürlər paylanılır, müxtəlif təbliğat tədbirləri aparılırdı. Ailəsində, yaxın qohumları arasında idman təcrübəsi keçmiş çox sayda adam olan Nəzakət, ilk təəssüratdanca qərarını verir: "Davam edəcəyəm!"

O vaxt onunla birgə onlarla uşaq məşqlərə cəlb olunsa da, aralarında ən bacarıqlı Nəzakət idi. Hamıdan daha istəkli, çalışqan olması, tezliklə sözünü deyir. Davamlı olaraq Bakı birinciliklərinə, digər turnirlərə çıxır, hər dəfə də ümidləri doğruldurdu. İki ildən sonra isə o, artıq adi idmançı yox, yığmanın üzvü idi. Doqquz yaşlı qızcığaz xaricdə təşkil olunan təlim-məşqlərə aparılır, beynəlxalq yarışlarda iştirak edirdi. Dünyanı gəzmək, fərqli mədəniyyətlərlə tanış olmaq isə hər uşağın bəxtinə düşmür. Odur ki, hər keçən gün üzərində daha çox məsuliyyət hiss edən Nəzakət, ona bəslənən ümidlərin əbəs olmadığını sübut etməli idi. Belə də olur.
 


Azərbaycan tarixində bir ilk!

Nəzakət Qarayeva yaş qrupları üzrə 6 dəfə ölkə çempionudur. Böyüklər arasında Azərbaycan çempionatlarında üst-üstə 4 mükafatı var. 2018-ci ildə yalnız finalda uduzubsa, cari ildə bürünc medal qazanıb. 2017 və 2019-cu illərdə isə ölkənin bir nömrəsi adına yiyələnib. 2014-cü ildə Türkiyə və Türkmənistanda keçirilən turnirlərdən vətənə "bürünc"lə dönən Nəzakət, 2015-ci ildə İranda təşkil olunan yarışın da üçüncülük mükafatını Azərbaycana gətirib. Növbəti ildə Rusiyada nəticəsini bir qədər də yaxşılaşdıraraq, yalnız finalda öz həmyaşıdına uduzub. 2017-ci ildə komandamızla Portuqaliyada baş tutan Avropa birinciliyinin bürünc medalına layiq görülən Qarayeva, yuxarıda vurğuladığımız kimi, sonrakı il təşkil olunan gənclər arasında Avropa çempionatının qızıl medalçısıdır. 39 ölkənin komandasının iştirakı ilə baş tutan AÇ ərzində Nəzakət, 4 görüşdə komandamızın heyətində yer alaraq, iki qələbə ilə yadda qalıb. Xüsusi vurğulayaq ki, güclü Rusiya yığması üzərində qələbə ilə qazanılan komandalararası Avropa çempionluğu Azərbaycan stolüstü tennis idmanı adına tarixdə ilk hadisə idi.

İkinci ilk: Komanda superliqaya yüksəldi

Sonrakı il Nəzakət, Qazaxıstanın Çimkənd şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə özünü əla tərəfdən göstərir. Belə ki, Nəzakət Qarayeva və Məryəm İmanovadan ibarət komandamız milli qəhrəman Akpan Batırın xatirəsinə həsr olunmuş, 7 ölkədən 19 komandanın iştirak etdiyi turnirin finalınadək irəliləyir. Eyni zamanda yarışın ən yaxşı oyunçusu üçün təsis olunmuş mükafata sahib çıxan Qarayeva, nəticədə, Qazaxıstanın "Sigma" klubunun diqqətini çəkir. Onunla uzunmüddətli müqavilə bağlayan klub, ötən il birinci liqada ilk pilləni tutaraq, superliqaya yüksəlib. Bu sözləşmədə Azərbaycan adına əlamətdar olan bir məqam da var. O baxımdan ki, Nəzakət legioner həyatı yaşayan ilk həmyerlimizdir.
 


Çevikliklə zəkanın vəhdəti

Stolüstü tennis yüksək çevikliklə zəkanın vəhdətidir. 40+ mm diametrdə olan top saatda 120-150 km sürət yığmaq gücündədir. Sahə kiçik təəssürat yaratsa da, oyun zamanı oyunçular kilometrlə qaça bilərlər. Sürət bəzən o həddə çatır ki, 1 dəqiqə ərzində tərəflər 150-dək zərbə endirə bilirlər. Odur ki, burada maksimum tez, bir o qədər də dəqiq qərar qəbul etmək ən önəmlidir. Qısa vaxt ərzində ölkənin önəmli stolüstü tennis simasına çevrilmiş Nəzakət, sadalananlardan xali deyil. Yığmamızın böyük məşqçisi Fərhad İsmayılov da bizimlə söhbətdə təsdiq edir ki, qızımızın sürət və idman zəkası arzulanan səviyyədədir.

Bu arada, Qarayeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsidir.
Yaradıcısı avropalılar olsa da, növün favoriti Asiya idmançılarıdır. Daha konkretləşdirsək, Çin təmsilçiləri stolüstü tennisdə aşkar hegemondurlar. Onlar bu günədək olimpiadalarda oynanılan 32 dəst medalın 53 ədədinə sahibləniblərsə, sadəcə, 4 dəfə baş mükafatdan uzaq düşüblər. "Pekin 2008"dən bu yana isə rəqiblərinə bircə "qızıl" da güzəştə getməyiblər. Dünyanın bir çox idman ölkələrində stolüstü tennisə əsaslı diqqət göstərilməsinə baxmayaraq, onlarla mübarizə aparmaq çox, olduqca müşkül məsələdir, göründüyü kimi. Əksər ölkələrin komandalarının tərkibinə nəzər saldıqda, çinli idmançıların milliləşdirildiyini görmək olar. O cümlədən, bizim yığmalarda bir neçə Çin əsilli stolüstü tennisçi yer alır. İllərdir onların təcrübə və bacarıqlarından yararlanan Nəzakətin kumirinin də Çin tennisçisi olmasından təbii heç nə yoxdur. Söhbət olimpiya və üçqat dünya çempionu Dinq Ninqdən gedir.
 


"... söhbət belə, gedə bilməz"

Gəncliyində sambo ilə məşğul olaraq, müəyyən nailiyyətlər qazanan ata, "Qızımla fəxr edirəm" deyir: "Onun yanında idmanı bitirmək haqqında söhbət belə, gedə bilməz. Pillə-pillə inkişaf edir, ruhlanır, biz də ona baxıb qürurlanırıq. Onunla nəinki mən və ailəmiz, bütün nəsil fəxr edir".

Portret

Nəzakət çox gənc, həyatsevər, gülərüz qızdır. Gələcəklə bağlı çoxlu istəkləri var. Nikbindir. Fikirləşir ki, idmanla bağlı xəyallarının hamısını olmasa da, bir qismini həyata keçirə biləcək.

Arzular çox, tükənməz, idman karyerası qısadır. Stolüstü tennisdə isə bizdən qat-qat iddialı ölkələrin sayı bir deyil, beş deyil. Odur ki, yalnız gərgin zəhmətə qatlaşaraq, müəyyən pilləyə gəlmək olar. Bura qədər hər şey əladır. Sonrasını da zamana buraxaq.

Sahib