• cümə, 29 Mart, 10:41
  • Baku Bakı 5°C

Ruhunu şeytana satanların internet televiziyaları

22.08.19 18:53 12385
Ruhunu şeytana satanların internet televiziyaları
Xaricdəki anti-Azərbaycan şəbəkəsi özünü "təbliğat” metodunda dəyişiklik etməyə başlayıb. Belə ki, ölkəmizə əleyhinə olan qüvvələr ənənəvi metodlarla yanaşı, yeni texnologiyaların da tətbiqini genişləndirib. Onların himayəsi ilə özlərini "siyasi mühacir” elan edən bəzi azərbaycanlılara internet televiziyası yaradaraq öz ölkələri əleyhinə təbliğat aparmaları tapşırılıb.


Bu günlərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov özünü "Facebook” səhifəsində bununla bağlı status paylaşıb. YAP funksioneri qeyd edib ki, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi heç kimə sirr deyil. Baş nazirin müavini yazıb ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir və bunlardan biri internet televiziyalardır. Onun fikrincə, müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir, Azərbaycana qarşı geniş təbliğat şəbəkəsi yaradılır və bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. YAP sədrinin müavini Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini ölkəmizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib.


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi ki, Azərbaycan cəmiyyətində suyu bulandırmaq o qədər də asan deyil: "Ölkə ictimaiyyəti sağda, solda, eləcə də xarici ölkələrdə baş verənləri görür və başqalarının səhvlərindən nəticə çıxararaq ölkədəki sabitliyin qiymətini yaxşı anlayır. Dağıdıcı qüvvələr istər xaricdən, istər ölkə daxilindən Azərbaycanda ortalığı qarışdırmaq üçün illərdir çalışırlar, amma bir şeyə nail ola bilmirlər. Əlbəttə, indi yeni texnologiyalar dövrüdür və informasiya hər kəs üçün də əl çatandır. İstənilən şəxs istənilən şəraitdə bu texnologiyalardan istifadə edə bilər. Təbii ki, həvəskarlar bəlli bir müddət ərzində bu texnologiyadan istifadə edirlər və sonradan yorularaq geri çəkilirlər. Amma o kəslər ki, davamlı şəkildə bu texnologiyalardan istifadə edir, təbiidir ki, onlar başqa qüvvələr tərəfindən mütləq dəstəklənir. Söhbət anti-Azərbaycan qüvvələrin belə adamları dəstəkləməsindən gedir. İnternet televiziyalarının qurulmasına normal yanaşılmalıdır. Amma o televiziyaların, xüsusisən də Azərbaycana yönəlik fəaliyyət göstərən televiziyaların bütün davranışlarına diqqət etsək, görəcəyik ki, onlar ölkədəki heç bir pozitiv halı qeydə almırlar, göstərmirlər, danışmırlar. Yalnız neqativlər haqqında danışırlar, yaxud da özlərinin uydurduğu neqativlər haqqında fikirlər yürüdürlər. Təəssüflər olsun ki, bu neqativlər haqqında danışmaq üçün də ruhunu şeytana satmış və özünə "siyasi mühacir” deyən şəxslərdən istifadə edirlər”.


A.Həsrət vurğuladı ki, bu internet televiziyalarına Azərbaycanın daxilində oturub, özünü radikal müxalifət elan etmiş qüvvələr də dəstək verir: "Əlbəttə onlara bu qüvvələrin maliyyə dəstəyi verdiyini söyləmək bir az çətin olar. Çünki ciddi maliyyə resursları olan qüvvələr Azərbaycanın daxilində, yəni radikalların arasında çox deyil. Ümumilikdə onlar özləri ələ baxımlıdırlar və hansısa şübhəli mərkəzlərdən maliyyə alaraq öz ehtiyaclarını təmin edirlər. Amma ictimai rəydə həmin televiziyaların tanıdılması, populyarlaşdırılması üçün bu adamlar əllərindən gələni edirlər. Təəssüflər olsun ki, bir sıra hallarda bəzi insanlarımız həmin internet televiziyalarının yaydığı saxta, əsassız, anti-Azərbaycan təbliğatına az qala inanırlar. Bizim də vəzifəmiz ondan ibarətdir ki, bu televiziyaların əsl mahiyyətini üzə çıxaraq, sahiblərinin iddia etdiyi kimi, kiminsə öz gücünə fəaliyyət göstərdiyi haqqında yalanları faş edək və bu arxalarnda əsasən ermənilərə yaxın mərkəzlərin durduğunu göstərək. Təbii ki, bu mərkəzlər Azərbaycana düşmən münasibət sərgiləyirlər və ona görə də anti-Azərbaycan mövqeyində olan azərbaycanlılardan da öz məqsədləri üçün istifadə edirlər. Bunu da demokratiya, insan haqları, fikir azadlığı kimi epitetlər altında gizlədərək cəmiyyətə sırımağa çalışırlar. Ancaq Azərbaycan cəmiyyəti kifayət qədər düşünməyi və təhlil etməyi bacarır. Bizim ölkənin insanları başa düşürlər ki, daxili sabitlik pozularsa, Azərbaycanı da Suriya, İraq, Liviyadakı kimi elə bir vəziyyətə çata bilər ki, illər uzun bu sabitliyi bərpa edə bilmərik. Ona görə də həmin qüvvələrin siyasəti Azərbaycanda ayaq açıb yerimir və yeriyə də bilməyəcək”.


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, son zamanlar Azərbaycandan kənarda yaşayan, siyasətlə məşğul olan müxtəlif qruplar ölkə hakimiyyətinə və dövlətə qarşı növbəti kampaniyaya başlayıblar: "Bu kampaniyanın əsas məğzi iki istiqamətdən ibarətdir. Birincisi, özlərini "müxalif vətənpərvər” adlandıran qruplar üçün maliyyə əldə etmək niyyətidir. Onlar əslində bilirlər ki, siyasi ölüdürlər və nə qədər çox maliyyə əldə etsələr, o qədər çox həyat səviyyələrini yaxşılaşdıracaqlar. İkincisi isə, xaricdəki ayrı-ayrı qüvvələrin Azərbaycan hakimiyyətinə təsiri və dövlətə təzyiqidir. Bildiyimiz kimi, 2000-ci illərin əvvəllərindən başlayaraq dünyadakı siyasi və iqtisadi hegemonlar müstəqil siyasət yürüdən ölkələrə qarşı internet vasitəsilə kampaniyaya başladılar. Məhz sosial şəbəkələr vasitəsilə hakimiyyətləri devirməyə, xalqı onlara qarşı mübarizə aparmaq həddinə gətirib çıxardılar. Hakimiyyətləri indiyədək dəyişən Tunis, Liviya, Misir və digər ölkələrin həyat səviyyəsi, insanların sosial durumu, idarəçilik sistemi isə heç də yaxşılaşmayıb”.

Z.Məmmədov qeyd etdi ki, bu gün müxalif siyasi partiya vəsiqəsi ilə xaricə köç edən şəxslər həmin ölkələrdə tez bir zamanda yaxşı maliyyə əldə edirlər və özləri üçün internet televiziyaları yaradırlar: "Hesab edirəm ki, xalq belə məsələlərdə gözüaçıq olmalıdır və prosesləri obyektiv qiymətləndirməlidir. Özünü "siyasi mühacir” adlandıranlar, o cümlədən onları ölkə daxilində dəstəkləyən radikal müxalifət indiyə qədər Dağlıq Qarabağla bağlı sərt bəyanat veribmi? Niyə Qarabağ problemindən daha çox digər uydurma məsələlərin qabardılmasına üstünlük verirlər? Çünki onları maliyyələşdirən xaricdəki mərkəzlər buna imkan vermir”.
AZAD

banner

Oxşar Xəbərlər