• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Ruhun dirilməsi

17.06.19 12:00 1667
Ruhun dirilməsi
L.N.Tolstoyun "Dirilmə” romanı yazıçının son böyük əsəridir. Bu əsərlərdə də, digər romanlarda olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və sülh” romanında Tolstoy "xalq fikrini”, "Anna Karenina”da "ailə fikrini” əsas götürmüşdüsə, "Dirilmə”də onu cəmiyyət məsələsi düşündürür və o, öz qəhrəmanlarını məhz cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlıdır.
Əsərdə iki əsas həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır; həm təbiəti, həm də insanları Allah yaratmış və onların arasında heç bir ziddiyyət yoxdur. İnsan öz əzəli təbiətinə uyğun hərəkət etdiyi təqdirdə səhvlərə yol vermir, onun ruhu sağ və salamata olur. Elə ki, insan öz təbii mahiyyətindən deyil, ictimai dəyərlərdən və ictimai normalardan çıxış edərək hərəkət edir, onda da o, fəlakətlərə düçar olur, səhvlərə yol verir, ruhi cəhətdən ölür.
Romanın əvvəlində verilmiş təbiət təsviri, yəni, şəhərdə yazın gəlməsinin təsviri də məhz bu ideyanı açıqlayır. Yazın gəlməsilə otların göyərməsi, quşların, həşəratların canlanması, uşaqların sevinməsi təbii bir haldır və bütün canlılar, bitkilərdən tutmuş uşaqlaradək, təbii qanunlarla yaşayır və onlar üçün Allahın yaratmış olduğu dünyada baş verən hadisələr vacibdirsə, insanlar, yaşlı adamlar üçünsə onların özlərinin icad etdikləri və uydurduqları şeylər vacibdir. Burada şəhər təbiətin əksi və cəmiyyətin simvolu kimi verilir. İnsanlar şəhər deyilən bu məkanda bir yerə toplaşıb torpağı daş və qranitlə, binalarla örtmüş və sanki onun əsas missiyasını bitirmək və yerinə yetirmək qabiliyyətini əlindən almaq istəyirlər. Torpaq isə öz bitirmək iqtidarını heç vəchlə itirmir, odur ki, yaz elə şəhərdə də yaz olaraq qalır; torpaq imkanı olan yerdə – qazonlarda, açıq yerlərdə, hətta daşların arasında belə öz bitirmək missiyasını yerinə yetirir. İnsanlara, şəhər mühitinə qalan bu torpağın imkanlarını məhdudlaşdırmaq olur – onlar heç vəchlə torpağın əsas mahiyyətini, onun – canlı həyatın mənbəyi və həmişə diri olmasını məhv edə bilmirlər.
İnsan da torpaq kimidir. Onun da əsas missiyası və mahiyyəti daim həyata can atmasında, ruhi cəhətdən daim diri olmasındadır. Lakin şəhər və cəmiyyət insanı da torpaq kimi, bu dirilik və həyat mahiyyətindən məhrum etməyə çalışır, nəticədə isə sonacan bu məqsədə nail ola bilməsə də, onu, yəni insanı, təhrif edir, dəyişdirir, öz-özünə yad bir vəziyyətə salır. Romanın əsas mövzusu da məhz bundan ibarətdir: təbiətən saf, ruhən təmiz yaranmış insan cəmiyyətin təsiri altında ruhi cəhətdən ölü vəziyyətə düşür, lakin onun ruhu sonacan ölmür, dirilir və insan öz əzəli mahiyyətinə qayıdır. Bu mahiyyətin ifadəsini isə L.Tolstoy dində, Allaha etiqadda və xristianların müqəddəs kitabı olan İncildə görür.
Ruhi cəhətdən ölüb dirilən, öz təbii və ilahi mahiyyətindən uzaq düşən və böyük fəlakətlərə düçar olaraq, yenidən öz təbiiliyinə, əzəli mahiyyətinə, öz ruhi diriliyinə dayıdan qəhrəmanlardan biri Dmitrii Nexlyudov, digəri isə Katyuşa Maslovadır. Nexlyudov zadəgan ailəsinə mənsubdur, o, knyazdır; Katyuşa Maslova isə onun xalalarının himayəyə götürdükləri cavan, kimsəsiz bir qızdır. Əsas münaqişə də məhz bu iki qəhrəman arasında baş verir. Nexlyudov universitet tələbəsidir və yay tətilində kəndə, xalalarının yanına dincəlməyə gəlir və burada Katyuşa ilə tanış olur. Onlar hələ mənəvi cəhətdən saf gənclərdir və onların bir-birinə münasibəti sırf təbii, daxili tələblər əsasında qurulur. Onların hərəkətlərində və münasibətlərində qeyri-təbii və eybəcər heç nə yoxdur. Onlar bir yerdə oynayanda da, gülüşəndə də, öpüşəndə də mənəvi cəhətdən saf və gözəldirlər. Onların mənəviyyatına xələl gətirə biləcək heç bir situasiya, heç bir təmənna yoxdur.
İkinci görüş bir neçə ildən sonra baş verir. Nexlyudov artıq universiteti bitirib orduda zabit kimi xidmət edir. Kübar cəmiyyəti və əsgərlik həyatı onu bir insan kimi dəyişdirmiş və o sanki öz-özünə, öz təbii mahiyyətinə yad olmuşdur. O özündən daha çox yaşadığı cəmiyyətə və onun digər nümayəndələrinə oxşayır. Nexlyudovda özünə nisbətdə bir yadlaşma baş verir. Bu da onun mənəvi cəhətdən pozulmasına gətirib çıxarır. Lakin bu mənəvi pozğunluq mövcud cəmiyyətdə pozğunluq hesab edilmir, əksinə, normal kübar həyatı kimi dəyərləndirilir. Nexlyudovun mənəvi saflığı hətta onun anasının belə xoşuna gəlmirdi. Lakin eşidəndə ki, onun oğlu hansısa zabitin əlindən fransız qadınını alıb, o, buna sevinir. Nexlyudovun digər cavanlar kimi şampan içməsini, qumar oynamasını, qadınlarla gəzməsini ana cavan oğlu üçün normal həyat hesab edir. Kübar cəmiyyətində pozulmuş Nexlyudov ikinci dəfə kəndə gəlir və Katyuşa ilə görüşür. Bu dəfə onun bu qıza münasibəti başqa cür olur, o artıq öz təbii istəklərindən deyil, cəmiyyətdə qəbul olunmuş normalardan çıxış edərək hərəkət edir. Odur ki, Katyuşanın namusuna toxunur, onunla ehtiraslı bir heyvan kimi təftar edir, sonra isə ona pul verib çıxıb gedir. Maraqlıdır ki, bütün bu çirkin və alçaq hərəkətlər yazın əvvəlində, Pasxa bayramında, yəni provoslav xristianları üçün ən müqəddəs günlərdən birində baş verir. Nexlyudovun hərəkəti nə təbiətdə baş verən hadisələrə, nə də dində və mənəviyyatda göstərilən tələblərə uyğun gəlir.

Nexlyudov şəhərə yola düşür və yolda Katyuşanı və özünün bəd əməlini yada salaraq iztirab keçirir. Sonra da düşünür, burada nə var ki, hamı belə edir, düşünür ki, o başqa cür hərəkət etsəydi və imkanı əldən versəydi, onun yoldaşları ona güləcəkdilər. Bu cür düşüncələr və arqumentlər onun vicdanını sakitləşdirir və o, tezliklə Katyuşanı unudur. Unutmaq o deməkdir ki, onun ruhu sanki yuxuya gedir, sanki ölür. Günah işlədib, sonra da öz günahını unudan, bütün bunlara görə mənəvi iztirablara düçar olmayan insanın ruhu biri saxlaya bilməz. Bu gündən etibarən Nexlyudov fiziki cəhətdən sağlam, diri, lakin ruhən ölü bir məxluq kimi yaşayacaqdır. O yeyib-içəcək, kef çəkəcək, əylənəcək, evlənmək, ailə qurmaq arzusunda olacaq, bir sözlə, sözün bəsit mənasında yaşayacaq, lakin sözün əsl mənasında, onun ruhu ölü olaraq qalacaqdır.
İllər ötür, Nexlyudovun həyatı öz adi axarında davam edərək, günlərin bir günü sanki ildırım çaxır, göy gurlayır və o, qəflət yuxusundan ayılır, onun yatmış ruhu oyanır. Bu hadisə məhkəmə zalında baş verir. Nexlyudov burada prisyajnı iclasçı kimi, yəni günahkarları mühakimə edənlərdən biri kimi iştirak edir. Mühakimə olunan isə Katyuşa Maslovadır. O hansısa bir Sibir tacirini öldürməkdə və onu qarət etməkdə ittiham edilir. Birdən Nexlyudov Katyuşanı tanıyır və bu onun ruhunda bir zəlzələ, bir vəlvələ yaradır, sanki onun yatmış ruhu qəfildən oyanır. Oyanır və bir də heç vaxt bu ruh qəflət yuxusuna gedə bilməyəcək. Nexlyudov heç bir dəlillərlə öz vicdanını sakitləşdirə bilməyəcək və bu hal onu xilas etmək qarşısında əbədi mənəvi işgəncələrə düçar edəcəkdir. Bu işgəncələr və öz ruhunu xilas etmək istəyi qarşısında Nexlyudovun bütün arzu və istəkləri bəsit və mənasız görünəcəkdir. O bundan sonra yalnız bir şey haqqında düşünəcəkdir: özünü, öz ruhunu xilas etmək. Odur ki, Nexlyudov var-dövlətdən də, malikanədən də, öz nişanlısından da imtina edərək Katyuşa Maslovanın dalınca Sibirə yola düşəcəkdir. Onun nicatı Katyuşanın onu bağışlamasıdır. O, buna nail ola biləcəkmi?
Beləliklə, Nexlyudovun ruhunun ölümü onun günah işlədərək bu günahı unutmasından başlanır. Bu ruhun dirilməsi isə qəhrəmanın öz günahını dərk edərək mənəvi işgəncələrə düçar olmasından başlanır. Nexlyudovun timsalında ruhun ölümü və onun dirilməsi bu cür baş verir. Lakin dirilmə prosesi təkcə Nexlyudovun timsalında ruhun ölümü və onun dirilməsi bu cür baş verir. Lakin dirilmə prosesi təkcə Nexlyudovun ruhuna aid olmayıb, Katyuşa Maslovaya da aiddir. Onun da ruhu əvvəlcə ölümə məhkum olur, sonra isə keşməkeşlərdən keçərək dirilir. Bu proses necə baş verir?
Nexlyudov Katyuşanı atıb gedəndən sonra o, bir müddət öz ümidini itirmir və onun nə vaxtsa qayıdacağına inanır. Vaxt keçir, Nexlyudov isə qayıtmırdı. Katyuşa Maslova artıq hamilə idi və bunu xanımlardan gizli saxlayırdı. Bir gün o eşidir ki, Nexlyudovun qulluq etdiyi alay qatarla yaxınlıqdakı dəmiryol stansiyasından keçəcəkdir. Katyuşa axşamın qaranlığında bir kəndli oğlan uşağını da yanına alıb stansiyaya gəlir. Nəhayət, qatar stansiyaya gəlib çatır. Katyuşa Nexlyudovu işıqlı bir vaqonda öz yoldaşları ilə deyib-gülən vəziyyətdə görür. O, Katyuşanın bu yaxınlarda yaşadığını heç yadına da salmır. Katyuşa başa düşür ki, o, öz sevdiyi qızı tamamilə unutmuşdur və bir də onun yanına qayıtmayacaqdır. Qatar yola düşür və Katyuşa qəti qərar qəbul edir; o özünü növbəti qatarın altına atmaq istəyən gənc qadın. Bu situasiya necə də "Anna Karenina” romanında təsvir olunan intihar səhnəsini xatırladır. Lakin bu dəfə hadisələr bir qədər başqa cür inkişaf edir. Katyuşa artıq özünü yaxınlaşmaqda olan qatarın altına atmağa hazırlaşırdı ki, birdən öz daxilində, lap ürəyinin altında nəyinsə və kiminsə xəfifcə tərpəndiyini hiss etdi. Bu onun bətnindəki körpə idi. O yaşayacaq, gələcək körpəsinin naminə işgəncələrə və təhqirlərə, qınaqlara və ittihamlara dözərək yaşayacaq, çünki həyat hər bir mənəvi-etik və digər normalardan güclüdür. Katyuşa da yaşayacaq.
Xanımlar Katyuşanın hamilə olduğunu bilən kimi onu evdən qovurlar. O gündən də onun əzablı günləri başlanır. Ağır zəhmətə alışmamış bu cavan qadın hər bir əziyyətə qatlaşaraq yaşamaq və öz körpəsini yaşatmaq istəyir. Lakin o tez bir zamanda uşağını itirir, dünyada, yad adamların arasında tamamilə tənha qalır. O, yenə də dözür, öz insanlıq və qadınlıq mənliyini qoruyub saxlamaq istəyir. Lakin ona ən ağır gələn hal ondan ibarət idi ki, heç kəs ona zavalı və kimsəsiz bir insan kimi baxmır. Bütün kişilər ona yalnız ərsiz bir qadın kimi baxır və onunla əylənmək istəyir. Bu vəziyyət Katyuşanı hər şeydən çox incidir. Lakin o yavaş-yavaş bu münasibətə alışır və cəmiyyətin istədiyi bir qadına çevrilir. Sevmək, ailə qurmaq, ana olmaq arzusu ilə yaşayan Katyuşa fahişəliklə kifayətlənməli olur. Bu, qadınlıq adına vurulan ən böyük ləkədir ki, onun da günahkarı cəmiyyətdir. Bu cür həyat Katyuşanı cinayətə sövq edir, o istəmədən və bilmədən qətl törədir. Bu qətlə görə də onu həbs edərək mühakimə edirlər və məhkəmədə Nexlyudov onu görür və tanıyır.
Katyuşa Maslovanın ruhi ölümü onun nifrətindən başlanır. O bütün kişilərə və bütün insanlara nifrət edir, o cümlədən də Nexlyudova. Tolstoyun fikrincə, insan nifrətlə yaşaya və hamıya nifrətdə öz ruhunun diri qalmasını qoruyub saxlaya bilməz. İnsanın ruhu yalnız onun insanlara və Allaha məhəbbətində yaşayır. Nifrət etməyə məhkum olan ruh isə diri sayıla bilməz.
Katyuşanın məhkəmədən sonrakı həyatı isə onun ruhunun dirilməsi yoludur. Hər şeydən əvvəl Nexlyudovun ondan bir üzr istəməsi və əfv diləməsi və nəhayət, onunla evlənmək istədiyini bildirməsi Katyuşanın həyatında yeni mərhələnin başlanması deməkdir. Doğrudur, o, hər vəchlə Nexlyudovun umacaqlarına rədd cavabı verir və ona deyir: "Mən katorqa dustağı, sən knyaz, bura sənin yerin deyil… Mənim vasitəmlə özünü xilas etmək istəyirsən? Sənin özündən də zəhləm gedir, gözlüyündən də, bütün o piylənmiş murdar sir-sifətindən də”. Budur Katyuşanın qəlbində insanlara qarşı tüğyan edən o böyük nifrətin ifadəsi. Onun qəlbindən insanlara və Nexlyudova qarşı nə mərhəmət, nə məhəbbət deyilən bir duyğu qalmamışdır. Bu cür ruh öldürülür.
Lakin illər ötəcək. Sibirdə, katorqada Katyuşa sevəcək. O, siyasi dustaq Simonsonu sevəcək. Ona görə yox ki, o yoxsulların yolunda vuruşur və özünü böyük məhrumiyyətlərə düçar edir, onun aqibətini yüngülləşdirmək istəyir. Nexyudov isə indiki Katyuşanı deyil, əvvəlki Katyuşanı, gənclik illərindəki Katyuşanı sevir. Katyuşanın qəlbində yavaş-yavaş insanlara qarşı bir mərhəmət hissi oyanır. O, Nexlyudovu da əvvəl-axır bağışlamalı olur. Bununla da onun qəlbindəki nifrəti məhəbbət, inam və ümid əvəz edir. Bu da Katyuşa Maslovanın ruhən dirilməsi deməkdir.
Beləliklə, qəhrəmanlardan biri – Nexlyudov – öz günahını unudaraq ruhi ölümə məhkum olur. Sonra isə öz günahını başa düşərək işgəncə çəkir, günahını yumaq üçün hər şeydən imtina edərək Katyuşanın dalınca Sibirə gedir. Bu ruhi oyanış, ruhi işgəncələr Nexlyudovun qəlbinin dirilməsi deməkdir. Digər qəhrəman – Katyuşa Maslova – ədalətsiz münasibətin qurbanı olur, onun heysiyyatı sarsılır və onun qəlbində insanlara qarşı bir nifrət hissi oyanır və bu onun ruhi ölümü deməkdir. Sonralar Sibirdə Katyuşanın Nexlyudovu əfv etməsi, onun Simonsonu sevməsi bu nifrətin yox olmasına və bununla da Katyuşanın ruhən dirilməsinə gətirib çıxarır. Deməli, "dirilmə” deyəndə, Tolstoy təkcə Nexlyudovun həyatını deyil, həm də Katyuşa Maslovanın aqibətini nəzərdə tutur. Nifrətin, yəni ruhi ölümün, mənbəyi və səbəbkarı cəmiyyət, məhəbbət və ruhi dirilmənin əsası isə insan varlığının, insan təbiətinin özüdür. Bütün elmlər, fəlsəfi görüşlər, siyasi nəzəriyyələr və hərəkatlar məhz cəmiyyətin qanunlarını öyrənir və onlara əsaslanır. Ona görə də bu təlimlər və hərəkatlar səhv əsaslar üzərində qurulmuşdur və onların heç biri insanın əzəli, ruhi mahiyyətini və təbii tələblərini əks etdirmir və nəzərə almır.
Bu mövqedən də Tolstoy inqilabçılara yanaşır və onların həyatını və fəaliyyətini təhlil edir. Onun fikrincə, inqilabçılar xalqı sevir, onun yolunda hər şeydən keçməyə hazırdırlar. Lakin onlar səhv yoldadırlar, çünki insanın ruhi vəziyyəti haqqında deyil, onun ictimai və iqtisadi vəziyyəti haqqında düşünürlər. İnsanın isə vücudunu deyil, onun ruhunu xilas etmək lazımdır. İnsan ruhunun ən düzgün, ən ədalətli təşəbbüskeşi və xilaskarı isə, Tolstoyun fikrincə, dindir, Allaha olan etiqaddır. Odur ki, onun qəhrəmanı Nexlyudov əsərin sonunda İncilə müraciət edir, dinə pənah gətirir və insanın nicatını məhz dində və imanda görür.
Nexlyudovun və Katyuşa Maslovanın həyat tarixçəsi Tolstoyu geniş ümumiləşdirmələrə gətirib çıxarır. O, insan və cəmiyyət haqqında, insanın bu dünyadakı məqsədi – özünü və cəmiyyəti kamilləşdirmək cəhdi və missiyası haqqında düşünür. Mövcud cəmiyyəti, mövcud ziddiyyətlərdən necə qurtarmaq olar? Bu ziddiyyətlərin kökü nədədir? Bu suallar Nexlyudovu, əlbəttə ki, L.Tolstoyun özünü narahat edən suallar idi. Sibir zindanlarında katorqa çəkən insanlar və onları bu cəzaya məhkum edən qanun keşikçiləri haqqında düşünən Nexlyudov belə bir qənaətə gəlir ki, günahkarı cəzalandırmaq və onları islah etmək istəyən kəslər özləri günahsız və mənəvi cəhətdən kamil olmalıdırlar. Mövcud ictimai şəraitdə bu belədirmi?” İndi ona aydın olmuşdu ki, dustaqxanalarda gördüyü o dəhşətli bəla və bu bəlanın baiskarı olan adamlardakı sakit xudbinlik yalnız insanların mümkün olmayan bir işi görmək istəyindən irəli gəlmişdi: onlar özləri qəddar olduqları halda, bəlanı islah etmək istəyirdilər və buna mexaniki yolla nail olmaq fikrində idilər”.
Onda belə nəticəyə gəlmək olar ki, insanları islah etmək istəyən kəs əvvəlcə özünü islah etməlidir. Özgənin gözündə tükü seçməkdənsə, öz gözündə tiri görməlidir. Özünü islah etmiş kəsdə isə özgəni cəzalandırmaq meyli ola bilməz. "Nexlyudov indii anlamışdı ki, cəmiyyət və qayda-qanun, ona görə mövcud deyil ki, özgələrini mühakimə edib cəzalandıran qanuniləşdirilmiş canilər var, ona görə idi ki, belə pozğunluğa baxmayaraq, adamlar hər halda bir-birinə acıyır və bir-birini sevirlər». Nexlyudov bu fikrin təsdiqini məhz İncildə tapdı və insanların və cəmiyyətin nicatı yolunu da onların İncilin ehkamları ilə yaşamasında gördü. Nexlyudov sanki bir dəyərlər sisteminə (dinə) keçir və dünyaya, özünə və insanlara yeni nəzərlərlə baxmağa dünyanın nicatını o, İncildə yazılan qanunlar əsasında yaşamaqda və hərəkət etməkdə görür. Bu qanunların əsasında isə insanları sevmək, özünü təhkimləşdirmək, insanların günahını bağışlamağı bacarmaq istedadı dayanır. Mövcud fəlsəfi və siyasi təlimlər isə insanı, onun ruhi aləmini bir tərəfə qoyub, ictimai münasibətləri dəyişdirməyi tövsiyə edir və beləliklə də qeyri-kamil insanların kamil cəmiyyət yarada biləcəyinə inanırlar. Tolstoy isə hər şeyi insandan, onun kamilləşməsindən başlamağı tövsiyə edir və bu işdə İncilə əsaslanmağı doğru hiss edir. "Əgər insanlar bu ehkamlara əməl etsələr, o zaman yer üzündə ilahi səltənət bərqərar olar və adamlar onlara müyəssər olan nemətdən daha böyük nemət alarlar”.
Bu, əlbəttə ki, dini utopiyadan başqa bir şey deyildir. Tolstoyun təklif etdiyi dünyanı diriltmək üsulları utopiya olmaqdan savayı, həm də özünün publisistik səciyyəsi, açıq-məntiqi bədiilik qanunlardan kənara çıxır və heç də əsrin ideya baxımından gücünü artırmır. Yəni, Tolstoy bədii söz ustası olaraq canlı həyatı, insanları, onların duyğu və həyəcanlarını, keşməkeşlərini təsvir etdiyi məqamda daha güclü idi. Elə ki, o, ictimai problemlərin həlli yolunu axtarır və öz tövsiyələrini verir, həyat məsələləri, dünya problemləri həll edilərək onlara son nöqtə qoyulur. Bu da bədiiliyin qanunlarına, bədii ədəbiyyatın missiyasına zidd olan ictimai, elmi, fəlsəfi fəaliyyət kimi ortaya çıxır. Tolstoy bir yazıçı olaraq həyat ziddiyyətlərini, ictimai qüsurları həll edəndə deyil, onları təsvir edəndə daha güclü təsirə malik idi. Odur ki, Tolstoy və Dostoyevski haqqında monumental əsərin müəllifi D.S.Merejkovski "Dirilmə” romanını "Dahinin intiharı” adlandırmışdır. "İntihar o zaman və ona görə baş verir ki, ədib onun missiyasına xas olmayan, onun vəzifəsinə daxil olmayan digər bir fəaliyyət sferasına adlayır və bədii əsəri də həmin yad sferanın vəzifəsinə xidmət etməyə çalışır.

Məmməd Qocayev
banner

Oxşar Xəbərlər