• çərşənbə axşamı, 23 aprel, 15:46
  • Baku Bakı 24°C

Ruhu qidalandıran hobbi - Hobbi

12.11.16 11:54 2628
Ruhu qidalandıran hobbi - Hobbi
Onun hobbisi müxtəlif ölkələrin əskinazlarını, dəmir pullarını yığmaqdır. 16 ildir topladığı pul kolleksiyası ən dəyərli əşyalarındandır. Hətta düşünür ki, kolleksiyası olmasa, "başını” itirər. Hobbi sevdası onu daim axtarışda olmağa, qədim pullar haqqında araşdırmalar aparmağa vadar edir.
"Hobbi” rubrikamızın qonağı İmaməli Hacıyevdir. İmaməlinin 27 yaşı var və hazırda Naxçıvan Muxtar Respublikasında Culfa dəmiryol idarəsində işləyir. 16 ildir pul kolleksiyası toplayır.

Əsl mükafat...

Kolleksiyaya olan marağından danışan həmsöhbətimiz deyir ki, bu hobbisini ona əmisi sevdirib: "Pul yığmağımın maraqlı hekayəsi var. 9-10 yaşlarında olanda əmimin oğlu ilə güləşərdik, qalib olana "pul mükafatı” verilirdi. Bu dəfəki oyunda mən məğlub oldum, mükafatı əmim oğlu aldı. Təbii olaraq çox üzülmüşdüm. Əmim bunu görüb mənə də Türkiyənin o vaxtkı 10 min türk lirəsi verib. Əsl "mükafat”ı elə mən almışdım. O gündən kolleksiyamı yığmağa başladım. İlk pulum Türkiyənin milli valyutası oldu. Həmin gün atam İrandan gəldi. Onda da 500 rial var idi. Bu iki pul vahidi ilə kolleksiya toplamağa start verdim”.

30 ölkənin pulu...

Həmsöhbətimiz deyir ki, hazırda onun kolleksiyasında 18 ölkənin əskinası və 21 ölkənin metal pulu var: "Ümumilikdə əskinas və metal pul da daxil olmaqla kolleksiyamda 150-dən çox pul vahidi mövcuddur. Ən qədim əskinasım 1938-ci ilə aid SSRİ rublu, qədim sikkə isə 16-17-ci əsrə aiddir. Bundan başqa, 1909, 1911-ci illərdə qədim çar Rusiyasına aid qəpiklərim də var”.
Kolleksiyasını necə topladığına gəldikdə, həmsöhbətimiz deyir ki, dost-tanışları onun hobbi sevdasını reallaşdırmasına dəstək olurlar: "Kolleksiya topladığımı bilən dostlarım, əmim oğlanları, qardaşım bu işdə mənə çox kömək etdilər... Bəzi kolleksiyalarımı pul qarşılığında almışam. Bir dəfə qonşunun oğlunda bir neçə köhnə pul var idi, mən də həmin pulları kolleksiyama daxil etmək istəyirdim. Nə qədər xahiş etdim, dil tökdüm pulları mənə vermədi. Nəhayət razılaşdıq ki, pulun sayına görə pul ödəyim və dəmir pulları alım. Hər birini bir manatdan aldım. Kolleksiyaya təzə başlayanda, sadəcə, boş vaxtımı dəyərləndirmək, maraq üçün toplayırdım. Amma sonradan pullarıma insanın insana bağlandığı kimi bağlandım”.

"Bu lazımsız pulları niyə yığırsan?”

Kolleksiyanı toplamaqda ona dəstək olan dostları ilə yanaşı, səylərini lazımsız iş kimi dəyərləndirənlər də az olmayıb: "Hobbi anlayışı olmayan bir çox insan ölkələrin pul vahidlərini yığmağımı başqa məntiqlə, başqa düşüncə tərzilə qavrayırdılar. Köhnə pullar mənim üçün nə qədər dəyərlidirsə, onlar üçün bir o qədər gülünc idi. Hətta "bu lazımsız pulları niyə yığırsan?”, "vaxtını boş işlərə xərcləyirsən” deyənlər də az olmayıb”.

"Kolleksiyamın dəyəri yoxdur”

Müsahibimiz hesab edir ki, hər bir insanın asudə vaxtında məşğul ola biləcəyi maraq dairəsi olmalıdır. Lakin hər kəs bu istedadını ortaya çıxara bilmir, ən pisi isə buna əhəmiyyətsiz bir şey kimi yanaşır: "Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur, onun üzərində yaşayır, yaradır. Mənim hobbim də mənim ruhumu qidalandırır. Ümumiyyətlə, hobbiləri olan insanlar təbiətcə sakit olurlar. Çünki bütün aqressiyanı, neqativ enerjini hobbiləri ilə çıxarırlar. Hobbilər insanın şüuraltı situasiyasını tamamlamağa yardımçı olur. Bunu dəfələrlə müşahidə etmişəm və anlamışam ki, məndə olan "boşluğu” hobbim doldurur. Hobbim ruhumu dincəldir, əsəblərimi sakitləşdirir. Dəfələrlə kolleksiyama yaxşı pul verən müştəri çıxıb, amma satmağa qıymamışam. Çünki kolleksiyamın mənim üçün mənəvi dəyəri çox böyükdür. Heç bir maddiyyatın onu almağa gücü yetməz”.

"İtirməkdən qorxuram”


Müsahibimiz kolleksiyasının itməkdən qorxur. Deyir ki, kolleksiyasının itməməsi, və ya korlanmaması üçün əlindən gələni edir: "İtirməkdən çox qorxuram. Belə bir hadisə başıma gəlsə, çox pis olardım”.
Gələcək planlarından danışan həmsöhbətimiz deyir ki, məqsədi gələcəkdə insanları təəccübləndirmək və onların marağına səbəb olmaqdır: "Kolleksiyam vasitəsi ilə gələcək nəsillərə qədim pullarla bağlı məlumatları çatdırmaq istəyirəm. Məsələn, müstəqillik əldə etdikdən sonra dəyişilən pul vahidlərimizi yaşatmaq, tanımayanlara tanıtmaq, həmçinin başqa ölkələrin pul nominallarını da gələcək nəsillərə çatdırmaq başlıca amalımdır. Kolleksiyamı tamamalayıb Naxçıvanda sərgimi təşkil etməyi planlaşdırıram”.
Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər