• cümə, 29 Mart, 04:58
  • Baku Bakı 7°C

Ruhaninin 100 günü

15.11.13 08:25 1579
Ruhaninin 100 günü
İran artıq 100 gündən artıqdır ki, yeni baxışlı, dünyagörüşlü prezident tərəfindən idarə olunur. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bu müddət daha çox İran Ermənistan münasibətlərinin daha da yaxınlaşması və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının yaxşılaşması istiqamətində heç bir addımın atılmaması ilə yadda qalmış oldu. Həsən Ruhani prezident seçildikdə çoxları bunu az qala inqilabi hadisə kimi dəyərləndirmişdilər. Elə Həsən Ruhani özü də iyun ayında prezident seçildikdən sonra ilk 100 gün ərzində nəzərəçarpan dəyişikliklərə nail olacağını vəd etmişdi. İranda yeni prezidentlə bağlı əsas ümidlər iqtisadi vəziyyətin düzəlməsi, beynəlxalq sanksiyaların qaldırılması və nüvə danışıqlarının dalandan çıxarılması ilə bağlı olub. Ötən müddət ərzində Həsən Ruhani sübut etdi ki, İranın xariclə münasibətlərinə “yeni nəfəs” gətirməyə və iqtisadiyyatı “düzəltməyə” qadirdir, lakin insan hüquqları sahəsində “müvəqqəti dəllalıqdan” artıq nəsə edə bilməyib. Həsən Ruhani seçki dövründə verdiyi vədləri yerinə yetirərək İranın xarici siyasətinə və nüvə danışıqlarına yenilik gətirə bildi. Prezidentin bu təşəbbüsünün Tehranı və Qərbi qane edən sonluqla bitib-bitməyəcəyi isə artıq başqa söhbətin mövzusudur. İran uranın zənginləşdirilməsini səngitməklə və beynəlxalq müfəttişlərə özünün nüvə obyektlərinin qapısını açmaqla bu sövdələşmənin əldə edilməsinə nail ola bilər. Əvəzində ABŞ və Avropa İttifaqı İran iqtisadiyyatını boğan sanksiyaları zəiflədə bilər. Həsən Rühani özü əvvəllər nüvə danışıqlarında iştirak edib və məhz onun təşəbbüsü ilə bir vaxtlar Tehran uranın zənginləşdirilməsini dayandırmışdı. Lakin 2005-ci ildə Mahmud Əhmədinejad prezident seçildikdən sonra bu sövdələşmə pozulmuşdu. Hələ ki, Mahmud Əhmədinejadın dövrü ilə müqayisədə Ruhani nəzərəçarpan dəyişikliyə nail ola bilib.
Çoxlarının təəccübünə səbəb olan isə onun nüvə siyasətində tutduğu yeni xəttin İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyi tərəfindən dəstəklənməsidir. Prezident Ruhani indiyədək heç bir İran prezidentinin atmadığı addımı atıb. Sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak etdiyi zaman, İran prezidentinə ABŞ prezidenti Barak Obama telefon zəngi etdikdə, Həsən Ruhani həmin zəngə cavab verib. İran prezidenti son 30 il ərzində ilk dəfə olaraq ABŞ prezidentilə ünsiyyət qurub.
Prezident əsas rəqibləri Türkiyə və Səudiyyə Ərəbistanı ilə da münasibətləri yaxşılaşdırmağa çalışır. Onun təşəbbüsləri eləcə də Suriya böhranının çözülməsini yüngülləşdirə bilər.
İran iqtisadiyyatı nüvə sanksiyaları səbəbindən görünməmiş təzyiq altındadır. ABŞ və Avropa İttifaqı İran neftinin alqı-satqısına qadağa qoyub, İrandan neft alan digər ölkələr üçün öz bazarlarını bağlayıblar. Nəticədə İranın ixracı ötən il ərzində 60 faiz azalıb. Bankçılıq sahəsindəki sanksiyalar isə İranın dünya ilə ticarətini məhdudlaşdırıb. Nəticədə İranın ümumi daxili məhsulu bu il 6 faiz azalıb, inflyasiya 40 faiz təşkil edib.
Prezident Ruhani anlayır ki, iqtisadiyyatı düzəltmək üçün nüvə danışıqlarını dalanından çıxarmaq lazımdır və ilk növbədə sanksiyalar qaldırılmalıdır. Tehran birjasında son 100 gün ərzində indekslər 25% qalxıb. Onun nüvə danışıqlarında nümayiş etdirdiyi yeni strategiya iqtisadiyyatın daha da pis vəziyyətə düşməsinin qarşısını alıb. Prezident seçkilərindən ötən dövrdə İran valyutası rial dollara nisbətən sabit qalıb.
Prezident seçildikdən sonra Həsən Ruhani hökumətin tərkibinə peşəkar iqtisadçıları təyin edib, inflyasiyanı nəzarətə almaq üçün öz sələfinin ucuz kreditlərin verilməsi kimi populist iqtisadi siyasətindən imtina edib.
Yeni prezident iş başına gəldikdən sonra iqtisadiyyatdan fərqli olaraq insan hüquqları sahəsində vəziyyət ciddi dəyişməyib. Ruhaninin BMT Baş Assambleyasına səfəri ərəfəsində, görünür, ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üçün, onadək siyasi məhbus azadlığa buraxılmışdı. Lakin bu sahədəki iş elə bununla da bitdi. Müxalifətin əsas liderləri Hüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnavard, eləcə də Mehdi Kərrubi, ev dustaqlığı şəraitində qalmaqdadırlar və bu vəziyyətin dəyişəcəyinə ümid verən hələlik heç bir əlamət yoxdur.
İctimaiyyət qarşısında edamların həyata keçirilməsi praktikası da davam edir və Ruhaninin prezidentliyi dövründə bu tendensiya daha da güclənib. Ötən 100 gün ərzində islahatçıların nəşri sayılan "Bahar" qəzetinin çapı dayandırılıb. İranın xaricində farsdilli media qurumlarında çalışan jurnalistlər İranda ailələrinə təhlükəsizlik orqanları tərəfindən təzyiq göstərilməsindən şikayət edirlər. Şərhçilərin qənaətincə, yeni prezident Qərblə dil tapıb sanksiyaların aradan götürülməsinə nail ola bilməsə, vəziyyət kəskin dərəcədə dəyişə bilər.
Ən önəmlısi - Ruhaninin vəzifədə 100 günlüyü dövründə azərbaycanlılara dair siyasətdə heç bir müsbət dəyişikliyin olmadığını deyir. İranlı azərbaycanlı Saleh Kamrani prezident Ruhaninin daha çox xarici siyasətlə məşğul olduğunu deyib. Onun sözlərinə görə, bu dövrdə insan haqları sahəsində prezidentin atdığı addımlar arasında yalnız Yaşıl Hərəkata mənsub fəalların həbsdən azad olunmasını qeyd etməyə dəyər. Milli azlıqların durumuna gəlincə Kamrani vəziyyətin hətta bir qədər “pisləşdiyini” deyib: “100 gün ərzində azərbaycanlılarla bağlı heç bir addım atılmayıb. Zindanda olan milli hərəkat üzvlərinin heç biri buraxılmayıb. Onlara dair mülayimləşmə siyasəti olmayıb. S.Kamraninin sözlərinə əsasən, Ruhaninin hakimiyyətdə olduğu 100 gün ərzində etnik azlıqların yaşadığı bölgələrdə edamların ümumi sayı artıb: “Təhsil sistemi və başqa sahələrdə hər-hansı bir gəlişmə nəzərə çarpmır”. İnsan haqları müdafiəçisi azərbaycanlılar arasında həssas məsələ olan Urmiyə gölünün quruması məsələsində də irəliləyişin olmadığını deyib:
“Bəyanatlar var, amma heç bir əməli addım atılmayıb. Azərbaycan fəalları, ekspertləri bu problemi neçə illərdir ki, deyiblər. Lakin nümayişlərə çıxanlar həbs olunublar”. Onun sözlərinə görə İran bu məsələdə xarici fond və dövlətlərlə iş birliyinə meylli görünmür ki, bu da məsələdə qərəzli olması barədə tənqidə zəmin yaradır. “Biz belə düşünməyə məcbur oluruq və əlimizdə də dəlillər də var ki, İran dövlətinin Urmiyə gölünün qurumasına biganə qalması faktdır”.
Xatırladaq ki, Urmiyə gölünün qurumasının qarşısının alınması tələbilə azərbaycanlılar ötən illərdə etiraz nümayişlərinə çıxıb.
H.Ruhaninin seçki kampaniyası zamanı azərbaycanlılarla görüşündə bu və digər məsələləri həll edəcəyinə dair vədlər səsləndirdiyi xəbər verilirdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər