• cümə, 26 Aprel, 02:59
  • Baku Bakı 16°C

“Ruh” JMİB QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində sonuncu “dəyirmi masa”nı keçirib

14.06.17 15:58 907
“Ruh” JMİB QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində sonuncu “dəyirmi masa”nı keçirib
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsi çərçivəsində üçüncü "dəyirmi masa” Qusar rayonunda keçirilib.
Toplantını giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Qlıçova açıb. O bildirib ki, sosial şəbəkələr vətəndaşların ölkənin ictimai həyatında iştirakını təsdiqləyən mühüm plasdarm kimi çıxış etməkdədirlər. Bu mühitdəki əlverişlilik müsbət nəticələr verdiyi kimi, mənfi cəhətləri də doğurur. "Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin düzənlədiyi "dəyirmi masa” belə təmayüllər barədə söz açmaq məqsədindən irəli gəlir.
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışına layihənin məqsəd və vəzifələri barədə məlumat verməklə başlayıb. Ölkədə internetin geniş zəmin tapdığı indiki şərait söz və ifadə azadlıqlarının dərinləşməsi baxımından pozitiv məqamdır. "Lakin bizlər heç də bu azadlığın müsbət tərəfləri ilə qarşılaşmırıq. Adətən neqativ meyllər özünü daha qabarıq göstərir. Buna görə də mütərəqqi ictimaiyyət çalışmalıdır ki, ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi cəmiyyətin mənafeləri ilə uzlaşsın. "Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsini bu məqsədlə reallaşdırmaqdadır. Missiyamız yalnız mövcud istiqamətdəki xarakterik xüsusiyyətləri diqqətə çatdırmaq deyil, eyni zamanda sizlərin də mövqeyini öyrənməkdir. Güman edirəm ki, öz fikirlərinizlə mövzuya həssas yanaşmanı təmin edəcəksiniz”, - deyən Ə.Rüstəmov çıxışında esktremal situasiyalar zamanı sosial şəbəkələrdə yaradılan ictimai rəy üzərində də dayanıb. O bildirib ki, Azərbaycan qanunvericiliyində sosial şəbəkələrdə yayılan hansısa qeyri-qanuni çağırışlara qarşı kifayət qədər ciddi immunitet var. Lakin dövlətimiz bu istiqamətdəki problemləri maarifləndirmələr, müxtəlif təbliğat işləri ilə aradan qaldırmağı üstün tutur ki, bu da hər bir vətəndaşın bilik və bacarığının artırılmasına töhfədir. Dövlətimizin mühüm donor institutu olan QHT Şurası da məhz buna görə də belə layihələri maliyyələşdirir.
"Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsinin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, zaman-zaman internet hüquqi münasibətlər sistemində oturuşmuş mövqeyə malik olmayıb. Eyni tendensiya dünyanın bir çox ölkələri üçün də xarakterikdir. Ölkəmizdə müəyyən dövlət sənədlərinə əlavə və dəyişikliklər edildi. Nəticədə mövcud istiqamətdə müəyyən çəki-düzən formalaşdı. Ancaq əlavə tədbirlərə də ehtiyac var. Buna görə də belə layihələr çərçivəsində keçirilən toplantılarda sizin də öz fikirlərini ifadə etməniz şərtdir. Bununla həm prosesə dəstək vermiş olarsınız. S.Verdizadə çıxışında həmçinin qanunvericilikdə sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyətin nəzərdə tutulduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər