• cümə, 29 Mart, 11:24
  • Baku Bakı 5°C

“Roshen” şokoladlarına Azərbaycanda qadağa qoyula bilərmi? Araşdırma

12.10.13 09:56 9523
“Roshen” şokoladlarına Azərbaycanda qadağa qoyula bilərmi? Araşdırma
“Rusiyada qadağan edilən şokoladı bizdə niyə satırsınız? Biri bilir, beşi bilmir onun zərərli olduğunu, siz bir az artıq pul qazanacaqsınız deyə camaat ölməlidir? Siz alverçilərin yeri cəhənnəmdir!” Bazarlıq etdiyimiz marketin rəhbərliyinə uca səslə irad bildirən orta yaşlı qadının dedikləri redaktorumuzun bir neçə gün əvvəl qəzet üçün hazırlamağı tapşırdığı mövzunu yadıma saldı. Marketdəki alıcının “Roshen” şokoladlarının zərərli olması ilə bağlı “xəbərdarlığı”ndan sonra yazının kifayət qədər geniş əhali kütləsinin marağında olacağını düşündüm və bu istiqamətdə xırda bir araşdırma aparmaq qərarına gəldim.
Öncə başlayaq həmin alıcının belə fikirləşməsinə səbəb olan amildən. Rusiya Ukraynanın şirniyyat şirkəti olan “Roshen”dən şokolad və digər məhsulların idxalını qadağan edib. Bu, yeni söhbət deyil. Hadisə yay aylarında baş verib. Belə ki, Rusiyanın baş səhiyyə müfəttişi Gennady Onishchenko elan edib ki, ölkənin ərzaq istehlakı nəzarətçisi “Rospotrebnadzor” südlü şokolad məmulatlarında karsinogen benzoprinin yüksək faizdə mövcudluğu da daxil olmaqla, “Roshen” məhsullarında “sistematik pozuntular” qeydə alıb.
Öz növbəsində “Roshen” firması rəhbərliyi bu iddiaları qətiyyətlə rədd edib və bildirib ki, istər Ukraynanın, istərsə də Rusiyanın səhiyyə qaydalarına riayət edir: “15 illik xidmətimiz ərzində nə Rusiyadan, nə də başqa idxalçılardan şikayət almamışıq”.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynada Rusiyadan gətirilən avtomobillərə xüsusi gömrük rüsumu tətbiq edilməsilə bağlı qərar verilib. İndi bir sıra müşahidəçilər hesab edirlər ki, “şokolad müharibəsi”nin kökündə də məhz bu amil dayanır. Kiyev həmçinin xarici avtomobillərin təkrar emalı məsələsində Rusiya ilə mübahisəsini Dünya Ticarət Təşkilatı müstəvisinə keçirib.
Ukraynanın bu hərəkətlərindən qəzəblənən Rusiya bu il iyulun əvvəllərində Ukraynadan idxal olunan kömür, şokolad və şüşəyə yeni gömrük rüsumları qoyub. Ukrayna baş nazirinin birinci müavini Serhiy Arbuzov şokolad məsələsinə şərh verərkən deyib ki, iki ölkə “ticarət müharibəsində” deyil və rəsmilər problemlərə baxıb birgə bəyanatlar verəcəklər.
Müşahidələr göstərir ki, Rusiya siyasi disputlar zamanı qonşularına təzyiq göstərmək üçün ərzaq təhlükəsizliyi məsələsini qaldırmağı adət edib. Son illərdə Onishchenko Moldova və Gürcüstan şərablarına, Belarus şəkərinə və Ukrayna pendirinə qadağa qoyub. Moskva bu qadağaların hamısını ictimaiyyətin sağlamlığı mülahizələri ilə izah edib. Lakin nədənsə bu qadağalar Rusiyanın qonşuları ilə münasibətlərinin incik vaxtlarına “təsadüf” edib.
Qeyd edək ki, “Roshen” – “Elegance Extra-Dark” plitə şokoladları, “Milk Drop” karamelləri və “Crazy Bee” jeleli konfetləri də daxil olmaqla, onlarca şirniyyat məmulatı istehsal edir. Şirkət öz məhsullarını 9 keçmiş sovet respublikasına, həmçinin ABŞ, Kanada, Almaniya və İsrailə ixrac edir. Rusiyada satış artan xətlə inkişaf edir və “Roshen”in 2012-ci il üçün bu ölkədəki gəlirləri 175 faiz artaraq 1,3 milyard rubla çatıb.
Şirkətin Azərbaycandakı təmsilçiliyindən bildirildi ki, “Roshen” korporasiyası “Candy Industry Top” reytinqinə görə dünyada 18-ci yerdədir. İllik istehsal həcmi 450 min tondur.
Şirkət sahibinin 1,6 mlrd dollar vəsaiti var. Bu barədə isə “Forbes” jurnalı yazır. Haqqında söhbət gedən qadağadan sonra “Roşen”ayda $17 mln itirir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə Ukraynadan Azərbaycana idxal 539 mln 89,7 min dollar olub. Ərzağın payı bu həcmdə 23%-dir. 2011-ci ildə Azərbaycana 23 min 327,9 ton şokolad, 5 min 397,6 ton peçenye, 2 min ton vafli gətirilib. Təbii ki, bu qədər məhsulun içərisində “Roshen” kimi böyük bir firmanın məhsulları da özünəməxsus yer tutur. Bəs Rusiyanın qadağaya səbəb kimi göstərdiyi amillər Azərbaycanda yoxlanılıbmı? Ölkəmiz də belə bir qadağa tətbiq edə bilərmi?
“Azərbaycanda RF və Ukraynanın sanitar-gömrük çəkişməsi fonunda Roshen məhsulları qadağan edilməyəcək”. Bunu şirkətin Bakıdakı nümayəndəliyindən bildirdilər: “Bakıda bu məhsullar maneəsiz satılır”. Azərbaycanda Ukraynada istehsal olunmuş 200 növ qənnadı məmulatına tələbat var ki, “Roshen” məhsulları da onun içərisindədir.
Məsələnin siyasi olmasını sübut edən amillərdən biri də odur ki, hətta Rusiyanın yaxın müttəfiqləri (Belarus, Qazaxıstan, Tacikistan və Moldova) şokoladlarda benzopiren (zəhərli maddə) tapmayıblar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əslində ölkəyə gətirilən bütün ərzaq malları analiz edilməlidir: “Lakin Azərbaycana gətirilən və standartlara uyğun olmayan mallar müəyyən partiyalarla olur. Dünyada satılan malların təcrübəsində ilk öncə yüksək keyfiyyətli və standartlara uyğun mallar gətirilir və bununla da gömrük orqanları arxayınlaşdırılaraq yuxuya verilir. Bundan sonra isə həmin marka altında ölkəyə qeyri-standart mallar gətirilir. Bir sözlə, bütün malların analizinin həyata keçirilməsi çox müsbət hal olardı.”
Yeri gəlmişkən, alıcının iradı ilə üzləşən market rəhbərliyi də bizimlə söhbətində bildirdi ki, bu xəbərlər yayılandan sonra “Roshen”in satışı bir qədər zəifləyib: “Lakin son vaxtlar düzəlir, satış demək olar ki, əvvəlki həcminə qayıdır. Bu xanımın haradan yadına düşüb bilmirəm, yaxşı ki, mağazada çox alıcı yox idi, yoxsa hamı qaçardı”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər