• cümə axşamı, 25 aprel, 16:14
  • Baku Bakı 23°C

Roqozinin səfərinin pərdəarxası

17.12.16 12:20 1531
Roqozinin səfərinin pərdəarxası
Rusiya baş nazirinin müavini, prezident Vladimir Putinin ən etibarlı adamlarından biri, ölkəsinin hərbi-sənaye kompleksinin kuratoru Dmitri Roqozin Bakıya gəlişi İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən cəmi 3 gün sonraya təsadüf edib. D.Roqozin dekabrın 16-da Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasında iştirak edib. Rusiyanın "Kommersant” qəzeti yazıb ki, D.Roqozin Bakıya Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası ərəfəsində gəlib və səfərin gündəliyinə Azərbaycan rəhbərliyi ilə görüş, ən önəmlisi isə silah ixracına dair danışıqlar daxildir. Mətbu orqanda bu mövzuda yer alan məqalədə qeyd edilib ki, danışıqlarda məqsəd həmçinin "İsgəndər” operativ-taktiki raket kompleksinin Ermənistanda yerləşdirilməsinə aydınlıq gətirmək, rəsmi Moskvanın mövqeyini Azərbaycan tərəfinə izah etməkdir.
Azərbaycanlı ekspertlər də D.Roqozinin Bakıya səfərinə münasibət bildirərkən İsrail baş nazirinin Azərbaycanda səfərdə olmasına, prezidentlə təkbətək görüşdən sonra mətbuata birgə bəyanatla çıxış etməsinə diqqət çəkirlər. Onların sözlərinə görə, Prezident İlham Əliyev mətbuat qarşısında çıxış edərkən bildirib ki, müdafiə sənayesi sahəsində İsrail və Azərbaycan bir neçə ildir fəal əməkdaşlıq edir. Prezident bəyan edib ki, indiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır və bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib.
Ekspertlər bu qənaətdədirlər ki, Azərbaycan həm də Rusiyanın silah-sursat alıcısı olduğundan, Prezident İlham Əliyevin son bəyanatı, açıqladığı rəqəmlər Rusiyada narahatlıq yaradıb. Onların fikrincə, Qərbin sanksiyalar altında yaşayan, Ermənistana bağışladığı "İsgəndər” raketlərinə görə rəsmi Bakının narazılığı ilə üzləşən Rusiya Azərbaycan kimi böyük həcmdə silah-sursat alıcısını itirməmək üçün öz hərbi-sənaye kompleksinin kuratorunu Bakıya danışıqlara göndərib.

Millət vəkili, politoloq Elman Nəsirov mövzuya dair "Kaspi”yə açıqlamasında bildirib ki, İsrail baş nazirinin Bakı səfərində Prezident İlham Əliyevlə Benyamin Netanyahu arasında əsas müzakirə mövzusu məhz hərbi-texniki əməkdaşlıq məsələsi olub. Azərbaycanın silah-sursat idxal etdiyi ölkələr arasında İsrailin xüsusi yeri var. Deputatın sözlərinə görə, B.Netanyahunun Bakı səfəri, burada səslənən bəyanatlardan sonra D.Roqozinin Azərbaycana gəlişi həqiqətən də müəyyən suallar doğurmaqdadır: "Bir qisim insanlar düşünür ki, bu, tam qanunauyğun bir prosesdir, burada qeyri-adi heç nə yoxdur, sırf təsadüfdür. Lakin bəziləri fərqli mühakimələr yürüdürlər. Hesab edirəm ki, bu barədə birmənalı fikir yürütmək olduqca çətindir. Amma danılmaz həqiqət bundan ibarətdir ki, Roqozinin Bakıya gəlməsi başqa vaxta deyil, məhz İsrail baş nazirinin səfərindən sonraya təsadüf edib. Bu, aktual məsələdir. Düşünürəm ki, Roqozinin Bakıda keçirdiyi görüşlərdə Azərbaycan ilə Rusiya arasında hərbi-sənaye sahəsində əməkdaşlıq məsələləri də diqqətdə saxlanılacaq”.

Politoloqun sözlərinə görə, artıq Rusiya mediası yazır ki, Roqozinin səfərində Ermənistana verilən "İsgəndər” operativ taktiki raketlərinin Azərbaycana da satılması gündəmə gətirilə bilər. Millət vəkili deyib ki, əgər Rusiya belə bir addım atmazsa, Azərbaycan İsraildən oxşar silahı, yaxud ondan da keyfiyyətlisini almaq məcburiyyətində qalacaq: "Ən azı ona görə ki, bu silah artıq Ermənistana Rusiya tərəfindən verilib. Ona görə də rəsmi Moskva dilemma qarşısında qalıb. Onlar fikirləşirlər ki, bu silahı Azərbaycana versinlər, yoxsa verməsinlər. Təbii ki, verilməzsə Azərbaycanın silah alacağı yeni ünvanlar bəllidir. Bu səbəbdən Roqozinin Bakı səfərində bu məsələ ətrafında müzakirələrin aparılacağı şübhəsizdir. Bütün dünyaya, o cümlədən region dövlətlərinə, Rusiyaya da yaxşı məlumdur ki, Azərbaycan hansı səbəbə görə ən müasir silahlarla silahlanır. Bizim torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon da daxil olmaqla, ümumilikdə Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə vətəndaşımız bu işğal nəticəsində həlak olub. Çox təəssüf ki, 20 ildən artıq müddətdə davam edən sülh danışıqları, Dağlıq Qarabağ probleminin dinc yolla həll olunması istiqamətində atılan addımlar heç bir səmərə vermir. İşğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərinə hörmətsiz yanaşır, işğalçılıq siyasətini davam etdirir, rəsmi İrəvan sülh danışıqlarından boyun qaçırır. Belə olan halda, kim təminat verə bilər ki, hərbi əməliyyatlar yenidən başlamayacaq? Xüsusən də bu ilin aprel döyüşlərindən sonra bütün dünya görüb ki, Dağlıq Qarabağ problemi "dondurulmuş münaqişə” deyil, burada istənilən vaxt gərginlik arta, müharibə yenidən başlaya bilər. Məhz buna görə də Azərbaycanın silahlanması, ordusunu, maddi-texniki təminatını daha da gücləndirməsi, ən müasir silahlar əldə etməsi məntiqidir. Ona görə də Netanyahunun səfərində olduğu kimi Roqozin Bakıda olduğu müddətdə də bu kimi məsələlərin gündəmdə saxlanılacaq”.

Siyasi şərhçi, millət vəkili Sahib Alıyevisə qəzetimizə açıqlamasında D.Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının Rusiya tərəfdən həmsədri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu komissiyanın dekabrın 16-da Bakıda keçirilən toplantısı bir-iki günün işi deyil və əvvəlcədən planlaşdırılıb: "Azərbaycan xarici siyasətdə hər hansı addım atan zaman bu, kompleks şəkildə müəyyənləşdirilir. Bu, hərbi-texniki əməkdaşlıq sahəsinə də aiddir. Ona görə də Roqozinin Bakıya gəlməsini Netanyahunun Azərbaycan səfərinə qarşılıq, cavab olaraq görmürəm. Azərbaycan xarici siyasətdə ən düzgün qərarları qəbul etmək üçün bir sıra hallarda ən müxtəlif maraqları güdən tərəflərlə ardıcıl görüşlər keçirir. Bu, rəsmi Bakıya daha geniş manevr imkanları yaradır. Netanyahunun səfərinin ardınca Roqozinin Bakıya gəlməsinə də bu kontekstdə yanaşıram. Bu səfərlərin təsadüfi olmaması da Azərbaycanın maraqlarına cavab verən, planlarına uyğun gələn məsələdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər