Roqozin İran səfərini təxirə saldı
Son vaxtlar Rusiya ilə İran arasında münasibətlərdə müəyyən bir
soyuqluq hiss olunmaqdadır. Moskva-Tehran münasibətlərində müəyyən çatlar yarandığı
görünür. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin dünən İrana
planlaşdırılan səfərini təxirə salıb. Qonşu ölkənin mətbu orqanlarının yaydığı
məlumata görə, onun Tehranda vitse-prezident Soren Səttari və müdafiə naziri
Hüseyn Dehqani ilə görüşü nəzərdə tutulmuşdu. Tərəflər arasında ikitərəfli
əməkdaşlığı əhatə edən məsələlər, o cümlədən aviasiya sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunmalı idi. Ən əsası, planlaşdırılırdı ki, İran Rusiyadan
sərnişin təyyarələri alacaq. "Kommersant”ın hökumətdəki mənbələrinə istinadən
yaydığı məlumata görə, İran tərəfinin rusiyalı məmurun səfəri barədə məlumat
yayması Roqozinin səfəri təxirə salması ilə nəticələnib. Nümayəndə heyətinə
Rusiyanın bir sıra yüksək rütbəli məmurları, o cümlədən nazirin birinci müavini
İqor Şuvalov, energetika naziri Aleksandr Novak da daxil idi.
Səfərlə bağlı ilk
xəbəri İranın Rusiyadakı səfiri Mehdi Sənayi İran xəbər agentliklərinə müsahibəsində
verib. Onun yaydığı xəbərdə qeyd edilirdi ki, Rusiya nümayəndə heyətinin səfəri
yaxın bir ay ərzində baş tutmalıdır. Rusiya tərəfinin yaydığı məlumatda sadəcə,
səfərin texniki səbəblərdən baş tutmadığı bildirilib. Rusiya nəşri hökumətdəki
mənbələrinə istinadən yazır ki, Kremlin səfərin məxfi saxlanılmasında məqsədi
başqadır. Moskva Tehranın son vaxtlar Qərbə doğru istiqamət götürməsinin
səbəblərinin müəyyən etmək istəyib. Belə ki, İranın sərnişin təyyarələrinin
alınması ilə bağlı Qərb ölkələri ilə danışıqlar apardığı bəlli olub. "Biz
Tehrana həddən artıq böyük kömək göstəririk. Onlar isə texnikanı ölkələrini sanksiyalar
içində boğan Qərb ölkələrindən alır”, - deyə mənbə "Kommersant”a bildirib.
Məlumata görə, 2016-cı ilin dekabrında İranın "İran Air” aviaşirkəti Amerikanın
"Boeing” şirkəti ilə 80 təyyarənin alınması barədə saziş imzalayıb. Bura 50
ədəd "Boeing-737”
və 30 ədəd "Boeing-777”
təyyarəsinin alınması daxildir. Müqaviləyə görə, təyyarələr 10 il ərzində
çatdırılmalıdır. ABŞ-la yanaşı, Avropanın "Airbus” şirkətindən 100 təyyarənin
alınması da nəzərdə tutulub. Bura 46 ədəd A320, 38 ədəd A330 və 16 ədəd A350
XWB təyyarələrinin alınması daxildir. Hər iki alqı-satqı əməliyyatının məbləği
ümumilikdə 30 mlrd. dollara yaxındır. Təqribən 10 mlrd. "Boeing”- 20 mlrd.
dollar da "Airbus”a aiddir.
O ki qaldı Rusiyaya, bu ölkə ilə 2016-cı ildə imzalanmış sazişə görə,
bu ölkədən yalnız regional əhəmiyyətli kiçik təyyarələrin alınması nəzərdə
tutulub. Ötən il tərəflər arasında müvafiq saziş imzalanıb. Rusiya
mütəxəssisləri İran bazarına təqribən 100
kiçik təyyarə çatdıracaqlarını bildiriblər. Lakin məsələ ondadır ki,
onların da alınması ABŞ-ın müdaxiləsi üzündən gecikir. Burada həm də Rusiyanın
sərnişin təyyarələrinin keyfiyyəti də rol oynayır. Son illər Rusiya istehsallı
təyyarələrlə bağlı qəzaların sayı artıb. Bundan əlavə, İran həm də döyüş
təyyarələri ilə də maraqlanır. Məsələn, Tehran Rusiyadan "Su-30 SM”
təyyarələrini almaq istəyir. Lakin onların da hazırda satışı mümkün deyil. BMT
Təhlükəsizlik Şurası İrana adi silahların satılmasını qadağan edir. Bununla
bağlı qurumun müvafiq qətnamələri də var. Ötən həftə Rusiyanın Tehrandakı
səfiri Levan Caqaryan bildirib ki, iki ölkə ticarət-iqtisadi sahədə bir sıra
sazişlərə imza atıblar. İkitərəfli ticarət dövriyyəsinin həcmi 2 mlrd. dollara
çatır.
Yeri gəlmişkən, bəzi ekspertlər hesab edirlər ki, İranla ABŞ arasında
gərginlik güclü olsa da, Ağ ev bu ölkə ilə münasibətləri sərtləşdirməyəcək. Gərginlik
elə bəyanatlar səviyyəsində davam edəcək. Elə tək yuxarıda qeyd etdiyimiz iki
ölkə arasında imzalanan çoxmilyardlıq saziş bunu deməyə əsas verir. Yaranmış
vəziyyətdə çətin duruma Rusiya düşə bilər. Rəsmi Moskva uzun illər İranın
tərəfində durub və ona qarşı sanksiyaların tam şəkildə tətbiqinə yol verməyib.
Onunla nüvə proqramı sahəsində əməkdaşlıq da edir. Hətta Buşəhr kimi AES-in
inşasına böyük köməklik göstərib. İndi isə belə çıxır ki, İranın prioritetləri
dəyişməyə başlayıb və Tehran üzünü daha çox Qərbə tərəf tutmağa üstünlük verir.
Nəticələrin necə olacağını isə zaman göstərəcək.
Azər