AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Romandan köşəyə…

Romandan köşəyə…

13 Oktyabr 2012, 11:47 1309
Ötən il xeyli sayda romanlar yazıldı. Həmin romanlar haqqında ədəbiyyat aləmində maraqlı fikirlər yürüdüldü, müzakirələr olundu. Amma nədənsə birdən-birə roman yazılışı səngidi. Roman yazan müəlliflər isə köşə yazmağa başladılar. İndi yazarların çoxu köşə yaradıcılığı ilə məşğul olurlar. Bu dəyişikliyin səbəbini öyrənmək üçün aşağıdakı sualla onlara müraciət etdik:

Nəyə görə roman yazılışı səngidi, indi yazarların çoxu köşə yazmaqla məşğuldurlar?

İradə Musayeva : Əvvəla roman adına çap olunan əsərlərin hamısı roman çıxmadı. Hətta irihəcmli hekayələrə de roman dedilər... İkinci, roman kompaniyasında geriçəkilmələr ona görə çox oldu ki, həmin müəlliflər romançılar, roman ustaları deyildilər. Roman ağır janrdır. Tolstoy kimi yazıçının anasını ağladırdı, bir cümləni yüz dəfə vurub-çıxırdı, yox, bu roman cümləsi deyil... Bizdə romanı nəinki roman tefəkkürlü yazıçılar yox, publisistlər yazdı. Ölçüsüz-biçisiz bütün sözləri qurtarandan sonra döndülər köşələrinə.

Səlim Babaullağolu: Roman yazanların daha çox köşə yazarı kimi görünməsinə mən normal baxıram. Həmişə roman yazmaq olmaz. Xüsusən o ölkədə ki, kitab satışının vəziyyəti ürəkaçan deyil. Köşə yazarlığı onların gündəlik işidir. Bu iş onları maddi nöqteyi-nəzərdən saxlayır. Başqa tərəfdən həm də formada saxlayır. Qələmdən ayrı düşmürlər. Həm də yaşadıqları çağın problemlərinin içində qalmağa müvəffəq olurlar. Markes də köşə yazırdı. Umberto Eko indiyə qədər yazır. Dmitriy Bıkov da yazır. Bu şeylər məncə normaldır...Yazmamaq da normaldır. Amma gərək yazmamaq üçün yaşayış minimumların ola...

Aysel Əlizadə: Bir romanlıq fikri bir köşədə demək mümkündürsə, niyə də olmasın? Düşünürəm ki, uzunçuluq dövrü bitdi. İndi ən lokal söz deyə bilən yazarların dövrüdür. Köşə öz özünün ortaya atmayıb, zaman yetişdirib bu janrı. Getdikcə sözlər azalır, adamlar nə qədər az danışsa bir o qədər yaxşıdır. Bir gün gələcək ki, adamlar sadəcə baxışacaqlar, romanlar da yazılacaq amma lokal və qlobal. Bir vaxtlar Dostoyevskinin də vaxtı bol idi, oxucuların da. Amma idi elə deyil. Onu da deyim ki, qısa bir roman yazmışam, bu roman köşədən bir az uzun söhbətə hazır olanlar üçündür.

Rəbiqə Nazimqızı: Yəqin, formada qalmaq üçün köşə yazıları yazırlar. Hər gün roman yazmaq olmur, amma hər gün nəsə yazmaq lazımdı. Digər tərəfdən, adamlar çörəkpulu qazanmalıdırlar - bu çox vacib amildi, yazar romanından qazana bilmir, məcbur olur, saytlara, qzəetlərə köşə yazır ki, evinə pul aparsın. Bir də, bu gündəmdə qalmağa, diqqət mərkəzində qalmağa hesablana bilər. Hesab edirəm ki, ümumilikdə yazar üçün publisistika lazımdır, amma hər gün köşə yazmaq - romanın bir cümləsinin, bir abzasının, bir səhifəsinin enerjisini və vaxtını alır. Bir də ki, qabiliyyət məsələsi də var. Məlum oldu ki, şair kimi özlərini təsdiqləmiş adamların əksəriyyəti romana keçəndə köşə yazarlığından o yana gedə bilmirlər. Bəlkə də, özləri də bunu anladılar. Yəni səbəblər çoxdu...

Kəramət Böyükçöl: Yazıçı heç nə yaza bilməyəndə köşə yazır. Köşə yazmaq üçün məgər adama istedad lazımdır? Məncə, yox. Yazarların çoxu dolana bilmirlər və məcbur olurlar ki, saytlara nəsə yazıb pul alsınlar. Bunu anlamaq elə çətin deyil. Bu daimi bir işə çevrilib, vərdiş ediblər. Neyləsinlər axı? İnanmıram ki, kimsə kefindən köşə yazsın. Fərdi hisslərini, düşüncələrini, başlarına gələn əhvalatı yazırlar. Ona görə yazıların çoxunda ideya yoxdu. Hansın dindirirsən deyir, o yazını pul üçün yazmışam. Guya kişinin oğlu öz böyük ideyalarını belə yazılarda yazmır, romanı üçün saxlayır. Bu adamların çoxunun vaxtı ilə roman yazmağı zarafat idi və gördülər ki, onlar uzaq başı bir dəfə zarafat eləyə bilərlər. Lap olsun iki dəfə. Heç üç dəfə zarafat eləmək də hələ yazıçı olmaq deyil. Bu artıq şit-şit zarafatlaşmaqdı.

Fərid Hüseyn