Robotlar bizim yerimizə də oxuyacaq?!
Ədəbiyyatdan lovğalanaraq
danışanlar müasir dövrü "süni intellekt” mövzusuna kökləyən ana ideyanın
1920-ci illərdə elmi-fantastik ədəbiyyatın güclü nümayəndəsi Karel Çapekin
əsərlərindən gəldiyi faktı ilə də öyünürlər. Ədibin "R.U.R.” dram əsərində süni
intellektlə işləyən robotlar ilə bəşəriyyətin qlobal problemlərinin həll
olunması, insan ağlından asılı olmadan çalışan intellekt mərkəzi ideyası
işlənib. İdeyanın əsasında müxtəlif işləri ağıllı canlılar kimi, lakin daha
sürətlə görən sistemə malik robot beyni dayanır. Robotik dünyanın yaranması özü
ilə müsbət dəyişikliklərlə yanaşı, təhlükəli nəticələr də gətirəcəyindən bu
sistemin üzərində hələ ki, ibtidai təcrübələr aparılır. Bir çox komanda ilə
yanaşı, süni intellektə kitabı oxuyub, qısa təqdimat çıxarmaq qabiliyyəti də "aşılanır”.
Artıq kitab oxumağımıza ehtiyac qalmayacaq, yoxsa necə?!
Komputerləşdirilmiş
Dilçilik Assosiasiyasında aparılan ilkin təcrübələrdə süni intellektli maşınlar
oxuma işini mexaniki tanıma ilə həyata keçirib. Yəni, məsələn, içərisində
ingilis hərfləri olan istənilən mətni oxuya bilib. Amma dünyada onlarla dilin
ortaq əlifbası var. Layihəyə rəhbərlik edən dosentlər Rumen Danqovski və Li
Cinq fiziklər Marin Soljaçik və Preslav Nakovun dəstəyi ilə mexanizmə tanıma və
çevirmə bacarığını aşılamaq üzərində işləyiblər. Əgər bu bacarıq olmasa,
mexanizm oxuduğu sözü tanımayacaq, hansı dildə olduğunu və nəticədə oxuduğu
mətnin mənasını anlamayacaq.
Süni
intellektin tərcümə və dil bilgiləri ilə təmin olunması cəhdi isə təbii ki,
kitab oxuyub, qısa məzmun hazırlamaq kimi sadə məqsədə xidmət etmir. Əslində,
alimlərin süni intellekt mərkəzini birbaşa normal insan beyni ilə sinirlər
vasitəsilə əlaqələndirmək, bəzi həlli çətin riyazi hesablamaları icra etmək
məqsədilə başlatdıqları layihənin gedişatında bu dil problemi meydana çıxıb.
Belə ki, araşdırmaçılar qısa müddət sonra süni intellektin dilin təbii inkişafı
və fəaliyyəti, bir sıra hesablama əməliyyatları da daxil olmaqla,
planlaşdırılan bir çox işi sinir sisteminə birləşmədən də icra edə bilməyəcəyi
qənaətinə gəliblər. Soljaçik: "Son bir neçə ildə müxtəlif bacarıqların tətbiqi
üzərində işləyirik. Araşdırmada fizika qanunlarının sınanmış nəticələrini görə
bilmək üçün Aİ-dən (süni sinir şəbəkəsi) istifadə edirik. Çünki bu sistemlə
uzun müddətdir ki, işləyirik. Tətbiq etdiyimiz dil və ya riyazi təlimat özünü
doğruldanda sistem işə düşür, alınmayanda isə Aİ sistemini inkişaf etdirir.
Amma bu alqoritmin bütün komandalarda işə yaradığını da iddia edə bilmərik”.
Süni sinir
şəbəkəsi insanın yeni nəsnələr qavrama formasını təqlid edir. Komputerlər də bu
sistemlə işləyir - əvvəlcə verilən komanda üzərində hansı mexanizmin
işləyəcəyini təyin edir, sonra isə kodları qruplaşdırır. İnsan beynindən fərqli
olaraq, komputerlər və süni intellekt "görüntünü tanımaq” təlimatı ilə işləyir.
Məhz buna görə də, süni sinir şəbəkəsi, məsələn, bir araşdırma sənədinin analiz
olunmasında lazımı səviyyədə, normal bir beynin görməli olduğu işi görə bilmir,
məlumatları uyğunlaşdırmaqda çətinlik çəkir.
Araşdırmaçılar bu funksiyanı inkişaf etdirmək üçün müxtəlif üsullara əl
atıblar. Bunlardan ikisi "Uzun-Qısa müddətli yaddaş” ("Long Short-Term Memory”-"LSTM”) və "Keçidli Təkrarlanan Hissələr”
("Gated Recurrent Units” - "GRU”) bazalı sistemlərin tətbiqi nəticəsində süni
intellektdən arzuolunan ilkin göstəricilər müşahidə olundu. Lakin bu iki
sistemin heç biri təbii dilin iş mexanizmini icra edə bilmədi.
Növbəti cəhddə
heyət ənənəvi sinir sistemlərinin əksəriyyətində olduğu kimi matrislərin
toqquşmasını geniş kosmik fəzada fırlanan vektorların iş mexanizmi ilə əvəz
etdi. Bu yeni mexanizm "Dövr edən yaddaş hissəsi” ("Rotational Unit of Memory”
– RUM) adlandırıldı. Sistem oxuduğu mətndəki kodları kosmik fəzada üfüqi vektor
üzrə hərəkət etdirərək, nəzəri qarşılığını tapmasına şərait yaradır. Bu sürətli
səyahətin sonunda komanda almış kodlar bir qarşılıq taparaq, dövr edib,
sistemdə söz olaraq oxunur. Nakov: "RUM sinir tellərinə ikili müsbət təsir göstərir
– məlumatı daha yaxşı xatırlamalarına və daha doğru xatırlamalarına kömək edir.
Bu sistem mürəkkəb mühəndislik proyektlərində işığın hərəkəti kimi çətin fiziki
problemlərin həllində çox işəyararlıdır. Biz də bu uğurun dilin təbii iş
mexanizminin təqlidində də işə yarayacağı ümidilə yola çıxdıq. Bu mexanizmin
işə salınması ehtiyacı nəşriyyat sahəsində günlər, həftələr tələb edən mütaliə
prosesinin çətinliyindən yarandı. Sistemi işlək vəziyyətə salanda əlimizdə
səkkiz fərqli mövzuda yazılmış mətn var idi. Təbii ki, mətnlər əvvəlcədən
oxunmuşdular. Odur ki, redaktor kreslosuna bu dəfə süni intellekti oturtduq.
Məqalələri oxuyub qısa yekun çıxarmaq komandası verdik. Hələ ki, nəticə
gözlədiyimiz kimidir”.
Bu mərhələdə də
mətnin oxunması üçün iki system sınaqdan keçirilib. LSTM bazalı sinir şəbəkəsi
ilə məlumat ötürücülüyü icra edən sistem mətni təkrarlanan və olduqca texniki
məlumat toplusu şəklində təhvil verib. Lakin RUM bazalı sistemdən əldə edilən
mətn daha oxunaqlı, lüzumsuz təkrarın yol verilmədiyi, rəqəmli məlumatların
dəqiq ötürüldüyü versiya olub.
Təcrübənin ən
əyləncəli hissəsi isə robotların öz sistemləri haqqında olan mətni oxuduqları
mərhələdə yaşanıb. Bu geniş təcrübə haqqında yazılmış mətndən belə bir cümlə
çıxıb: "Araşdırmaçılar dilin təbii fəaliyyəti prosesində sinir telləri
inqilabının geniş funksiya problemini həll etmək üçün təkrarlanan yaddaş
forması olan RUM üzərində yeni bir təcrübəyə baş vurdular”.Bəli, ilk
oxunuşda bir o qədər estetik səslənməyə bilər. Amma oxuduğu hissənin açar məlumatlarını
dəqiq çatdırıb. "Deepmind Technologies”: "Bu araşdırma sinir telləri ilə zaman
və fəzada geniş yayılmış məlumat hissəcikləri arasındakı əlaqədə ciddi bir
problem olduğunu da aşkarladı. Kodlar fəzaya ötürüldüyü andan zaman məfhumunun
dəyişkən sürət kəsb etməsi və ya ani siqnal kəsilməsi kodların başqa bir vektor
axınına düşməsi, nəticə olaraq, yanlış məlumat transferi ilə yekunlaşacaq. Bu
təcrübənin nəticələri də göstərir ki, qeyd etdiyimiz problem aradan
qaldırılmayıb. Lakin sual cavablandırmaq, mətn çeşidləmək, oxşar məfhumları
qruplaşdırmaq kimi vəzifələrin icrasında bu sistemə güvənmək olar”.
Miço Tataloviç
Mənbə: "sparringmind.com”
İngilis
dilindən tərcümə edən: Elcan Salmanqızı