Robinzon haqqında
Uşaqlıq
dövründə daha çox "İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830)
yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.). Qənaətimcə, bu kitab Daniel Defonun "Robinzon
Kruzo” əsərindən daha üstündür.
Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi
xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı günlərin bir günü qumun üzərində çılpaq
ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və
macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür. Həmin romanda bütöv
bir ailə – ata, ana, onların uşaqları özlərinin müxtəlif əməlləri ilə təsvir
olunublar. Təsəvvür edirsinizmi, neçə illərdən bəri bu ailənin məskunlaşdığı
adada gəzib-dolaşmışam! Hansı zülmlərlə
onların kəşflərinə yol tapmış, taleyinə həsəd aparmışam! Təəccüblü deyil ki, "Sirli ada”da özümdən
asılı olmadan hansısa qüvvə Elmi Robinzonları səhnəyə çıxarmağa təhrik
edib. "İki il məktəb tətili” romanımın
da personajlarını məhz bütöv Robinzonlar pansionu təşkil edir.
Amma mənim
adamda Vissin qəhrəmanlarından heç kim olmayıb. Orada mənim şəxsimdə Daniel
Defonun qəhrəmanı gəzib-dolaşıb. Öz arzularımda ağacların budaqlarından koma
quraraq iynədən tilov düzəltmiş, qədim insanlar kimi quru budaqlardan birini
digərinə sürtməklə od əldə edib tonqal qalamışam. Fəlakət barədə hər hansı işarə vermişəmmi?
Əsla yox! Əgər bunu etmiş olsaydım, çox güman ki, məni tezliklə aşkarlayıb
adadan aparardılar. Amma bunu istəmirdim! Çünki qabaqda hələ görüləcək işlərim
çox idi. Hər şeydən öncə aclıqla mübarizə aparmalıydım. Necə, hansı yolla? Axı,
mənim içi ərzaqla dolu qayığım suda batmışdı. Quşlarımı ovlamalı?.. Yox, bu
mümkünsüz idi. Axı, nə silahım, nə də ov itim vardı. Deyərsiniz, bəs
molyuskalara nə olmuşdu? Heç onlar da yox idi!
Yazıçı
olmaq arzusu barədə
Vallah,
heç yadıma sala bilmirəm ki, nə vaxt yazmamışam və ya da yazıçı olmaq fikrinə
düşməmişəm. Amma çox şeylər (tezliklə özünüz də buna əmin olarsınız) bu arzumu
gerçəkləşdirməyə mane olub. Məlum olduğu kimi, mənşəyimə görə mən bretonluyam (Nant
mənim doğma şəhərimdir), amma atam Parisdə təhsil alıb, ədəbiyyata həvəs
göstərib, şeirlər yazsa da, onların dərc etdirilməsinə marağı olmayıb. Yəqin
ki, yazıçı olmağıma həvəs irsən atamdan keçib. Elə onun kimi yaradıcılıq
fəaliyyətimə mən də şeirlə başlamışam. Sonralar nəsrlə məşğul olmuşam. Doğrusu,
heç özüm də bilmirəm ki, roman yazmaq barədə fikir necə yaranır, burada
həlledici rolu bir, bəzən isə digər hadisə oynayır. Çox hallarda yazmamışdan
öncə hər hansı süjet barədə çox götür-qoy edirəm. Amma elə ki, maraqlı fikir
yaranır, dərhal onu qələmə alıram.
Bəzi
kitablarımın necə yazıldığını düz-dəqiq söyləyə bilərəm. "Səksən gün dünya
ətrafında” kitabını yazmamışdan öncə
qəzetdə hansısa bir turist reklamı ilə rastlaşmışdım. Həmin yazıda bildirilirdi
ki, indiki zəmanədə insan yer kürəsini səksən günə gəzib dolaşmaq
iqtidarındadır. Bu fikir marağımı özünə çəkdi. Düşündüm ki, belə bir səyahətçi
yer kürəsinin öz oxu ətrafında fırlanması ilə təyin olunmuş məntəqəyə
göstərilmiş müddətdən ya tez, ya da gec çata bilər. Bax, elə bu fikir romanımın
əsas süjet xəttini təşkil etdi. Yəqin ki, mənim qəhrəmanım Fiales Foqt
yadınızdadır. O, məhz bu vəziyyətləri nəzərə alaraq evə vaxtında qayıtmaqla
mərci udur. Halbuki o, güman etmişdi ki, evə bir gün gec qayıda bilər.
Fransız
ədəbiyyatındakı rolum haqqında
Həyatımda
daha çox ona təəssüf edirəm ki, fransız ədəbiyyatında əvvəl-axır öz layiqli
yerimi tuta bilməmişəm.
İş
haqqında
Hər gün
səhər saat beşə qalmış (qışda bəzən bundan bir qədər gec) oyanır, beş tamamda
isə artıq yazı masasının arxasında əyləşib saat on birəcən işləyirəm. Çox gec
yazıram, sözləri, cümlələri dəfələrlə götür-qoy edirəm, çox vaxt qələmə
aldıqlarımı pozub yeni fikirlər üzərində işləyir, tam əmin olduqdan sonra fikrimi ümumiləşdirirəm. Çox vaxt bir dəfəyə beynimdə ən azından ona
yaxın romanın süjetini, hazır obrazları və fabulaları saf-çürük edirəm. Amma
mütəmadi düzəlişlər vaxtımı çox alır. Heç
vaxt yazdıqlarımdan razı qalmıram. Ən azından yeddi-səkkiz dəfə qələmə
aldıqlarıma qayıdıram, son nəticədə əsərimin ilkin variantından demək olar ki,
heç bir əsər-əlamət qalmır. Bu isə həm vaxt itkisinə, həm də əlavə vəsaitin
xərclənməsinə səbəb olur. Əməyim üçün insanlardan layiqli qiymətimi heç vaxt
ala bilməsəm də, həmişə çalışıram ki, yaratdığım əsərlər istər formasına,
istərsə də məzmununa görə oxucuların qəlbində özünə yer tuta bilsin.
Elm
haqqında
Düzünü
desəm, elmə bir o qədər də marağım olmayıb. Yəni, nə vaxtsa elm öyrənmək və ya
hər hansı bir eksperiment aparmaq niyyətindən həmişə uzaq olmuşam. Amma
uşaqlıqdan maşın-mexanizmlərin işinə böyük maraq göstərmişəm. Atamın Şandendə
bağ evi vardı. Onun yaxınlığında dövlət mexanika zavodu yerləşirdi. Şantana hər
gəlişim zamanı zavoda baş çəkər, saatlarla işləyən maşınlara tamaşa edərdim. Bu
maraq, demək olar ki, bütün ömrüm boyu məni tərk etməyib. Elə indinin özündə də
hansısa lokomotivin buxar maşınlarının işinə eyni həvəslə maraq göstərirəm.
Texnikaya marağım bədii yaradıcılıqla eyni vaxtda həyatımın başlıca
xüsusiyyətlərindən birini təşkil edib. Gənclik illərimin üç sevimli əsas
məşğuliyyəti isə Avropanın şəkil qalereyalarını gəzib-dolaşmaq, Luar qəsrinə ekskursiyaya getmək və şeir
yazmaqdan ibarət olub.
İnformasiya
haqqında
Mənə elə
dövrdə yaşamaq nəsib olub ki, istənilən mövzuda lüğətlər tapılırdı. Hər hansı
informasiyanı əldə etməkdən ötrü lüğətlər köməyə çatırdı. Müxtəlif məzmunlu
informasiyaları mütaliə edərkən xeyli sayda maraqlı elmi faktlarla
rastlaşırdım. Bu isə dünyagörüşümün zənginləşməsinə səbəb olurdu.
Yaradıcılıq
məqsədləri və həmkarlarım haqqında
Bəzən
deyirlər ki, macəra romanlarında üslub olmur, amma mən qətiyyən bu fikirlə razı
deyiləm. Doğrudur, insan xarakterinin tədqiqindən fərqli olaraq, bu istiqamətdə
baş verən hadisələri maraqlı ədəbi formaya salmaq çox da asan deyil. Açığını
deyim ki, mən psixoloji romanların aşiqi olmamışam, çünki onların heç birində
psixologiya elmi ilə ümumi bir oxşarlıq görməmişəm. Ona görə də "yazıçı-psixoloq”
adlandırılanları qəbul edə bilmirəm.
Onu da
bildirim ki, Dodye ilə Mopassan arasında yerlə göy qədər fərq görürəm. Hətta
Mopassanla fəxr edirəm. Mopassan dahidir, Tanrı ona hər şeydən yazmağa istedad
bəxş edib. Amma bununla belə Dikkens həmişə mənim ən sevimli müəllifim olub.
İngilis dilində cəmi olsa-olsa yüz söz bilirəm. Ona görə də Dikkensin
əsərlərini tərcümədə oxuyuram. Yox, mən heç vaxt Mopassanla Dikkensə fərq
qoymamışam. Amma nə edim ki, Dikkensi dəlicəsinə sevirəm. Həmçinin Kuperin
romanlarına maraq göstərmişəm və bu maraq indiyəcən davam etməkdədir. Kuperin
onlarla romanını ölməz hesab edirəm.
Qonorar
haqqında
Qonorar
barədə heç vaxt şikayət etməmişəm. Kitablarıma görə mənim naşirim yaxşı pul
qazananda sevinirəm. Əlbəttə, bəzən olub ki, yaxşı məbləğə müqavilə
bağlamadığım üçün peşmanlıq hissi çəkmişəm. "80 gün dünya ətrafında” romanım təkcə Fransada on milyon frank,
"Mixail Stroqov” romanı isə yeddi milyon frank qazanc gətirib. Bu pulun isə
gözlənildiyindən də çox az məbləği mənə çatıb. Amma mən öz gücünü yalnız pul
qazanmağa sərf edən insanlardan deyiləm. Hər şeydən öncə öz ideallarımla yaşayan
ədəbiyyatçıyam, sənət adamıyam. Əgər həmvətənlərim mənə qarşı azca da olsa
ədalətli münasibət bəsləsəydilər, bu, milyon dəfədən çox mükafata bərabər
olardı. Bax, təəssüf etdiyim və həmişə peşmanlıq çəkdiyim məsələ budur.
Romanlar
üzərində iş barədə
Roman
üzərində işə başlayarkən öncə onun necə başlayacağını, əsərin ortasında hansı
hadisələrin cərəyan edəcəyini və onun hansı finalla yekunlaşacağını
müəyyənləşdirirəm. Plan tərtib etdikdən sonra hər fəslin məzmunu üzərində
işləyirəm. Daha sonra yazılı mətni oxuyub qələmlə düzəlişlər edirəm. Əsl iş isə
mənim üçün birinci korrekturadan sonra başlayır. Heç vaxt son varianta ümid
bəsləmirəm. Amma xoşbəxtlikdən naşirim romanda müəyyən düzəlişlər etməyə mənə
icazə verir. Beləcə səkkiz, ya da doqquz
korrektura işindən sonra əsər çapa imzalanır.
İşin tempi
haqqında
Adəti üzrə
ildə iki roman üzərində işi başa çatdırıram. Həm də hər dəfə bunu nəzərdə
tutduğum müddətdən bir qədər əvvəl yerinə yetirirəm. Bax, indinin özündə də
yeni roman üzərində işləyirəm və bu əsər 1890-cı ildə nəşr olunacaq. Başqa
sözlə desəm, hazırda faktiki olaraq beş əlyazmam çapa hazırdır. Əlbəttə, bu
nailiyyətlər heç də qurbansız əldə olunmayıb. İllər ötdükcə anlamağa başladım
ki, həqiqətən də ağır əmək cəmiyyətdə yaşamağın zövqləri ilə heç də üst-üstə
düşmür. Arvadımla biz gənc olanda
Parisdə yaşayırdıq, həyatdan necə lazımdırsa zövq alırdıq. Son on iki ili isə
arvadımın doğulub boya-başa çatdığı Amyen şəhərində yaşayıram. Əlli üç il öncə arvadımla burada tanış
olmuşuq. Mənim bütün maraqlarım da azdan-çoxdan məhz burada zənginləşib. Elə
buna görə də dostlarımdan bəziləri mənim ədəbi nailiyyətlərimdən daha çox Amyen
şəhəri üzrə məsləhətçi olmağıma görə öyündüyümü deyirlər. Sözün düzü, şəhərin
idarəçiliyində iştirakımdan çox məmnunam.
Jül Vern
Tərcümə edən: Ağaddin BABAYEV