• cümə, 29 Mart, 08:55
  • Baku Bakı 5°C

Robert Vilson teatrı

03.11.16 11:04 13876
Robert Vilson teatrı
Növbəti yazını Amerikanın və dünyanın ən məşhur rejissorlarından biri haqqında yazmaq istədim.Vilson öz tamaşalarının həm də səhnə dizayneri olan tək-tük rejissorlardandır. Elə buna görə də onun tamaşalarında əksər rejissorlardan fərqli olaraq əsərlə səhnə tərtibatı arasında xoş bir bağlılıq olur. Tamaşa həqiqətən də sintetik xüsusiyyətinə, sənətsəl mahiyyətinə yaxınlaşır. O, karyerası ərzində həmçinin heykəltəraş, rəssam, xareoqraf və işıqçı da işləmişdir. Ümumi bioqrafiyasına göz yetirək.
Robert Vilson 1941-ci ildə Texas ştatının Vako bölgəsində anadan olub. 1959-cu ildən 1962-ci ilə qədər Texas Universitetində biznes təhsili aldıqdan sonra 1963-cü ildə Bruklinə köçüb. 1965-ci ildə Pratt sənət institutuna qəbul olunub. Burada rəssamlıq ixtisasına yiyələnib və buradan da heykəltəraşlığı öyrənmək üçün Arizonaya gedib. Arizonada arzu etdiyi təhsili P.Solerinin məktəbində alıb.
1960-cı illərin əvvəlində Nyu-Yorka köçən Vilson zamanının öndə gedən xareoqrafları ilə çalışır. 1968-ci ildə ilk eksperimental teatr kompaniyasını – Bird Hoffman məktəbini yaradır. Bu məktəbin adı onun uşaq vaxtı pəltəkliyini düzəltmiş müəlliminin adı ilə bağlı idi. Burada 1969-cu ildə "İspaniya Kralı” və "Siqmund Freydin Həyatı və Zamanı” adlı əsas tamaşalarını qurur. 1970-ci illərin əvvəllərində opera ilə ilk işini görür və bəstəkar Filip Qlassla "Eynşteyn Sahildə” əsərini səhnələşdirir. Bu tamaşa hər iki sənətkara dünya məşhurluğu gətirir. Bunun ardından Vilson Avropanın ən məşhur teatr və operaları ilə işləməyə başlayır. 1972-ci ildə səhnələşdirdiyi "Deafman Glance” əsəri öz sürrealist xüsusiyyətləri ilə toplumun diqqətini özünə çəkməyi bacarır. Səssiz olan bu tamaşa Parisdəki premyeranın ardından Nansi Teatr Festivalında nümayiş olunur.
1983-84-cü illər ərəfəsində o, 1984 Yay Olimpiya Oyunları üçün "the CIVIL warS: A Tree Is Best Measured When It Is Down” tamaşasını hazırlamağı planlaşdırır. Tamaşa 12 saatlıq idi və 6 hissədən ibarət hesablanmışdı. Lakin, tamaşa qismən tamamlandı. Çünki, Olimpiya Sənət Festivalı tərəfindən maliyyə çatışmazlığı üzündən bütün tamaşa qadağan olundu. Amma 1986-cı ildə Pulitzer mükafatının dram üzrə bölməsinin jürisi yekdilliklə bu tamaşaya səs verdi. Lakin, sonradan müşahidə şurası bu qərarı rədd etdi və həmin il heç bir əsərə mükafat verilmədi.
1990-cı ildə Vilson 4 Qərbi Almaniya şəhərində 4 yeni tamaşa qurdu: Frankurtda Şekspirin "Kral Lir”, Münhendə Çexovun "Qu Quşunun Nəğməsi”, Qərbi Berlində Vircinia Vulfun "Orlando” və Hamburqda V.Burrouz və Tom Veytzin birgə müziklə çevirdiyi "Qara Atlı” əsərləri əsasında.
Robert Vilson teatrın sərhədlərini qırmaqla tanınır. Onun əsərləri sadə üslubu, çox asta hərəkətliliyi və tez-tez zaman və ya məkan içində ifrat miqyasçılığı ilə tanınır. Məsələn, "KA MOUNTain and GUARDenia Terrace” tamaşası İranın Şiraz bölgəsində dağ təpəsində 7 gün ərzində, 7 fərqli məkanda, 7 ailənin həyatını canlandırırdı. Digər bir tamaşa "İosif Stalinin Həyatı və Zamanı” isə 12 saatlıq çıxış idi.
2010-cu ildə uzun müddət əməkdaşlıq etdiyi bəstəkar Tom Veyts və irland dramaturq Martin Makdonax ilə birgə yeni müzikl tamaşası hazırlayırlar. Onun "Heçnə Barədə Mühazirə” adlı tamaşası 2012-ci ildə Almaniyadakı "Ruhrtriennale” musiqi və incəsənətfestivalında mərhum bəstəkar Con Keycin 100 illiyinə görə hazırlanmışdı. Bu tamaşanın ABŞ premyerası isə Kaliforniya universitetində 2013-cü ildə keçirildi. Həmçinin, 2013-cü ildə Vilson rusiyalı sənətçi Mixail Barişnıkov və dünyaca məşhur aktyor Vilyem Defonun iştirakı ilə rusiyalı dramaturq Danil Xarmzın Qoca Qadın əsərini səhnələşdirir. Tamaşa ilk dəfə Mançestr Beynəlxalq festivalında nümayiş olunur. Vilson yazırdı ki, o və Barışnikov neçə illərdi ki, bir rus əsəri əsasında tamaşa qurmaq istəyirdilər. Və sonunda ortaya belə bir tamaşa çıxdı: rəqs, işıq, musiqi ifası və ikidilli çıxışdan ibarət bir tamaşa. Vilson bundan başqa rəssamlıq, vizual sənətlə də məşğul olmuşdur. O dünyanın bir çox məşhur aktyorları ilə maraqlı foto layihələrə imza atmışdır.
"Vilson” teatrı.
Dil Vilson teatrının əsas elementlərindən biridir və onun teatrın bu bölməsinə təsiri böyükdür. Brandeis Universitetinin professoru Artur Holmberq deyirdi: "Teatrda dilin böhranını Robert Vilson kimi şiddətlə dramatikləşdirən bir dahi yoxdur” . Vilson əsərlərində dilin nə olduğunu və niyə təkidlə vacib olduğunu, həmçinin niyə gözdən yayınmamalı olduğunu vurğulayır. Robertin teatrda əməkdaşlıq etdiyi bəstəkar Tom Veyts isə bunları demişdir: "Onun üçün sözlər gecə mətbəxdə yerə tökülmüş mıxları xatırladır və siz bu zaman ayaqyalın olursunuz. Yəni, Bob (Vilson) incitmədən keçmək üçün yolu təmizləyir. O, sözlərin formasını və dəyərini dəyişdirir. Onlara bəzən artıq, bəzənsə daha az anlam qazandırır”.
20-ci əsrin məşhur yazıçısı Ejen İonesko Vilson haqqında demişdi: "O, Bekketi belə adladı. Çünki Vilsonun səssizliyi danışan səssizlikdir”. Ola bilər ki, bu səssizlik tamaşaçının əsəblərini pozsun, lakin bu, dilin yoxluğunda onun nə qədər vacib olduğunu göstərməyə xidmət edir. Bu, Vilsonun öz suallarına cavabıdır: "Niyə heç kim baxmır? Niyə kimsə necə baxmaq lazım olduğunu bilmir? Niyə heç kim səhnədə nə isə görmür?”
Hərəkət Vilson tamaşalarının başqa bir əsas elementidir. O öz "sözsüz” tamaşası olan H.İbsenin "Biz, Ölülər, Oyananda” əsərindən danışarkən deyirdi: "Mən mətn üzərində çalışmazdan əvvəl hərəkət üzərində çalışıram. Daha sonra hərəkəti və mətni birləşdirirəm. Mətn olmadan təkcə hərəkətlə tamaşada durmağı bacardıqlarından əmin olmaq üçün ilk hərəkəti edirəm. Hərəkət özlüyündə bir ritmə və struktura malik olmalıdır. O mətni izləməməlidir. Sizin nə eşitdiyiniz və gördüyünüz fərqli anlayışlardır. Onlar bir araya gəldikdən sonra isə ortaya fərqli bir şey çıxır.”
Vilson hətta ətrafını belə bunun vacibliyinə adaptasiya edir. O, tez-tez mürəkkəb hərəkət ardıcıllığı göstərir və aktyorlardan bunu etmələrini tələb edir. Vilson zaman və məkan ətrafında qurduğu tamaşalarda hərəkət və sözün sintezi ilə tamaşaçıya düşünməsi üçün məkanda bir boşluq yaradır. Tamaşaları haqqında danışarkən Vilson yalnız bunu deyir: "Bu nədir?”
Vilson görüntünün tamaşaçı tərəfindən yozulmasına şərait yaradarkən həmçinin bir çox nəzəriyyəçilərin də teatrı fərqli yozmasına gətirib çıxarmışdır. Məsələn, uzun müddət Robert Vilsonla çalışan Stefan Brext onun tamaşalarını "Theatre of Visions” (Baxış Teatrı) adı ilə dəyərləndirmişdir. Digər bir tənqidçi Bonni Maranka isə Vilsonun mətn və dil eksperimentlərini irəli çəkərək bu teatrı Theatre of İmages (Obraz Teatrı) toplusuna daxil etmişdir. Bunlardan ən çox tanınanı isə Hans-Ties Lemanın "Postdramatik Teatr” kitabıdır. Leman Vilson teatrını təkcə öz içində yox, həm də ümumi post-dramatizm cərəyanı ilə uyğunlaşdırır və geniş bir araşdırma aparır. Leman post-dramatik teatrı "dramın başqa yanı” adlandırır. Bu teatrda rejissordan başqa aktyorun, musiqiçinin, rəqqasın da özünəməxsus azad məkanı vardır. Bədən bir obrazı canlandırmaqdan daha artıq səhnədə səsi, ritmi, ahəngi axtaran bir şeyə dönür.
Vilsonun tamaşaları da post-dramatik teatrın bir hissəsinə çevrildi. Onun əsərlərində tamaşaçı xəyali bir dünyaya, yuxuya düşür və onu anlamağa çalışır. Post-dramatik teatrda olduğu kimi Vilson teatrında da mətn önə çəkilir, mizanlar ikinci sıraya düşür. O səhnədə mətnin rəsmini çəkməyə çalışır. Bir neçə gün davam edən tamaşaları ilə tamaşaçıya daha azad, daha geniş bir çeşid təqdim edir.
Robert Vilson öz dizayn təcrübəsini teatrda istifadə etməklə tamaşaçıya illüziya yaradır, ona böyük zövq verir. İşığın, səhnəqrafiyanın düzgün işlənməsi onun teatrının əsas elementlərindəndir. O səhnədə işığa ayrıca bir obraz kimi baxır. Vilson belə demişdi: "İşıq olmasa məkan olmaz, məkan olmayanda isə teatr olmur.” Qısa və konkret desək, Vilson teatrı işıq və səhnə qrafikası ilə səhnədə fövqəladə bir bədiilik yaradır.
Onun məşhur quruluşları arasında "Qoca Qadın”, "Şekspir sonetləri”,Hötenin "Faust”, Ejen Ioneskonun "Kərgədanlar”, Büxnerin "Voytzek” və s. tamaşaları yer alır.
Emin Əliyev
Tələbə-teatrşünas
banner

Oxşar Xəbərlər