Robert Hossein: “Bir az da təkid etsəniz, burda qalacam” - "Bizim qonaq" - Fotolar
Fransız aktyor və rejissor: "Məni Azərbaycana dəvət etdiklərinə görə, prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”
Onu illərdir
ki, üç ölkə - Azərbaycan, Rusiya və İran öz arasında bölə bilmir. Özü isə bu məsələyə
gülə-gülə reaksiya verir: "Bu o deməkdir ki, mən hamınınam”. Xanımı Kendis Patu
ilə "Kaspi”də qonaq olan əfsanəvi fransız aktyoru və rejissoru Robert Hossein Bakıda xüsusən gənclərin ona sevgisindən
heyranlığını gizlətmir. "Bizim
qonaq”da da eyni səmimiyyətlə: "Mənim haqqımda nəyi bilmək istəyirsinizsə,
soruşun” - dedi.
Kasıb, amma zəngin fikirlərlə doğulmuşam
- Sizi kino
aləmində daha çox Joffrey de Peyrak roluna görə tanıyırlar. Ancaq sizin kino və
teatrda yüzdən çox rolunuz var. Bircə rolla tanınmaq sizi məyus etmirmi?
- Mən
150-dən çox filmdə həm aktyor, həm də rejissor kimi iştirak etmişəm. Həm
oynamışam, həm də özüm səhnələşdirmişəm. Çoxlu tamaşalar hazırlamışam, kütləvi səhnələr qurmuşam.
Ancaq Joffrey roluna görə məni daha çox tanıyırlar. Moskvada olanda küçəyə çıxa bilmirdim. Bütün
insanlar məni əhatəyə alıb, bu rolla bağlı suallar verirdilər. Bakıda universitet
gəncləri ilə görüşərkən də, bu sevgini gördüm. Hamı bu roldan danışırdı...
- Siz həmçinin, çoxlu mənfi rollar da
oynamısınız. Ancaq "Anjelika, mələklərin markizası” filmində bizim üçün ən
maraqlı məqamlardan biri Qraf Joffreyin Anjelikanın qarşısında görünməsidir -
qoca, bədheybət, axsaq… Ancaq indi gözümüzün qarşısında həddindən artıq
yaraşıqlı bir kişi oturub. Belə bir insanın elə bir rolda çəkilməsi maraqlıdır.
Bu, sizin ən sevimli rolunuzdur?
- Mən
çox məmnunam ki, bütün fikirlər "Anjelika” filminin ətrafında dolaşır. Ancaq mən
sevdiyim filmlərin içərisində "Professional”ı da qeyd edərdim. Komissar Rozin
rolunu çox xoşlayıram. Çoxlu qanqster rolları oynamışam. Həmçinin, kifayət qədər
polis rollarım var.
- Oynadığınız hansı rol xarakterinizə daha
çox yaxındır?
- Fyodor
Dostoyevskinin "Cinayət və cəza” əsərindəki Raskolnikov bəlkə mənə bir az
oxşayır. Mən teatrda yazıçının "Cinayət və cəza”, "Şeytanlar” əsərlərini, həmçinin
digər rus klassiklərinin əsərlərini səhnələşdirmişəm.
- Dostoyevskiyə müraciət etməyiniz maraqlıdır.
Fikirlər var ki, yazıçının əsərlərinə müraciət edən rejissorlarda insanın
peşmançılıq hissini qabartmaq düşüncəsi olur. Sizi onun yaradıcılığında cəlb edən
nə olub?
- Onu
bilirəm ki, mən həmişə Raskolnikovun və Sonyanın yanında olacağam.
- Fransada meydanlarda və stadionlarda
qurduğunuz kütləvi səhnələrə görə sizi "Respublikanın xalq rejissoru”
adlandırırlar. O qədər insanla iş prosesində necə dil tapa bilirsiniz?
- Hər dəfə çəkilişlər vaxtı 150-ə yaxın insanla işləyirəm. Stadiondakı
çəkilişlərdə 85 min insan olur. "Ben-Hur” filmi mənim üçün daha çox adamların
toplaşdığı filmdir. Həmin filmin çəkilişləri zamanı bu qədər tamaşaçıdan əlavə,
450-ə yaxın aktyor heyəti yığışmışdı. Mən o qədər insanlarla işləyirdim. Ancaq
sonradan işsizliyin artdığını görüb Ren şəhərinə
getdim. Orada məktəb açaraq, işsiz gəncləri aktyor kimi yetişdirmək üçün cəlb
etdim. Mənim fəaliyyətimin nəticəsi o oldu ki, tanınmış aktrisa İzabella Adcanini
küçədən həmin məktəbə gətirdim. Sonradan o, çox məşhurlaşdı.
- Hazırkı fransız kinosu il 40-50 il əvvəlki
fransız kinosu arasında çoxmu fərqlər var?
- Bu gün
istedaddan danışmaq düzgün deyil. Bu gün vasitələr də, yanaşma tərzi də əvvəlki
konsepsiya deyil. Elə bir şey yaradılmalıdır ki, insanların qəlbinə toxuna
bilsin. Bu gün artıq o yoxdur. Ancaq bir şey hələ də mövcuddur - mübadilə,
bölgü, ümid və şüurlu şəkildə yanaşmaq. Ancaq bu cür düşünmək məni nəinki işləməyə,
bəlkə də küçəyə aparar.
- Siz şöhrəti çox erkən əldə etmisiniz. Bütün
ömrünüz səhnələrdə, projektorların işığı altında keçib. Necə düşünürsünüz, bu qədər
şöhrətli olmaq yaxşıdırmı?
- Mənim
üçün vacib olan gələcəkdir. Gələcək isə gənclik deməkdir. Mən anadan kasıb, amma
zəngin fikirlərlə doğulmuşam.
- Amma çoxdandır filmlərə çəkilmirsiniz.
Kameraya vida etmisiniz?
- Çətin
olan birinci 50 ildir. Həyatın ikinci yarısına qədəm qoyanda hər şey rahatlıqla
öz yolu ilə gedir. Çünki birinci 50 ildə hər şeyə adət edirik. Hal-hazırda
bütün dinləri, irqləri bir yerə toplayan və insanları sülh şəraitində yaşamağa
çağıran bir tamaşa hazırlayıram. Əgər mən dünyanın ən böyük tamaşasını
hazırlamaq üçün vəsait tapsam, onu Azərbaycanda həyata keçirəcəm.
- Bir aktyor kimi ürəyinizdə oynamaq istədiyiniz
rolların həsrəti qalıbmı?
- Çoxlu
rollar var...
Göz yaşları gəncliyimin nostalgiyası idi
- Azərbaycan haqqında təəssüratlarınız
maraqlıdır?
- Artıq
dördüncü dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycan mənim üçün elə bir ölkədir
ki, özümü burada rahat hiss edirəm. Ona görə də bu ölkəni çox sevirəm. Mən
burada keçmişdən üzü bəri inkişafda olan bir şəhəri görürəm. Bu, mənim üçün
dövrülük deyil, əbədilikdir. Küçədə insanlarla rastlaşanda onların
emosiyalarını hiss edib, özüm də həyəcanlanıram. Burada insanlarla danışıb
ünsiyyət qurmaq çox rahatdır. Xüsusən ölkənin inkişafını görəndə çox sevinirəm.
Məni Azərbaycana dəvət etdiklərinə görə, prezident İlham Əliyevə və ölkənin
birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Çünki onlar mənə əcdadlarımla
yaxından tanış olmaqda kömək etdilər.
Kendis Patu: - İlk dəfə biz Azərbaycana dəvət alanda 40 il idi
ki, Robert təyyarəyə minmirdi. Çünki bizi İrana da dəvət etmişdilər. Amma biz
getmirdik. Birinci xanım Mehriban Əliyevanın dəvətini böyük məmnuniyyətlə qəbul
etdik. Robert özünü pis hiss edər deyə, hər ehtimala qarşı dərmanlar götürdüm.
Bakıda hava limanına enəndə çoxlu insanlarla əhatə olunduq. Elə burada Robertin
atasının musiqisini dinləməli olduq. Fransadan Bakıya neçə uçduğumuzu bilmədik.
40 illik həyəcan itib-getdi. Sonra biz İçərişəhərə getdik. Robert köhnə şəhərdə
gəzdikcə, çox təsirləndi. O Qız qalasına baxdı və ağlamağa başladı. Yolda olan
yaşlı bir azərbaycanlı Robertə yaxınlaşdı və onu qucaqladı. Biz həmin səhnəni
yaddan çıxara bilmirik.
- Cənab Hossein, heç şübhəsiz ki, sizin Azərbaycanın
20 faiz torpağının işğal altında olması ilə bağlı məlumatınız var. Sizcə
kinematoqrafiyanın, mədəniyyətin dili ilə bu həqiqətləri dünyanın diqqətinə
çatdırmaq olar?
- Bu,
ağrılı məsələdir. Çox istərdim ki, bu münaqişə hüquq çərçivəsi daxilində
tezliklə öz həllini tapsın. Hər iki tərəfin hüquq çərçivəsində barışıq əldə etməsinə
təsir edə bilən tamaşa və ya kino çəkmək olar. Çünki bu, hər iki tərəf üçün
ağrılıdır. Azərbaycanın bu münaqişədən çox əziyyət çəkdiyini görürəm. Ancaq mənə
elə gəlir ki, bu münaqişəni daha da mürəkkəbləşdirən siyasi əlaqələrdir. Hər
iki tərəfin rahat yaşamaq imkanı üçün hüquq çərçivəsində barışıq əldə etmək
lazımdır. Kənardan müdaxilə olmadan tərəflərin oturub münaqişəni müzakirə etməsi
və barışığa gəlib çatması çox vacibdir. Bu gün erməni lobbisi çox güclüdür. Biz
bunu Fransada da çox hiss edirik. Mədəniyyət və ya kinematoqrafiya yolu ilə bu
münaqişənin həllinə kömək etmək olar.
- Siz
bizim universitet tələbələri ilə görüşərkən,
filmlərinizdən kadrlar nümayiş olunan zaman ağlayırdınız. Aktyoru belə məqamlarda
ağladan nədir - keçmişimi, gəncliyimi?
- Bu göz
yaşları gəncliyimin çox qəribə nostalgiyası idi. Gözlərimi yaşadan xatirələrim
idi. Mən çox həyəcanlanmışdım.
Evdə tar varsa, deməli, bizdə Azərbaycan musiqisi
çalınır
- Müsahibələrinizdə dəfələrlə demisiniz ki, atanız
sizə "Həyatda hər şey ola bilər, ona görə bunlara alışmaq lazımdır” məsləhətini
verib. Siz çox qaynar, hay-küylü həyat yaşamısınız. Atanızın vəsiyyətinə əməl
etmisiniz? Əgər etmisinizsə, bu, sizi xoşbəxt edibmi?
- Atamın
xatirələrinə, məsləhətlərinə adət etmişəm. Atam Tehrandandır, o, çox gözəl tar
çalan olub. Hətta deyirlər ki, İranda hər il onun vəfat etdiyi gün qeyd edilir.
Atamgilin də, mənim də həyatım çox çətin olub. İmkanımız olmadığından 12-13
yaşlarında mən tez-tez məktəbi dəyişirdim. Biz binanın çardağında yaşayırdıq.
Əl yumaq üçün 2-ci mərtəbəyə düşürdük. Su üçün isə dəhlizə çıxırdıq. Bütün bu çətinliklərə
görə, atam mənə bu kimi məsləhətləri vermişdi. 14 yaşıma keçəndə "Mən artıq həyatımı
qazanmalıyam” deyib, qarşıma məqsəd
qoydum və San-Jermenə getdim. O vaxtdan həyata atıldım və yaşamağa başladım. Mən
oteldə işləyirdim. Orada bir rus rəssam qalırdı. O, hər gün dəhlizdə balıq
bişirirdi. Rəssam kirayə pulunu ödəyə bilmirdi. Otelin sahibi mənə "ya onu oteldən
çıxar, ya da ikinizi də çölə atırıq” dedi. Mən rəssamın yanına getdim və vəziyyəti
izah etdim. O, "mən bir gün milyarder olacam” deyincə, təəccüblə onun üzünə
baxdım və ürəyimdə "sən heç kirayə pulunu ödəyə bilmirsən, necə milyarder
olacaqsan” dedim. Həmin rəssam Polyakov idi.
- Oğlunuz da Azərbaycan tarına meyl edib və bu alətdə
çalır. Maraqlıdır, siz evdə hansı musiqiyə qulaq asırsınız? Azərbaycan
musiqisi, xüsusilə muğamı dinləyirsinizmi? Həmçinin hansı Azərbaycan filminə
baxmısınız? Xoşunuza gəlibmi?
- Əgər
Azərbaycan filmlərini Parisdə göstəriblərsə, mən onlara baxmışam. Muğam diskləri
var, ondan əlavə, əgər evdə tar varsa, deməli, bizdə Azərbaycan musiqisi
çalınır. Oğlum təkcə tarda çalmır, həm də pianoda ifa edir. Eyni zamanda,
hazırladığım tamaşada və filmdə də tarın ifası var. Dünən haradasa süpürgə də
gördüm və "bunu aparım” dedim. Çünki orada süpürgə yoxdur. Azərbaycan musiqisi,
folkloru doğrudan da fövqəladə təsirə malikdir. Biz Azərbaycan musiqisinə çox
qulaq asırıq.
- Müsahibələrinizin birində "Mənim heç evim də yoxdur, xeyriyyəçiliklə
məşğulam” demisiniz. Bu indiki dövrdə utopiya kimi səslənmirmi?
- "Mülk
sahibi” mənası mənim üçün yoxdur. Həqiqətən də mənim evim yoxdur. Əgər həyatda
daimi olsaydım, bu barədə düşünərdim. Mən xeyriyyəçiliklə məşğulam, amma bu, o
qədər də böyük sferanı əhatə etmir.
Kiçik, amma yaxşı döyüşlər
- Çox istərdik ki, bu suala həyat yoldaşınız
cavab versin. Xanım Patu, dünyaca məşhur bir insanın həyat yoldaşı olmaq çətin
deyil ki?
Kendis Patu - 40 ildir biz bir yerdəyik. Mən onu seçdim. Bir
insan kimi görmək istədiyim xüsusiyyətləri onda tapdım. Mən ona rast gələndə
artıq Anjelika dövrü keçmişdi. O, yeni bir yola çıxmaq üçün istiqamətlər
axtarırdı. O, teatr istiqamətini götürdü və o zaman biz rastlaşdıq. Keçmiş
arxada qaldı. Biz ikilikdə yeni bir yola başladıq. Çünki mən özüm də teatr
aktrisası idim və birlikdə teatrda irəlilədik. Bu yol bizim 40 il bir yerdə
olmağımızı təmin etdi. Bəzən Robertin çəkilişləri başqa məkanlarda olurdu. Ona
görə də o mənə " teatrdan çıx, biz bir yerdə olmalıyıq” dedi. Görüşlərimizin
birində dostlardan biri mənə "sən həqiqətən bir xəzinə tapmısan” deyəndə,
düşündüm ki, biz mütləq daim bir yerdə olmalıyıq. Ondan sonra mən teatrı tərk
etdim.
- Robert Hosseinin hansı şıltaqlıqları var?
- Kiminlə yaşayırıqsa və onun özünəməxsus xasiyyəti varsa, bu artıq bir
döyüşdür. Ancaq bu kiçik döyüşlər yaxşı döyüşlərdir ki, bizi bu həyat yoluna gətirib
çıxarıb. O vaxtkı məhəbbətlə bugünkü məhəbbət bir-birinə qarşılıqlı hörmətə gətirib
çıxarır. Heç vaxt əllərini yanına salıb oturmaq olmaz. Hər bir kəsin öz şəxsiyyəti
var, güzəştə getməlisiniz, amma çox yox. Parisdə hazırkı problem ondan ibarətdir
ki, bugünkü cütlüklər evlənəndən sonra tez də ayrılırlar. Tutaq ki, sizin
bağınız var və orada qızılgüllər əkirsiniz. Yaxşı seçim də edə bilərsiniz.
Ancaq nə əkirsinizsə əkin, o müəyyən vaxtdan sonra boya- başa çatır. İnsan bir-birinin
gözünün içinə baxa-baxa, yavaş-yavaş hər şeyə adət edir. Ancaq hər gün bayram
deyil, bunu dəqiq bilirəm. Hər şeyə ciddi yanaşmaq lazımdır, amma həddən artıq
yox.
İnancın sonu Allahın mövcudluğu ilə bitəcək
- Jerar Depardye Rusiya vətəndaşlığını qəbul edib.
Sizin də ürəyinizdən Azərbaycan vətəndaşlığını qəbul etmək keçibmi? İçinizdə Azərbaycanda
qalıb yaşamaq hissi varmı?
- Mən əldə etdiklərimə görə Fransaya öz minnətdarlığımı
bildirmək istəyirəm. Çünki nə əldə etmişəmsə, o ölkədə qazanmışam. Ancaq Azərbaycanda olmağı da çox istərdim. Çünki gələndən
bəri hamı "bəlkə burda hansısa tamaşa qurasınız” deyir. Bir az da təkid etsəniz,
burada qalacam. Depardyeyə gəlincə, mən onunla qardaş kimiyəm. Hazırda səhnələşdirdiyim
tamaşada bütün dini kitabları da ona oxutduracam. Məqsədim həmin filmdə
Depardyenin oynamasıdır. Depardye o filmdə dindar rolunu oynayacaq. Çünki o,
dinə inanandır.
- Bəs sizin inancınız, ən böyük duanız nədir?
- Mən sadəcə, inanıram. Bizim evimizdəki müsəlman qadını 25 ildir ki, hər
gün namaz qılır. Mən Allaha o qədər inanıram ki, bu inancın sonu onun
mövcudluğu ilə bitəcək. Düşünürəm ki, bütün dinlərə hörmət lazımdır. Müqəddəs
kitabların hamısının mənşəyi eynidir. Mən Mehriban Əliyevanın Parisdə dəfələrlə
təşkil etdiyi tolerantlıqla bağlı konfranslarda iştirak etmişəm. Hər bir
insanın özünün kimliyi olmalıdır. Bu kimliklə bərabər, başqasının da kimliyinə
hörmətlə yanaşılmalıdır. Biz ona görə Azərbaycana gəlirik ki, o fərqi hiss
etmirik.
Təranə Məhərrəmova