“Riyaziyyatdan indiyə qədər də xoşum gəlmir” - Keçmişdəki mən
Hələ məktəb illərindən ölkədə və dünyada gedən siyasi proseslər diqqətini
çəkib, baş verən hadisələrin incəlikləri ilə maraqlanıb. Bu həvəsi onun ömrünü
həsr edəcəyi iş seçiminə də təsir göstərir və uzun illər bu sahədə çalışır.
Çoxlarının çətin dediyi, riskli adlandırdığı sahədə çalışmaqdan zövq alan
müsahibimiz sabiq diplomat, Qərb
Universitetinin professoru, politoloq Fikrət Sadıxovdur. Hər zaman mətbuata
siyasi açıqlamalar verən F.Sadıxovla bu dəfə keçmişdən - uşaqlıq, gənclik illərindən
danışdıq.
Bakıda
doğulub, uşaqlıq illəri də elə bu şəhərdə keçib. O illərdən danışanda əsas
zabit olmaq istəyini dilə gətirdi: "Nəslimiz Şuşadandır. 1918-ci ildə Şuşada
daşnaklar azərbaycanlılara qarşı təmizləmələrə başlayanda nənəmlə babam Cənubi
Osetiyaya getmişdilər, atam orda doğulub. Lakin sonradan Bakıya köçüblər, mən də
burda dünyaya gəlmişəm. Uşaqlıqda zabit olmaq istəyirdim. Mənə hərbi simvolları
hədiyyə edəndə çox xoşbəxt olurdum. Uşaqlıq illərimdən danışanda əsas onlar göz
önümdən keçir. Bilirsiniz, o istək hələ də içimdə var. Bu yaşda əsgər gedərəm.
Dəcəl yox, sözə baxan, sakit, vaxtını oxumağa həsr edən uşaq olmuşam”.
"Riyaziyyatdan indiyə qədər də xoşum gəlmir”
Orta təhsilini
Səbail rayonu160 nömrəli tam ortaməktəbdə
alıb. Əlaçı olmasa da, deyir ki, qiymətləri pis olmayıb. Siyasətə marağının da
elə orta məktəb illərindən başladığını bildirdi: "Əlaçı olduğumu deyə bilmərəm,
amma qiymətlərim yaxşı olub. Bir sıra fənləri sevirdim, bəzilərindən xoşum gəlmirdi.
Məsələn, riyaziyyatdan indiyə qədər də xoşum gəlmir. Amma ədəbiyyat,
publisistika, geosiyasət, ingilis dili, beynəlxalq münasibətlər, ümumiyyətlə,
regionda və dünyada gedən siyasi proseslər həmişə məni cəlb edirdi. 8-ci sinifdə
hətta "Komsomolskaya Pravda” qəzetində yazım çıxmışdı. Publisistika ilə hekayə
arasında ortaq bir yazı idi. Yazımın çap olunması mənim üçün böyük xoşbəxtlik
oldu. Çünki yazmaq, yaradıcılıqla məşğul olmaq istəyirdim, siyasətlə
maraqlanırdım. Soyuq müharibə gedən dövr idi, dünyada mürəkkəb siyasi proseslər
cərəyan edirdi və onların incəlikləri məni maraqlandırırdı”.
"Müəllim dedi ki, oğlunuzun nə etdiyini
bilirsiniz?”
Ötən illərdən
danışanda adətən xatirələr dilə gəlir. Hələ söhbət məktəb dövründən gedirsə, hər
kəsin unutmadığı xatirələr olur. Fikrət müəllim də bizimlə söhbət zamanı yəhudi
müəllimi ilə bağlı maraqlı bir hadisəni danışdı: "7-ci sinifdə kimya fənnini
bizə yəhudi müəllim keçirdi. Hesab edirdi ki, hamı dərsdən sonra qalıb onun
hansısa mühazirəsini dinləməlidir. Mənəviyyat məsələləri ilə bağlı mühazirə
deyirdi. Dərsən sonra uşaqlar yorğun və ac olduqları üçün əlavə mühazirədə
oturmaq həvəsi heç kimdə qalmırdı, həmçinin də məndə. Bir-iki dəfə getmədim.
Bir dəfə şənbə günü qapı döyüldü, gələn həmin müəllim idi. Valideynlərim
narahat olmağa başladılar ki, Fikrət nə edib ki, müəllim evə qədər gəlib? Müəllim
dedi ki, oğlunuzun nə etdiyini bilirsiniz? Valideynlərim artıq çox narahat
oldular. Müəllim dedi ki, Fikrət dərsdən sonra mənəviyyat haqqında mühazirəyə gəlməyib.
Müəllim evə gəldiyi üçün bir dəfə yenə getdim, amma sonra getmədim. Çünki onun
həmin mühazirəsi uşaqlara alçaldılmış formada nəsihət vermək xarakterli idi, bu
isə mənim diqqətimi çəkmirdi”.
"Dedi ki, sənə təhlükə yaransa, snayper kimi
atacaqsan”
Ali təhsil
seçiminə orta məktəbdəki marağı təsir edir olur və o, Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur: "Çünki Yaxın Şərqdə baş
verən proseslər məni daha çox maraqlandırırdı. Düzdür, universitetdə həmin
fakültədə siyasət mənim istədiyim kimi xırdalıqlara qədər öyrədilmirdi. Ədəbiyyat,
poeziya, ərəb ölkələrinin dramaturgiyası, mədəniyyətinə daha çox üstünlük
verirdilər, məni isə siyasət maraqlandırırdı. Ona görə özüm əlavə kitablardan
istifadə edib oxuyurdum. O vaxt internet yoxuydu, əsas mənbə kitab, qəzet,
jurnallar idi”.
Deyir
ki, o vaxt dünyada proseslər qarışıq olsa da, onu bu cür məqamlar qorxutmayıb:
"İşlə bağlı Yəmən Xalq Respublikasına göndərilmişdim. Sovet İttifaqının Xodeyda
şəhərində baş konsulluğu varıydı. O vaxt Şimali Yəməndə vətəndaş müharibəsi
gedirdi, amma məndə qorxu hissi yox idi. Əksinə, hesab edirdim ki, belə bir şəraitdə
işləmək daha maraqlıdır, nəinki stabil ölkədə. Hətta bir dəfə baş konsulluğu
qarət etmək istəyirdilər, bizə xəbər gəldi ki, saat 5-6-da camaat yığışır,
silahlı hücum ola bilər. Baş konsulun müavini bizi yığıb dedi ki, burda
"Kalaşnikov” tipli avtomatlar var, hücum olsa, götürüb özünüzü müdafiə edərsiniz,
başqa çıxış yolumuz yoxdur. Dedim ki, axı mənim "Kalaşnikov”dan istifadə etmək
təcrübəm yoxdur. Dedi ki, sənə təhlükə yaransa, snayper kimi atacaqsan. Həmin
vaxt ora radikal qüvvələr gəldi, şüarlar, baş konsulluğa hədə-qorxu, təhqirlər
səslənirdi, amma hücum olmadı”.
"Sıravi əsgərlik görməmişəm”
Hərbi
xidmət dövrü 70-ci illərə təsadüf edib. Amma elə çətin bir rejimdə əsgərlik çəkmədiyini
deyir: "Mən universiteti bitirib getmişdim. Zığ qəsəbəsində yerləşən hərbi hissədə
əsgərliyə başladım. Orada ərəblərin oxuduğu hərbi donanma vardı, məni tərcüməçi
kimi götürdülər. Sonra Həştərxanda, Türkmənistanda xidmət etdim. Zabit oldum
deyə, sıravi əsgərlik görməmişəm. Düzdür, tabeçiliyimdə heç kəs yox idi, tərcüməçilik
edirdim”.
Deyir
ki, hələ orta məktəb illərindən bu yana xoşuna gələn, simpatiya bəslədiyi
qızlar olub, amma o münasibətlərin heç birini sevgi adlandırmaq olmaz: "Tələbəlik
illərində bizim qrupda qız yox idi. Çünki o vaxt Şərqşünaslıq fakültəsinə
qızları götürmürdülər. Bilirdilər ki, qızlar xaricdə, xüsusilə yaxın Şərq ölkələrində
tək gedib işləməyəcəklər. Amma vaxtaşırı digər fakültələrin qızları ilə tədbirlərdə
görüşürdük, əlaqələrimiz var idi. Amma sevgi münasibətim olmayıb. Sonra
biologiya fakültəsində Ellaza adlı bir qızla tanış olduq, bir-birimizi sevdik.
Tanışlığımız da təsadüfən olmuşdu. Qızgilin evlərində bacısının nikah mərasimi
idi. O da rəfiqələrini dəvət edib ki, evdə şənlik var, yemək-içmək çoxdur, gəlin
bizdə əylənək. Rəfiqələri də öz sevgililəri ilə getmək istədiklərini deyiblər,
o da razılaşıb. Qızların sevgililərinin çoxu ilə dost idim, onlar mənə də təklif
etdilər ki, gedək. Qızla da danışıblar, o da problem görməyib. Belə orda tanış
olduq, bir neçə il sevgili olduq. Universiteti bitirəndən sonra da evləndik. 47
yaşında oğlumuz, iki nəvəmiz var. Oğlum mənim sənətimi davam etdirir. Hazırda
Xarici İşlər Nazirliyində işləyir. Qız nəvəm Praqadayerləşən
AngloAmerikan
Universitetində təhsil alıb, sonra Qərb Universitetini də
bitirdi. Oğul nəvəm ADA Universitetində oxuyur, o da bizim ardımızca gedir”.
"Səfir olmaq istəyirdim...”
Universiteti
bitirib evləndikləri üçün ailə məsuliyyətləri də öz üzərlərinə düşüb. İlk
maaşlarının çox az olduğunu deyir: "Universiteti bitirən kimi AMEA-nın Fəlsəfə
İnstitutunda kiçik elmi işçi vəzifəsinə götürüldüm. O vaxt 85 rubl maaşım varıydı.
Yoldaşım isə Fiziologiya İnstitutunda 73 rubl alırdı. Rəhmətlik babam bir dəfə
maaşımızı soruşdu. Dedi ki, yeyib-içməsəniz yoldaşınla ikinizin maaşı kinonuza
çatar. Düzdür, orda az işlədim. Sonradan yoldaşım namizədlik dissertasiyanı
müdafiə edib dosent oldu, əməkdar müəllim adını qazandı”.
Deyir
ki, keçmişə nəzər salanda yerinə yetən arzuları da var, yetməyənləri də: "Amma
istədiyimin çoxuna nail olduğum üçün özümü xoşbəxt hiss edirəm. Şərqşünas,
diplomat olmaq istəyirdim, oldum. Ərəb, ingilis dillərini öyrəndim, xaricdə
çalışdım, Şimali və Cənubi Yəməndə işlədim, Xarici İşlər Nazirliyində fəaliyyətim
oldu. Diplomatik rütbəm var. Diplomatiya ilə bağlı kitablar, yazılar yazmışam.
Amma bütün arzular yerinə yetə bilməz. Sovet dövründə səfir olmaq istəyirdim,
amma bu arzuma çata bilmədim. Sovet ittifaqı dağılanda başa düşdüm ki, bu arzu
artıq həyata keçməyəcək. Ondan sonra digər fəaliyyətlə məşğul olmağa başladım.
Azərtac İnformasiya Agentliyinə rəhbərlik etdim. Müəyyən müddət Avropa ölkələrinin
birində işləmək istəyirdim, alınmadı. 1997-ci ildən Qərb Universitetinin
professoruyam, mənə "fəxri professor” adı veriblər. Burda öz sahəmlə bağlı gənclərə
dərs keçirəm”.
"Başa düşdüm ki, böyük qanlar tökülə bilər”
İşlə
bağlı yadından çıxmayan hadisələrin də çox olduğunu deyir. Onlardan birini
bizimlə bölüşdü: "1988-ci ilin fevralında Dağlıq Qarabağda hadisələr
başlamışdı. Məni ora "Azərtac”ın nümayəndəsi kimi ezamiyyətə göndərdilər.
Gördüklərimdən dəhşətə gəldim. Müşavirədə vilayətə rəhbərlik edən ermənilər
Qorbaçovun Moskvadan gələn nümayəndələrinin üzünə durdular ki, biz artıq bu məsələni
Moskvada Qorbaçovla həll etmişik və siz bura niyə gəlmisiniz? Azərbaycanın tərkibindən
çıxmalıyıq. Bu, oyuncaq ssenari idi. Guya onlar vəziyyəti tənzimləmək üçün gəlmişdilər,
amma ermənilər Qorbaçovun və ətrafında olanların iç üzünü açdı. Mən artıq o
vaxt başa düşdüm ki, böyük qanlar tökülə bilər. O vaxtkı rəhbərlik onun
qarşısını ala bilmirdi”.
"Arzu etməklə iş bitmir, gərək onun üçün çalışasan”
Öz gənclik
dövrünü və indiki gəncləri müqayisə edəndə arada böyük fərq olduğunu deyir:
"Bizim gənclik dövrümüzdə internet yox idi, indi hər yerdə var. O vaxt iki
televiziya kanalına baxmaq imkanı var idisə, indi bunun sayı yüzlərlədir.
İndiki gənclər yüksək texnoloji vasitələrindən istifadə edirlər, bizim gənclik
isə daha çox kitab oxuyurdu. Biz bir çox şeyləri öyrənirdik, biliyimiz daha ətraflı
idi. İndiki cavanları savadsız adlandırmazdım, amma onların istiqaməti bir az fərqlidir.
Hesab edirlər ki, bir çox şeyləri bilmək o qədər də vacib deyil. Əgər nəyisə
bacarırsa, digər məsələlər ona aid olmamalıdır. Amma düşünürəm ki, hər bir
formalaşmış insan gərək hərtərəfli biliyə yiyələnsin”.
Gənclərə
məsləhəti məqsədyönlülüklə bağlı oldu: "Qarşılarına məqsəd qoysunlar və ona
çatmaq üçün çalışsınlar. Arzu etməklə iş bitmir, gərək onun üçün çalışasan. Bir
məqsədə nail olmadınsa, həvəsdən düşüb başqa istiqamətə yönəlməklə heç nəyə
nail olmaq olmaz. Bir hədəfə vurmaq daha effektlidir. İnsanın nəyəsə nail
olması bir çox hallarda özündən asılıdır. Arzuların fantaziya kimi qalmaması
üçün çalışmaq lazımdır. Oxusunlar, maraqlansınlar, təhlil etsinlər, müqayisələr
aparsınlar”.
Aygün
Asimqızı