• cümə, 26 Aprel, 02:26
  • Baku Bakı 16°C

“Riskləri gözə almağı elə o vaxtdan öyrəndim”

13.03.20 15:00 3330
“Riskləri gözə almağı elə o vaxtdan öyrəndim”
Emin Quliyev: "Biznesimi batırsam, depressiyaya düşmərəm, əksinə, yenidən cəhd edərəm”
Hələ tələbə olduğu dövrdə bir çox yerdə işləyərək öz xərclərini qarşılayıb. Restoranlarda ofisiant, usta köməkçisi işlədiyi vaxtlar da olub. Deyir ki, bu təcrübələrin öz işini qurmaqda ona böyük faydası dəyib. Müsahibim "Welcome Travel ” şirkətinin təsisçisi və rəhbəri Emin Quliyevdir.

E.Quliyev deyir ki, riskləri gözə almağı tələbə vaxtı öyrənib: "2006-cı ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) politologiya fakültəsinə qəbul oldum. İxtisasım politologiya olsa da, dərslərimiz əsasən iqtisadiyyatın idarə olunması ilə bağlı idi. Yəni 5 il müddətində siyasətdən çox, biznes və iqtisadiyyat öyrəndik. Tələbə olduğum dövrdə işləyib öz xərclərimi qarşılamağa çalışırdım. O dövrdə restoranlarda ofisiant, usta köməkçisi işləyirdim, ustalara ev təmirində köməklik edirdim. Bir müddət sonra kiçik ətriyyat biznesinə başladım. Hansı ki, o biznes indi də davam edir. Mağazalara ətir sataraq öz yol pulumu qarşılamağa çalışırdım. Bu təcrübələr sonrakı karyeramda çox işimə yaradı. Fərqli sahələrdə çalışmağım mənə heç bir işdən qorxmamağı öyrətdi. Riskləri gözə almağı elə o vaxtdan öyrəndim. Həmin vaxt başa düşdüm ki, biznes elə sahədir ki, uğurlu da ola bilərəm, uğursuz da. Yəni uğursuzluqları normal qəbul edib təhlil etməyi öyrəndim. Biznesimi batırsam, depressiyaya düşmərəm, əksinə, yenidən cəhd edərəm. Bu gün çəkinmədən addım atıramsa, bunu həmin təcrübələrimə borcluyam".
- Dediniz ki, tələbə vaxtı müəyyən işlərdə çalışıbsınız. Bəs öz biznesinizi qurmaq ideyası necə yarandı?
- 2012-ci ildə əsgərlikdən gəldikdən sonra imtahan verərək "Unibank”da mikro kredit mütəxəssisi olaraq işə götürüldüm. 15-20 gün işlədikdən sonra başa düşdüm ki, bu, mənim sahəm deyil. Daha sonra "Azərsun Holdinq”də işə başladım. Bir ay sonra o işimdən də ayrıldım. Bir qədər sonra "Araz” supermarketlər şəbəkəsində işləməyə başladım. Bu işimdən də öz istəyimlə ayrıldım. Başa düşürdüm ki, işlədiyim yerlərdə yeni heç bir təcrübə qazanmıram, getdikcə passivləşirəm. Eyni işi görsəm də, görməsəm də, ayın sonunda həmin maaşı alırdım. Bir dəfə Gəncədə tələbə yoldaşımın toyunda iştirak edirdik. Toydan qayıtdıqdan sonra qrup yoldaşım Ramin Rzayevlə bir az söhbət etdik, həmin vaxt o da turizm sahəsinə yönəlmişdi. Mənə dedi ki, gəl şirkət yaradaq. O zaman o, "Baku Holiday” turizm şirkətini qurdu. Xarici turlara o, daxili turlara isə mən nəzarət edirdim. Şirkətin daxili turlardan qazandığı gəlirlər mənə aid idi. 2016-cı ilə qədər bir yerdə işlədik. Amma 2015-ci ildən artıq öz şirkətimi qurmaq qərarına gəlmişdim. Bu da elə tələbə yoldaşımın dəstəyi ilə oldu. O, mənə dedi ki, sabah nə olacağını heç kim bilmir. Ona görə də, ikinci bir şirkət yaratmaq lazımdır. İşlərimiz ayrılsa da, dostluq münasibətlərimiz bu günə kimi davam edir.


- İlk vaxtlar hansı çətinlikləriniz oldu?
- Təbii ki, hazırlıqsız olaraq biznesə başlamaq bəzi problemlərə gətirib çıxarırdı. Təzə başlayanda müştərilərlə müəyyən anlaşılmazlıqlarımız olurdu. Qeyd etdiyim kimi, ilkin mərhələdə, sadəcə daxili turları təşkil edirdik. Bunun üçün detallı müqaviləyə ehtiyac yox idi. Daxili turlar üçün hazırlanan müqavilə şərtləri elə də çətin deyildi. Amma xarici turların müqavilələrini hazırlayarkən müəyyən boşluqlar olurdu. Hansı ki, sonradan müştəri ilə aramızda narazılıq yaranırdı. Amma indi xarici turlar üçün müqavilələrimiz daha detallıdır. Viza, transfer, otel xərcləri ətraflı şəkildə müqavilədə qeyd olunmazsa, sonradan problem yaradır. Bəzi vacib məqamları şifahi şəkildə desən belə, müştəri deyəcək ki, mənim bundan xəbərim yox idi. Gərək hər şey müqavilədə öz əksini tapsın. İki ilə yaxındır ki, bu problemləri aradan qaldırmışıq.


- Müştərinin etibarını qazanmaq və məmnuniyyətini təmin etmək üçün nələri vacib hesab edirsiniz?
- Təzə başlayanda tək işləyirdim. Bir müddət sonra işçi götürə bildim. Ancaq daxili turlar təşkil edirdim. Bir neçə ay sonra daxili turların müştəri bazası artmağa başladı. Müştərilərin inamını qazandığıma görə, bilirdim ki, xarici turların təşkili problem olmayacaq. Düzdür, o dövrdə daxili turdan daha çox gəlir qazanırdım. Amma indi daxili turlardan gəlirlilik səviyyəsi aşağı düşüb. Bir müddət sonra xarici turların reklamlarına başladıq. Amma reklam o qədər də müştəri bazası qazandırmadı. Həmin vaxt başa düşdüm ki, mən özüm gəzdiyim ölkələrin reklamını etsəm, daha yaxşı olar. Yəni heç vaxt İtaliyanı görməyən birinin sizə İtaliyanı tərifləməsi heç bir effekt verməz. Amma özüm getdiyim ölkələrdə gəzməli yerlər, qiymətlər, haqqında müştərilərə daha dolğun məlumat verə bilirdim. Bir müddət sonra bunun həqiqətən də müştəri bazası qazandırdığını gördüm.


- Öz biznesini qurmağın hansı müsbət və mənfi tərəfləri var?
- Öz işini qurmağın müsbət olduğu kimi, mənfi tərəfləri də çoxdur. Biznes elə sahədir ki, səni öz ətrafından, dostlarından təcrid edir. Xüsusilə, ilk vaxtlardan bütün diqqətini işə fokuslamasan, uğur qazana bilməzsən. Yalnız müəyyən şeyləri yoluna qoyduqdan sonra özünə zaman ayırmaq olur. Çünki zamanla artıq bütün işləri tək görmürsən. Bəzi işləri komandaya həvalə edirsən. Bununla yanaşı, biznes sahəsi insanın əlaqələrini də genişləndirir. Hansı ki, o əlaqələr sənin inkişaf etməyində böyük rol oynayır.
- Son illər turizm sahəsinə böyük diqqət var. Hər kəs bu sahəyə yönəlmək istəyir. Rəqabətə davam gətirmək çətin deyil ki?
- İndi bazarda dörd minə yaxın turizm şirkəti var. Belə mühitdə rəqabət də güclüdür. Rəqiblərin çox olması o demək deyil ki, mən bu işi bacarmayacağam. Əgər rəqabət varsa, sən də bu rəqabəti aparmalısan. Bizdə rəqabət daha çox qiyməti aşağı salmaq kimi başa düşülür. Amma bazar araşdırması etməklə, tələbi özün formalaşdıra bilirsən. Məsələn, biz daha çox xaricdən qonaqların gətirilməsi ilə məşğuluq. Bazardakı bütün şirkətlər daxili turlar təşkil edə bilər. Amma bu şirkətlərin hamısı Azərbaycana xaricdən turist gətirməyi bacarmır. Hər adam riskə getmir. Bunun üçün dil biliyi də önəmli məsələdir. Yəni rəqabətə davam gətirmək üçün öz fərqini ortaya qoymalısan.


- Gənclər arasında öz işini qurmağa meylli olanların sayı kifayət qədər çoxdur. Onlara nəyi tövsiyə edərdiniz?
- Bu gün öz biznesini qurmaq istəyənlərin sayı çoxdur. Xüsusilə, turizm onlar üçün cəlbedici gəlir. İnsanlar elə bilir ki, turizm şirkəti açanlar ölkələri gəzib kef edirlər. Amma bu, heç də belə deyil. İlk növbədə bazarda qalmaq üçün müştərinin inamını qazanmaq lazımdır. Həmçinin, təkcə maddi qazancı düşünsən, uzun müddət bazarda qala bilməzsən. Bu gün şirkət yaratmaq istəyib sabah qeydiyyatdan keçməklə iş bitməz. Biznesə başlamaq üçün ən azı beş ay əvvəldən bəzi şeyləri götür-qoy etmək lazımdır. Araşdırma aparmadan şirkət qursan, sonradan bir çox çətinliklərlə rastlaşırsan. Görəcəyiniz işin biznes planını əvvəlcədən hazır etməlisiniz. Tələsmək lazım deyil, mən özüm də bu səhvləri etmişəm. Bazardakı rəqibləri yaxşı araşdırmaq lazımdır. Öz fərqini ortaya qoymalısan ki, diqqət çəkməyi bacarasan. Fərqli heç bir şey təklif etmirsənsə, müştərilərin marağını qazana bilməyəcəksən. Bunun üçün isə yaxşı bazar araşdırması və biznes planı olmalıdır.

- Gələcək planlarınız haqda da soruşmaq istərdik?
- Gələcək planlarım sırf işimlə bağlıdır. Əsas hədəfim gördüyüm işin keyfiyyətini artırmaqdır. Xaricdən ölkəmizə turist axınını gətirmək niyyətim var. Məqsədimiz Azərbaycanı bütün dünyada tanıtmaqdır.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər