• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

Reytinq yüksəkdir, bəs potensialdan necə yararlanırıq?

27.11.19 10:00 615
Reytinq yüksəkdir, bəs potensialdan necə yararlanırıq?
Ekspertlər deyirlər ki, Naftalanda sanatoriya-kurort mərkəzlərinin yaradılmasına və yeniliklərin tətbiq olunmasına böyük ehtiyac var
2019-cu ilin payızında Naftalan kurortları sağlamlıq turizmi üçün MDB ölkələrinin ən yaxşı kurortları arasında ilk üçlükdə yer alıb. Bu barədə Rusiyanın "TurStat” portalının reytinqində deyilir. Reytinqdə Naftalan kurortları ikinci yeri tutaraq, yalnız Belarusun Naroç gölündən geri qalıb. İlk üçlüyü Qazaxıstanın Burabaya kurortu tamamlayıb. Ümumilikdə Belarus, Azərbaycan, Qazaxıstan və Moldova kurortları MDB məkanında payızda sağlamlıq və istirahət üçün ən yaxşı kurortlar hesab olunub.Naftalan mazının sağlamlıq üçün böyük əhəmiyyətini olduğu alimlər tərəfindən sübut olunub. Bunun əlavə təsdiqə ehtiyacı yoxdur. Naftalan kurortlarının ən böyük "silah”ı da məhz bu təbii sərvətdir. Onu da nəzərə alaq ki, sağlamlıq turizmi turizmin ən gəlirli növlərindən biri hesab olunur. Reytinqdə öndə olmaq çox yaxşı. Amma bununla arxayınlaşmaq olarmı? Naftalan kurortlarının potensialından yetərincə yararlanırıqmı? Yararlanmırıqsa, hansı işlər görülməlidir ki, Naftalan mazının turizmin inkişafına verəcəyi töhfəni artıra bilək?

Turizm üzrə ekspert, dosent Rəhman Səfərovdeyir ki, təkcə MDB deyil, dünya ölkələri arasında da Naftalan seçilən kurort yerlərindən biri hesab olunur: "Palçıq və neftlə müalicə bütün dünyada insanların marağına səbəb olur. Belə kurort yerlərinə çox nadir hallarda rast gəlinir. Sağlamlıq turizminin sürətlə yayıldığı bir dövrdə Naftalanın təbliği daha da artırılmalıdır. Bu regionda ekonom tipli, iki-üç ulduzlu otellərə və hostellərə ehtiyac var. Mehmanxana şəbəkələri və sanatoriyaların sayı artırılmalıdır ki, bu ərazidə daha çox turist qəbul edə bilək. Əslində, Naftalanın potensialı çox böyükdür. Amma biz bu potensialdan tam yararlana bilmirik. Ona görə də, təbliğat işlərini daha da gücləndirməliyik. İqtisadi səmərəliyin artırılması baxımından bu, çox vacibdir. İnfrastruktur yaradılarsa, Naftalanın potensialından daha çox yararlanmaq mümkündür. Ümumiyyətlə, Azərbaycan mineral və termal sularla zəngin bir ölkədir. Sağlamlıq turizmi bizim üçün turizmin ən effektiv seqmentlərindən biri hesab olunur. Çünki Azərbaycan ərazi baxımından o qədər də böyük deyil. Sağlamlıq turizmi inkişaf etdirilərsə, turistlər ölkəmizdə daha uzun müddət qala bilər. Gəlirlilik baxımından da turizmin bu növü daha faydalıdır. Təkcə Naftalanda deyil, bütün Azərbaycanda sağlıq turizminin istiqamətləndirməyə ehtiyac var. Müxtəlif rayonlarda mineral və termal suların istifadəsi və palçıq vulkanlarından istifadə edə bilərik. Bu gün dünyada ən çox palçıq vulkanı Azərbaycandadır. Amma buna baxmayaraq Rumıniya bizdən daha çox turist qəbul edir. Ona görə də, çalışmalıyıq ki, təbii resurslarımızdan daha çox yararlanaraq turizmin müxtəlif sahələrini inkişaf etdirə bilərik”.

"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, Ruslan Quliyevdeyir ki,son üç il ərzində sağlamlıq turizmi ilə bağlı ciddi nailiyyətlər əldə edilib: "Proqnozlar göstərir ki, ildən-ilə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində bu uğurların sayı daha da artacaq. Naftalanın beynəlxalq aləmdə tanıdılması, bura müalicə üçün üz tutan turistlərin da sayının artmasına səbəb olur. İlin sonuna qədər pozitiv göstəricilərin daha da artacağının şahidi olacağıq. 33 faiz artımla, 70-dən artıq ölkədən 50 minə yaxın insan müalicə üçün Naftalana üz tutur. Amma istənilən halda biz Naftalanın potensialından hələ də tam yararlana bilmirik. 1987-ci ildə Naftalanda bir gündə beş min insan müalicə ala bilirdi. Həmin dövrdə göstərici indikindən yüksək idi. Yəni bu göstəriciləri daha da artırmaq mümkündür. Ona görə də, bu ərazilərdə sanatoriya-kurort mərkəzlərinin yaradılmasına və yeniliklərin tətbiq olunmasına böyük ehtiyac var. Turizmdə innovasiyalara açıq olmaq lazımdır. Dünya təcrübəsində sağlamlıq turizmi böyük inkişaf yolu keçib. Biz də bu təcrübələrdən yararlanaraq ölkəyə gələn turist sayını artıra bilərik. Sağlamlıq turizmi həm də turizmin mövsümü xarakter daşımayan seqmentlərindən biridir. Ona görə də, bu seqmentin potensialı çox böyükdür. Mövsümü turizm problemini aradan qaldırmaq üçün bu sahənin inkişaf etməsinə ehtiyac var”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviriMüzəffər Ağakərimov söylədi ki, Naftalan Allahın bizə verdiyi böyük nemətdir: "Naftalan təkcə MDB ölkələrində deyil, bütün dünyada ön sıralarda yer tutur. Təəssüf ki, biz bu kurort-sanatoriyanın təbliğat işlərini yaxşı apara bilmirik. Bu ərazidə yeni otel və mehmanxanaların inşasına ehtiyac var. Çünki tələb təklifi üstələyir. Naftalana nəqliyyat vasitəsi və digər infrastruktur məsələləri də öz həllini tapmalıdır. İnsanlar rahat şəkildə Naftalana gedib-gələ bilməlidirlər. Yalnız bu halda sağlamlıq turizminin bu növünə daha çox turist qazandıra bilərik. Naftalan həm yerli, həm də xarici turistlər tərəfindən istifadə edilir. Çünki burada keyfiyyətli müalicə üsulu həyata keçirilir. Bu kurort sanatoriyası hələ sovet dövründə beynəlxalq səviyyədə tanınırdı. Müasir dövrdə təbliğat və piar işlərini daha effektiv üsullarla həyata keçirmək mümkündür. Amma biz bu imkanlardan yararlanmırıq. Naftalana ekonom büdcəli turistlər də müalicə üçün üz tutur. Ona görə də, nisbətən ucuz hostellərə ehtiyac yaranıb. Aztəminatlı insanların da bu sanatoriyada müalicə alması üçün şərait yaradılmalıdır. Buraya gələn turistlər 2-3 gün deyil, uzun müddət qalır. Ona görə də, qiymət siyasətini nəzərə almaq lazımdır. Qiymətlər əlverişli olsa, xarici turistlər buraya daha çox üz tutar və müalicə alar”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər