• cümə axşamı, 28 mart, 13:39
  • Baku Bakı 16°C

Ürəyində Arzu tutan Murad

15.01.16 11:08 1441
Ürəyində Arzu tutan Murad
Xalqımız iyirmi ildən artıqdır ki, Qarabağ dərdi ilə yaşayır. Nə qədər ki, torpaqlarımız qaytarılmayıb, Qarabağ mövzusu aktual olaraq qalacaq, çünki bu dərd artıq bizim qan yaddaşımıza hopub. Qan yaddaşımızda hər birimizi ürəkdən inlədən bir dərd də elə həmin dərdin içində ayrıca yuva salan 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımıdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sonuncu premyeralarından biri də elə bu mövzuya həsr edilib. Söhbət gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşadan gedir. Qısa bir xatırlatma verim ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub. Və müsabiqənin şərtlərinə görə, qalib gələn pyesin Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulması nəzərdə tutulmuşdu ki, bu da baş verdi, quruluşçu rejissor Gülnar Hacıyevanın hazırladığı (tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur) tamaşa teatrsevərlərə təqdim edildi..
Qeyd etdiyimiz kimi əsər Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu haqqındadır.
Tamaşa muharibədən öncə Arzu və Muradın sön görüşü ilə başlayır. Artıq sonrakı hadisələr onların Xocalıdan Bakıya gəlişləri, Arzugilin ailəsindən bixəbər olmaları, ağır həyat şəraiti, indicə pis xəbər alacaqlarmış kimi ağlayıb-sızlamaları təsvir olunur. Hadisələrin gərginləşməsi Qırmızı xaç cəmiyyəti vasitəsilə Arzudan gələn mətkubun Muradın əlinə keçməsi və dəyişdirilən iki əsirdən birinin Arzu olması ilə başlanır. Arzu (Roza İbadova, Səbinə Məmmədova) artıq əvvəlki deyil, əsirlikdə onun başına min bir oyun açıblar. Lakin bütün bunlara baxmayaraq Muradın (Eşqin Quliyev, Anar Seyfullayev) ona olan eşqi dəyişmir və sonacan onun yanında olacağına söz verir. Amma Arzunu artıq ailələrinə, əsas da oğlu Murada layiq bilməyən Xatirə (Güşvər Şərifova) öz gününə, ad-sanına, ailəsinin adının ləkələnəcəyinə görə dərd edib ağlayır. Bəlkə də ürəyində Arzunun sağ qayıtmasını belə istəmir. Ancaq deyirlər zaman hər şeyin əlacıdır. Bəlkə də bu haradasa belədir. Acı xatirələr həmişəlik yaddaşda qalsa da, Arzu onu sağaldan Sədaqətin (Nuriyyə Əliyeva) sayəsində əvvəlki gülüşünə az-çox qayıdıb, çalışdığı qədər keçmişi barədə düşünməməyə çalışır, bütün həyatını müəllimliyə, şagirdlərinə həsr edir. Ancaq tamaşanın sonunda bir müddət əvvəl Arzuya aşiq olan Azadın (İlham Əsədov, Vüsal Mehrəliyev) gəlib ona elçilik etməsi, lakin Arzunun öz başına gətirilən dəhşətləri danışdıqdan sonra onunla evlənməkdən vaz geçməsi və Arzunun onu qovması yenidən gərginlik yaradır. Murdar xislətli Azad içkili vəziyyətdə Arzunun qaldığı yataqxanaya gəlib onun namusunu ləkələmək istəyir. Bu azmış kimi ona naləyaq sözlərlə keçmiş günlərini xatırladır və döyməyə başlayır. Ancaq son anda Muradın gəlməsi, Azadla savaşı və onu öldürməsi ilə Arzu xilas olur. Və sevən ürəklər yenidən qovuşur.
Əslində bu tamaşada hadisələr bir ailənin həyatı fonunda təsvir olunsa da yüzlərlə bu cür ailələrin faciəsi göstərilmişdir - qaçqınlıq həyatı, yataqxanalarda acınacaqlı şarait, yardım talonları ilə növbə gözləmək və bir də Arzu kimi əsirlikdə başına min fəlakət gəlmiş, ailəsi gözü qabağında yandırılmış qızlarımızın faciəsi...
Səhnəni iki hissəyə ayıran qara rəngli tül pərdənin üzərindəki fəryad edən əllərin tutqun günəşə tərəf uzadılması da sanki oradakı dəhşətlərin acısını hiss etdirirdi. Bəzən isə qırmızı işıqların vasitəsi ilə pərdədəki qara əllər sanki yanan alovun içindən yardım diləyirdilər.
Bir saat on dəqiqə davam edən tamaşada bəzi xırda nüansları nəzərə almasaq bütün iştirakçılar Xocalı faciəsinin acısını hiss edərək və hiss etdirərək oynadılar. Amma mənə ən çox təsir edən və yaddaşımda qalan Roza İbadova (Arzu), Güşvər Şərifova (Xatirə) və İlham Əsədovun (Azad) ifaları oldu. Tamaşa boyunca hiçqirti ilə ağlayaraq başına gələnləri danışan Arzu–Rozanın acısına biganə qalmaq mümkün deyildi.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər