AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çörəyim iynə-sapdan çıxır – Sadə peşə adamı

Çörəyim iynə-sapdan çıxır – Sadə peşə adamı

Gənclik qəzeti
27 Oktyabr 2014, 12:35 3095
Bu sənətin sahibləri məsəl kimi yox, sözün əsl mənasında yüz ölçüb, bir biçirlər. Onların “çörək ağacları” iynə, sap və qayçıdır. Hər gün istifadə etdiyimiz geyimlərin yaradıcıları, onları tikib ərsəyə gətirən peşə adamlarını müasir dövrdə “modelyer”, “dizayner” kimi müxtəlif adlarla çağırırsalar da, onların əsl adı dərzidir. Biz də çörəyini iynədən, sapdan, qayçıdan çıxaran sadə peşə adamı ilə söhbətləşmək qərarına gəldik. Müsahibimiz 28 yaşlı dərzi Rüfət Dünyamalıyevdir.

Fəhləlikdən dərziliyə

Həmsöhbətimiz gənc olmasına baxmayaraq, 8 ildir peşəkar dərzi kimi işləyir. Hazırda Bakı Tikiş Evində çalışan Rüfət Bakı Maliyyə Kredit Texnikumunu bitirsə də, təhsil aldığı peşəni davam etdirməyib: “Məktəbi bitirdikdən sonra texnikumda “bank işi” ixtisası üzrə təhsil aldım. Burada oxuduğum müddətdə fabrikdə işləyirdim. Təhsil aldığım sənətə o qədər də marağım yox idi. Diplom almaq xatirinə burada oxuyurdum. Evdə ailəmə dəstək olmaq üçün təhsilimi davam etdirərkən həm də fəhlə kimi çalışırdım. Səhər dərsə, günortadan sonra da işə gedirdim”.
Müsahibimiz dərzilik sənətini digərləri kimi peşə məktəbini oxuyaraq və ya usta yanına gedərək öyrənməyib. O fəhlə işlədiyi fabrikdə dərzilərin əlinə baxaraq sənətin sirlərinə bələd olub: “Bundan 9 il öncə böyük tikiş fabriklərindən birində fəhlə işləyirdim. İşlədiyim müddətdə dərzilərin əl işlərinə baxır, paltar tikməyi öyrənməyə can atırdım. Bu sahə diqqətimi çox çəkmişdi. Müdirim də mənim dərziliyə maraq göstərməyimin fərqinə vardı və dərzilərə tapşırdı ki, sənətin sirlərini öyrənməkdə mənə yardımçı olsunlar. Ailəmdə bu sənətlə məşğul olan yoxdur. Mən dərzilik sənətini təkbaşıma dərzilərin əlinə baxaraq öyrəndim”.

“Qayçını atıb qaçmaq istəyirdim”

Rüfət dərzi kimi çalışarkən ilk işini də unutmur. O deyir ki, fəhlə işləyərkən diqqət etdiyi və sevdiyi bu sənətdə ilk iş günü o qədər də asan keçməyib: “İlk işimə kəsimlə başladım. Həmin gün çox həyəcanlı idim. Qayçını atıb qaçmaq istəyirdim. Elə bilirdim ki, bacara bilməyəcəyəm. Özümü toplayıb kəsimimi etdim. İlk işim o qədər də pis alınmamışdı. O vaxt usta dərzilər mənə dedi ki, sən bu işi bacaracaqsan. Bəzən düşünürəm ki, dərzilik mənim qismətimdir. Uşaqlıqda bu peşəyə yiyələnməyim ağlıma belə gəlməzdi. Amma fəhlə ola-ola peşəni öyrənməyim bəzən özümə də qəribə gəlir”.
Rüfət bizimlə söhbət edərkən də həyəcanlı idi. İşlədiyi kollektivi onu güldürür, həyəcanını yatırtmaq üçün əllərindən gələni edirdilər. Bir-birləri ilə o qədər səmimi münasibət qurmuşdular ki, hətta sexdə Rüfətin mənəvi anası, bacısı, xalası belə var idi: “Kollektiv çox mehribandır. Burada özümü evimdəki kimi hiss edirəm. Həqiqətən iş yoldaşlarım mənə ana-bacı olurlar. Bütün çətinliklərimdə, xoş günlərimdə hər zaman yanımdadırlar. Nə yaxşı ki, belə kollektivə sahibəm. Sənətkarın işinin yaxşı alınmasında ətrafında olan adamların da böyük rolu var. Bu baxımdan çox şanslıyam”.

“Səhv etmək şansımız yoxdur”

Dərzilik sənətinin sirlərindən danışan Rüfət deyir ki, bu sənətdə işinin peşəkarı olmaq üçün öncə peşəni sevməlisən: “Dərzi olmaq üçün əvvəl insanda həvəs olmalıdır. Çünki bu işə həvəs göstərməsən, işinə sevərək yanaşmasan, çalışmaq mümkün deyil. Həvəs olduqdan sonra sənətin öhdəsindən gəlmək də asandır. Dərzilikdə önəmli olan ikinci keyfiyyət səbirli və diqqətli olmaqdır. Dərzilik özü böyük bir elmdir. Əgər hər hansı bir paltarı tikirsənsə, onu bir də əvvəlki kimi tikə bilməzsən. Belə ki, orada müxtəlif naxışlar, müxtəlif modalardan istifadə etməlisən ki, səni bir dərzi kimi axtaranlar da olsun. Dərziliyi başqa sənətlərdən fərqləndirən amil isə onda yaradıcılığın olmasıdır. Dərzi eyni zamanda öz zövqü ilə sifarişçinin zövqünü uyğunlaşdırmağı bacarmalıdır. Belə ki, bəzən sənin tikdiyin paltarlar sifarişçinin xoşuna gəlməyə bilər. Onda əsl narazılıqlar, bu peşədə problemlər meydana çıxar. İynələrlə, saplarla işləmək çox incə işdir. Üstəlik, biz burada əsasən hərbi formalar, məktəbli geyimləri tikirik. Səhv etmək şansımız yoxdur. Ümumiyyətlə, sənə əmanət edilən parçadan yaxşı paltar çıxmasını istəyirsənsə, diqqətli olmalı və tikişlərini düzgün vurmalısan”.

“İnsanlara başqa gözlə baxıram”

Həmsöhbətimiz sənətinə o qədər bağlıdır ki, hətta yolda gedərkən belə rastlaşdığı insanların paltarlarının modelinə baxır, özlüyündə paltara dizayn verir: “Bəzən təhsil aldığım sənəti də davam etdirmək istəyirəm. Lakin dərzilik mənim həyat tərzimə çevrilib, insanlara baxışımı dəyişib. Mən yolda gedən adi insanın geyiminə hamının gözü ilə baxmıram. Beynimdə “bunu mən tiksəydim, necə edərdim?” deyə düşünürəm. Gələcəkdə başqa işlə məşğul olsam da, peşəmi heç vaxt atmayacam”.
Sənətin çətinliklərinə gəldikdə isə həmsöhbətimiz deyir ki, hər sənətin yaxşı və pis tərəfləri var. Bu sənətin də ən çətin tərəfi kaprizli müştərilərlə ünsiyyət qurmaqdır: “Hər bir sənətdə olduğu kimi, dərzilik peşəsinin də çətinlikləri var. Kaprizli adamın sifarişi də çətin başa gəlir. Belə müştərilərin işinə nə qədər diqqətlə yanaşsan da, istədiyi kimi alınmır. Onlar ya sənin işini bəyənmir, ya da nə istədiyini çatdıra bilmir. Bu il məktəbli formalarının tikilişində belə müştərilərlə rastlaşdıq. Əslində onlar nə deyirsə, biz onu edirik. Paltarın da şəklini çəkib göstəririk. Lakin paltar hazır olduqda bir “əmma”sı çıxır. Bu zaman səbrli olmalı və müştərini gülərüzlə yola salmağı bacarmalıyıq. Dərzilik sənətində insana həvəs, maraq, bacarıq nə qədər lazımdırsa, səbr də bir o qədər vacibdir”.

Müştəri narazılığı...

Həmsöhbətimiz iş başında qarşılaşdığı maraqlı hadisələrdən də danışdı. O deyir ki, müştərinin gətirdiyi parça artıq olanda paltarı səhv tiksən belə, bütün situasiyalardan çıxmaq olur: “Bir dəfə müştərilərdən biri mənə pencək sifariş vermişdi. Tərslikdən parçanı da az gətirmişdi və tapşırmışdı ki, parçadan ehtiyatla istifadə edim və çatdırım. Mən də işə başlayanda nə parçanın azlığını, nə də müştərinin dediklərini nəzərə almağı unutmuşam. Müştəri pencəyin arxasını bütöv sifariş verdiyi halda, mən kəsiklər əlavə etmişdim. Pencək hazır olduqda müştəri gördü ki, onun dediyini etməmişəm. Narazılığını bildirdi. Artıq iş-işdən keçmişdi. Parça da yox idi ki, artırıb bütöv edim. O gündən sonra işimdə diqqətli olmağı öyrəndim”.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">