• çərşənbə, 24 Aprel, 05:59
  • Baku Bakı 14°C

Çörəyi ver çörəkçiyə...

06.08.13 09:53 2272
Çörəyi ver çörəkçiyə...
2013-cü ildən çörək və un məmulatlarına yeni standartlar tətbiq olunmağa başlayıb. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yaradılan texniki komitənin əsas vəzifəsi taxıl və un məmulatları, eləcə də çörək istehsalı sahəsində yeni standartları tətbiq etmək və bu sahəyə nəzarəti gücləndirməkdən ibarətdir. Yeni standartlara əsasən, çörəyin qablaşdırılması, daşınması prosesində müasir texnologiyaların tətbiqi əsas götürülür. Bu yeni standart gündəlik qida rasionumuzun əsasını təşkil edən məhsul üçün olduqca vacib olsa da, müşahidələr göstərir ki, bu standartlar sahibkarlar, iş adamları tərəfindən elə də razılıqla qarşılanmayıb və buna əməl edən çox azdır. Məhlələrarası satış nöqtələrində ümumiyyətlə qablaşdırılmış çörək satışına rast gəlmək mümkün deyil. İri marketlərin bəzilərində standartlarda nəzərdə tutulduğu kimi çörək kağız torbalara qablanmış halda satılsa da, əksəriyyətində qablaşdırma sellofan torbalaradır. Sahibkarlar çörəyin qablaşdırılmasının qiymət artımına səbəb olacağını bildirirlər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə çörəyin qablaşdırılmasının qiymət artımına səbəb olacağı fikri ilə razılaşmır. Onun sözlərinə görə, artıq bəzi müəssisələr bu qaydanı tətbiq edib: “Onlar edibsə və bu, qiymət artımına səbəb olmayıbsa, deməli, bəhanədir”. F.Talıblı bildirir ki, ümumilikdə aparılan monitorinqlər, araşdırmalar əhaliyə satılan çörəyin keyfiyyətində yüksəliş olduğunu deməyə əsas verir: “Məsələn, bəzi sexlər var ki, əvvəllər orada aşkarlanmış nöqsanlar təkrar yoxlamada müəyyən olunmayıb. Yaxud təmirə dayandırılmış müəssisələrdə indi sanitar qaydalara uyğun şərait yaradılıb. Komitə tərəfindən istehsalı dayandırılmış müəssisələrdə təmir-bərpa işləri aparılıb, tam qaydalara uyğun olaraq sex yenidən istifadəyə verilib”.
Mütəxəssislər çörəyin keyfiyyətində ekoloji amillərin də vacibliyini önə çəkirlər. Azad İstehlakçılar Birliyinin mütəxəssisi Sənan Kərimovun sözlərinə görə, çörəyin keyfiyyətli olması bir çox faktordan, ilk növbədə təmiz ekologiyadan asılıdır: “Ətraf mühit təmiz deyilsə, deməli, son məhsul da keyfiyyətsiz olacaq. Emal müəssisəsinə təhvil verilən taxılın üzərində keyfiyyət sənədi olmalıdır. Bəzən sənəd olsa da, fiziki-kimyəvi və mikrobioloji yoxlamanın nəticələri sənəddə yazılanlara uyğun gəlmir. Yəni, saxtalaşdırmalara yol verilir. Sexlərdə un kisələrini divara söykəyirlər, bu da onun nəmlənməsinə, eyni zamanda kartof xəstəliyinin yaranmasına səbəb olur. Təkcə unun yox, suyun, duzun, mayanın və çörəyə qatılan digər inqridiyentlərin də keyfiyyəti yoxlanılmalıdır”.
Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası departamentinin müdiri İmran Abdullayev deyir ki, çörəyi normal olaraq 36-48 saat ərzində saxlamaq olur. GEM təmsilçisinin sözlərinə görə, düzgün saxlanılmadığı halda evdə bişirilən çörək də bu müddətdə quruya bilir: “Çörəyin bişirilməsində müəyyən qaydalar var və onlara əməl olunur. Çörəyin qablaşdırılması məcburi olmasa da, bu məhsul qablaşdırıldığı halda daha uzun müddət qalır. Əgər kimsə çörəyi açıq satırsa, onu çörəyi qablaşdırmağa məcbur edə bilmərik. Çünki normativ sənədlərdə belə bir tələb yoxdur. Açıq satışda isə çörək 48 saat ərzində satılıb qurtarmalıdır. Tərkibində çovdar unu olan və qablaşdırılan çörəklər isə 72 saata satılıb qurtarmalıdır. Rusiyada bu müddət 96 saatdır. Amma bizdə hələ ki həmin çörəyin saxlanılması üçün 72 saat vaxt verilir. Bununla bağlı laborator təcrübə də aparılıb və həmin çörəklər 7 sutkayadək qalır. Yalnız normativlərdə göstərilən müddətlərdən sonra açıq satılan və ya qablaşdırılmış çörəyin bərkiməsi və satışdan çıxarılması haqqında danışmaq olar. Ola bilər ki, satış yerlərində çörəklər daha artıq saxlanılır və əhaliyə təzə çörək kimi təqdim olunur. Əgər çörəkdə bərkimə gedibsə və onun arasında məsaməlilik artıbsa, demək, çörək köhnədir. Amma vətəndaşın çörəyin keyfiyyətindən və köhnəliyindən şikayəti varsa, bu zaman onun markalanmasına diqqət yetirmək lazımdır. Əgər çörək markalanıbsa, onun üzərində istehsal vaxtı göstərilməlidir. Çox təəssüflər olsun ki, çörək sexləri çox vaxt bu tarixi göstərməkdən çəkinirlər. Açıq halda satılan çörəklərin isə qaimələri olmalı və çörək mağazalara qaimə ilə verilməlidir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər