• cümə axşamı, 28 mart, 16:53
  • Baku Bakı 16°C

Rəsul Quliyev İsa Qəmbəri niyə sevmir?

17.07.13 09:28 1990
Rəsul Quliyev İsa Qəmbəri niyə sevmir?
Bir neçə gündür Milli Şurada bir bayraq altında birləşən Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevlə Müsavat başqanı İsa Qəmbər arasında söz savaşı yaşanmaqdadır. Hər iki liderin silahdaşları da bu savaşda fəallıq edirlər. Bölünə bilinməyən isə Milli Şuranın vahid namizədliyi ilə bağlı Müsavat başqanının tutduğu mövqedir. Nə qədər təzyiqlər olsa da İsa Qəmbər namizədliyini geri götürməyəcəyini, amma Rüstəm İbarhimbəyovu vahid namizəd kimi qəbul etdiyini deyir. Onun bu mövqeyi Rəsul Quliyevin xoşuna gəlmir. Əslində isə söhbət təkcə İsa Qəmbərin indi tutduğu mövqe ilə bağlı deyildir. Bu iki şəxsin ulduzları hələ hərəkat dövründən barışmır. O vaxt zavod direktoru olan, neft sahəsində qılıncının dalı da, qabağı da kəsən Rəsul Quliyev xalq hərəkatının maliyyələşdirilməsində fəal iştirak edirdi. Amma o, İsa Qəmbərdən çox o vaxt milli azadlıq hərəkatının digər fəalı Etibar Məmmədova daha çox etibar edirdi. Etibar Məmmədovla İsa Qəmbər isə həmişə bir-birinə rəqib gözü ilə baxıblar və ulduzları heç vaxt barışmayıb.
Sonrakı dövrdə Rəsul Quliyev Milli Məclis sədrliyinə gətiriləndən sonra da İsa Qəmbəri ciddi fiqur kimi qəbul etməyib. O, həmişə müxalifəti, xüsusilə də İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat Partiyasını kəskin tənqid edib.
Rəsul Quliyev vəzifəsindən istefa verib ABŞ-a getdikdən sonra da İsa Qəmbərlə siyasi tərəfdaş ola bilməyib. Düzdür, onun həmsədri olduğu Azərbaycan Demokrat Partiyası vaxtilə İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat müxalifətin kollegial təşkilatlarında təmsil olunub. Amma bu təmsilçilik heç vaxt siyasi müttəfiqliyə çevrilməyib. İsa Qəmbər həmişə Rəsul Quliyevin puluna güvənib liderliyi ələ almasının əleyhinə olub və buna imkan verməyib. Bu isə o vaxtdan Rəsul Quliyevin qəlbinə toxunub və indiyədək yadından çıxmayıb.
Yalnız bir dəfə - 2003-cü ildəki prezident seçkiləri ərəfəsində Rəsul Quliyevlə İsa Qəmbər bir araya gəlməyə bacarmışdı. O vaxt məhz Londonda Rəsul Quliyevin fəal iştirakı ilə keçirilən müzakirələrdən sonra İsa Qəmbərin prezidentliyə namizədliyinin dəstəklənməsi haqqında qərar verilmişdi. ABŞ mühaciri Rəsul Quliyev də tərəfdarlarını İsa Qəmbərə səs verməyə çağırmışdı. Amma həmin seçkilərin hansı nəticələrlə yekunlaşdığı, İsa Qəmbərin tutduğu mövqe hamıya məlumdur. Uğursuzluğa məruz qalan Müsavat başqanı müttəfiqlərinin etimadını doğrulda bilməmiş, loru dildə desək onların «mayasını batırmışdı». Bununla da onunla Rəsul Quliyev arasında olan uçurum bir az da dərinləşmiş oldu. Bu səbəbdəndir ki, həmin müddətdən sonrakı mərhələdə Rəsul Quliyevin heç vaxt İsa Qəmbərə güvənmədiyi müşahidə edilir. 2005-ci ilin parlament seçkiləri ərəfəsində hakimiyyətdəki bir neçə korrupsionerlə birləşib siyasi ambisiyalarını reallaşdırmağa çalışan sabiq vitse-spiker ölkəyə qayıdışını daha çox Sərdar Cəlaloğlu və Əli Kərimli vasitəsilə reallaşdırmağa çalışır, İsa Qəmbəri bu prosesdən uzaq saxlamağa çalışırdı.
İsa Qəmbərin nəzarətində olan «Yeni Müsavat» qəzeti də zaman-zaman Rəsul Quliyevi vuran, hörmətdən salan məqalələr dərc etməklə bu iki şəxs arasında uçurumun böyüməsini stimullaşdırıb.
Bütün bunların fonunda bu gün Rəsul Quliyevin İsa Qəmbərin hətta Milli Şuranın ehtiyat namizədi kimi qalmasına etiraz etməsi təbii qəbul edilməlidir. Açıq Cəmiyyət Partiyasının sədri hesab edir ki, o, bir dəfə - 2003-cü ildə İsa Qəmbərin xeyrinə geri çəkilib. İsa Qəmbər isə nə etimadı doğrulda bilib, nə də ondan sonrakı dövrdə heç vaxt Rəsul Quliyevin borcunu qaytarmayıb, digər müxalifət liderlərinin xeyrinə geri çəkilməyib. İndi Rəsul Quliyev istəyir ki, Müsavat başqanı onun özünə də olmasa, heç olmasa Rüstəm İbrahimbəyova güzəştə getsin, neçə illərdir qalan borcunu qaytarsın. Başqa sözlə desək, neçə illərdir qaytarılmayan borc Rəsul Quliyevi ciddi şəkildə narahat edir. İsa Qəmbər də heç nə olmamış kimi, bütün bunları nəzərə almadan yoluna davam edir. Müsavat başqanı həmişə olduğu kimi, bu dəfə də Rəsul Quliyevi siyasi lider kimi qəbul etmədiyini nümayiş etdirməyə çalışır. Bu qovğadan itirən isə müxalifət, daha doğrusu, onların bir nicat məbədi kimi baxdıqları Milli Şura olur. Milli Şuranın olmayan monolitliyi bir qədər də pozulur, müxalif elektoratın öz liderlərinə olan inamı bir az da ölür.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər