• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

Rəsul Quliyev əxlaqlı Milli Şura

26.09.13 08:21 1574
Rəsul Quliyev əxlaqlı Milli Şura
Milli Şurada münasibətlərin hansı səviyyədə olduğu çoxlarına məlumdur. Bir-biri ilə düşmən münasibətlərində olan siyasətçilərin toplaşdığı təşkilat daxilində mənəvi mühit bərbad durumdadır. Qurumda təmsil olunan təşkilatların rəhbərləri neçə illərdir bir-birləri ilə didişməkdədirlər. Nəyinsə naminə bir araya gələn bu adamlar öz aralarında başqalarının ünvanına təhqiramiz ifadələr işlədir, onları lağa qoyurlar. Bununla bağlı çoxsaylı nümunələr var. Ən yeni nümunə isə Milli Şuranın üzvü olan, hazırda ABŞ-da məskunlaşmış Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev və həmin partiyanın sədri Sülhəddin Əkbər arasında olan telefon danışığını qeyd etmək olar. Milli Şuranın sentyabrın 22-də keçirdiyi mitinqin baş tutduğu zaman S.Əkbərlə telefon əlaqəsi yaradan R.Quliyev qurumun mitinqi və bir sıra müxalifət liderləri, həmçinin, vahid namizədləri Cəmil Həsənli haqqında ağır ifadələr işlədir. 2 dəqiqə 6 saniyəlik audioyazısı təhqirlərlə doludur. Özü də təhqirlər birbaşa Milli Şuranın üzvü olan şəxslərə qarşı yönəlib.
Rəsul Quliyev telefon danışığı zamanı Sülhəddin Əkbərin mitinq iştirakçıları arasında dayanıb tribunaya çıxmamasını alqışlayır, onun özünü kənara çəkməsini bəyənir. Sonra isə Milli Şuradakı müttəfiqlərini oyun oynamaqda ittiham edir.
Rəsul Quliyev mitinqə gələnlərin az olduğunu deyir, buna görə Milli Şuradakı müttəfiqlərini aşağılayan ifadələr də işlədir. Əli Kərimli ilə İsa Qəmbəri «dəhşət adamlar» kimi xarakterizə edib, onları «bədbaxtlar» deyir.
Ən dəhşətlisi isə odur ki, Rəsul Quliyev Milli Şuranın vahid namizədi seçilən Cəmil Həsənlini də təhqir edir. Sabiq spikerin təhqiramiz ifadələri mitinqdə çıxışı böyük narazılığa səbəb olan və müxalifətçilərin özləri tərəfindən də qınanan sabiq daxili işlər naziri İsgəndər Həmidov və Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovu da əhatə edir.
Xeyli müddət susduqdan sonra söhbətin hər iki iştirakçısı yayılan səs yazısının guya montaj olduğunu əsaslandırmağa çalışıblar. Amma nə Rəsul Quliyev, nə də Sülhəddin Əkbər belə bir telefon danışığının olmadığını deməyib. Bununla da dolaysı ilə aralarında bu söhbətlərin olduğunu təsdiqləyirlər. Partiyanın sədri Sülhəddin Əkbərin açıqlaması isə “qaş düzəldən yerdə vurub göz çıxarır”. O, özünün telefon danışığında artıq-əskik fikirlərinin yer almamasını deyərək, əslində şəxsini təmizə çıxarmağa çalışıb. Bununla da Sülhəddin Əkbər təhqiramiz ifadələrin özü tərəfindən deyil, Rəsul Quliyev tərəfindən səsləndirildiyinə mesaj edib. Bir növ deyib ki, “söyüşləri, təhqirləri Rəsul edib, məndən nə istəyirsiniz?”
Bu səs yazısı Milli Şura daxilində ciddi narazılıqlara səbəb olub. Haqqında təhqiramiz ifadələr səsləndirilən Cəmil Həsənli bu söhbətlə bağlı heç nə danışmaq istəmədiyini bildirib. O, dialoq iştirakçılarının özlərinin münasibət bildirməsini istəyib.
Dialoq iştirakçıları belə bir telefon danışığının olduğunu inkar edə bilməyəndən sonra dünən Milli Şuranın rəhbərliyi toplanaraq Rəsul Quliyevin qurumdan xaric edilməsi məsələsini müzakirə edib. Qurumun toplantısında bu məsələ ətrafında müzakirələr olsa da, yekun qərar qəbul edilməyib. Belə bir qərarı yalnız Milli Şuranın sessiyası verə bilər. Güman olunur ki, Milli Şuranın növbəti sessiyası bu məsələyə münasibət bildirəcək.
Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva isə təmsil etdiyi partiyanın lideri Rəsul Quliyevin Milli Şuradan çıxarıla bilməsinə münasibət bildirib. O deyib ki, partiya Milli Şuradan çıxmaqla bağlı rəsmi qərarı qəbul etməyib. Bununla belə, hazırda ACP-nin Milli Şurada heç bir fəaliyyəti yoxdur: `Milli Şurada ACP-nin fəaliyyəti elə fəaliyyətsizlikdir. Bu nöqteyi- nəzərdən, biz partiyadan çıxmış hesab olunuruq. Bizim Milli Şuradan çıxmaq haqqında hələ ki rəsmi qərarımız yoxdur. Milli Şura bizi uzaqlaşdırsa yaxşı olar”.
Qeyd edək ki, Rəsul Quliyevlə Sülhəddin Əkbər arasındakı bu dialoq təkcə müxalifət təmsilçiləri arasındakı qarşıdurmaların görüntüsü kimi qəbul edilməməlidir. Baş verənlər həm də özlərini müxalifət kimi təqdim edən, guya haqq-ədalət uğrunda mübarizə apardıqlarını bəyan edən insanların mənəvi-əxlaqi səviyyəsini ortaya qoyur. Məlum olur ki, bu adamlar hətta elementar ailə tərbiyələri belə yoxdur. Öz mübarizə yoldaşları, bir təşkilatda təmsil olunan şəxslər barəsində «bədbəxt», «tula» kimi ədəbsiz ifadələr işlədən şəxs haqqında başqa nə düşünək axı? Bunlar bu tərbiyə, bu səviyyə iləmi seçkilərdə qalib gəlmək, hakimiyyətdə təmsil olunmaq istəyirlər?
Milli Şuradakılarının daxili aləmini nümayiş etdirən təkcə bu telefon danışığı deyil. Elə onların hər çıxışı bu kontekstdən yozula bilər. Məэər onların qəhrəman kimi təqdim etdikləri İsgəndər Həmidovun mitinqdəki çıxışı adam arasına çıxardılasıdırmı? Hələ utanmaz-utanmaz bəziləri sabiq daxili işlər nazirinin təhqirlərlə dolu son çıxışının müdafiəsinə də qalxırlar. Daha bunların tənqid hədəfinə çevrilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən nə fərqi oldu axı? Özləri bu təfəkkürdə, tərbiyədə ola-ola Hafizin nəyini tənqid edirlər axı bunlar?
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər