• cümə axşamı, 18 aprel, 06:41
  • Baku Bakı 12°C

Respublika birincisi olub, kənd məktəbini seçən müəllim - Örnək

28.02.20 10:30 5774
Respublika birincisi olub, kənd məktəbini seçən müəllim - Örnək
Nəvai Qənbərov: "Valideynlər bunu dərk etsələr, qızlarının təhsili üçün əllərindən gələni edərlər”
Region müəllimidir. Düşünür ki, inkişaf kənd və ya şəhər məktəbində deyil, insanın özündə olmalıdır. Ona görə, əgər sən öz üzərində çalışırsansa, bunu regionda da edə bilərsən. İmtahanda respublika birincisi seçilsə də, işləmək üçün kənd məktəbini seçib: "Mənim kimi müəllimlər Bakıda çoxdur, mənə ehtiyac olan yer isə Astaradır”.

Müsahibimizkənd müəllimi Nəvai Qənbərovdur.

Nəvai 1995-ci ildə Astaranın Maşxan kəndində anadan olub. Lənkəran Dövlət Universitetinin Tarix-Coğrafiya müəllimliyi ixtisasını bitirib. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə coğrafiya fənni üzrə iştirak edib və Astaradan 300 km uzaqda, Ağcabədi şəhərində yerləşən Ağdam 40 saylı köçkün ümumi orta məktəbinə coğrafiya müəllimi təyin olunub. 2019-cu ildə MİQ imtahanında yenidən iştirak edib, coğrafiya fənni üzrə 58 bal toplayaraq respublika birincisi olub. Hazırda Astara rayon P.Həsənov adına Çayoba kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

- Nəvai müəllim, nə üçün müəllimlik? Bu peşəni sizə sevdirən nə oldu?
- 5-6-cı siniflərdə oxuyanda Azərbaycan dili müəllimimiz bizə "Müqəddəs peşələr” haqqında inşa yazısı verdi. Peşələrlə bağlı öz düşüncələrimizi yazmalı idik. Yazarkən diqqətimi bir nüans çəkdi. Bu müqəddəs peşə sahiblərinin hamısının bir müəllimi var. Müəllim olmaq üçün sırf hansısa bir ixtisası bitirib dərs demək lazım deyil. Sən əgər yaxşı bir avtomobil ustasısan və özündən sonra hər hansı bir şagird qoyub gedirsənsə, yenə də müəllimsən. Müəllim müqəddəsdir, çünki o, şəxsiyyət yetişdirir. Müstəqillik qazandığımız ilk dövrlərdə müəllimlərin aldığı məvacib onları qane etmirdi. Ailənin sosial problemləri adətən kişinin üzərində olduğuna görə, bu sahəyə gələn kişilər az idi. Ona görə də kişilər müəllimlik etmir, başqa sahələrə gedirdi. İndiki dövrdə müəllimlərin sosial rifahının yaxşılaşdırılması kişilərin yenidən müəllimlik etməsinə şərait yaradır.


- MİQ imtahanında coğrafiya müəllimliyi üzrə respublika birincisi olmusunuz. Bu balla istənilən şəhər məktəbində işləyə bilərdiniz. Bəs nə üçün kənd məktəbi?
- Bəli. Ötən il ölkədə məndən yüksək bal yığan abituriyent yox idi. Coğrafiya fənnindən müsabiqəyə çıxarılmış bütün vakansiyalara qəbul oluna bilərdim. Mən "inkişaf yalnız Bakıdadır” sözünə qarşıyam. Mənə görə, inkişaf insanın özündədir. Əgər sən öz üzərində çalışırsansa, bunu regionda da edə bilərsən. Mənim kimi müəllimlər Bakıda çoxdur, mənə ehtiyac olan yer isə Astaradır. Kənd məktəbi şəhər kimi imkanlara sahib deyil. Kənd məktəbində şagirdlər səni daha həvəslə gözləyir və çox sevir. Burada müəllimlərə daha çox ehtiyac var. Yüksək nəticə göstərən insanların 90 faizi, yaşayış yeri oldu, olmadı - şəhəri seçir. Hamı Bakıya axın etsə, bizim regionlar diqqətdən kənarda qalar. Ona görə də mən Bakını deyil, öz regionumu seçmişəm.

- Erkən nikahlarla bağlı bir sıra layihələr həyata keçirirsiniz. Hazırda vəziyyət necədir? Mübarizəniz öz bəhrəsini verirmi?
- Düzdür, cənub zonasında erkən nikah problemləri hələ də qalmaqdadır. Biz özümüz də buna qarşı mübarizə aparırıq. Valideynlərlə söhbətlərimiz olur. Uğur qazanmış qız şagirdlərinin valideynlərlə görüşünü təşkil edirik. Hazırda işlədiyim məktəbdə elə bir problem yoxdur. Bizim kənddə valideynləri qız övladlarını təhsilə yönəldiblər. Onlar artıq universitetlərə, kolleclərə qəbul olunmaq istəyirlər. Mən sinfə girdiyimdə, ilk verdiyim sual bu olur: "Kimin nə arzusu var?”. Sevinirəm ki, artıq şagirdlərimin qarşısında bir məqsəd var – kimisi dərzi, kimisi saç ustası, kimisi kollecə daxil olub ibtidai sinif müəllimi olmaq istəyir. Biz valideynlərin dəstəyi ilə buna nail oluruq. Bir valideyn var ki, onun bir oğlu, iki qızı məktəbimizdə təhsil alır. Həmin valideyn son dövrlərdə oğlunun təhsilindən çox, qızlarının təhsili ilə maraqlanır. Oğlunun necə oxuduğunu bir dəfə soruşanda, qızlarının dərsini iki dəfə soruşur. Artıq müsbət irəliləyişlər var.

- Maraqlıdır, təsir mexanizminiz nədir? Yəni, qız şagirdlər və valideynlərlə hansı söhbətlər aparırsınız?
- Qız uşaqlarının erkən nikaha sövq edilməsində valideynlərin təsiri çoxdur. Çünki bəzi valideynlər uşağı elə ilk vaxtlardan ailə qurmaq üçün hazırlayırlar. Ailə qursun, öz evində yoldaşının qulluğunu tutsun. Bunun üçün hazırlanmış modellər görmüşük. Bunlara bir az təsir göstərmək çətin olur. Mənim də şagirdlərə ilk məsləhətim sənət öyrənmələri haqqında olur. Bu, müəllimlik, aşpazlıq, dərzilik, həkimlik ola bilər. Yəni, qadın üçün oxumaq onun həyat sığortasıdır. Həyatın qarşımıza nə çıxaracağı bəlli deyil. Əlimizdə olan sənət həyat sığortamızdır. Çünki bilmirik ki, 5 il, 10 ildən sonra başımıza nə gələcək. Sənətimiz söykəndiyimiz divardır. Qız şagirdlərimə söylədiyim söz həmişə bu olur. Düşünürəm ki, oğlan ac qalmamaq üçün daş da qaldırar, gedib beton da götürər, ağır işlər də görər, amma qızlarımızın belə şansı yoxdur. Ona görə də qızlarımız üçün təhsil mütləqdir.


- "Əziz valideynlər, övladlarınıza təhsil verin. Əks halda, övladınızın qəlbində yara, öz qəlbinizdə isə peşmançılıq qalacaq”. Bu sizin tez-tez işlətdiyiniz ifadədir...
- Bəli, bir övlad heç vaxt unutmur ki, ailəm məni təhsil almağa qoymadı. Düzdür, mən oğlan övladıyam, bəlkə də özümü təhsil ala bilməyən qızın yerinə qoya bilmərəm. Amma siz özünüzü o qız uşağının yerinə qoyun. Ailəniz oxumağınıza imkan vermir. Siz sevmədiyiniz biri ilə ailə həyatı qurursunuz. Gələcəkdə sevmədiyiniz ailəniz yəqin ki, çox böyük ehtimalla sizin gözləntilərinizi vermir və xoşbəxt olmursunuz. Qəlbinizdə o yara həmişə qalacaq ki, mənim ailəm məni bu vəziyyətə saldı: "Mən dərslərimi yaxşı oxuyurdum, indi həkim, müəllim, öz ayağı üstə dura bilən bir insan ola bilərdim. Valideynim mənə imkan vermədi”. Valideyniniz də həmin an sizin yaşadıqlarınızı görüb, öz qəlbində peşmançılıq hiss edəcək ki, mən öz qızımı oxutdura bilərdim, onun daha gözəl həyatı olardı. Öz mühitindən biri ilə daha yaxşı ailə qura bilərdi. Mən onu tələsdirdim, ona görə belə oldu. Düşünsək, bu çox ağır hissdir. Valideynlər bunu dərk etsələr, qızlarının təhsili üçün əllərindən gələni edərlər.

- Peşənizin qarşınıza qoyduğu borcu necə izah edərdiniz?
- Bizim hazırda işini vicdanla görən bir çox müəllimimiz var. Müəllimlik sənəti həqiqətən müqəddəsdir. Bəzi peşələr var ki, onu pul qazanmaq üçün görmürsən. Bəzi sənətlər var ki, sən onu sırf sevdiyin üçün seçirsən. Düzdür, kapitalizm dövrüdür, maddiyat önəmlidir. Amma maddiyatla yanaşı, sən sevdiyin peşəni də görməlisən. Əgər sən o işdən pul qazanmaq üçün istifadə edirsənsə, 10-20 saat dərsini keçib gedəcəksən. Amma öz peşəni sevirsənsə, sinfə girəndə, artıq düşünməlisən ki, mən bu gün nə etməliyəm. Çıxanda da "mən bu gün nə etdim” sualına cavab tapmalısan. Çünki məktəbin vəzifəsi şəxsiyyət yetişdirməkdir. Yazılmayıb ki, coğrafiyaçı, tarixçi, ya filoloq yetişdir. Sən şəxsiyyət yetişdirməlisən. Şəxsiyyət yetişdirmək üçün də biz bunları şagirdlərimizə aşılamalıyıq. Bu bizim peşəmizin qarşımıza qoyduğu borcdur. Həkimlərin vicdan borcu xəstələrin həyatını xilas etməkdirsə, müəllimin də vicdan borcu cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək, layiqli vətəndaşlar hazırlamaqdır.

- Müəllimlik karyeranızda unutmadığınız hansı xatirəni bizimlə bölüşə bilərsiniz?
- İlk dəfə coğrafiya müəllimi kimi məktəbə getdim. Şübhəsiz ki, məndən əvvəl şagirdlərin sevdiyi bir müəllimə olub. İndi də onun adını çəkirlər. Düzdür, məni də çox sevirlər, amma o müəllimi də unutmurlar. Sevdiyimiz bir müəllimin yerinə başqa bir müəllim gələndə, onu ilk dəfə qəbul etmək çətin olur. Məndə də belə oldu. Sonra şagirdlər dedilər ki, müəllim, biz sizi çox sevirik. Şagirdlərdən bu tip sevgini görmək nəyə desən dəyər. Məsum bir varlıq tərəfindən sevilmək çox gözəldir.

- Müəllim kimi gələcək planlarınız nədir?
- Şagirdlərimi gələcəkdə məqsədi olan insanlar kimi görmək istəyirəm. Sinfə girib 10-cu sinif şagirdinə sual verəndə ki sənin həyatda gözləntilərin nədir, onun bu sualın cavabını bilməməsi mənə acı verir. İstəyirəm, şagirdim desin ki, məsələn, mənim həyatda məqsədim maşın ustası olmaqdır. Mən yaxşı ustalıq bacarıram, bu səbəbdən də usta olmaq istəyirəm. Tək gözləntim şagirdlərimin məqsədli vətəndaş olmasıdır. Çünki məqsədi olmayan insan həyatda uğur qazana bilməz. Əgər sən bir yolu seçməmisənsə, hansı yolun sonundan söhbət edə bilərsən? Sən birinci çıxacağın yolu seçməlisən, o yolda qarşılaşacağın problemləri dəf etməlisən və nəhayət, hansısa bir məqsədə çatmalısan. Ona görə də mən şagirdlərimə əvvəlcə qarşılarına məqsəd qoymağı, sonra o məqsəd uğrunda mübarizə aparmağı öyrədirəm. Ondan sonra uğur insanı tapır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər