• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

“Rəsmi Ankaranın Suriya siyasətinin dəyişəcəyini düşünmürəm”

31.08.16 12:04 2912
“Rəsmi Ankaranın Suriya siyasətinin dəyişəcəyini düşünmürəm”
Avqustun 24-dən başlayaraq, Türkiyə Silahlı Qüvvələri (TSQ) koalisiya təyyarələrinin dəstəyi ilə Suriya ərazisində "Fərat qalxanı” adı altında hərbi əməliyyatlara başlayıb. Baş Qərargahın yaydığı məlumatlara görə, qısa zamanda onlarla kənd İŞİD terrorçularından təmizlənib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əməliyyatlarla bağlı mətbuata açıqlamasında bildirib ki, "Fərat qalxanı” PKK-nın Suriya qanadı PYD ləğv olunana qədər davam edəcək. Türkiyə prezidenti qeyd edib ki, İŞİD-lə Cerablusda, Başikdə, lazım olarsa başqa yerlərdə də mübarizə aparılacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu da deyib ki, PYD və YPG nəzarət etdikləri ərazilərdə etnik təmizləmə apararaq yerli əhalini məcburi miqrasiyaya sövq ediblər. Onun sözlərinə görə, PYD silahlıları Fərat çayının qərbini tərk etməyənə qədər TSQ-nin hədəfində olacaqlar. TSQ-nin Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyatlara başlaması, ABŞ və Rusiyanın buna münasibəti, rəsmi Ankaranın Suriya siyasətində dəyişikliyin olub-olmaması və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan siyasi şərhçi Toğrul İsmayıl cavablandırır.
- Toğrul bəy, TSQ-nin ötən həftə qonşu Suriyanın ərazisinə daxil olmasına, orada hərbi əməliyyatlar keçirməsinə səbəb nədir?
- Bu məsələ uzun müddət idi ki, danışılırdı. Türkiyə bundan əvvəl də bu bölgədə terrorçulardan təmizlənmiş "bufer zona” yaradılması təklifi ilə çıxış edirdi. Avropa İttifaqı və ABŞ bu təşəbbüsü müsbət qarşılasalar da, reallıqda heç bir iş görülmədilər. Lakin son terror aktları Türkiyəni belə bir hərbi əməliyyat keçirməyə məcbur etdi. Şəxsən mən düşünürəm ki, bu hərbi əməliyyatlar çox gecikib. Bu əməliyyatlar hələ 2-3 il bundan öncə başladılmalı idi. Belə olardısa, Türkiyə ərazisində nə indiki qədər qaçqın olmazdı, nə də terror aktları ölkənin içinə bu qədər girməzdi. Digər tərəfdən, yəqin məlumatlısınız ki, Suriyadakı terror təşkilatları burada törətdikləri əməlləri Türkiyə ərazisinə də keçirməyə çalışırdılar. Türkiyədəki son terror aktları bunun bir göstəricisidir. Bu da məlumdur ki, Türkiyə Suriya ilə 900 kilometrlik uzun bir sərhəddə sahibdir. Bu sərhədin 200 kilometrində iki ölkənin ərazisini ayıracaq beton divarlar tikilsə də, açıq qalan geniş ərazini nəzarətdə saxlamaq olduqca çətindir. Bu da sərhədə yaxın ərazilərdəki terrorçulara imkan verirdi ki, nəzarətdən yayınıb Türkiyə ərazilərinə daxil olsunlar, burada terror aktları törətsinlər və sair. Bütün bu kimi səbəblərdən dolayı Türkiyə məcbur idi ki, sərhədinə yaxın Suriya ərazilərində həm antiterror əməliyyatları keçirsin, həm də bu ərazilərdə özünə yaxın qüvvələrin üstünlük əldə etməsinə dəstək versin.
- Rəsmi Dəməşq TSQ-nin Suriya ərazisində hərbi əməliyyatlar keçirməsinə etirazını bildirib və qeyd olunub ki, bu, suverenliyin pozulmasıdır.
- Bu əməliyyatları Türkiyə təkbaşına həyata keçirmir. Türkiyə Suriyada terrora qarşı olan bir koalisiyanın üzvüdür. Bu koalisiyada Qərb ölkələri, o cümlədən ABŞ da var. Bu baxımdan, rəsmi Ankaranın Suriya ərazisində başlatdığı hərbi əməliyyatlar koalisiyada təmsil olunanların dəstəyi ilə gerçəkləşdirilir. ABŞ rəsmisi Co Bayden Türkiyəyə səfəri zamanı bunu etiraf etdi. Bütün bunlardan başqa, "Fırat qalxanı” hərbi əməliyyatına başlamazdan öncə Türkiyə koalisiyada təmsil olunan dövlətləri, həmçinin Rusiya və İranı da bu barədə məlumatlandırıb. Hətta qeyri-rəsmi xəbərlərə görə, rəsmi Dəməşq də bu barədə məlumatlandırılıb. Bununla belə, bir məsələni də nəzərə almaq lazımdır ki, Suriya hökuməti "Fərat qalxanı” hərbi əməliyyatlarının keçirildiyi ərazilərə nəzarət edə bilmir. Suriyaya aid bu ərazilərdə terror təşkilatları meydan sulayır, buranı öz nəzarətlərində saxlayırdılar. Bunun qarşısını almaq lazım idi. "Fərat qalxanı”nı Şimali İraqda həyata keçirilən hərbi əməliyyatlara bənzətmək olmaz. Çünki, formal da olsa Şimali İraqdakı ərazilər mərkəzi hökumətə bağlı idi. Ona görə də mərkəzi İraq hökumətinin icazəsi alınmaqla, məlumatlandırılmaqla hərbi əməliyyatlar aparılırdı. Amma Suriyanın Türkiyə ilə sərhəd olan məlum ərazilərinə nəzarət rəsmi Dəməşqin deyil, İŞİD-in və ya ABŞ-ın dəstəklədiyi PYD qruplaşmasının əlindədir. Türkiyə də terrorçularla mübarizə aparır. Bəziləri bölgədəki boşluqlardan yararlanaraq, mövcud ölkələrin ərazi bütövlüyünü pozmaqla özlərinin dövlətini qurmaq istəyirlər. İstər İŞİD, istərsə də PYD silahlı terror qruplarıdır. Bunlar arasında hər hansı bir fərq yoxdur. Vaxtilə PYD Bəşər Əsəd rejiminə qarşı çıxaraq bu bölgədə hərbi mübarizəyə başladı, sonradan isə etnik təmizləmələr həyata keçirdi. İŞİD kimi onların da əsas niyyəti Suriya ərazisini zəbt etməklə, parçalamaqla öz dövlətlərini yaratmaqdır. Sadəcə, İŞİD İslam adı altında, PYD isə etnik tərkibi gündəmə gətirməklə, etnik təmizləmə aparmaqla buna can atır.
- Sizin də vurğuladığınız kimi Türkiyə Suriya ərazisində İŞİD və PYD terrorçularına qarşı mübarizə aparır. Amma rəsmi Ankaranın başlatdığı "Fərat qalxanı”na okeanın o tayından heç də birmənalı dəstək verilmir, bəzən isə bundan narahatlıq ifadə olunur. Belə yanaşma nə ilə əlaqədardır?
- Amerikada müxtəlif ağızlardan çıxan fərqli fikirlərin səbəbi bu ölkənin növbəti prezident seçkiləri ərəfəsində olmasıdır. Barak Obamanın prezidentlik müddəti başa çatır və o, artıq gedir. Belə bir vəziyyətdə yaranmış hər hansı boşluqdan oradakı müxtəlif qruplaşmalar yararlanmaq istəyər, fərqli yanaşma ortaya qoya bilərlər. Misal üçün hər hansı məsələyə Pentaqon bir yandan, Mərkəzi Kəşfiyyat İdarəsi isə fərqli yandan yanaşa bilər. Ümidvaram ki, prezident seçkilərindən sonra bütün bu məsələlər öz yoluna düşəcək, konkret mövqe ortaya qoyulacaq.
- Türkiyənin öz təhlükəsizliyini və dövlət maraqlarını nəzərə alaraq Suriya ərazisində hərbi əməliyyatlara başlaması, Azad Suriya Ordusuna dəstək verməsi Ankaranın Moskva və ya Vaşinqtonla münasibətlərinin "sərinləşməsinə” səbəb olmaz ki?
- İnanmıram ki, "Fərat qalxanı” hərbi əməliyyatları Türkiyənin Rusiya, yaxud Amerika ilə münasibətlərinə "sərinlik” gətirsin. Amerikanın da, Türkiyənin də bölgədə öz maraqları var. Onsuz da Ankara ilə Vaşinqton arasında buna qədər də bir gərginlik yaşanmışdı. Xüsusən də 15 iyul dövlət çevrilişinə cəhd hadisələrindən sonra Amerikanın öz müttəfiqinə geniş şəkildə dəstək verməməsi Türkiyə daxilində həm dövlət rəsmiləri, həm də geniş ictimaiyyət arasında müəyyən narazılıqlarla qarşılandı. Co Baydenin Türkiyəyə səfərini də məhz bu prizmadan dəyərləndirmək gərəkdir. Digər tərəfdən, Amerikanın PYD-ni İŞİD-ə qarşı mübarizədə istifadə etməsi də rəsmi Ankarada ciddi narazılığa səbəb olub. Bu narazılığın aradan qalxması üçün ABŞ Türkiyəyə müəyyən vədlər vermişdi. Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bu günlərdə həmin vədlərin nədən ibarət olması barədə açıqlamalar verdi. Lakin indiyə qədər bu məsələdə şəffaflıq yoxdur. Rusiyaya gəlincə, rəsmi Moskva Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasında, Suriyadakı müəyyən bölgələrin bu hakimiyyətin nəzarəti altında olmasında maraqlıdır. Bu baxımdan, Rusiyanın Türkiyə ilə tərs gəlməsinə ciddi səbəb yoxdur. Rusiya artıq başa düşür ki, bölgədəki silahlı kürd qruplaşmaları Kremlin deyil, Qərbin nəzarətindədir. Həmin silahlı kürd qruplaşmaları sadəcə, rəsmi Moskvadan istifadə etməyə, Rusiyadan Türkiyəyə qarşı faydalanmağa çalışırdılar. Böyük oyunda Rusiya üçün Suriyada olmaq və Bəşər Əsədi dəstəkləmək Türkiyə üçün tərs düşməyə əsas vermir. Ona görə də Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı” adı altında Suriya ərazisində hərbi əməliyyatlar keçirməsinə Rusiyanın etiraz etməməsi gərəkdir və göründüyü kimi hər hansı narazılıq da yoxdur. Bu da normaldır. Lakin hərbi əməliyyatlar bölgədə uzun müddət davam edərsə, Rusiyadan hansısa formada etiraz səsləri arta bilər.
- Prezident R.T.Ərdoğanın Rusiya səfərindən sonra Türkiyə mediası bildirirdi ki, rəsmi Ankara Suriya siyasətinə yenidən baxa bilər. Əgər belə bir hal baş verərsə, bu dəyişiklik nədən ibarət ola bilər?
- Türkiyə prezidentinin Rusiya səfərinin ardından belə fikirlər mediada yer aldı. Amma sonradan bununla bağlı təkziblər gəldi. Ümumiyyətlə, xarici siyasət kağız üzərində çox ideal görünür. Misal üçün, bir plan qurarsan, dəyərləndirərsən, hər şeyin olduğu kimi həyata keçiriləcəyinə şübhə etməzsən. Lakin işi icraata yönəldən zaman müxtəlif yan məsələlər ortaya çıxa bilər, müəyyən korrektələr edilməsi zərurətə çevrilər. Bu baxımdan, rəsmi Ankaranın Suriya siyasətinin çox da dəyişəcəyini düşünmürəm. Lakin bu siyasətdə korrektələr olacağına inanıram. Bu da normal bir vəziyyətdir. Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Fırat qalxanı” hərbi əməliyyatı Suriyanın ərazi bütövlüyünə yönəlikdir. Bunu eyni şəkildə Con Kerri və Sergey Lavrov da görüşlərində ifadə etdilər. Kimsə başa düşməsin ki, Türkiyənin Suriya ərazisində başlatdığı hərbi əməliyyatlar bu ölkənin torpaqlarını işğal etmək məqsədi daşıyır. Türkiyənin məqsədi sərhədinə yaxın ərazidə məskunlaşmış, Suriyanın bu ərazilərini zəbt etmiş, burada at oynadan İŞİD və PYD terrorçu qruplaşmalarını zərərsizləşdirmək, beynəlxalq hüquqa zidd olan və Suriyanın ərazi bütövlüyünün pozulmasına yönəlik bir planın qarşısını almaqdır. Bu isə Bəşər Əsədin də işinə yarayan bir məsələdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər