AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəşad Mahmudov: “Bu gün ən vacib məsələ koronavirusun yayılma arealını kiçiltməkdir”

Rəşad Mahmudov: “Bu gün ən vacib məsələ koronavirusun yayılma arealını kiçiltməkdir”

Müsahibə
19 Mart 2020, 21:30 1177
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovun APA-ya müsahibəsi

- Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planına daxil edilən "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin hazırlanmasında iştirak etmisiniz. Qanun layihəsi bu sahədə hansı yeniliklərə yol açacaq?
- Milli Məclisin Sədri Sahibə Qafarova və  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun tapşırığı ilə yaz sessiyasında "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üzərində son hazırlıqları bitirərək plenar iclasa təqdim edəcəyik. Qanunun yaz sessiyasında qəbulu bu sahənin inkişafına çox böyük dəstək olacaq. Ölkələrdə transplantologiya sahəsi nə qədər inkişaf edirsə, bu, digər sahələrin də inkişafına bir o qədər təkan verir. Çünki bu sahə aparıcı rol oynayan sahədir.

- Bu qanunun qəbulu ölkəmizdə orqan bağışlanması sahəsində dönüş yaradacaqmı?
- Bu məsələnin həlli istiqamətində A-dan Z-yə bütün mərhələləri əhatə edən, dünya təcrübəsində ən mükəmməl sayıla biləcək ölkələrin qanunvericilik bazalarından istifadə olunub, ən mükəmməl qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi həkimlərin və xəstələrin bütün mərhələlərdə olan hərəkətlərini tənzimlədiyi kimi, orqanların bağışlanması, canlıdan-canlıya orqan köçürülməsinə qədər olan bütün mərhələləri də tənzimləyir. Bu qanun Azərbaycanda səhiyyənin bu sahəsinin inkişafına, orqan bağışlanmasının geniş vüsət almasına və insanlıqda psixoloji baryer olan inamsızlığın aradan qalxmasına səbəb olacaq.

- Azərbaycanda bu qanunun icrasını təmin edə biləcək mexanizmlər varmı? Səhiyyəmizin mövcud durumu bu inamı yaradırmı?
- Ölkəmizdə bu qanunu icra edə biləcək kifayət qədər səhiyyə ocağı, həkim, mütəxəssis var. Mən bu sözün məsuliyyətini hiss edərək deyirəm. İnsanın ən böyük qorxusu hisslərindən sui-istifadə edilməsidir. O qorxunun olmadığını cəmiyyətə göstərdiyimiz zaman bu problem həll olunacaq. Bu problemlər bütün ölkələrdə olub. Uğur qazanmağımızın yolu sözdə deyil, əməldə səhiyyə olan inamı geri qaytarmaqdır. Bunun üçün səhiyyə sisteminin, səhiyyə işçilərinin, səhiyyə sistemi ilə əlaqədar olan bütün qurumların, eləcə də qanunverici orqanın üzərinə böyük yük düşür. Ortaq hədəfə köklənmiş addımlar dəyişikliyə səbəb ola bilər. Bu işdə səhiyyə işçiləri qədər cəmiyyətin, cəmiyyətlə səhiyyəni birləşdirən kütləvi informasiya vasitələrinin rolu mühümdür. İnsanların bəlli duyğularına təsir edə biləcək bütün vasitələrdən istifadə etməyi bacarmalıyıq. Maarifləndirmə işləri genişləndirilməli, məsələnin mahiyyətini aça bilən sosial çarxlar, filmlər çəkilməlidir. İnsanlar dini inanclarımızda da, milli-mənəvi dəyərlərimizdə də bir orqan bağışlayaraq dünyada ən savab iş gördüklərini anlamalıdır. Bu məsələ ilə əlaqədar maraqlı fakt deyim. 2009-cu ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Fəxrəddin Cavadov beyin ölümü ilə həyatını itirmişdi. Bundan sonra beyin ölümü ilə əlaqədar Azərbaycanda çox böyük konfrans keçirildi. Konfransa çox mötəbər ölkələrin donor-koordinator nümayəndələri dəvət edilmişdi. Tədbirdə bilərəkdən Rusiyadan, Avropadan, ABŞ-dan, İsraildən, Səudiyyə Ərəbistanından, İranın azərbaycanlılar çox yaşayan Təbriz şəhərindən ekspertlər çağırmışdıq. Onların hər biri çıxış edəndən sonra sosial, dini baxışlarla əlaqəli suallar verildi. Biz həmin ölkələrin özümüzlə müqayisəsini aparmaq istəyirdik. Bu məsələdə milli dəyərlərimizi bəhanə edənlərə Türkiyənin təcrübəsi, dini baxışlarımızı bəhanə edənlərə ərəb dünyasının təcrübəsi, milli kimliyimizi bəhanə edənlərə İranın - Təbriz ekspertlərinin çıxışları ilə cavab verildi. Orqan bağışlanması tibdən daha çox vətəndaşlardan asılıdır. Azərbaycan səhiyyəsi çoxdan bu işə hazırdır. Vətəndaşlarımız da bu baryeri qırdığı zaman bu məsələ həllini tapacaq. Baryer də artıq yavaş-yavaş qırılır. Təkcə çalışdığım xəstəxanada 3 gün ərzində artıq 3 qaraciyər transplantasiyası həyata keçirilib.

- Bəzən bu qanunun dolayı yolla orqan alverini təbliğ edəcəyi barədə iddialar gündəmə gəlir. Bu iddialara münasibətiniz necədir?
- Bu fikirlə qətiyyən razı deyiləm. Tam əksinə, hansısa ölkədə qanunlar qəti xətləri ilə bəlli deyilsə, digər məsələlərə daha çox yer olur. Orqan transplantasiyası dünyada tibbin və Ümumdünya Səhiyyə Təşkilatının məsləhət gördüyü müalicə üsuludur. Qanun problemlərin qarşısını almaq üçün ən gözəl vasitədir. Bunun üçün qanunların normal işlədiyi ölkələrin təcrübəsinə baxmaq kifayət edir. Beyin ölümü gerçəkləşəndə əslində orqanlar, ürək işləyir. Bugünkü texnologiya ilə beyin ölümü diaqnozunu qoymaq çox asandır. Qonşu ölkələrdə artıq 1968-70-ci illərdə orqan köçürülmələri həyata keçirilib. 1968-ci ildə beyin ölümünə cəmiyyətlər şübhə ilə yanaşmayıbsa, bu gün Azərbaycan cəmiyyəti hansı qorxu hissi ilə deyə bilər ki, 2020-ci ildə beyin ölümü diaqnozu qoyulmasına şübhə ilə yanaşır. Bu gün hər kəs qan verir, qan da bir toxumadır. Dinimizə görə də öləndən sonra ruhumuz yaşayır, cəmdəyimiz isə çürüməyə məhkumdur. Halbuki orqanlarımız bir canın yaşamasına səbəb ola bilər. Bir insan həyatını itirərkən onun orqanları sayəsində 7-10 insanın yenidən həyata qayıtması mümkündür. Bu gün insanların canını qripdən qurtarmaq üçün bütün dünya səfərbər olub, transplantasiya qədər önəmli bir sahənin inkişafına isə şübhə ilə yanaşırıq. Bu gün yeniləşən Azərbaycanda bütün sahələrdə gedən islahatlarla birlikdə səhiyyəmizin də ən yüksək səviyyələrə gəlməsi üçün bütün əməyimizi səfərbər edəcəyik.

- Ürək köçürülməsi nə zaman reallaşa bilər?
- Yeganə orqan ürəkdir ki, onun transplantasiyası Azərbaycanda həyata keçirilməyib. Böyrək və qaraciyərdə çox böyük uğurlarımız var. Bunun da səbəbi böyrək və qaraciyərin canlıdan da götürülməsinin mümkünlüyüdür. Bu zaman alıcı da, verici də həyatına davam edə bilir. Ürək isə yeganə orqandır ki, götürülən zaman verici yaşaya bilməz. Sadəcə, beyin ölümündən sonra ürək transplantasiyasını etmək mümkündür. Bu gün Azərbaycanda ürək transplantasiyasının edilməməsi bunu edəcək həkimlərin olmaması ilə qətiyyən əlaqəli deyil. Yeganə səbəb beyin ölümü məsələsinə vətəndaşın reaksiyası və bu məsələdə koordinasiya çatışmazlığıdır. Orqan olsa, bir gecə içərisində eyni anda Azərbaycanda beş mərkəzdə ürək köçürülə bilər. Reanimasiyalarda beyin ölümü diaqnozları zamanında qoyulub, psixoloqları bu işə cəlb edərək insanlarla görüş keçirilsəydi, KİV bu işə cəlb edilsəydi, transplantasiya məsələsində bu qədər geri qalmazdıq. Bu məsələdə ictimaiyyətin və sosial yanaşmanın düzəlməsinə ehtiyac var. Əfsuslar olsun ki, bu, sadəcə, tibbi problem deyil. Dünya ölkələrində işləmək imkanım olduğu üçün deyə bilərəm ki, cəmiyyətlərdə ölümlə bağlı anlayışlar müxtəlifdir. Cəmiyyətlərin ölümə qarşı göstərdiyi reaksiya ölkələr və onların gələcəyi haqqında məlumat verir. Unutmamalıyıq ki, ömrümüz sonsuz deyil. Orqan transplantasiyası üçün 90 yaşlı insanın orqanları istifadə oluna bilməz. Bunun üçün 60 yaşın altında olan insanların orqanlarından istifadə olunur. Burada da daha çox travmalardan, qəzalardan sonra beyin funksiyasını tamamilə itirmiş insanların orqanlarından istifadə olunur. Koma ilə beyin ölümünü qarışdırmaq olmaz. Beyin ölümü gerçəkləşmiş gənc insanların orqanları orqan transplantasiyasında istifadə oluna bilər.

- Sağ insanlardan böyrək, qaraciyər köçürməyin mümkün olduğun qeyd etdiniz. Bu zaman həmin insanların sağlamlığı üçün hər hansı risk yaranırmı?
- İlk dəfə ölkədə Orqan və toxumaların transplantasiyası şöbəsi Mərkəzi Neftçilər Xəstəxanasında yaradılıb. Bu sahədə mütəxəssislərin cəlb edilməsində iştirak etdiyimə görə deyə bilərəm ki, həmin illərdə söhbət 5-10 nəfərdən gedirdi. Bu gün isə bu rəqəm 700-800 arasındadır. Yəni 700-800 canlıdan canlıya orqan transplantasiyası həyata keçirilir. Alıcıdan çox vericinin sağlamlığı, təhlükəsizliyi üçün görüləcək iş çoxdur. Vericilər çox dərindən yoxlanılır. Qaraciyərinin bir parçasını vermək istəyən insanın öz qaraciyəri və bədəninə zərər verilməməsi üçün dırnaqdan başa qədər hər şeyi yoxlanılır. Azərbaycanda bu günə qədər orqan köçürmələri ilə əlaqədar 800-ə qədər vericidən heç birinin səhhətində problem yaranmaması Azərbaycan tibbinin uğurudur.

- Zootransplantasiyanın gələcəyini necə görürsünüz?
- Dünyada orqan bağışlanmasının arxa planında orqan çatışmazlığı ilə bağlı reallıq var. Orqan bağışlanmasının ən yüksək səviyyədə olduğu ölkələrdə belə ehtiyacı olanların sayı ilə vericilərin sayı arasında böyük disbalans mövcuddur. Bu sahədə ən yaxşı göstəricilərə malik ölkələrdə belə orqan ehtiyacının yalnız 20 faizə qədəri təmin olunur, 80 faizi təmin edilmir. Bunu nəzərə alaraq, bu gün dünya səhiyyə elmi ən çox əlavə resursların yaradılması üçün işlər aparır. Tək hüceyrədən genetikə uyğun şəkildə ürəyin yaradılmasına da çalışılır. Hələ ki, tibb bu məsələdə istənilən nəticəni ala bilməyib. İkincisi, insanın toxumasına uyğun heyvan orqanlarından istifadə ilə bağlı işlər aparılır. Bununla əlaqədar dünyada təcrübələr həyata keçirilsə də, nəticələr qənaətbəxş deyil. Bununla bağlı maraqlı məsələni qeyd edim. Dünyada ürək transplantasiyası 1967-ci ildə başlayıb, 1968-ci ildə artıq Türkiyədə ürək köçürülməsi həyata keçirilir. Amma 1989-cu ilə qədər bu məsələlər dayandırılır. Səbəb isə odur ki, əməliyyat olunan xəstələrin heç biri yaşamırdı və yaşamamalarının səbəbi də əməliyyat deyildi. Çünki bədən özünə aid olmayan orqanı canlı olsa da, qəbul etmirdi. Buna özündən rəddetmə deyilir. Bu məsələ səhiyyə sistemini uzun illər məşğul edib. 1985-ci ildən sonra immunsupresiv məsələsi ortaya çıxdı. Bu, tibb tarixində yeni başlanğıc idi. Bu kəşf sayəsində yüz minlərlə insan orqan köçürüldükdən sonra immun sistemini zəiflədərək, orqanla birlikdə yaşamağa başladı. Yəqin ki, bizim zoolardan alacağımız orqanlarla uyğunlaşmaqda yaranan problemin həllinə də araşdırmalardan sonra nail ola biləcəyik. Alternativ canlıların orqanlarından istifadəni də bir gün mümkün olacaq. Ancaq həmin vaxt da heyvansevərlərlə ortaq dil tapmaq lazım gələcək.

- Koronavirusla bağlı məsələyə qayıdaq. Dünya tibbi niyə COVİD-19 virusu qarşısında aciz qalıb?
- Koronavirus 70-ci illərdən bu yana hər zaman olub. Bu gün koronavirus ailəsinin yeni nümayəndəsi ilə qarşı-qarşıyayıq. Virus yeni genetik mutasiya etdiyi üçün ona qarşı əlimizdə silah yoxdur. Bu virus həddindən çox sürətlə yayılır. Onun yayılmasının qarşısını almaqla yanaşı, həm də ona qarşı dərman tapılmağa çalışılır.

- Vaksinin hazırlanması nə qədər çəkəcək?
- Peyvənd silah deyil, qoruyucudur. Bu gün koronavirusun peyvəndi tapılsa belə, bu problemi aradan qaldırmır. Bu gün bizim müalicəedici dərmana, antivirusa ehtiyacımız var. Peyvənd bu iş əmələ gəlmədən, dünyaya yayılmadan əvvəl bizə kömək edə bilərdi. Məsələn, koronavirusa qarşı peyvənd bizə gələcək illərdə kömək edəcək. Bu gün bizim antiviral müalicədə istifadə edə biləcəyimiz dərmanların tapılması daha ön plandadır. Yoluxmanın olduğu insanların müalicəsində istifadə edilə biləcək dərmanlara ehtiyac var. Artıq xoş xəbərlər gəlməkdə davam edir. Çinin Milli Biotexnologiyalar üzrə Mərkəzindən verilən məlumatda qeyd edilir ki, 2014-cü ildən bu günə qədər Yaponiyada mağazalarda satılan antiviral dərman xəstəliyin müalicəsini 11 gündən 4 günə salır. Bu antiviraldan "donuz qripi”nin müalicəsində də istifadə olunub. Peyvəndlər artıq insanlar üzərində tətbiq edilir. Ümumi məlumatları nəzərə alaraq, deyə bilərəm ki, bunların hər birinin nəticə verməsi ən yaxşı halda 2 aya mümkün olacaq. Bu gün vacib olan məsələ yayılmanın arealını kiçiltməkdir. Digər viruslarla olduğu kimi, bu virusla da mübarizə yolu tapılacağına inanıram. Burada ajiotajın daha çox olmasına səbəb virusun yayılma sürətidir. Avropada episentr olaraq, bu gün işlər kontroldan çıxmış kimi görünsə də, Çində olan qabaqlayıcı tədbirlər bizi rahatlatdı. Ümid edirik ki, bu problem nəzarətə alınacaq. MERS və SARS virusu ilə müqayisə etsək, bu virusun öldürmə riski daha aşağıdır. Ancaq problem virusun necə davranacağı haqqında məlumatımızın olmaması ilə bağlıdır. Buna qarşı peyvənd hazırlansa da, qısa müddət ərzində virus mutasiya olarsa, peyvənd effektivliyini itirəcək. Bu sualların cavabları bu gün yoxdur. Bu suallara cavab tapana qədər əsas iş virusun yayılmasının qarşısını almaqdır.

- Milli Məclisin sonuncu plenar iclasında koronavirusla bağlı bir sıra qanun layihələrinə dəyişiklik edildi. Bəs koronavirusla bağlı ayrı qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?
- Bununla bağlı KİV-də də xəbərlər gedir. Şəxsi düşüncəm belədir ki, fövqəladə hallarda koronavirusla bağlı hansısa qanunun hazırlanması bizə faydadan çox zərər verər. Çünki fövqəladə hadisələrdə atdığımız hər addım problemin gedişatına təsir edir. Ümumdünya Səhiyyə Təşkilatı da resursları doğru istifadə etməyi tövsiyə edir. Belə bir qanunun hazırlanması üçün ölkədəki əsas epidemioloq və infeksionistləri bu işə cəlb etməli və günlərlə müzakirələr aparmalıyıq. Onların resurslarını bu şəkildə fərqli yola yönləndirməklə ölkədə baş verən hadisəyə faydadan daha çox zərər verərik. Düşünürəm ki, belə vəziyyətlərdə qanun gücündə ola biləcək qərarlar və sərəncamların verilməsi daha məqbuldur. Son qanun dəyişiklikləri bir gecənin içərisində hazırlanmışdı. Bütün bunlar əslində çevik olaraq, fövqəladə hadisəyə reaksiya verdiyimizi göstərdi. Ona görə də ayrıca qanun qəbul edilməsi məsələsi gündəmə gəlsə də, buna ehtiyac görmürəm. Çünki Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun şəkildə qərarlar verilir. Bu gün düz bildiyimiz qərar sabah səhv də ola bilər. Biz qanunlara özümüzü ilişdirib, onları dəyişdirməyə zaman itirəcək durumda deyilik. Əmin olun ki, bu gün ölkədə fövqəladə vəziyyət elan olunmamış, qanun qəbul edilmədən də bütün ölkələrin istifadə etdiyi təcrübələrlə bu məsələni daha adekvat şəkildə həll edə bilirik.

- Epidemiyanın fors-major hallar sırasına daxil edilməsi mümkündürmü?
- Bunun üzərində artıq iş gedir. Bütün komitələr, komissiyalar bunun üzərində işləyir. Başlıcası iqtisadi məsələlər bu vəziyyəti labüd edir. Bu mexanizmlər gündəmə gəlməsə, biz 2-3 ay ərzində insanları çıxılmaz vəziyyətə sala bilərik. Bununla bağlı hər bir iş görülür. Bütün komitələrdə çox çevik mexanizmlər hiss olunur. Bu məsələlərlə əlaqədar lazım olan qərarları hökumət qəbul edəcək.

- Milli Məclisin sədri Sahibə Qafarova da koronavirusa görə qərar imzaladı. Vətəndaş qəbulları, xaricə səfərlər dayandırılıb. Bunu necə dəyərləndirirsiniz?
- Bu qərar çox yerində qəbul edildi. Epidemiya şəraitində resursları da qorumaq lazımdır. Resursları istifadə edərkən təmas olmamalıdır. Dünya onlayn sistemə keçməlidir. Bu gün fövqəladə vəziyyətdə görüşlərin keçirilməməsinin ölkəmizdə problemləri artıracağını düşünmürəm. Bu qərarın arxasında "istirahətə gedin” düşüncəsi yoxdur. Biz və bizim kimi hər kəs vəziyyətin fərqindədir. Fövqəladə olan və olmayan məqamlarda ölkə rəhbərliyinin və parlament sədrinin bir imzası ilə bizi bir yerə toplana bilərik.