• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

Rəqəmsal dəhlizə keçid dəmir yolu ilə yükdaşımalara necə təsir edəcək?

04.09.20 12:45 517
Rəqəmsal dəhlizə keçid dəmir yolu ilə yükdaşımalara necə təsir edəcək?
"Azərbaycan Dəmir Yolları” QSC və "Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində rəqəmsal dəhlizin yaradılmasına başlanılacaq. Bu məsələ avqustun 27-də tərəflər arasında videokonfras vasitəsilə təşkil edilən görüşdə müzakirə edilib. Rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövriyyəsi ilə bağlı gerçəkləşdirilən pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib. Bununla bağlı ümumi konsepsiyanın işlənilərək TBND-nin ümumi iclasında qəbul olunmasına dair qərar qəbul edilib.
Bəs, rəqəmsal dəhlizin yaradılması regionda daşımalara necə təsir edəcək?
Məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin "Dəmiryol nəqliyyatının istismarı” kafedrasının dosenti Leyla Həsrətova Trend-ə münasibət bildirib.
Onun sözlərinə görə, ölkəmiz rəqəmsal iqtisadiyyata keçid dövrünü yaşayır. Bu da bir çox sahələrdə olduğu kimi, nəqliyyat təşkilatlarının fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi məsələlərinə baxılmasını tələb edir.
Rəqəmsallaşma limanlarda çatdırılma zəncirini optimallaşdıracaq
L.Həsənova hesab edir ki, rəqəmsal dəhlizin yaradılması Xəzər limanlarında nəqletmə prosesində çatdırılma zəncirini optimallaşdıracaq: "Bu addım prosesdə iştirak edən ölkələrin rahat şəkildə məlumat bazasından istifadə etməsinə, yükləmə-boşaltma məntəqələrində, anbarlarda avtomatlaşdırılmış və robotlaşdırılmış idarəetmə sisteminin tətbiqinə və gələcəkdə müasir texnikanın inkişafına imkan yaradacaq”.
Yükün hansı ölkədə olduğu elektron şəkildə izlənə biləcək
Onun sözlərinə görə, internet-ticarət bazarının artımı nəqliyyat-logistik sahəsinin qarşısına yeni tələblər qoyur. Onların yerinə yetirilməsi üçün bir çox məsələləri həll etmək lazımdır. "Verilənlər bazasında (blokçeyn) minlərlə yük növləri emal edilir. Onlar müxtəlif nəqliyyat növləri ilə bir çox ölkələrdən keçir. Yükləmə-boşaltma əməliyyatlarını rahatlaşdırmaq üçün konteyner xətlərinin sayı artırılır. Logistik sistemdə blokçeyndən istifadə, növlər üzrə sinxronlaşdırılmış yüklər barədə məlumat yalnız marşrutda iştirak edənlər üçün açıq olur. Həmçinin yük göndərən elektron proqram vasitəsilə yükün hansı ölkənin ərazisində yerləşdiyi və hansı məntəqədə olduğu izlənə biləcək”, - deyə Həsənova əlavə edib.
Yük axını sürətlənəcək, əlavə xərclər aradan qalxacaq
O bildirib ki, nəqliyyat növlərinin qarşılıqlı əlaqəsi zamanı gömrük tərtibatı çətinləşir. Burada birbaşa tariflər təklif edilir, yəni qiymətlər daha şəffaf, xidmət isə əlçatan olacaq. Əlbəttə ki, elektron sənəd dövriyyəsi yük axınını daha da sürətləndirəcək və vasitəçilər tərəfindən qoyulan əlavə xərcləri aradan qaldıracaq.
banner

Oxşar Xəbərlər