• cümə, 29 Mart, 06:10
  • Baku Bakı 5°C

Rəqabət bazarını tənzimləyəcək layihə

13.09.17 12:30 1795
Rəqabət bazarını tənzimləyəcək layihə
Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində "Əmtəə bazarının səmərəliliyi və rəqabət" istiqaməti üzrə işçi qrup yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Bildirilir ki, ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır. Hesabatda Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunur.

Layihənin növbəti mərhələdə iqtisadiyyata və rəqabət bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu layihənin ölkəmizdə rəqabət qabiliyyətinin artmasına təsir göstərəcəyini deyir: "Ölkəmizin iqtisadiyyatı liberal bazar iqtisadiyyatına söykənir. Ümumi götürdükdə, liberal bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri də azad rəqabətdir. Bazar iqtisadiyyatının təməlində azad rəqabət, rəqabət qabiliyyətinin artması əsas yer tutur. Və bildiyimiz kimi, artıq ölkə iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyur. Qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə inkişafı və bu istiqamətdə olan uğurlarımız sevindiricidir. Əslində bu yeni bir iş deyil. Ölkənin strategiyasında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas yer tuturdu. Sadəcə olaraq yeni mərhələyə yeni çağırışların, layihələrin ortaya çıxmasına şərait yaradır. Sözsüz ki, bu dəyişikliklər əmtəələrin rəqabət qabiliyyətinin artmasına təsir göstərəcək. Bu da iqtisadiyyatda önəmli irəliləyişlərə səbəb olacaq. Müsbət nəticələrin olması gözlənilir. Dediyim kimi, bazar iqtisadiyyatının əsas prinsiplərindən biri azad rəqabətdir. Bu da qanun və qaydalarla tənzimlənməlidir. Bunun üçün də hüquqi baza olmalıdır. Hüquqi baza nə qədər mükəmməl olarsa, iqtisadiyyata bir o qədər müsbət təsirini göstərər. Bu həm də məşğulluğun artması deməkdir”.

İqtisadçı Vüqar Bayramov belə bir layihənin hazırlanmasına və qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirir: "Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması və qəbul edilməsi vacib məsələlərdəndir. Strateji Yol xəritəsində də həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Çünki nəzərə alınmalıdır ki, Azərbaycan post-neft dövrünə qədəm qoyur. Və bu dövrün də əsas hədəfləri daxili bazarda rəqabəti qorumaq, sahibkarlığın inkişafını təşviq etmək ibarətdir. Proses olaraq 2014-cü ildən, yəni post-neft dövrünə qədəm qoyduqdan sonra dövlət tərəfindən aqrar sənayeyə qayğının artırılmasını və sahibkarlığın təşviq edilməsini müşahidə edirik. Bu özünü həm də regionlarda göstərir. Bununla yanaşı, Rəqabət Məcəlləsinin qəbul edilməsinə də ehtiyac var. Çünki bu məcəllə rəqabətin formalaşması və qorunması yollarının müəyyənləşdirilməsi baxımından vacibdir. Bu məcəllə rəqabətin müdafiəsi ilə bağlı institusional bir baza formalaşdırır. Köhnə layihə ictimaiyyətə təqdim olunmadığı üçün onunla bağlı bir fikir demək çətindir. Amma nəzərə almaq lazımdır ki, Rəqabət Məcəlləsi hazırlanan zaman iqtisadi inkişafa baxış, eyni zamanda bütövlükdə həm dünyada, həm də regionda iqtisadi şərait fərqli idi. Hədəflər, ölkənin gəlirləri dəyişib. Bu kontekstdən çıxış edərək Rəqabət Məcəlləsinin hazırlanması aktual idi. Düşünürəm ki, belə bir layihənin hazırlanmasına və qəbul edilməsinə ciddi ehtiyac var. Eyni zamanda, Rəqabət Məcəlləsinin yeni layihəsinə təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyətləri, icmalar da cəlb edilməlidir. Burada fərqli ölkələrin təcrübəsinin öyrənilməsi, məsələlərə nəzəri yanaşmaların ortaya qoyulması çox vacibdir. Bununla da Azərbaycanda mövcud hədəflərə və prioritetlərə uyğun Rəqabət Məcəlləsinin qəbul edilməsinə nail olmaq mümkündür. Qeyd etdiyim kimi, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanın post-neft dövrünün əsas hədəflərindəndir”.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, ölkədə rəqabət mühiti vacib amillərdən biridir: "Layihənin bundan sonrakı mərhələdə bazara necə təsir edəcəyini zaman göstərəcək, amma hər bir halda, ölkədə rəqabət mühitinin yaradılması çox vacibdir. Əgər hökumət qeyri-neft sektorunu inkişaf etdirməyi prioritet seçibsə, bunun yolu sahibkarlığın inkişafından keçir. Xüsusilə də kiçik və orta sahibkarlıq əsas götürülür. Rəqabət olmayan mühitdə kiçik və orta sahibkarlıq fəaliyyət göstərə bilmir. Monopoliya, inhisar yaranır, kiçik və orta sahibkarlıq süqut edir və monopolist şirkətlər ortaya çıxır. Kiçik və orta sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasını təmin edir. Həmçinin müəssisələr arasında rəqabət yaranır, məhsulların keyfiyyət və qiymətinə təsir edir. Yəni bu kimi məsələlərdə rəqabətin olması böyük əhəmiyyət daşıyır. Və rəqabətin olması üçün də ilk növbədə qanunvericilik bazası yaradılmalıdır. Bu qanun olmadan ölkədə sahibkarlıq mühitinin inkişafından danışa bilmərik. Xüsusən də, bizdə Strateji Yol xəritələri qəbul edilir. Və bu yol xəritələrindən biri də kiçik, orta sahibkarlığın inkişafını özündə ehtiva edir. Bu baxımdan Rəqabət Məcəlləsinin yeni layihəsinin qəbulu vacibdir. Bundan sonra artıq həmin məcəllədən çıxış edərək bir sıra qanunlar və hüquqi normalar qəbul edilməlidir ki, ölkədə sahibkarlıq mühiti tam formalaşsın. Təbii ki, layihənin nəticəsi onun necə işləməsindən asılı olacaq. Hər bir halda yeni layihənin qəbul edilməsini vacib sayıram”.

Günel Azadə

banner

Oxşar Xəbərlər