• cümə axşamı, 28 mart, 20:23
  • Baku Bakı 13°C

RƏNGLƏRİN ALT QATININ BƏDİİ-FƏLSƏFİ GÖRÜNTÜLƏRİ

18.07.16 10:37 1952
RƏNGLƏRİN ALT QATININ BƏDİİ-FƏLSƏFİ GÖRÜNTÜLƏRİ

Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu özünəməxsusluq hər bir yaradıcının uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan İslam Səfərlinin ailəsində dünyaya göz açan İlham Səfərlini sənətsevərlər məhz bu cür fərdi yaradıcılıq üslubuna malik, yaradıcılığı axtarışlarla zəngin olan rəssam kimi tanıyırlar.

Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan rəssamın təsviri və tətbiqi sənəti əhatə edən çoxşaxəli yaradıcılığının xoş sorağı çoxdan Vətənimizin sərhədlərini aşmış, xarici ölkələrdə Azərbaycan incəsənətinin uğuru kimi dəyərləndirilən əsərləri çoxsaylı sənətsevər rəğbəti qazanmışdır...

Tanışlıq üçün deyək ki, o, ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəbi”ndə (1964-1969), sonra isə Sankt-Peterburqdakı V.Muxina adına Ali bədii-sənaye məktəbində (1969-1974) almışdır. Təhsilsonrası pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı müxtəlif vəzifələrdə çalışmış, yaradıcılıq axtarışlarını davam etdirmişdir. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri bu vaxta kimi fərdi və qarışıq sərgilər şəklində dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilmişdir. Ən son yaradıcılıq hesabatı isə ötən il paytaxtda fəaliyyət göstərən "ATV Qalereya”da baş tutmuşdur. Rəssamın təsviri və tətbiqi sənət növlərini birləşdirən, özündə ənənə ilə müasirliyin qovşağını yaşadan əsərlərdən ibarət bu sərgi paytaxt ictimaiyyəti və tələbkar sənət xiridarları tərəfindən maraqla qarşılanmışdır.

İlham Səfərlinin zənginliyi duyulan olan yaradıcılığını xronoloji ardıcıllıqla izləməli olsaq, onda ilk tövbədə sovet dönəmində onun tanınma nişanına çevrilən batiklərinin adını çəkməliyik. Tətbiqi sənətdə işlədilən "batik” texnikasının incəliklərinə dərindən vaqif olan rəssam zamanında bu sahədə bir-birindən maraqlı nümunələr yaratmağa nail olmuşdur. Bu batiklər ilk növbədə mövzularının yeniliyinə görə diqqət çəkmişdir. Onların "Nizami dünyasında”, "Məhəbbət planeti”, "Gəlinin qonağı”, "Neft daşlarının simfoniyası”, "Xoşbəxtlik bağı” və s. adlar daşıması da bunu təsdiqləyir. Amma İlham Səfərlini daha da şöhrətləndirən batiklər onun kosmos mövzusunda yaratdığı silsilə olmuşdur.

Bu yerdə deyək ki, o, bu mövzu üzərində davamlı axtarışlar aparmışdır. Bu məqsədlə rəssam 1985-ci ildə Moskvada – SSRİ Elmlər Akademiyasının Kosmik tədqiqatlar institutunda yaradıcılıq ezamiyyətində olmuş və xeyli təsvir materialı toplamışdır. Çox qısa müddətdə, yəni, 1986-ci ilin ərzində o, kosmos mövzusunda 50-dən çox müxtəlif ölçülü əsərlər yaratmışdır. Sonradan bu batiklər silsiləsi Moskvada və Bakıda fərdi sərgi şəklində nümayiş etdirilmişdir. Dünyanın poetik duyumu, obrazların emosionallığı və rənglərin ecazkarlığı bu əsərləri səciyyələndirən bədii-estetik xüsusiyyətlərdir.

Silsiləyə daxil olan əsərlərin "Panspermiya”, "Mən ay orbitinin mərkəziyəm”, "İki qalaktikanın yaxınlaşması”, "Uzaq nağılvari qalaktika”, "Tənha planet”, "Sağ qalmağın fəlsəfəsi”, "Torpaq”, "Mars”, "Günəş sisteminin onuncu planeti” və digər adlar daşımasına rəğmən demək olar ki, bu batiklər bədiiliyi ilə yanaşı həm də elmi tutumludurlar. Heç şübhəsiz bu əsərlərin bənzərsizliyini təmin edən məziyyət müxtəlif süjetlərin müəllifin qeyri-adi və sonsuz təxəyyülü sayəsində yaradılmasıdır.

Qənaətimizcə, onun kosmosa həsr olunmuş batiklərində onların rəssam fantaziyasına bələnməsi baş tutmasaydı, həmin işlər bu qədər süjet və rəng həlli baxımından bu qədər ecazkar və gözlənilməz görünməzdilər. Onun kosmos və həyat mövzusunun elmi-bədii yozumunu əks etdirən batiklərindəki insan xəyallarını pərvazlandıran şaşırdıcı fantaziya dünyanı fəlsəfi dərklə bədiiləşdirməyin nəticələri kimi nə qədər cəlbedicidirlərsə, bir o qədər də tamaşaçı düşüncələrini paralamaq iqtidarındadırlar...

İlham Səfərlinin təsviri və tətbiqi sənət əsərlərinin mövzu və janr rəngarəngliyi, yüksək icra mədəniyyəti və bədii nüfuzetmə gücü tamaşaçını özünə cəlb etmək, duyğulandırmaq və düşündürmək gücündədir.

Bakıda və Sankt-Peterburqda mükəmməl ixtisas təhsili alan İlham Səfərlinin 40 illik yaradıcılığı özünün dolğun bədii tutumuna görə rəssamın arxada qalan axtarışlarını duymağa və dəyərləndirməyə imkan verir. Bunun ən qabarıq görünən bədii-estetik xüsusiyyəti əski milli və mütərəqqi dünya bədii ənənələrinə kifayət qədər bələd olan müəllifin əsərlərində bu estetik məziyyətlərin müasir biçimdə qovşağını nümayiş etdirə bilməsidir.

Onun gerçəkliyə realist-gerçəkçi duyumunun davamlı yaradıcılıq axtarışları ilə birlikdə tədricən mürəkkəbləşməsi, fantaziya və fəlsəfi qata bələnməsi, sonda kətanda, parçada və kağızda əbədiləşən bədii görüntülərin düşündürücü-fəlsəfi tutum-görkəm alması əslində İlham Səfərlinin özünəməxsus sənət dünyasının və dəst-xəttinin göstəricisidir. Rəssamın rəngkarlıq tablolarında nümayiş etdirdiyi gerçəkçi-lirik, batiklərindəki fantastik-fəlsəfi, zərgərlik nümunələrindəki rəmzi-düşündürücü bədii şərh onun təsviri və tətbiqi sənətin ayrı-ayrı janrlarına yaradıcı münasibətinin nəticəsidir.

İlham Səfərlinin rəngkarlıq portretlərindəki inandırıcılıq obrazların daxili aləminə nüfuzetmə ilə əldə olunduğundan və tamaşaçının üz-üzə, göz-gözə qaldığı insanlar həm də özlərinin iç dünyası ilə vəhdətdə bədiiləşdirildiyindən onlar seyrçilərə zövq verməklə yanaşı, həm də düşündürmək gücündədirlər. Bu mənada onun "Bakı, sabahın xeyir”, "Bəstəkar Cahangir Cahangirov”, "Kosmonavt Məhəmməd Faris”, "Yer kürəsinin töhfəsi” və s. portretlərinin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, bu portretlərin hər birinin ənənəvilikdən uzaq olan kompozisiya həlli vardır. "Bakı, sabahın xeyir” əsərini atası İslam Səfərliyə həsr edən rəssam bu əsərdə məşhur mahnının yaradıcılarından birinin obrazlı portretini yarada bilmişdir. Belə ki, əli kitablı şair vəsf etdiyi qədim Bakı ilə vəhdətdə təsvir olunmuşdur.

Onun məşhur "Ana” mahnısının müəllifi Cahangir Cahangirovu əks etdirən əsərində də portret bəstəkarın musiqi dünyasının ruhuna müvafiq, lirik-poetik ruhludur. Piano arxasında təsvir olunmuş sənətkarın portretinin gül-çiçək dəryasından "boylanması” da, müəllif tərəfindən onun sənətinə ehtiramın obrazlı-romantik ifadəsi kimi düşünülmüşdür.

Rəssamın Zulu Adinkra tayfasının simvolları ilə ərsəyə gətirdiyi suvenirlərin heyrət qaynağı kimi qəbulunu isə, yəqin ki, onların düşüncənin plastika ilə vəhdətinin özünəməxsus nəticəsi olması, tətbiqi sənət nümunəsi kimi bənzərsiz bədii-estetik tutum daşımasıdır. Belə əsərlərin uzun müddət yaddan çıxmayacağı da birmənalıdır. Çünki, bütün əsərlərində olduğu kimi onlarda da tamaşaçı düşüncəsini, ürəyini və ruhunu zənginləşdirə biləcək bədii-mənəvi dəyərlər kifayət qədərdir...

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru


banner

Oxşar Xəbərlər