• cümə axşamı, 25 aprel, 04:24
  • Baku Bakı 19°C

Rektorla tələbələr arasında körpü – Təhsil

03.11.14 10:33 5057
Rektorla tələbələr arasında körpü – Təhsil
“Heç vaxt düşünmürdüm mən universitetdən nə ala bilərəm? Həmişə deyirdim ki, mən universitetə nə verə bilərəm? Xəyal edirdim ki, on ildən sonra desinlər ki, bu universitetdə Elcan adlı tələbə olub və o universitet həyatında ilklərə imza atıb”.
Müsahibimiz xəyalında canlandırdığı məqsədinə çatan və ölkəmizdə ilk dəfə olaraq rektorun müşaviri vəzifəsinə təyin edilən Elcan Məmmədovdur.
Qeyd edək ki, Bakı Slavyan Universiteti (BSU) rektorunun müşaviri vəzifəsinə 3 tələbə təyin olunub. BSU-nun rektoru Asif Hacıyev I kurs tələbəsi Elcan Məmmədovu rektorun sosial məsələlər və tələbələrlə iş, filologiya (ingilis dili) fakültəsinin tələbəsi Ayşad Əsgərlini innovasiya texnologiyaları üzrə, filologiya (ingilis dili) fakültəsinin tələbəsi Ali Eren Bugayı isə informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə müşavir təyin edib.
Biz də yaşının az olmasına baxmayaraq bu vəzifəni çiyinlərinə alan gənc müşavir Elcan Məmmədovla söhbətləşdik. Əvvəlcə müsahibimizi tanıyaq.
Elcan 1996-cı ildə Gəncə şəhərində anadan olub. Ötən il 465 balla Bakı Slavyan Universitetinin jurnalistika və Azərbaycan filologiyası fakültəsinə daxil olan müsahibimiz orta məktəb illərində də ictimai fəallığı ilə öz həmyaşıdlarından seçilib. Elcan hazırda sözügedən universitetdə rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri kimi çalışır.
“Oyunu qaydalarına görə oynamaq lazımdır”
Universitet həyatından danışan müsahibimiz deyir ki, hələ birinci kursdan həmyaşıdlarından seçilərək universitetin ictimai həyatında könüllü şəkildə, canla-başla iştirak etmək üçün əlindən gələni edirdi: “Universitetə daxil olduğum gündən universitet həyatında çox fəal idim. Bilirsiniz ki, bizim universitetdə hər il xəlifə günləri keçirilir. İlk dəfə birinci kurs tələbəsi olaraq xəlifə seçilmək üçün rektora müraciət etmişdim. 1-ci kursda xəlifə olmaq mümkünsüz bir şeydir. Amma mən ümidimi üzməmişdim. Məqsədimə çatmaq üçün əlimdən gələni edirdim. Keçmiş rektorumuz Kamal Abdulla xəlifəlik haqqında deyirdi ki, bu bir oyundur, ancaq çox ciddi qaydaları olan oyundur. Bu oyunu qaydalarına görə oynamaq lazımdır. Mən də həqiqətən bu işə çox ciddi yanaşmışdım. Birinci kursda universitetin mətbuat xidmətində işləmək üçün müraciət etdim. Hələ xəlifə seçilmədən digər qəzetlərlə əlaqə saxlayırdım ki, xəlifə olduqda universitet xəbərlərini mətbuatda işıqlandıracam. Xəlifə gününü üzüağ şəkildə icra etdim, daha sonra isə mətbuat xidmətimizin rəhbəri Adil Əliyevin köməkçisi kimi çalışdım. İşimə çox məsuliyyətlə yanaşırdım. Hətta Asif müəllim rektor seçiləndə, ondan ilk müsahibəni mən almışdım. İşimə o qədər ürəklə yanaşırdım ki, bunu hər kəs hiss edirdi”.
“Tələbələr haqlarını bilsin”
Həmsöhbətimiz deyir ki, mətbuat xidmətində köməkçi kimi işlədikdən sonra o, rektorun diqqətini çəkib və müşavir təyin edilib: “Mən mətbuat xidmətində işləyərkən bir dəfə Asif müəllim qərar çıxardı ki, Bakı Slavyan Universitetində qrup nümayəndələri tələbələr tərəfindən seçilsin. Bununla bağlı komissiya yaratdı və komissiyanın sədri kimi məni təyin etdilər. Hələ ilk dəfə o vaxt bu məsuliyyətli iş mənə həvalə edildi. Vəzifəmin öhdəsindən gəldim və qruplarda seçimləri dinlədikdən sonra protokollaşdırıb Asif müəllimə təqdim etdim. Bundan sonra rektor bizi çağırdı və dedi ki, tələbə həyatının daha da maraqlı olmasını, tələbələrin heç kimdən qorxmamasını, öz haqlarını bilməsini istəyir. Bu işi icra etmək üçün rektor əmr verdi və məni sosial məsələlər və tələbələrlə iş üzrə müşavir təyin etdi”.
Vəzifəsinin xüsusiyyətlərindən danışan müsahibimiz deyir ki, rektor müşaviri olaraq onun əsas funksiyası əsasən universitet rəhbərliyi ilə tələbələr, müəllimlərlə tələbələr arasında körpü rolunu oynamaqdır: “Bu təyinat mənim üçün gözlənilməz və çox maraqlı oldu. Çünki mənim tələbə həyatı ilə bağlı ideyalarım və layihələrim var idi. Ətrafıma mənim kimi düşünən uşaqları topladım və biz qrup yaratdıq. Qrupumuzda “mən universitetə nə verə bilərəm” kimi fikirlər formalaşıb. Bəzi universitetlərdə elə tələbə var ki, rektorunun üzünü görmədən təhsilini başa vurur. Amma Asif müəllim çalışır ki, tələbələr öz problemini ona deməkdən çəkinməsin. Məqsədimiz odur ki, tələbələrin tədrisə, universitet həyatına aid ən cüzi problemini də həll edək. Çünki bu problemlər toplanıb ümumilikdə tələbənin təhsilinə mənfi təsir göstərir. Bunun təməlini universitetimizin keçmiş rektoru Kamal Abdulla qoyub. Mən də tələbənin dekandan, imtahandan qorxmaması, yaranan bütün kompleksləri aradan qaldırmaq üçün əlimdən gələn köməyi göstərməyə çalışacam”.
“Sərhədlər aradan götürülür”
Tələbələrlə bağlı müəyyən layihələrin olduğunu söyləyən gənc müşavir planlarını bizimlə bölüşdü. Onun sözlərinə görə, onların atdığı böyük bir addımdır və universitetlə rektor arasında körpü rolunu oynayır: “Vəzifəyə təyin olunduqdan sonra bütün tələbələri akt zalına yığıb, maraqlı görüşlər keçirdim. Görüş zamanı müəllimlərlə dekanlardan xahiş etdik ki, zaldan çıxsınlar. Tələbələr problemlərini və problemdən çıxış yollarını mənə dedilər. Daha sonra biz ortaq məxrəcə gəldik və tələbələrin istəklərini rektora çatdırdıq. Görüşümüzdən sonra tələbələr də anladılar ki, onların öz hüquqları var. Hətta bizim təşəbbüsümüzdən sonra Asif müəllim öz facebook səhifəsini açdı və çıxışında tələbələrə bildirdi ki, “əgər yanıma gələ bilmirsinizsə, şikayətlərinizi təkliflərinizi, istəyinizi facebook vasitəsilə mənə yazın”. Facebok layihəsindən sonra bir çox fakültələrin dekanları da tələbələrlə ünsiyyət qurmaq üçün öz facebook səhifələrini yaratdılar. Bizim atdığımız böyük bir addımdır ki, tələbə ilə rektoratlıq arasındakı sərhədlər götürülür”.
Müşavir maaş alırmı?
Sonda müşavirlərin maaş məsələlərinə də toxunduq. E.Məmmədovun sözlərinə görə, müşavirlər ictimai əsaslarla işləyəcək: “Tələbənin təhsil aldığı müəssisədə işləməsini Təhsil Nazirliyi qadağan edib. Biz ictimai əsaslarla fəaliyyət göstəririk. Amma bu vəzifənin belə bir üstünlüyü var ki, fəaliyyətimizi sona qədər davam etdirib özümüzü doğrultsaq, fəxri məzun adı ala bilərik. Universitet tərəfindən verilən xasiyyətnamədə də bu, qeyd olunacaq. Bu da gələcək işimiz üçün bizə prestij qazandıra bilər. Şəxsən bu iş mənim üçün həm şərəfdir, həm də gələcək fəaliyyətim üçün təcrübə”.
Qeyd edək ki, gənc müşavirlərin iş saatı dərslərinin bitdiyi vaxtdan başlayır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər