• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Rektor “skayp”da tələbəyə zəng vurur... - Reportaj

24.11.17 11:30 5111
Rektor “skayp”da tələbəyə zəng vurur... - Reportaj
"Mən hələ orta məktəbi bitirəndə xaricdə təhsil almaq istəyirdim, amma nəsə alınmadı. İndi universiteti bitirirəm, amma bu dəfə qərarlıyam, magistraturanı xaricdə oxumaq istəyirəm. Hər dəfə xaricdə təhsil adıyla nə eşitsəm, qatılıram, bütün şansları yoxlayıram”. Bu fikirləri pilləkənlə yuxarı qalxdıqca gənc bir xanım öz yanındakılara və eləcə də bizə anlatdı.

Hələ otelin həyətindəki ab-havadan hiss olunurdu ki, sərgidə çox adam olacaq. Həqiqətən də gözlədiyimizdən də artıq oldu. Stendlərin yanında "iynə atsan yerə düşməzdi” kimi bir sıxlıq varıydı. Xaricdə təhsil haqqında məlumat almaq, hansı universitetlərin nələr təklif etdiyini öyrənmək üçün gələnlərin sayı çox idi. Söhbət Təhsil Nazirliyi SABAH qrupları layihəsinin təşkilatçılığı ilə Hilton otelində keçirilən "SABAH Xaricdə Təhsil Sərgisi”ndən gedir.


"Burda 15 ölkədən 100 universitetin xidmətləri təklif olunur”

Sərginin keçirilməsi ilə bağlı mətbuatda gedən elanda bildirilmişdi ki, ziyarət edənlər müxtəlif bakalavriat, magistratura, PhD, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları haqqında, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və konsultasıya almaq imkanı qazanacaqlar. Biz də ziyarətçi kimi gedib, sərgidə təklif olunanlarla maraqlandıq, tələbələrlə söhbətləşdik.

SABAHİcra Komitəsinin rəhbəriŞahin Seyidzadəyə yaxınlaşıb məlumat almaq istədik. Amma tələbələrin ona ünvanlanan sualları çox olduğu üçün bir az gözləməli olduq. O bildirdi ki, sərgiyə maraq çoxdur: "Bizim gözləntimiz 1500 idi, amma 2000-dən artıq tələbə qeydiyyatdan keçmişdi. Tələbələrin fəallığını müşahidə edirik. Burda 15 ölkədən 100 universitetin xidmətləri təklif olunur. Bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, Avstraliya, İsveçrə, İspaniya və s. var. SABAH qruplarının tələbələri bura gəlməklə birbaşa xarici təhsil müəssisələrinin şərtlərini öyrənə bilərlər. Bu il məzunlarımızın 37 faizi yerli, 16 faizi isə xarici universitetlərdə magistraturaya qəbul olublar. Ona görə qərar verdik ki, xarici universitetləri bura dəvət edək və tələbələrimiz hamısı ilə bir arada tanış ola bilsinlər. Düzdür, bu, SABAH qruplarının tələbələri üçün təşkil olunub, amma qeydiyyat zamanı bu qruplarda təhsil almayanları da keçirmişik”.

"Təqaüd imkanları genişdir, amma...”

Ş.Seyidzadənin sözlərinə görə, universitetlərin çoxunun təqaüd imkanları var: "Biz universitetlərin özləri ilə rəhbərlik səviyyəsində görüşürük, təqaüd imkanları genişdir, amma sözsüz ki, bunun üçün tələbələrin yüksək göstəriciləri olmalıdır”.

İcra komitəsinin rəhbəriqeyd etdi ki, xaricə təhsil bir çox üstünlüklər qazandırır: "Sözsüz ki, hər bir tələbənin xaricdə təhsil almaq üçün öz məqsədi var. Xaricdə təhsil almaqla həm də fərqli mühitdə olurlar, fərqli tədris alırlar. Yeni əlaqələr, iş imkanları, dünyagörüşü və s.”.

"Studynet Group”un təhsil məsləhətçisi Şəkufə Əlizadə bizə Nottinqem Universiteti haqqında məlumat verdi. Bildirdi ki, bu universitetə bütün ixtisaslar üçün müraciət edə bilərlər: "Bu, bizim şirkətin çalışdığı universitetlərdən biridir. Bütün ixtisaslar bizdə var, amma arxitektura, kompüter elmləri və MBA üzrə maraqlanırlar. Hələ ki maraqlanırlar, əlaqələrini verirlər, burda universitet çoxdur. Biz daha sonra onlarla əlaqə saxlayacağıq, seçimlərini öyrənəcəyik”.

Ş.Əlizadə dedi ki, tələbələrin çoxu təqaüd proqramı axtarır. Çünki İngiltərə universitetlərində təhsil haqqı yüksəkdir: "Tələbələrin bu istəyi başadüşüləndir. Hələ ki təqaüd imkanları haqqında elə bir məlumatımız yoxdur. Çünki təqaüd imkanlarını universitetlər adətən yeni ildən sonra bizə bildirirlər. Bu zaman təhsil haqqının müəyyən bir faizi güzəşt oluna bilər. Təhsil haqları ümumilikdə 15 min funt-sterlinqdən başlayır”.

"İngilis dili biliyiniz əla olsa, 20 faiz güzəşt edir”

"The University of Law”-ın (Hüquq Universiteti) Azərbaycandakı nümayəndəsi Zamir Gəncəliyev deyir ki, maraqlanan tələbələr çoxdur, onlara təmsil etdiyi universitet müxtəlif imkanlar təqdim edir: "Bu universitetin İngiltərədə reytinqi biznes sahəsində 15-ci yerdədir. Ümumi dünya reytinqində ilk yüzlükdədir. Ən yaxşı olduğu sahə mühəndislik və biznes fakültələridir. 17-18 min tələbəsi var. Tələbə təhsil haqqını tam ödəyirsə, universitet 10-15 faiz həvəsləndirici endirim edir. Eyni zamanda, müraciət edənin göstəricilərinə əsasən əlavə endirimlər də olur”.
"Swiss school of higher education”-in stendində bizə məlumatı Ceyran Əhmədova verdi. Bildirdi ki, universitet əsasən menecment yönümlü ixtisaslar təklif edir: "Bizdə bakalavr, magistr və PHD var. Bakalavr 2,5 ildir, ingilis dili zəifdirsə, öncə 6 ay dil hazırlığı olur. Sonra bakalavr təhsili alırsınız. Hər semestr üçün 14 min dollar təhsil haqqı ödəyirsiz. Magistraturada 1 ildir. Burda təhsil haqqı illik 32 min dollardır. PHD isə hər semestrə 10 min dollar ödənilir. Təqaüd imkanları 10-20 faiz arası olur. Rektor tələbəyə skaypla zəng vurur, müsahibə alır, ingilis dili biliyiniz əla olsa, 20 faiz güzəşt edir”.

"Ən aşağı təhsil haqqı 14 min dollardan başlayır”

ABŞ və Kanadanın 14 universitetinin təklif olunduğu stenddə Aynura Mehdiyeva bizimlə söhbətləşdi. Onunla əsasən təqaüdlü təhsil imkanları haqqında danışdıq: "Burda təmsil olunan universitetlər əsasən özəllərdir. 90 faiz ziyarətçilər ödənişsiz təhsil istəyir, təqaüdü çox olsun deyirlər. Amma belə səviyyəli universitetlərin onu təklif etməyi gözlənilən deyil. Təhsil haqqını hissə-hissə ödəmək imkanı yarada, yaxud 3-4 min dollar endirim edə bilər. İlkin güzəştin növbəti kurslarda da olması üçün isə tələbə artıq orda yaxşı nəticə göstərməlidir. Burda ən aşağı təhsil haqqı 14 min dollardan başlayır. Bu xidmətə yataqxana, sığorta daxil deyil”.
"Stdynet Group”un kurs meneceri Təcrin Rəsulova isə bildirdi ki, onlar xaricə təhsil üçün lazım olan hər bir istiqamətdə məsləhət verirlər, kurs xidmətləri təklif edirlər.

"İngiliscə təhsil məni həmişə cəlb edib”

Azərbaycan Dillər Universitetinin SABAH qruplarının ikinci kurs tələbəsi Şəbnəm Abdullayeva deyir ki, maraqlı təklifləri nəzərdən keçirib: "Tam olaraq xüsusi bir ölkə ilə maraqlanmaq kimi məqsədlə gəlməmişdm, sadəcə, xaricdə təhsil imkanları ilə bağlı ümumi məlumat almaq istəyirdim, demək olar ki, bütün universitetlərlə maraqlandım. Məndə ingilis dili müəllimliyidir, amma xaricdə biznes, mühəndislik kimi ixtisaslarda magistr oxumağın daha səmərəli olduğunu düşünürəm. Psixologiya oxuya bilərəm, kulinariya da maraqlı gəldi, ingilis dili sahəsində təhsil aldığım üçün bununla bağlı da nəsə ola bilər”.

İqtisad Universitetinin maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Lalə Teymurova xaricdə mübadilə proqramları, qısa kurslarla maraqlanır: "Bir neçə yerə baxmışam, hələ ki istədiyimi tapa bilməmişəm. Tam baxandan sonra qərar verə biləcəyəm. İngiliscə təhsil məni həmişə cəlb edib”.

"Pul yığandan sonra getmək olar”

İqtisad Universitetinin maliyyə fakültəsinin digər tələbəsi Zülfi Mütəllimovtəqaüd imkanları olan universitet axtardığını bildirdi: "Yeni gəlmişik, tam təqaüd imkanı olan yer axtarıram. Dostlarımız bizdən əvvəl gəlmişdilər, qiymətlər haqqında danışdılar. Bizə görə bir az bahalı gəlir, amma müəyyən qədər çalışıb, pul yığandan sonra getmək olar. Əslində, SABAH qruplarında təhsil xaricdə təhsil kimidir. Amma xaricdə təhsil almaq, dil biliyimizi təkmilləşdirmək bizim üçün faydalı olacaq”.

Qeyd edək ki, gün ərzində sərgi ərazisində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar da təşkil olundu.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər