• cümə axşamı, 18 aprel, 14:45
  • Baku Bakı 22°C

Rektor: “Bütün həkimlərə davamlı tibbi təhsilin tətbiq olunması hələlik mümkün deyil”

23.06.17 17:09 2054
Rektor: “Bütün həkimlərə davamlı tibbi təhsilin tətbiq olunması hələlik mümkün deyil”
Bu gün Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin davamlı tibbi təhsili sahəsində həyata keçirilən işlərə həsr edilmiş tədbir keçirilib.
APA-nın xəbərinə görə, institutun rektoru Nazim Qasımov bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən Azərbaycanda həkimlərin bilik və bacarıqlarını müasir təbabətin tələblərinə, beynəlxalq səviyyəyə çatdırmaq üçün davamlı tibbi təhsil haqqında pilot layihənin icrası nəzərdə tutulur.
Onun sözlərinə görə, pilot layihə institutun 5 kafedrasında tətbiq olunacaq və kardiologiya, nevrologiya, mikrobiologiya, epidemiologiya və otolorinqologiya sahəsində çalışan həkimləri əhatə edəcək: "Həkimlik sahəsi çox mürəkkəb, digər peşələrdən fərqli bir sənətdir. Ali tibbi təhsil alandan sonra həkim peşə fəaliyyətinin axırına kimi biliyini, bacarığını, təhsilini artırmalıdır. Həkimin davamlı təhsili onun fərdi inkişafına böyük təkan verir. Əvvəlki qaydalara görə hər bir həkim ildə 1 dəfə 5 il müddətində təkmilləşmə kurslarında iştirak etdikdən sonra sertifikasiyaya buraxılırdı və nəticədən asılı olaraq peşə fəaliyyəti ilə məşğul olurdu. İndi tətbiq edilən qaydalara əsasən, həkim davamlı tibbi təhsil 5 il müddətində 240 saat – nisbi vahid ölçü olan krediti toplamalıdır. Bunun nəticəsində onlar 5 ildə bir dəfə yox, hər gün davamlı olaraq öz peşə inkişafı üzərində işləyir. Sistem imkan yaradır ki, həkim öz professionallığı, bacarığını daim, fasilə yaranmadan artıraraq, təkmilləşdirərək xəstələrə yüksək səviyyədə tibbi yardım göstərsin. Bu sistemin əsasında 3 əsas amil dayanır ki, bunlar həkimlərin bilik-bacarıq, vərdiş və kompetensiyasının artırılmasıdır”.
İnstitut rektoru qeyd edib ki, davamlı tibbi təhsili müxtəlif yollarla əldə etmək mümkündür. Bunlardan birinin distant təhsil-məsafədən bu yenilikləri əldə etmək olduğunu deyən N. Qasımov vurğulayıb ki, əvvəllər 3-4 aylıq təşkil edilən kurslara bölgələrdə işləyən həkimlər gəlmək məcburiyyətində olurdu: "Distant təhsil zamanı buna ehtiyacı yoxdur. Həkim öz iş yerində fəaliyyət göstərir, azad olduğu sərbəst vaxtını təkmilləşməsinə sərf edir. Həkim təhsilini audio-video materiallar, master-klaslar, simulyasiya mərkəzləri vasitəsilə də artıra bilər. Simulyasiya mərkəzlərində həkimlər praktik vərdişlər əldə edirlər. Çox təəssüf ki, gənc həkimlər praktik vərdişləri xəstə üzərində əldə etmirlər. Amma simulyasiya mərkəzlərində elektron və digər xüsusi trenajorlarla praktik vərdişlər əldə etmək olar”.
N. Qasımov bildirib ki, hər bir həkim krediti toplamaq üçün akkreditasiya olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək hüququna malikdir. Onun sözlərinə görə, həkimlərin kredit toplaması üçün institut və ya dövlət tərəfindən təşkil olunan kurslarda, tədbirlərdə iştirakı ödənişsizdir: "Lakin beynəlxalq təcrübədə həkimlərin beynəlxalq konqres və seminarlarda iştirakı üçün qeydiyyat rüsumu nəzərdə tutulur. Belə bir tədbirdə həkimlərin iştirakı nəzərdə tutulursa, onlar həmin tədbirin qeydiyyat rüsumunu ödəməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün həkimlərə davamlı tibbi təhsilin tətbiq olunması hələlik mümkün deyil. İlkin olaraq 5 ixtisas üzrə tətbiq olunacaq. Digər ixtisaslarda bu sistemə keçid mümkün deyil. Bütün ixtisaslar üzrə həkimlərin bu tədbirlərdə iştirakı növbəti təqvim illərində nəzərdə tutula bilər”.
banner

Oxşar Xəbərlər