• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

Reklam olunan məhsullara inanırsınız, yoxsa…- Polemika

24.10.16 11:24 2191
Reklam olunan məhsullara inanırsınız, yoxsa…- Polemika
Reklam müasir həyatın ən önəmli hissələrindən birinə çevrilib. Maraqlı bir reklam hətta ən dəyərsiz məhsulun alıcılarını da artırmaq bacarığına malikdir. Hər birimiz KİV-də dəfələrlə nümayiş etdirilən, küçələri bəzəyən reklamlarda deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyi ilə, bir dəfə də olsa, reklam olunan məhsulu alırıq. Hətta bir çox hallarda məhsulun yaxşı satışı reklamın uğurundan qaynaqlanır.
Bəs gənclər nə düşünür? Reklam olunan məhsulların keyfiyyətinə daha çox inanırlar, yoxsa reklamı olmayanların?

"Keyfiyyət qiymət yox, düzgün seçimdir”
Nurlan Qafarsoy, tələbə

Nurlan düşünür ki, reklama aldanıb məhsulu almaq bir çox hallarda həm büdcəyə, həm də sağlamlığa xələl gətirir: "Müasir dövrdə, zənnimcə, reklam satışın və gəlirin yarısı deməkdir. Böyük şirkətlər daim PR üçün böyük məbləğlər xərcləyir. Lakin bəzən keyfiyyət və reklam üst-üstə düşməyə bilər. İstehlakçılar qiymətə və həcmə aldanaraq səhv seçim edirlər. Bu isə öz növbəsində büdcəyə və sağlamlığa xələl gətirir. Son zamanlar Yer kürəsinin bioloji strukturunun dəyişməsi də öz növbəsində xüsusən qida və yeyinti məhsullarının keyfiyyətinə təsir göstərən amillərdəndir. Bunun üçün mal alarkən mütləq şəkildə tərkibi və istifadə müddəti gözdən keçirilməli, istifadə müddəti 6 ay və ya daha çox nəzərdə tutulan məhsullardan qaçılmalıdır. Bəzən məhsulu istehsal edənlər müştəri cəlb etmək üçün fərqli qablaşdırmadan istifadə edirlər. Bu məqamda qablaşdırma heç bir önəm daşımır. Bəzən iri şirkətlər qablaşdırma ilə bağlı artıq xərc yaratmamaq məqsədilə keyfiyyətsiz və ya təkrar emal olunan qablardan istifadə edir ki, bu da məhsulun keyfiyyətinə təsirsiz ötüşmür. Bir məşhur alman brendinin reklamında deyilir: "Keyfiyyət qiymət yox, düzgün seçimdir”. Bu, həqiqətən belədir. İstər reklamı olan, istərsə də reklama pul xərcləməyən şirkətin məhsulu olmasının fərqi yoxdur. Əsas olan bizim seçimimizdir”.
Nurlan deyir ki, məhsul alarkən marketdə və bazarda daha çox vaxt keçirir. Düşünür ki, tələsik işə şeytan qarışar: "Alacağım məhsulu bir neçə seçimlə müqayisə edir, tərkibini diqqətlə nəzərdən keçirir, daha sonra alıram. Yaxşı deyiblər, başına gələn başmaqçı olar. Almaniyada olduğum zaman başıma belə bir hadisə gəlmişdi. Şənbə və bazar günləri marketlərin bağlı olduğunu unutmuşdum. Cümə günü bağlanışa 20 dəqiqə qalmış özümü çatdırdım və tələsik almaq məcburiyyətində qaldım. Evə döndükdə isə həmişəki qaydada yemək hazırladım. Yemək əsnasında dadının fərqli olduğunu duysam da, üzərində çox dayanmadım. Bir neçə saat sonra bunun fəsadları ortaya çıxdı. Ürəkbulanma, başağrı səhərə qədər məni izlədi. Axşamkı yeməyin son istifadə tarixindən şübhələndiyim üçün, məhsulun qabının üzərinə baxdım. Gördüyüm məni şoka saldı. Çox tələsdiyim üçün tərkibə fikir verməmiş və donuz əti almışdım. Bu hadisə, necə deyərlər, qulağımda sırğa oldu. İndi isə bu səhvi bir daha təkrar etməmək üçün aldığım məhsulun üzərini diqqətlə oxuyuram. Reklam mənim üçün heç bir önəm kəsb etmir”.

"Reklam, reklam, reklam...”
Xanım Cəfərova, evdar xanım


Xanım isə, Nurlandan fərqli olaraq, reklamı güclü aparılan məhsullara üstünlük verir. Deyir ki, reklam müəssisənin imicini formalaşdırdığı üçün məhsulun da keyfiyyəti yaxşı olur: "Mən "reklam, reklam, reklam” deyirəm. Əlbəttə ki, reklam olunan məhsula daha çox inanıram. Çünki həmin məhsulu məhz reklam vasitəsilə tanıyıram, tərkibini bilirəm. Reklam olunan məhsullar hər zaman daha çox diqqətimi çəkir. Əgər bir məhsul alanda seçim qarşısında qalıramsa, mütləq reklamı güclü olan məhsulu seçirəm”.
Müsahibimizin sözlərinə görə, əgər bir şirkət gəlirinin müəyyən bir qismini reklama xərcləyirsə, bu, məhsuluna güvənməyinin sübutudur: "Təsəvvür edin, keyfiyyətsiz məhsula pul xərcləyib reklam edirsiniz və öz şirkətiniz də müəyyən imic sahibidir. Şirkət məhsulunu təqdim etmək üçün kifayət qədər pul ayrırır. Axı məhsul pis olanda şirkət haqqında fikirlər dəyişir. Hansı şirkət istəyər ki, imici sıfırlansın. Ona görə reklamı güclü aparılan məhsul həmişə keyfiyyətli olur. Əlbəttə, reklamın da yaxşısı, pisi olur. Amma antireklam özü də bir reklamdır. Bu səbəbdən mənim üçün aldığım məhsulun güclü reklamı daha önəmlidir. Özümdən asılı olmayaraq, fikirləşmədən, götür-qoy etmədən reklam olunan məhsullara üstünlük verirəm”.

"Hər kəs keyfiyyətə fikir versə, görər ki, bir addım öndədir”
Rəsul Həsənzadə, iqtisadçı


Rəsul da məhsul alarkən Nurlan kimi keyfiyyətə üstünlük verir. Deyir ki, əgər yaxşı məhsul istəyiriksə, pulumuzdan keçib keyfiyyətlisini almalıyıq: "Mənim əsas fikir verdiyim meyar keyfiyyətdir. Bu mövzuya insanların yanaşması iki cür olur. Bir qisim büdcəsinə uyğun ucuz məhsul alır, digər tərəf isə büdcəsi imkan verməsə belə, pulunu yığıb keyfiyyətli məhsul alır. Çünki ucuz məhsul onsuz da tez sıradan çıxır və sən onu təkrar almaq məcburiyyətində qalırsan. Müqayisədə eyni pul çıxır. Mənim təcrübəmdə normal firmanın bir köynəyi hansısa keyfiyyəti aşağı olan on köynəkdən yaxşıdır. Dərman və ya qida məhsulları da eynilə belədir. Məsələn, dərman alarkən çox pul xərcləyirik, sanki pul çox verəndə dərman daha tez təsir edəcək. İnsanlar düşünür ki, axı reklamı çox olub məşhurdursa, deməli, yaxşıdır. Amma ucuz, təbii məhsullardan istifadədən qaçırıq. Hər kəs keyfiyyətə fikir versə, görər ki, bir addım öndədir”.
Qablaşdırmaya gəldikdə isə, məhsulun yaxşı qablaşdırılması Rəsulun diqqətini çəkir. Əgər qablaşdırma yaxşıdırsa, o, pulundan keçməyə hazırdır: "Məhsulların qablaşdırılmasına önəm verirəm.Yaxşı qablaşdırma məni cəlb edir. Düşünürəm ki, qablaşdırılması gözəl olan məhsulun daxili də keyfiyyətlidir. Hələ ki fikirlərimdə yanılmamışam. Hər bir təbəqə keyfiyyətli məhsullardan istifadə etməlidir. Reklamı aparılan məhsul keyfiyyətli ola bilər, amma əsas diqqət reklam olunmasına yox, keyfiyyətinə yönəlməlidir”.
Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər