• cümə, 29 Mart, 05:48
  • Baku Bakı 7°C

Ürək - damar xəstəliklərindən daha çox kimlər əziyyət çəkir?

21.02.17 13:30 3656
Ürək - damar xəstəliklərindən daha çox kimlər əziyyət çəkir?
Hər hansı bir cəmiyyətdə insanlar gəlir və ya rifah səviyyəsinə, yaşayış standartlarına görə aşağı, orta və yuxarı gəlirli təbəqələrə ayrılırlar. Bu yazımda ürək-damar xəstəliklərinin gəlir səviyyəsi baxımından məcazi mənada desək, insanlar arasında seçim edib-etmədiyindən söz açacağam. Bunda məqsədim hər hansı bir dövlət qurumunu, hər hansı bir insanı, hər hansı bir cəmiyyəti və ya təbəqəni tənqid etmək və ya onları incitmək deyil. Məqsədim çox maraqlı və bir o qədər də acınacaqlı bir mövzu barədə dəyərli oxuyucularımızı məlumatlandırmaqdır.
Bu faktorlar içində bəlkə də ən önəmli olanı...
Son zamanların məşhur bir sözü var: "Müasir həyat tərzi bizi xəstələndirir” Ancaq insanların bir qismi müasir həyat tərzi ilə varlı və ya zəngin insanların həyat tərzini eyni mənada anlayırlar. Və nəticədə varlı və ya gəlir səviyyəsi yüksək təbəqəli insanların daha çox xəstələndiklərinə - əsrimizin bəlası olan xərçəng xəstəliyinə daha çox tutulduqlarına və ya daha çox infarkt və ya beyin insultu keçirdiklərinə inanırlar. Çünki varlı təbəqəli insanların daha çox yeyib-içdiklərini, daha çox stresslə üzləşdiklərini, daha az hərəkət elədiklərini düşünən insanlar az deyil. Ancaq həqiqətlər tam başqadır. Ürək-damar xəstəliklərinin 65 faizi aşağı və orta gəlirli insanlarda, cəmiyyətlərdə və ya ölkələrdə (az inkişaf etmiş və ya inkişaf etməmiş ölkələrdə) təsadüf edilir. Yüksək gəlirli dövlətlərə (inkişaf etmiş ölkələrdə) və insanlara nisbətən, aşağı və orta gəlirli dövlətlərdə və ya insanlarda ürək-damar xəstəliklərinin daha çox yayılmasının ən önəmli səbəblərindən biri ürək-damar xəstəliyinə səbəb olan diabet, hipertaniya, köklük, stress, siqaret çəkmək və sairə risk faktorlarının aşağı və orta gəlirli ölkələrdə və ya bir cəmiyyətin kasıb və orta təbəqələrində daha çox yayılmış olmasıdır. Digər önəmli səbəblər aşağı gəlirli insanlarda yetərsiz qidalanmanın və ya sağlam şəkildə qidalanmamağın daha çox olması ( yetərli və sağlam qidalanmaya təsir edən ən önəmli faktorlardan biri də gəlir səviyyəsidir), stress faktorunun aşağı gəlirli insanlarda daha çox olması, gəlirləri aşağı olan insanların keyfiyyətli tibb xidmətlərindən faydalana bilməməsi, əhalinin sayının artdıqca, dövlətin keyfiyyətli tibb xidmətini verə bilməməsi və sairədir. Bu faktorlar içində bəlkə də ən önəmli olanı aşağı təbəqəli insanların keyfiyyətli tibbi xidmətlərdən faydalana bilməməsidir. Araşdırmalar yuxarı gəlirli insanların kasıblara, yəni aşağı gəlirli insanlara nisbətən meyvə, tərəvəz, protein və doymamış yağ turşularından (zeytun yağı, balıq yağı və s.) daha çox istifadə etdiklərini göstərir. Ancaq ürək-damar sistemi üçün çox zərərli olan karbohidratı, yəni şəkərdən kasıblar daha çox istifadə edirlər. Siqaret çəkməyi tərgidənlərin sayı gəlir səviyyəsi yuxarı olan ölkələrdə artarkən, kasıb ölkələrdə siqaret çəkən insanların sayı get-gedə artır.
İdeal bir araşdırma
Ürək damar xəstəliklərinin ən çox aşağı və orta gəlirli ölkələrdə və ya bir cəmiyyətin kasıb və orta təbəqələrində olduğu aşkardır. Bir insan infarkt və ya beyin insultu keçirdikdən sonra o insanın yaşaması və ömrünün uzanması üçün bəzi dərmanları mütləq içmək məcburiyyətindədir. Bəs aşağı və ya yuxarı gəlirli ölkələrin insanları xəstələndikləri (ürək-damar xəstəliyinə tutulduqları zaman) zaman içilməsi gərəkən dərmanları nə dərəcədə qəbul edirlər? Bu ölkələrin insanları keyfiyyətli və intensiv dərman müalicəsindən yararlana bilirlərmi? Çox təəsüf ki, bu sualın çox acınacaqlı bir cavabı var. Hər hansı bir müalicənin intensivliyi, effektivliyi və ya o müalicədən faydalanma ehtimalı ölkə əhalisinin gəlir səviyyəsinə görə də dəyişir. 2001-ci ilin oktyabr ayında dünyanın məşhur tibb jurnallarından olan "Lancet”də 17 ölkədə ürək-damar xəstəliyi olan və ya beyin insultu keçirən 35-70 yaş arasındakı minlərlə insan üzərində aparılmış bir araşdırmanın (qısa adı ‘’PURE’’ araşdırmasıdır) nəticələri açıqlandı. Araşdırma nəticəsində məlum oldu ki, gəlir miqdarı (və ya səviyyəsi) aşağı olan ölkələrin insanları gəlir miqdarı yuxarı olan ölkələrin insanları ilə müqayisədə qan durulducu dərman olan aspirini və eləcə də qan təzyiqini və ya xolesterini salmaq üçün istifadə edilən dərmanları daha az qəbul edirlər. Araşdırma yuxarı gəlirli ( Birləşmiş Ərəb Əmirlikləri, Kanada, və İsveç) , yuxarı-orta gəlirli (Türkiyə, Braziliya, Çili, Malayziya, Cənubi Afrika, Argentina və Polşa) , aşağı-orta gəlirli (Kolumbiya, İran və Çin) və aşağı gəlirli (Pakistan , Banqladeş, Zimbabve və Hindistan) ölkələrdə aparılmışdır. Ən yaxşı dərman müalicəsinin (intensiv, daima və yetərli qədər) yuxarı gəlirli ölkələrdə olduğu müəyyən edilmişdir. Bu araşdırma çox ideal bir araşdırma idi. Çünki araşdırmanı elə dizayn etmişdilər ki, nəticələri ölkələrin səhiyyəsinin durumu barədə real həqiqəti ortaya çıxarmışdır. Yəni aşağı gəlirli ölkələrin insanları ürək-damar sağlamlığı baxımından çox önəmli olan dərmanları daha az qəbul edirlər.
Bu acınacaqlı vəziyyətə səbəb sadəcə, ölkələrin gəlir səviyyəsinin aşağı olması da deyil
Bu araşdırmada ayrıca o da məlum oldu ki, gəlir miqdarı (və ya səviyyəsi) aşağı olan ölkələrin insanları infarkt və ya beyin insultu keçirdikləri zaman gəlir miqdarı yuxarı olan ölkələrin insanları ilə müqayisədə həm həkimə daha az müraciət edirlər həm də ilk dəfə müraciət etdikdən sonra kontrol müayinələrə daha az gedirlər. Bəs aşağı gəlirli insanlar nəyə görə daha az dərman içirlər, ibbi xidmətlərdən nəyə görə daha az faydalanırlar? Və ya nəyə görə həkimə daha az müraciət edirlər? Bunun ən önəmli səbəblərindən biri aşağı gəlirli ölkələrin və o ölkələrin insanlarının iqtisadi vəziyyətidir. Yəni pulsuzluq bir səbəbdir. Bir digər səbəb bəzi ölkələrdə icbari tibbi sığorta sisteminin olmamasıdır. Ancaq onu da deyim ki, bu acınacaqlı vəziyyətə səbəb sadəcə, ölkələrin gəlir səviyyəsinin aşağı olması da deyil. Bəzi ölkələr gəlir səviyyəsinə görə yuxarı-orta səviyyəli ölkələr olsalar da, insanlar istifadəsi vacib olan dərmanları daha az qəbul edirlər. Məsələn, bu araşdırma Türkiyədə aparılmışdır. Türkiyə gəlir səviyyəsinə görə yuxarı-orta səviyyəli ölkə olaraq göstərilir. Ancaq araşdırma zamanı Türkiyədəki xəstələrin təxminən yarısının içilməsi vacib olan dərmanları qəbul etmədikləri məlum oldu. Bu cür ölkələrdə bunun ən önəmli səbəbləri xəstələrin kifayət qədər məlumatlandırılmaması, tibbi xidmət sisteminin təşkilindəki çatışmazlıqlar, kamu spotlarının yetərsizliyi və sairə kimi faktorlar göstərilir. Çünki Türkiyədə əhalinin tibbi sığortası mövcuddur və xəstələrin içdikləri dərmanların xərci dövlət sığorta qurumu tərəfindən ödənilir.
Son söz: İnfarkt və ya beyin insultu keçirdikdən sonra yaşamaları və ya ömürlərinin uzanması üçün içilməsi vacib olan dərmanları aşağı gəlirli insanlar yuxarı gəlirli insanlarla müqayisədə daha az içirlər. Kasıb və ya varlı, kəndli və ya şəhərli, yaşlı və ya cavan, qadın və ya kişi cəmiyyətin hər bir fərdi haqqı olan tibbi xidmətdən faydalanmalıdır. Yazımı 46 il Osmanlı imperiyasına bvaşında duran 10- cu Osmanlı sultanı Qanuni Sultan Süleyman Şahın xəstə olarkən yatağında söylədiyi məşhur bir misrası ilə bitirmək istəyirəm: "Halk içinde muteber bir nesne yok devlet gibi, Olmaya devlet cihanda bir nefes sıhhat gibi’’ (Xalqın-insanların gözündə var-dövlət, iqtidar qədər mötəbər bir şey yoxdur. Halbuki, bu dünyada sağlam bir nəfəs kimi daha mötəbər , dövlətli , güclü bir şey də yoxdur).
Uzm. Dr. Yalçın Velibey,
Kardiyoloji Uzmanı
banner

Oxşar Xəbərlər