• cümə, 29 Mart, 02:20
  • Baku Bakı 7°C

“Rejissorun yaşı yoxdur” - Debüt

12.10.19 12:30 3605
“Rejissorun yaşı yoxdur” - Debüt
Adı Ayladır. Soyadı Osmanova olsa da, hər kəs onu Bəhramqızı kimi tanıyır. Yaradıcılığının ən gözəl illərini yaşayır. 7 ildir ki, Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı və rəngarəng tamaşalar hazırlayır. Daha çox uşaq tamaşalarına mizan verdiyinin şahidinə çevrilmişik. Bu zamana qədər 17 tamaşa hazırlayıb.
Bu yaxınlarda isə ilk debütünü yaşadı. Belə ki, sentyabrın 25-dəTürk Dünyasının Mədəniyyət Paytaxtı Oş şəhərində keçirilən VII "Art-Ordo” Türkdilli Ölkələrin Teatr Festivalında mizan verdiyi "Mən öləndə ağlama” adlı monotamaşası nümayiş olundu. Festivaldan əlidolu geri dönən yaradıcı heyət Oş şəhər Bələdiyyəsinin xüsusi diplomlarına, festivalın əsas mükafatlarından birinə -"Ən uğurlu yaradıcılıq axtarışları”nominasiyasında birinci yerə və pul mükafatına layiq görülüb.
Festivaldan dönən Ayla Bəhramqızı təəssüratlarını bizimlə bölüşür:
- Bu mənim rejissor olaraq iştirak etdiyim ilk festival idi. Bunun üçün çox sevincli idim. "Mən öləndə ağlama” repertuarımda yer alan ilk monotamaşa idi. Bundan qabaq hazırladığım tamaşalar qastrol səfərlərinə getmişdi, ancaq ilk festivala çıxışım bu tamaşa ilə oldu. Tamaşa çox uğurlu alındı və hər kəs tərəfindən bəyənildi. Tamaşanı müzakirə edəndə gözləyirdim ki, çox tənqidi fikirlər səsləndiriləcək. Çünki bu mənim ilk monotamaşam idi. Əsərin müəllifi, rejissoru, aktrisası - 3 xanımın birgə işi nəticəsində belə bir tamaşa ərsəyə gəlmişdi. Bizim teatrda tamaşanı izləyən ekspertlər "bu tamaşa ilə Ayla böyüdü” fikrini səsləndirdilər.

O ki qaldı mənim festivalla bağlı təəssüratıma, orada gənclər tək biz idik. Festivalda daha çox yaşlı nəslin nümayəndələri iştirak edirdilər. Daha çox Çingiz Aytmatovun pyeslərinə müraciət etmişdilər. 20-27 nəfərlik böyük bir kollektivlə iştirak edirdilər. Biz isə üç gənc monotamaşa ilə yollanmışdıq. Tamaşaçılar bu tamaşadan çox təsirlənmişdilər. Hətta təklif etdilər ki, bu tamaşanı qırğız titrləri ilə təqdim edək. Bizə o məqamda ən çox teatrımızın direktoru Naidə xanım dəstək göstərdi. Belə ki, teatrda çalışan 4 gənci beynəlxalq festivala göndərdi. Bizə görə çox narahat idi. Hətta sosial şəbəkədə paylaşım edərək bizə uğurlar arzulamışdı. O dəstək bizim üçün çox önəmli idi. O bizə inanmasaydı, festivalda iştirak edə bilməzdik.

- Bu festival gənc bir rejissor olaraq sizə nə qazandırdı?
- Mənim qatıldığım ilk festival olduğu üçün anladım ki, üzərimizdə daha çox çalışmalıyıq. Zəmanə ilə ayaqlaşmaq mütləqdir.
- Zəmanə ilə ayaqlaşmaq deyəndə, klassik əsərlərə müasir baxışımı nəzərdə tutursunuz?
- Biz festivaldakı tamaşalara baxanda, klassik əsərlərin daha çox səhnələşdirildiyinin şahidi olduq. Klassik əsərlərə müasir baxış deyəndə, klassik mövzular bu gün də aktualdır. İnanın ki, bir əsr bundan əvvəl baş vermiş hadisə indi də yaşanır. Əgər biz rejissorlar onun həllini tapıb indiki zəmanəyə uyğun səhnələşdirsək, tamaşaçı onu qəbul edəcək. Bizim əsas problemimiz gözəl yazan dramaturqlarımızın azlığıdır. Teatral pyeslərimiz yazılmır.
Misal üçün, festivalda iştirak etdiyimiz tamaşanın müəllifi Pərvin Nurəliyeva "Mən öləndə ağlama” pyesini ötən il yazıb. Elə pyeslər yazılsa, niyə biz klassikaya müraciət etməliyik?
- Gənc rejissor olaraq yeni pyesləri oxuyursunuzmu?
- İnternetdə axtarışlar edir, yeni əsərləri, pyesləri oxuyuram. Çalışıram ki, maraqlı adı və fərqli konfliktlər olan pyes tapım. Mənim arzum "Əli və Nino”nu səhnələşdirməkdir.
- Bir rejissor olaraq bu tamaşanı necə görürsünüz?
- Problem odur ki, mənim nə Əlim, nə də Ninom var. Görsəm ki, hansısa aktyor mənim təsəvvürümdə canlandırdığım Əli və ya Ninodur, özüm nələrsə etməyə çalışaram. Mən baxanda onu görməliyəm, görməsəm edə bilmərəm. Ninonu incə qızcığaz, valideynlərin gül balası kimi təsəvvür edirəm. Mən gürcü qızı tipajı istəmirəm, sadəcə olaraq o incəliyi istəyirəm.
- Teatrda özünüzü gənc hesab edirsinizmi?
- 7 ildir ki, teatrda işləməyimə baxmayaraq, hələ də özümü tam teatra həsr etmiş kimi hiss etmirəm. 7 il bundan qabaq teatra yeni gələndə, ilk müsahibəmdə demişdim ki, özümü teatrda çalışırmış kimi hiss etmirəm, sadəcə öyrənirəm. Teatrda tamaşa hazırlamaq o demək deyil ki, sən teatrda işləyirsən.
- Bəs bu 7 ildə nə dəyişib?
- Artıq böyümüşəm və rahatlıqla sözümü deməyi bacarıram, tələblərimi rahat şəkildə ifadə edirəm. Bunları etməkdən çəkinmirəm. Artıq ətrafımdakı sənət adamlarının hansı potensiala sahib olduqlarına bələdəm. O vaxtdan mənim düşüncələrim, hədəflərim dəyişib. Bu mənim işimdir və mən işimi sevirəm.
- Niyə rejissorluq?
- Əslində atam rejissor olmağa icazə vermirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu” ixtisasını bitirdim. Bəhram Osmanov mənə dedi ki, magistraturaya qəbul olmalısan və magistr təhsilini bitirdikdən sonra universitetdə pedaqoji fəaliyyətə başlamalısan. Magistraturaya qəbul olduqdan sonra atama dedim ki, mən pedaqoji fəaliyyətlə məşğul olmayacam. Açığı, heç teatra gəlmək fikrim də yox idi. Mən diplom tamaşamı Gənc Tamaşaçılar Teatrında hazırlamışam və teatrın keçmiş direktoru Mübariz Həmidov mənə demişdi ki, bizim teatrda uşaq tamaşaları hazırla və bizimlə çalış. Ancaq atam icazə vermədi. Teatra Böyük Britaniyadan rejissor gəlmişdi və böyük bir layihə üzərində çalışırdı. Layihəyə görə, o, bu teatrda üç tamaşa hazırlayacaqdı. Bu zaman teatrda bir köməkçi rejissor çatışmırdı. Mən də həmin rejissorun treninqlərində iştirak etmişdim. Belə bir təklif aldıqda, məmnunluqla razılıq verdim. 3 ay ərzində onlarla çalışdım və tamaşanı təhvil verdik. Həmin ərəfədə cənab prezidentin sərəncamı çıxmışdı, narkomaniya ilə bağlı hər bir teatr tamaşa hazırlamalı idi. Mənə "Ağ ölüm” pyesini gətirdilər və həmin tamaşanı hazırladım. O zaman 22 yaşım var idi. Mənim də bir xüsusiyyətim var. Heç zaman kiməsə baxaraq öyrənmirəm. Bu günə kimi atamın məşqlərində belə iştirak etməmişəm. Biri var mən gedib kiminsə işinə baxıb, onu əzbərləyib gətirəcəm, onun eynisini hazırlayacam, bir də var ki, öz beynimin məhsulunu səhnələşdirəcəm. Mən hər şeyi təcrübələrim əsasında öyrəndim. Təsəvvür edin ki, 22 yaşlı qız böyük teatrda tamaşa hazırlayır və onun baş roldakı aktrisası tanınmış aktrisamız Nübar Novruzovadır.
- Özünüzü başqa teatrda görürsünüzmü?
- Gənc Tamaşaçılar Teatrından başqa Sumqayıt Dövlət Dram Teatrında "Kim güclü, kim ağıllı”, "Çeburaşkanın yeni sərgüzəştləri”, Akademik Musiqili Teatrında "Cırtdanın sərgüzəştləri” tamaşalarını hazırlamışam. Əvvəllər elə bilirdim ki, hər teatrda proses eyni gedir. Sonra başa düşdüm ki, teatrlarımız fərqlidir. Özümü tanıyandan Gənc Tamaşaçılar Teatrında işləyirəm, ora mənim ikinci evimdir.
- Heç eşitmisiniz ki, haqqınızda "əldə etdiyi uğurların sahibi atasıdır” – deyiblər?
- Bu sözü çox eşitmişəm və mən bunu qəbul etmirəm. İnanıram ki, 50 yaşım olanda da bu sözü yenə eşidəcəm. İlk tamaşamı hazırlayanda mənə deyirdilər ki, tamaşanı Bəhram müəllimin özü qızı üçün hazırlayıb. Ancaq həmin ərəfələrdə atam Bakıda yox idi. Mən "Ağ ölüm” tamaşasına başlayanda atam ölkədə deyildi.
- Bəhram Osmanovun hazırladığınız tamaşalara reaksiyası necə oldu?
- Mübahisələrimiz kifayət qədər çox olur. Mən onu məşqlərə dəvət etsəm də, o, israrla gəlmir. Ancaq hərdən nəinki ata və rejissor, birbaşa rejissor kimi gəlib müdaxilə edir. Onda da mən deyirəm ki, xahiş edirəm, işlərimə qarışmayın. Nəticədə premyera zamanı izlədiyi tamaşanı bəyənəndə, gəlib bir həmkar kimi əlimi sıxıb təbrik edir.
- Bəhram Osmanovun öz dəst-xətti var. Siz atanızın cığırı ilə gedirsiniz, yoxsa özünüzə başqa bir istiqamət seçmisiniz?
- Bəhram Osmanovun dediyinə görə mən tam fərqliyəm. Mənə elə gəlir ki, 5 ildən sonra o cığırla gedəcəm. Hardasa fikirlərimiz bəzi məqamlarda üst-üstə düşür. Atamın gənclikdə necə olduğunu görməmişəm. Bəlkə onun da mənim kimi gənclikdə fərqli üslubu olub. Onun gənclik illərində yanında heç kimi olmayıb, ancaq mənim yanımda atam var. Bəlkə də o olmasaydı, mənə daha çətin olardı. Ancaq mən heç zaman nə onun adından, nə də nüfuzundan istifadə etməmişəm.
- Bəs nə üçün aktrisalığı yox, rejissorluğu seçdiniz?
- Mən əslində aktrisa olmağı istəmişəm. Tamaşa hazırlayanda belə, aktyora nəyisə məcbur olub göstərəndə, deyirlər ki, sən özün daha yaxşı oynayırsan. Amma düşünürəm ki, mən bunu bacarmaram. İstəyirəm, hansısa bir tamaşada oynayım. Amma elə bir xasiyyətə malikəm ki, rejissorun hər hansı bir göstərişini yerinə yetirə bilmərəm.

- Siz hər nəsil aktyorlarla işləyirsiniz. Olubmu ki, yaşlı nəslin aktyorları sizə "bu uşaqla necə işləyək” desinlər.
- Belə məsələlər olur... "Uşaq” sözü heç xoş deyil. Məndən olsa, yaşımın çox olmasını istərdim. Hətta bir aktrisa ilə buna görə mübahisəmiz də düşmüşdü. Halbuki, rejissorun yaşı yoxdur. Əgər mən tamaşanı qururamsa, teatrın baş rejissoru, direktoru var, onların məsləhəti ilə burdayam. Bir var üç kəlməni birləşdirib deyə bilməyim, onda tam ixtiyarları çatır, desinlər ki, uşaqdır, heç nə bacarmır. Amma elə deyil. Məni əslində, o "uşaq” sözü çox incidir.
- Repertuarınıza nəzər yetirsək, daha çox uşaq tamaşaları hazırladığınızı görürük.
- Hər zaman deyirəm ki, 30 yaşıma qədər uşaq tamaşaları hazırlayacam. Hiss edirəm ki, artıq məndə yavaş-yavaş alınmır. Çünki düşüncələrim dəyişib. Böyüklər üçün tamaşalar hazırlamaq mənim üçün çox asandır. Ancaq uşaq tamaşasında uşaq beynində düşünməyə başlayırsan.
- Bəlkə valideyn olduqdan sonra uşaq tamaşaları sizə daha cazibədar görünəcək?
- Əgər mən uşaq tamaşaları hazırlayanda xırda nüanslarına qədər hər şeyi nəzərə almışamsa, indi o qədər də hövsələli deyiləm. Yavaş-yavaş anlayıram ki, artıq mənim düşüncələrim dəyişir. Bilmirəm, bəlkə də əvvəllər uşaq kimi düşünürdüm. Ona görə də məndə daha yaxşı alınırdı. Misal üçün, Bəhram Osmanov deyəndə ki mən uşaq tamaşaları hazırlaya bilmirəm, deyirdim ki, rejissor üçün nə fərqi var? "Ona görə yox ki, baş rejissoram, sadəcə, məndə alınmır” - deyirdi. Hiss edirəm ki, məndə də müəyyən müddətdən sonra elə olacaq. Bir qızıl qaydam var: "Bir işi görürsənsə, mükəmməl gör, ya da görmə”.
- 10 ildən sonra özünüzü harada görürsünüz?
- Mənim arzularım yoxdur. Real düşünən insanam. Bir dəfə oturdum ki, dəftərə 100 arzumu yazım. 3 dənədən artıq arzu yaza bilmədim. 10 ildən sonra özümü daha yaxşı yerlərdə görürəm.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər